Məhkəmə qərarları › İş №2(006)-2805/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2805/2021

21.06.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2805/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 24 aprel 1997-ci il tarixli bağlanmış əqdin, yəni alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1997-ci ildə o, Bakı şəhərində daimi yaşamaq məqsədi ilə mənzil almaq qərarına gəlmişdir. Cavabdeh ilə də o, çoxdan tanış olmuşdur. Eşitmişdir ki, o, özünün mülkiyyətində olan hazırkı mübahisəli mənzili satmaq istəyir. Bu məqsədlə də o, mənzili satın almaq məqsədi ilə onunla danışıq aparmağa başlamışdır. Mənzilə ailəvi baxmış və xoşlarına gəlmişdir. Cavabdehlə həmin mənzili 15000 (on beş min) ABŞ dollarına almaq barədə razılığa gəlmişlər. Bu məqsədlə də o və ailəsi 1997-ci ilin aprel ayının 24-ü tarixində cavabdehə mübahisəli mənzildə şahidlərin yanında 15000 ABŞ dolları ödəməklə mənzil barəsində faktiki əqd bağlamışlar. Hər ehtimala qarşı ondan 3 illik baş etibarnamə almışdır və sadə yazılı formada əqd və akt tərtib etmişlər. Eyni zamanda cavabdeh evin qeydiyyat vəsiqəsini və açarını da onlara vermişdir. Mənzilində isə ondan başqa heç kim qeydiyyatda yoxdur. Subaydır. Bu zaman o həm yazılı, həm də şifahi formada öhdəsinə götürmüşdür ki, bir ay ərzində onunla birgə notariat kontoruna gedib onunla rəsmi alqı-satqı müqaviləsi tərtib edəcəkdir. Özü isə mənzildən köçüb getmişdir. Mənzilin pasport qeydiyyatından da çıxmışdır. Mənzili alandan sonra o onlara tez-tez zənglər edərək bildirmişdir ki, başı bir az qarışıb arada vaxt tapıb onunla notariat kontoruna gedəcəyinə söz vermişdir. Onlar da ona inanmışlar. Firkləşmişlər ki, onsuz da ev onlarındır. Vaxtı olanda notariusa gedər. Bu hadisədən təqribən 3-4 ay keçmişdir. Narahat olub onu axtarmağa başlamışdır. Bir gün isə eşitmişlər ki, guya o xaricə gedib. Amma o vaxtdan onu görən olmayıb. Hazırda o və ailə üzvləri mübahisəli mənzildə yaşayır və oranı öz mülkiyyətləri kimi işlədirlər. Mənzilin bütün kommunal xərclərini də ödəyirlər. Cavabdehin ona verdityi etibanamənin müddəti isə çoxdan bitmişdir. Mənzili öz hesabına iki dəfə təmir etmişdir. Alqı-satqı ilə əlaqədar bütün prosesləri faktiki olaraq həyata keçirmişlər. Daha doğrusu o, ona 15000 dollar pul ödəmiş, mənzilə faktiki olaraq köçmüş və mənzili almaq barədə sair sadə yazılı əqdlər bağlamışlar. O isə ona baş etibanamə vermiş və pasort qeydiyyatında çıxıb getmişdir. Mənzildə də digər heç bir nəfər qeydiyyatda olmadığı üçün onların razılığı da tələb olunmamışdır. Lakin cavabdehin bir tərəfli olaraq notariata getməkdən imtana etməsi nəticəsində bu əqd hələ də rəsmiləşdirilməmiş qalmışdır. Cavabdehlə onun arasında yaranmış hüquqi münasibət 1997-ci ildə baş verdiyi bu mübahisə o zaman qüvvədə olan mülki normalar daxilində həll olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin MH seriyalı, 031523 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, İnqilab küçəsi, ev 123, mənzil 32 X6 adına xüsusi mülkiyyət kimi 25.10.1996-cı il tarixdə qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 10.1996-cı il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İnqilab küçəsi, ev 123, mənzil 32 X6 şəxsi mülkiyyətindədir. 38 saylı Bakı notariat kontorunun dövlət notariusu S.P.Ləzimov tərəfindən 24 aprel 1997-ci il tarixdə 4E-6-1520 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamənin surətindən görünür ki, X15 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən alqı, satqı, bağışlama, bəxşiş qəbul etmə, dəyişmə, tikintini və digər əmlakı girovu qoymaq və qirovu qəbul etmək üzrə əqdləri bağlamağı, miras qəbul etməyi və ya ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrindən, təşkilatlardan, o cümlədən dövlət və digər banklardan və əmanət kasslarından, poçtdan və teleqrafdanbütün əsaslar üzrə ona çatası əmlakı, pulu, qiymətli kağızları, eləcə də sənədləri almağı, dövlət banlında və xarici ticarət bankında olan hesablar üzərində sərəncam etməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş hüquqlara, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlükdə və ya qismən etiraf etmək və ya onlardan imtina etmə, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya oulu almaq hüququ ilə icra vərəqəsi almaq hüquqlarına malik olan bütün məhkəmə orqanlarında ona aid olan mülki və cinayət işləri aparmağı bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı 3 il müddətinə etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə biləcəyi nəzərdə tutulmuşdur. 24.04.1997-ci il tarixli müqavilədən görünür ki, X15 ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, İnqilab küçəsi, 123 nömrəli 32 nömrəli 2 otaqlı mənzilini 15.000 ABŞ dollarına İddiaçı satmağı, İddiaçı isə 15.000 ABŞ dolları məbləğində pulu X11 ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı şahidlərin yanında X11 mənzilə görə 15.000 ABŞ dolları ödədi və buna görə ondan evin sənədlərini, açarını və etibarnamə aldı, 1 ay müddətində rəsmi alqı-satqıya getməyə söz verdi, tərəflər arasında heç bir narazılıq olmadı, X15 hallalıq verdi İddiaçı mənzilə köçdü. İddiaçı, Abdullayev Nizami, İsmayılova Ulduz və Sadıqov Mehdi tərəfindən tərtib edilib imzalanmış 24.04.1997-ci il tarixli aktdan görünür ki, X15 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İnqilab küçəsi, 123 nömrəli 32 nömrəli 2 otaqlı mənzilini 15.000 ABŞ dolları qiymətinə İddiaçı sataraq və danışılan məbləği alaraq mənzili təhvil vermişdir. Nərimanov rayon MKTB-nin 54 saylı MKİS tərəfindən verilmiş 27.05.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1 evin 32 saylı ünvanda yerləşən mənzilində heç kim pasport qeydiyyatında yoxdur. Hazırda həmin mənzildə İddiaçı, onun oğlu Tural və qardaşı X7 qeydiyyatsız yaşayırlar. Mənzilə dair bütün kommunal ödənişləri də həmin ailə ödəyir. ünvan 2 ünvanlanmış 03.06.2021-ci il tarixli cavab məktubundan görünür ki, AK.Həsən Əliyev küçəsi 123, mənzil 32-də X12, X3, X8 və X13 yaşayırlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 25.05.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh yerli və dövlətlərarası axtarışda olması barədə Azərbaycan Respublikası DİN-nin müvafiq uçotlarında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd nəzarətindən verilən 28.05.2021ci il tarixli cavab məktubundan görünür ki, X9 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında şahid X7 izahat verərək bildirmişdir ki, iddiaçı onun qardaşıdır. Bakı şəhəri, Nərimanov rayonu, İnqilab küçəsi, 123 nömrəli 32 nömrəli 2 otaqlı mənzil alınanda qardaşının əvəzinə pulunun çox hissəsini o ödəmişdir. Həmin evdə qardaşı 7-8 il, özü isə 17-18 il yaşamışdır. İndi də qardaşı oğlu Tural yaşayır. 24.04.1997-ci il tarixli müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, İnqilab küçəsi, 123 nömrəli 32 nömrəli 2 otaqlı mənzilini 15.000 ABŞ dollarına qardaşı İddiaçı satmış və İddiaçı isə 15.000 ABŞ dollarını X11 ödəmişdir. Müqavilənin bağlanması zamanı o da həmin yerdə olmuş və akt tərtib edilən zaman o da aktı imzalamışdır. Həmin vaxt cavabdeh evi tam olaraq boşaldıb qardaşına təhvil vermişdir. Cavabdehi sonuncu dəfə 1998-ci ildə görmüşdür. Tərəflər arasında sonradan rəsmi olaraq notariatda alqısatqı müqaviləsinin bağlanıb-bağlanmaması barədə isə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid X10 izahat verərək bildirmişdir ki, iddiaçı ev almaq istəməsi barədə ona bildirmişdir. Onlar birlikdə Bakı şəhəri, Nərimanov rayonu, İnqilab küçəsi, 123 nömrəli 32 nömrəli 2 otaqlı mənzilə baxmağa getmişlər. Mənzilin sahibi Mehdi adlı şəxs olmuşdur. Mehdi ilə Bağır arasındakı razılaşmaya əsasən Mehdi həmin mənzili Bağıra 15.000 ABŞ dollarına satmışdır. Lakin sonradan Mehdini notariat orqanında alqı-satqı müqaviləsi bağlamaq üçün axtarsalar da tapa bilməmişlər. Həmin evdə 15 il iddiaçının qardaşı Nizami yaşamış, indisə iddiaçının oğlu Tural yaşayır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, X15 24.04.1997-ci il tarixli müqaviləyə əsasən ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, İnqilab küçəsi, 123 nömrəli 32 nömrəli 2 otaqlı mənzilini 15.000 ABŞ dollarına İddiaçı satmış, İddiaçı isə bunun müqabilində 15.000 ABŞ dolları məbləğində pulu X11 ödəmişdir. Həmin tarixdə X1 Bağır Kazım oğluna 3 il müddətinə qüvvədə olan etibarnamə verməklə ona məxsus əmlakı idarə etməyi, onun üzərində sərəncam verməyi, bütün sənədləşdirmə işləri aparmağı və s. ilə bağlı səlahiyyətləri İddiaçı etibar etmişdir. Lakin tərəflər arasında rəsmi olaraq alqı-satqı müqaviləsi bağlanmamışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 24 aprel 1997-ci il tarixli bağlanmış əqdin, yəni alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 27.04.1997-ci ildə yarandığından hazırkı mübahisə 01.09.2000-ci ilədək qüvvədən olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına əsasən həll edilməlidir. Qeyd olunan Mülki Məcəllənin 39-cu maddəsinin 1-ci hissəsinə əsasən vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə görə əqdlərin notarial qaydada təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Bu Məcəllənin 87-ci maddəsinə əsasən mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir. Mülki Məcəllənin 100-1-ci maddəsinə əsasən mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir. Qeyd olunan normaların hüquqi mənasına görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Belə ki, əvvəlki mülki qanunvericilik əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədilə bir sıra digər təminatlar da nəzərdə tutmuşdur. Belə təminatlardan biri həmin Məcəllənin 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb olunan sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur. Həmin maddədə isə nəzərdə tutulmuşdur ki, qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2006-cı il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyindən göründüyü ki, göstərilən maddənin (43-cü maddənin) tələblərinə görə tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu özünün İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli qərarındakı əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar hüquqi mövqeyini bir daha təsdiq etməklə vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Yaşayış evinin alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən İddiaçı mübahisəli mənzili 1997-ci ildə X4 yazılı formada bağlanmış müqaviləyə əsasən aldığı, bunun müqabilində ona 15.000 ABŞ dolları məbləğində pulu ödədiyi və müqavilə bağlandığı andan hal-hazıradək həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşadığı, lakin əqdin X15 ilə əlaqə yaratmaq və olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün əqdin rəsmilləşdirilməsinin baş tutmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 24 aprel 1997-ci il tarixli alqı-satqı müqaviləsi Cavabdeh ilə İddiaçı arasında bağlanmış hesab edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPMnin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. 24 aprel 1997-ci il tarixli alqı-satqı müqaviləsi Cavabdeh ilə İddiaçı arasında bağlanmış hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar