Məhkəmə qərarları › İş №2(006)-2805/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2805/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2805/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin vəkili X1, üçüncü şəxs Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı (Cavabdeh2, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh1 MMC-yə qarşı (Cavabdeh2, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 9, mənzil 6 ünvanda ona məxsus sökülmüş mənzilin əvəzi kimi cavabdeh "Cavabdeh1" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Mirqasımov, S.Rüstəm, İ.Qasımov və X.Şuşinski küçələrinin kəsişməsində yerləşən məhəllədə, 0,65 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 48 kv.metr sahəsi olan tam təmirli mənzilin verilməsi öhdəliyinin cavabdeh "Cavabdeh1" MMC-yə həvalə olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər İH Başçısının xx xxxxxxxx 2016-cı il tarixli 182 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəsədulla Mirqasımov, Süleyman Rüstəm, İmran Qasımov və Xan Şuşinski küçələrinin kəsişməsində yerləşən məhəllədə mövcud yaşayış və qeyri-yaşayış binaları və qurğular sökülərək ərazinin 0,65 ha sahəsində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin lahiyələşdirilməsi qərara alınmışdır. Adıçəkilən sərəncam və pilot layihə əsasında Nəsimi Rayon İcra Hakimiyyəti ilə cavabdeh "Cavabdeh1" MMC arasında ərazidəki evilərin sökülüb yenidən qurulmasına dair müqavilə bağlanmışdır. Qeyd olunanları əsas gətirib cavabdeh "Cavabdeh1" MMC sözügedən ərazində yaşayan sakinlərlə müvafiq müqavilələr bağlayaraq yeni tikiləcək binada onlara yaşayış sahəsi vermək şərti ilə aylıq kirayə haqqı verməklə onları həmin ərazidən köçürmüşdür. Sökülən ərazində, yəni Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 9, mənzil 6 ünvanda ona və ailə üzvlərinə məxsus yaşayış sahəsinin olmasına baxmayarq, cavabdeh "Cavabdeh1" MMC ona və ailə üzvlərinə məlumat vermədən və onların razılığını almadan mənzillərini sökmüşdür. Sökülmüş mənzilinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasından ona və ailəsinə mənzil ayrılması, yaxud da müvafiq kompensasiyanın verilməsinə dair tələblərini cavabdeh yerinə yetirməmişdir. Qeyd etməlidir ki, Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 9, mənzil 6 ünvanda yerləşən mənzil Nəsimi RİH Başçısının xx.xx.1993-cü il tarixli 071/7 №-İi sərəncamı ilə ona və ailəsinə ayrılmışdır. 1994-cü ildə xəstəli ilə əlaqədar bir müddət evdə olmadığı müddətdə qeyd olunan mənzil Zəngilan rayonundan olan məcburi köçkünlər tərəfindən zəbt olunmuş və uzun müddət ərzində ondan istifadə olunmuşdur. Həmin dövrdəki mövcud vəziyyəti nəzərə alıb mənzilini zəbt etmiş məcburi köçkünlərin mənzildən çıxarılmasını tələb etməmişdir. Müxtəlif şəxslərə məxsus mənzillərdə məskunlaşmış məcburi köçkünlərin dövlət tərəfindən köçürüldüyü və uzun müddətdən sonra məzilinə köçmək imkanının yarandığı bir vaxtda mənzilinin cavabdeh "Cavabdeh1" MMC tərəfindən sökülməsi və onun əvəzinə ona müvafiq mənzil, yaxud da kompensasiya verməməsi qanunsuzdur. Pozulmuş mənzil hüquqları ilə bağlı Nəsimi rayon Prokuroluğuna etdiyi müraciət əsasında müvafiq araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı dindirilmiş, cavabdeh "Cavabdeh1" MMC-nin direktoru İdris Babayevin izahatı ilə müəyyən olunmuşdur ki, həqiqətən də sözügedən ərazidə ona məxsus mənzil cavabdeh tərəfindən sökülmüş, həmin mənzildə məskunlaşmış şəxslər aylıq kirayə haqqı verməklə başqa ünvana köçürülmüşlər. Həmçinin müəyyən olunmuşdur ki, cavabdeh "Cavabdeh1" MMC-nin tikəcəyi yeni binada Bakı şəhəri, İ.Qasımov küçəsi, ev 9, mənzil 6-nın əvəzi kimi ümumi sahəsi 48 kv.metr olan 1 ədəd tam təmirli mənzil Bakı şəhər Nəsimi RİH təhvil veriləcək. Nəsimi rayon Prokururoluğunun xx.xx.2019-cu il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarı ilə ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququm izah olunmuşdur. Həmçinin, Bakı şəhər Nəsimi RİH Başçısının 2 nömrəli X8 Dairəsi üzrə nümayəndəliyindən aldığı cavabda prokurorluq tərəfindən qəbul olunmuş qərarın nəzərə alınması ona tövsiyyə olunmuşdur. Yaranmış vəziyyət pozulmuş mənzil hüquqlarının məhkəmə qaydasında bərpa olunmasını zəruri etmişdir. Nəzərə alınsa ki, Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 9, mənzil 6 ünvanda yerləşən mənzil ona 1993-cü ildə verilmişdir, o zaman həmin mənzillə bağlı yaranmış mülki xarakterli mübahisələrin xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəllənin müdəaları əsasında nizama salınmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev dövlət ehtiyacları üçün və ya ictimai ehtiyaclar üçün torpaq sahəsinin alınması ilə əlaqədar sökülməli, habelə ev (yaşayış sahəsi) yenidən qurulub qeyri-yaşayış evinə çevrilməli olduqda, həmin evdən (yaşayış sahəsindən) çıxarılan vətəndaşlara başqa abad yaşayış sahəsi torpaq sahəsinin ayrıldığı və va yenidən qurulmalı olan evin (yaşayış sahəsinin) verildiyi dövlət, kooperativ təşkilatı və ya digər ictimai təşkilat tərəfindən verilir. Qeyd olunanlara əsasən Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 9, mənzil 6 ünvanda ona məxsus sökülmüş mənzilin əvəzi kimi cavabdeh "Cavabdeh1" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Mirqasımov, S.Rüstəm, İ.Qasımov və X.Şuşinski küçələrinin kəsişməsində yerləşən məhəllədə, 0,65 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 48 kv.metr sahəsi olan tam təmirli mənzilin verilməsi öhdəliyinin cavabdeh "Cavabdeh1" MMC-yə həvalə olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 iddia tələbinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Cavabdeh2 iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 9, mənzil 6 ünvanında yerləşən mənzilinin "Cavabdeh1" MMC tərəfindən ələ keçirilməsi faktı üzrə Nəsimi Rayon Prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru X4 tərəfindən araşdırma aparılmışdır. Müraciətdə cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş və mülki məhkəmə icraatı qaydasında müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 071/7 nömrəli Ağayev Seydağa Böyükağa oğluna müvəqqəti sığınacaq verilməsi haqqında sərəncamından görünür ki, o, xx.xx.1988-ci ildən anası X3 ailə tərkibində mənzil uçotundadır. X5 müvəqqəti ona verilən İmran Qasımov küçəsi, 9-da yerləşən yaşayış sahəsi 17 kv/m olan bir otaqlı mənzil haqqındakı sərəncamın oğlu S.B.Ağayevin adına sənədləşdirilməsini xahiş etmiş, həmin mənzil müvəqqəti sığınacaq kimi 3 nəfər /özü, arvadı və qızı/ ailə tərkibi ilə Ağayev Seydağa Böyükağa oğluna verilmişdir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarının tələblərinə uyğun olaraq, soyadının sonluğu “Ağayev”dən “Ağazadə”yə dəyişdirilmiş və AZ İV 223547 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Nəsimi rayon MKTB-nin 14 saylı MKİS tərəfindən 209 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 İ.Qasımov küçəsi 9-da Zəngilan köçkünü kimi 1993-cü ildən ailəsi ilə birlikdə məskunlaşmış və həmin tarixdən "Cavabdeh1" MMC tərəfindən köçürülən müddətə kimi tərəfindən kommunal xidmətləri öz adına ödəmişdir. “Cavabdeh1" MMC, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti və məcburi köçkün Cavabdeh2 tərəfindən bağlanmış xx.xx.2018-ci il tarixli üçtərəfli müqavilədən görünür ki, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 9 ünvandakı ümumi sahəsi 36 kv.m olan mənzilin sökülərək yerində yeni yaşayış kompleksinin tikintisi məqsədilə “Cavabdeh1" MMC-yə təhvil verməyi, MMC isə inşa edəcək yeni binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi kv.m olan 1 ədəd tam təmirli mənzili Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə təhvil verməyi, “Məcburi köçkün” isə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin mülkiyyətində olan, lakin hal-hazırda həmin yaşayış sahəsində faktiki olaraq müvəqqəti yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov 9 ünvandakı ümumi sahəsi 36 kv.m olan mənzilin sökülərək yerində yeni yaşayış kompleksinin tikintisi məqsədilə MMC-yə təhvil verilməsinə etiraz etməməyi, təhvil verməyi öhdəsinə götürmüşlər. Müqavilənin 1.3-cü bəndinə əsasən "Məcburi köçkün" inşa ediləcək yeni binada tikinti işləri başa çatdıqdan sonra həmin mənzilin ümumi sahəsindən az olmamaq şərti ilə, tikinti işləri yekunlaşana qədər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və yaxud digər dövlət qurumları tərəfindən müvafiq qaydada yaşayış sahəsi ilə təmin olunmadığı təqdirdə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə təhvil veriləcək tam təmirli mənzili özü təhvil alır və həmin mənzildə yaşamaqda davam edir. Beləliklə, işin mübahisələndirilməyən hallarından göründüyü kimi, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 071/7 nömrəli müvəqqəti sığınacaq verilməsi haqqında sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 9-da yerləşən, yaşayış sahəsi 17 kv/m olan bir otaqlı mənzil müvəqqəti sığınacaq kimi Ağayev (Ağazadə) Seidağa Böyükağa oğluna və onun ailəsinə verilmişdir. İddiaçının mübahisəli mənzildə xəstəliyi ilə əlaqədar müvəqqəti yaşamadığı üçün Zəngilan rayonundan məcburi köçkün olan Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 9, mənzil 6 ünvanında 1993-cü ildən ailəsi ilə birlikdə məskunlaşmış və həmin tarixdən etibarən "Cavabdeh1" MMC və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti ilə xx.xx.2018-ci il tarixli üçtərəfli müqaviləni bağlayana qədər həmin ünvanda yaşamağa başlamışlar. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “Cavabdeh1" MMC inşa ediləcək yeni binada tikinti işləri başa çatdıqdan sonra Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 9, mənzil 6 ünvanında tikiləcək tam təmirli mənzili "Məcburi köçkün"ün sahibliyinə təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1993-cü il tarixli, 071/7 nömrəli “müvəqqəti sığınacaq verilməsi haqqında” sərəncamına əsasən istifadəsinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 9, mənzil 6 ünvanda mənzilin əvəzinə cavabdeh "Cavabdeh1" MMC tərəfindən tikiləcək 48 kv.metr sahəsi olan tam təmirli mənzilin ona verilməsi öhdəliyinin cavabdeh "Cavabdeh1" MMC-yə həvalə olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqelərə görə 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulan “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahibliklə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. (Latridis Yunanıstana qarşı iş, §54). Məhkəmə, həmçinin qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyət”lə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı də əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı iş, § 103). Eyni hüquqi mövqeyə əsaslanan X7 Məhkəməsinin “Akimova Azərbaycana qarşı” xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, x xxxx 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununa əlavə olunmuş 8.0.11ci maddəsinə əsasən (Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasında mənzillərin özəlləşdirilməsi məsələləri xx.xx.1993-cü il tarixdə qəbul edilmiş «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanunu ilə tənzimlənmişdir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Eyni Qanunun əvvəlki redaksiyada 8-ci maddəsinə görə, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı on beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi. Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli Qanunu ilə 8-ci maddəyə orderi sözündən sonra «və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam» sözləri əlavə edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil dövlət mülkiyyətində olsa da, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 071/7 nömrəli “Müvəqqəti sığınacaq verilməsi haqqında” sərəncamına əsasən Ağayev (Ağazadə) Seidağa Böyükağa oğluna və onun ailəsinə verilmişdir. Lakin məhkəmə yuxarıda qeyd olunan İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi üzrə Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövcud qərarlarına əsaslanaraq belə qənaətə gəlir ki, Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 9 saylı evin 6 saylı mənzili iddiaçının “mülkiyyəti” idi və o, “qanuni istifadəçisi” kimi gələcəkdə həmin mənzili əvəzsiz qaydada özəlləşdirmək və yaxud da hazırkı şəraitə uyğun olaraq məcburi köçkün Cavabdeh2 əvəzinə tərəf kimi “Cavabdeh1" MMC ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqavilədə iştirakının təmin edilməsini tələb etmək hüququna malik idi. İddiaçının Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 9 saylı evin 6 saylı mənzilini əldə etmək üçün müraciət edəcəyi halda müvafiq dövlət orqanlarının bu mənzili ona satmaq vəzifəsi yaranacaq, iddiaçının mənzil ilə bağlı üstünlük hüquqları mövcud olacaqdır. Başqa sözlə iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququnu əldə etməklə bağlı qanuni gözləntisi vardır.Bu cür hüquqi mövqe Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununa əlavə olunmuş 8.0.11-ci maddələrində və mənzillərin özəlləşdirilməsi ilə bağlı digər normativ-hüquqi aktlarda öz əksini tapmaqdadır. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İş materiallarından göründüyü kimi məcburi köçkün Cavabdeh2 ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə məskunlaşmaları həmin mənzilin qanuni sahibi, eyni zamanda mülkiyyət hüququnun əldə olunmasına qanuni gözləntiyə malik olan iddiaçı Ağayev (Ağazadə) Seidağa Böyükağa oğlunun hüquqlarınının pozulmasına səbəb olur və bu hal da məhkəmə tərəfindən nəzərə alınmalıdır. Bununla da məhkəmə hesab edir ki, İddiaçı heç bir məlumat vermədən və onun razılığı alınmadan xx.xx.2018-ci il tarixdə müqavilə bağlanaraq İddiaçı hüquqları pozulduğundan sökülmüş mənzilin əvəzi kimi Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 9 ünvanında Cavabdeh1 MMC tərəfindən tikiləcək tam təmirli mənzilin İddiaçı verilməsi vəzifəsi Cavabdeh1 MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 9, mənzil 6 ünvanında inşa edilən yeni yaşayış binasından 48 kv.metr sahəsi olan tam təmirli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi cavabdeh "Cavabdeh1" MMC-yə üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar