Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2807/2024 30.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «kirayə pulunun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdehnə qarşı «kirayə pulunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2018-ci ildə Salatın Əsgərova 106-da yerləşən mənzilini Cavabdeh MTK-ya təhvil verib, 6-cı blokda təmirsiz mənzillə bağlı müqavilə imzalamışdır. 2023-cü ilin fevral ayında kirayə pulu dayandırıldı. Bununla bağlı yeni təyin olunmuş Namiq müəllimə müraciət etdikdə mənzili nədən təmir etmədiyini soruşdu (mart ayında nə lift, nə kommunal, binaya giriş təhlükəli, gediş-gəliş yolu torpaq olduğu halda) və təcili qapının qoyulmasına göstəriş verdi. İcra Hakimiyyətinə müraciət etdikdən sonra mart, aprel ayı ödənildi və ”tələsik” kirayənin dayandırılması ilə bağlı məktub göndərdi (səbəb təmirsiz mənzil götürməyi olub). Şirkət təmir etdiyi mənzillərə 2023-cü ilin dekabr ayına qədər kirayə ödəyib. Cavabdeh sözügedən mənzili çoxmənzilli yaşayış binası tam hazır olmadan, yaşayışın qeyri-mümkün olduğu şəraitdə ödənişi dayandırmış (binanın girişi-çıxışı və digər yerlərin fotoşəkillər ərizəyə əlavə edilmişdir). Hal-hazırda 6-cı blokun girişi yenə bağlıdır. Qeyd edilənlərə əsasən, 2023-cü ilin may ayından 2023-cü ilin dekabr ayına qədər (ayda 500 manat olmaqla) ümumilikdə 4000 manat məbləğində pulun Cavabdehndən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, 2024-cü ilin yanvar ayından 2025-ci ilin yanvar ayına qədər ayda 500 manat olmaqla ümumilikdə 6000 manat məbləğində kirayə pulunun Cavabdehndən tutulub ona ödənilməsini xahiş etmişdir. 4.Ərizə onunla əsaslandırılmışdır ki, iyun ayının bitməsinə baxmayaraq 6-cı blokun qapısı bağlıdır. Bu, iddiaçının evini təmir etməyə,gediş-gəlişinə böyük maneə yaradır. Tikinti şirkəti heç bir şərait yaratmır. 2023-cü ilin may ayında kirayəni dayandıran şirkət 2024-cü ilin iyun ayında binanın təmirini bitirmir. Beləliklə, çoxmərtəbəli binanın təmiri tələsmədən davam etdirilir. Blok Dövlət Komissiyasından keçməyib, binada yaşayış olmadığından təbii qazın verilməsi də uzun çəkəcək. 2018-ci ildə mənzilini Cavabdehnə təhvil verəndə 6 ildən çox müddət keçəcəyini bilmirdi. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2018-ci ildə cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən o, Salatın Əsgərova küçəsi 106 ünvanında yerləşən mənzilini cavabdehə verməyi və bunun müqavilində cavabdeh tərəfindən yeni tikiləcək olan binanın 6-cı mərtəbəsində yerləşən təmirsiz mənzilin ona verilməsi razılaşdırılmışdır. Həmçinin, cavabdeh həmin mənzil ona verilən vaxta qədər ona kirayə haqqı ödəməyi də öz öhdəsinə götürmüşdür. Lakin 2023-cü ilin fevral ayında cavabdeh kirayə haqqı ödənişini dayandırmışdır. Daha sonra o, bununla bağlı cavabdeh MTK-nın rəhbərliyi ilə görüşdü. Bunun nəticəsində daha iki ayın kirayə haqqı ödənildi. Lakin sonradan yenidən dayandırıldı. Onlar ondan mənzilini hansı səbəbdən təmir etdirməməyini soruşdular. O isə bildirdi ki, binada lift, kommunal xidmətlər yoxdur. Binaya giriş ümumiyyətlə təhlükəlidir. Bu şəraitdə mənzilin təmir etdirilməsi hesab mümkün deyildir. Mənzil faktiki olaraq ona təhvil verilsə də, uzun müddət oraya girmək mümkün olmamış, buna səbəb isə girişdə tikinti materialları yığılması və tikinti işləri davam etdirilməsi olmuşdur. Hazırda bir çox məhdudiyyətlər aradan qaldırılsa da, uzun müddət o, bu cür maneələr nəticəsində öz mənzilindən faktiki olaraq istifadə edə, onu təmir etdirə bilməmişdir. Ona görə də hesab edir ki, bunun üçün cavabdeh birbaşa məsuliyyət daşıyır və həmin müddət üçün ona kirayə haqqı ödənilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə 076 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanda yerləşən mənzilini cavabdehə təhvil verməyi, cavabdeh isə əvəzində ünvan 2 ünvanda yerləşən 6-cı blok, 5-ci mərtəbə, 3 otaqlı, 118.5 kv.m sahəsi olan təmirsiz mənzili iddiaçıya təhvil verməyi və təhvil verənədək kirayə haqqını iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Mənzil iddiaçıya təhvil verildikdən sonra cavabdeh tərəfindən kirayə haqlarının ödənilməsi dayandırılmışdır. Hazırda iddiaçı müqavilə üzrə ona təmirsiz verilən mənzilini təmir etdirmək üçün cavabdeh tərəfindən maneələrin yaradıldığını, mənzilə giriş qapısının bağlı olduğunu və nəticədə mənzilini təmir edə bilməməsini iddia edərək, cavabdehdən ödənilməyən kirayə haqqının ona ödənilməsini tələb edir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan Cavabdeh MTK tərəfindən Mustafayeva X2 ünvanlanan 12 may 2023-cü il tarixli Mənzilin təhvil-təslim edilməsi barədə bildirişdən görünür ki, onunla Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 076 saylı Müqaviləyə əsasən ünvan 3 ünvanda yerləşən 6-cı blok, 5-ci mərtəbə, 3 otaqlı, 118.5 kv.m sahəsi olan təmirsiz mənzil ona təhvil verilməsi üçün hazır vəziyyətdədir və kirayə haqlarının ödənilməsi müqavilə üzrə dayandırılmışdır. Odur ki, təhvil-təslim aktını imzalamaq və surətini götürmək üçün Cavabdeh MTK-nın ofisinə yaxınlaşması xahiş edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 11.Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 12.Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 13.Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 14.Hazırki iş üzrə tərəflər arasında müqavilə bağlanmış, cavabdeh tərəfindən xx.xx.2023cü il tarixli təhvil-təslim aktı əsasında müqavilənin şərtlərinə uyğun olaraq təmirsiz mənzil iddiaçıya təhvil verilmiş və mənzil iddiaçıya təhvil verildiyinə görə cavabdeh tərəfindən kirayə haqqının iddiaçıya ödənilməsi dayandırılmışdır. Hazırda iddiaçı evini təmir etdirmək üçün cavabdeh tərəfindən maneələr yaradıldığını, gediş-gəlişin təhlükəli olduğunu, binaya giriş qapısının bağlı olmasını iddia etsə də, iddiasını əsaslandıra biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçı cavabdeh tərəfindən verilən təmirsiz mənzili qəbul etməyi və qəbul etdiyi andan kirayə haqqının ona ödənilməsinin dayandırılması tələbləri ilə razılaşmış, təmirsiz mənzil də ona təhvil verildikdən sonra da cavabdeh haqlı olaraq kirayə haqqını dayandırmışdır. Göründüyü kimi hər iki tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Hazırda iddiaçının kirayə haqqının ona ödənilməsini tələb etməsi isə əsassızdır. 15.Məhkəmə tərəfindən həmçinin 04 iyul 2024-cü il tarixində həmin mübahisəli sahəyə yerində baxış keçirilmiş və iddiaçının mənzilinə bir neçə yerdən gediş-gəlişin mümkün olması və maneənin olmaması müəyyən edilmişdir. İddiaçı yalnız həmin sahəyə daha yaxın hissədən daxil olmaq istəyi ilə mənzilin təhvil verilə bilməməsi əsasına istinad etmişdir ki, bu halda məhkəmə üçün əsassız hesab edilməlidir. 16.Məhkəmə bununla bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 17.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 19.Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 20.Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 21.İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 22.Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı iddia tələbini əsaslandıra biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. 23.Odur ki, məhkəmə iclasında iddia tələbi (kirayə haqqının ödənilməsi barədə) təmin edilməsinin hüquqi əsasları müəyyən edilmədiyindən, qaldırılan iddia tələbi əsaslı hesab edilə bilməz (mənzilin ona təhvil verilməməsini həmçinin iddiaçı sübuta yetirə bilmədiyindən). 24.Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «kirayə pulunun ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 27.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 28.Həmin Məcəlləniin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 30.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı «kirayə pulunun ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2807/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2807/2024
30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver