Məhkəmə qərarları › İş №2(006)-2808/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2808/2024

08.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2808/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi X9, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, tərcüməçi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bülbül prospekti 65C saylı evin 63 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehin qızıdır. Lakin, iddiaçının anası ilə cavabdehin nikahları uzun illər əvvəl pozulmuş və nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. ünvan 1 ünvanda yerləşən 191,25 m2 olan mənzil iddiaçının mülkiyyətindədir. Sözügedən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən X5 (nikahdan sonra Frenkina) adına xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh hal-hazırda da pasport qeydiyyatında olan mənzildə yaşayır. Həmin mənzil iddiaçının anası ilə birlikdə yaşadığı mənzillə qonşudur. Cavabdeh sonradan bankdan kredit götürüb ödəyə bilmədiyindən 2019-cu ildə evini sataraq iddiaçının mənzilinə köçərək yaşamağa başlamışdır. İddiaçının deməsinə görə iddiaçının evinə köçdükdən sonra cavabdeh mütəmadi olaraq evdə dava salmış, psixotrop maddələrdən istifadə etməyə başlamışdır. Cavabdeh keçmiş arvadına və hazırkı iş üzrə iddiaçı olan qızına əl qaldırmışdır. Dözülməz vəziyyət yarandığından 2020-ci ilin dekabr ayında iddiaçı anası və azyaşlı bacısı ilə öz mülkiyyətində olan evdən xalasının evinə köçməyə məcbur olmuşdur. Cavabdeh bir neçə ildir orada yaşamağa davam etmişdir. Bir neçə dəfə iddiaçı və anası cavabdehin yanına gedərək mənzili tərk etməsini tələb etsələr də, mənzildən çıxmır. Cavabdeh bir dəfə keçmiş arvadını evdən tapança ilə qovmuşdur, iddiaçı həmin mənzilə daxil olarkən mənzildə həmin silahı görmüş və videoya da çəkmişdir. İş materiallarına əlavə edilən arayışdan da görünür ki, 54 aydır kommunal ödənişləri də ödəmir. Mənzilə də qulluq etmədiyindən mənzilin təmirini yarıtmaz hala salır. Hazırda sözügedən mənzildə cavabdeh tək yaşayır. Cavabdehin həmin mənzilə heç bir istifadə hüququ yoxdur və orada pasport qeydiyyatında deyildir. Həmin mənzil iddiaçıya məxsus olmaqla onun şəxsi mülkiyyətindədir. Mülki iş üzrə cavabdeh şəxs bir neçə ildir ki, iddiaçının mülkiyyətində olan mənzili zəbt edərək qanunsuz olaraq həmin mənzildə yaşayır, iddiaçı bir neçə dəfə həmin cavabdehdən mənzili tərk etməyi tələb etsə də, cavabdeh evi tərk etmir. Bir dəfə hətta qanunsuz olaraq qapını sındırıb içəri daxil olmuş və bununla bağlı Nəsimi RPİ-nin 21-ci polis bölməsinə iddiaçının adından şikayət də daxil olmuşdur. Hal-hazırda da cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvandakı mənzildə qeydiyyatsız və qanunsuz yaşayır. Hesab edirlər ki, Cavabdeh əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvandakı mənzildən çıxarılmalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi X15 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, özünün və bu yaxınlarda ilə həyatı qurmuş qızının kirayədə yaşamasının nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin, izahatında bildirmişdir ki, cavabdehlə illər əvvəl nikahları pozulsa da, sonradan barışmışlar və hazırkı evi də cavabdehin anası iddiaçıya, yəni nəvəsinə bağışlamışdır. Mübahisəli mənzil cavabdeh tərəfindən anasının adına alınmış və həmin evlə qonşuluqda digər bir mənzili də cavabdeh öz adına almışdır. 2015-ci ildən özü, iddiaçı olan qızı, digər qızı və cavabdeh mübahisəli evə köçərək yaşamışlar. Cavabdeh həm özünün mülkiyyətində olan evdə və həmçinin də onlarla bir evdə yaşamışdır. Lakin bir neçə il əvvəl cavabdeh öz evini sataraq tamamilə iddiaçıya məxsus evə köçərək yaşamağa başlamışdır. Cavabdehlə bir evdə bir müddət yaşasalar da, sonradan bu mümkün olmamışdır. Ona görə də onlar evdən çıxmağa məcbur olmuşlar. Hazırda cavabdeh həmin mənzildə tək yaşamaqla mənzili yararsız vəziyyətə gətirib çıxarmışdır. Cavabdehlə bir evdə yaşamaq mümkün deyil, o həmin mənzildən çıxarılmalıdır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının nümayəndəsi Asya Salmanovanın izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirmişdir ki, cavabdehin həmin mənzildən istifadə hüququ yaranmamışdır, bu səbəbdən cavabdehə hər hansı məbləğdə kompensasiya təklif edilməsinə də əsas yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 1 saylı notariat kontorunda təsdiq edilmiş AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, «Uğur-97» firması Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 65C saylı evin 63 saylı mənzilini 45.000 manata X1. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 18 mart 2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (RX seriyalı ******* saylı) çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 65C saylı evin 63 saylı mənzili xüsusi mülkiyyət kimi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1849 saylı reyestr kitabının 170391 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq edilmiş AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X11 xüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 65C saylı evin 63 saylı mənzilini 130.000 manata X2. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 10 oktyabr 2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (RX seriyalı ******* saylı) çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 65C saylı evin 63 saylı mənzili xüsusi mülkiyyət kimi X7 adına daşınmaz əmlakın dövlət reyestrində 1849 saylı reyestr kitabının 170391 nömrəli vərəqində qeydiyyata alınmışdır. 15 sentyabr 2015-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat kontorunda 4Ə-766 reyestr nömrəsi ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X14 xüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 65C saylı evin 63 saylı mənzilini nəvəsi X8 bağışlamışdır. Hədiyyə verən tərəfin etibarnamə üzrə nümayəndəsi kimi X17, hədiyyə alan tərəfin qanuni nümayəndəsi kimi Cavabdeh müqaviləni imzalamışlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 15 sentyabr 2015-ci il tarixdə notarial qaydada təsdiq edilərək təqdim edilmiş ərizədən görünür ki, Cavabdeh azyaşlı qızı X8 hədiyyə verilən mənzillə bağlı gələcəkdə çıxan bütün kommunal xərcləri ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2015-ci il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 743416 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2003-cü il təvəllüdlü olmaqla, atası X16, anası X10. Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 19 sentyabr 2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (RX seriyalı ******* saylı) çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 65C saylı evin 63 saylı mənzili xüsusi mülkiyyət kimi Salmanova (hazırda Frenkina) Sevinc Sirac qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanda qeydiyyatdadır. Fiziki şəxs X20 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildirişdə qeyd olunmuşdur ki, X5 ünvan 2 ünvana münasibətdə xx.xx.2024-cü il tarixə kimi 54 ay kommunal (mühafizə, lift, təmizlik və s.) borcu yaranmışdır. Həmin borcun ödənilməsi xahiş olunur. Ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında müəyyən edilmiş hüquqi mövqələrə əsasən yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı).Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir. Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur.Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında müəyyən edilmiş hüquqi mövqeyə əsasən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir.Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən edildi ki, mübahisə predmeti olan mənzil iddiaçıya nənəsi, yəni cavabdehin anası tərəfindən bağışlanmışdır. Mənzil iddiaçıya bağışlanarkən iddiaçının atası olan cavabdeh də həmin mənzildə yaşamış və mənzildən istifadə hüququ yaranmışdır. Belə ki, işin araşdırılmış hallarından müəyyən edilmişdir ki, cavabdeh və iddiaçı arasında ailə münasibətləri, yəni valideyn-uşaq münasibətləri var. Mübahisəli mənzil 2015-ci ildən iddiaçının mülkiyyətində olsa da, iddiaçının nümayəndəsinin də bildirdiyi kimi 2019-cu ildən etibarən cavabdeh iddiaçının razılığı əsasında, həmin evdə daimi yaşayaraq yaşayış sahəsi ilə təmin olunmuşdur. Mülkiyyətçi hələ yetkinlik yaşına çatmadan həmin evin mülkiyyətçisi olmuşdur, yəni sözsüz ki, mülkiyyətçi məhz cavabdehin anasının ona həmin evi hədiyyə etməsini, həmin evə mülkiyyət hüququnun elə cavabdehin sayəsində təmin edilməsini bilmişdir. Hazırda mülkiyyətçinin həmin evdə cavabdehin təqsiri ucbatından istifadə edə bilməməsinə dair gətirdiyi dəlillər elə onu deməyə əsas verir ki, mülkiyyətçi bu məhdudiyyətlərin aradan qaldırılması üçün cavabdehə müvafiq kompensasiya təklif edə bilərdi. Mülkiyyətçinin əmlak üzərində mülkiyyət hüququ mütləq xarakter daşısa da, cavabdehin mülkiyyətçinin ailə üzvü kimi razılığı ilə həmin evə köçərək yaşaması bu qənaətə gəlməyə əsas verir ki, cavabdehin həmin mənzildən çıxarılması onun istifadə hüququna müvafiq məbləğdə kompensasiya ödənilməsi yolu ilə xitam verilməsindən sonra mümkün ola bilər. Hazırda isə işin faktiki hallarından cavabdehin iddiaçıya məxsus evə köçərək yaşaması onun həmin yaşayış sahəsindən istifadə hüququnu yaratdığından və iddiaçı və cavabdehin ailə münasibətləri nəzərə alınmaqla sonuncunun həmin mənzildən istifadə hüququna xitam verilmədən onun həmin mənzildən çıxarılması qanuni və ədalətli sayıla bilməz. Konstitusiya Məhkəməsinin müəyyən etdiyi qaydada mənzildən istifadə hüququna xitam verilməsi barədə tələblər üzrə iddianın predmetinə aid edilməsə də, iddiaçı tərəfindən təklif edilməsinə yolverilən kompensasiya məbləği barədə məsələ hazırkı iddia tələbi üzrə məhkəmə araşdırması zamanı müzakirə edilmiş, lakin iddiaçı tərəfin mövqeyi, ümumiyyətlə, cavabdehin istifadə hüququnun yaranmamasından və bu səbəbdən cavabdehə kompensasiya ödənilməsi təklifinin zəruri olmamasından ibarət olmuşdur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar