Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-282/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı icra qeydi üzrə borcun bir hissəsinin icra edilməməli hesab olunması tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında Açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə arasında olan 17 noyabr 2022-ci il tarixli müqavilə əsasında ona verilmiş pul müqabilində vaxtında ödənilməyən məbləğ olmaqla qəbul olunmuş 28 fevral 2024-cü il tarixdə verilmiş icra qeydinə əsasən borcu kimi göstərilmiş 10322 manat pulun 2490 manat hissəsinin icra edilməməli hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Əvvəllər iddiaçının "xxxx" ASC-yə borcu olmuşdur. Belə ki, qeyd olunan bankdan 7000 manat məbləğində pul götürmüşdür. Əslində onun 17 noyabr 2022-ci il tarixdə “Azərbaycan Beynəlxalq tutulsa da, əslində ona verilən məbləğ 7000 manat olmuşdur. Bu barədə 17 noyabr 2022-ci il tarixli BPM**********65 saylı məxaric orderindən də görünür ki, müqavilədə 10000 manat nəzərdə tutulmasına baxmayaraq faktiki şəkildə ona 7000 manat pul verilmişdir. Onun həmin banka buna qədər olan borcu isə 883,32 (səkkiz yüz səksən üç manat otuz iki qəpik) olmuşdur. Beləliklə, faktiki şəkildə onun banka olan borcu 7832,32 manat olmuşdur. Bank əsassız olaraq ondan həmin məbləğdə yəni 10322 manat pulu tələb edə bilməz. Onun taktiki şəkildə borcu 7832,32 manat məbləğinə münasibətdə nəzərə alına bilərdi. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, "xxxx" ASC ilə arasında bağlanmış müqavilədə ona 10000 manat kreditin ayrılması nəzərdə tutulmuşdur. Belə razılaşmışdılar ki, kredit məbləğindən 7000 manatı qəbul edərək, "xxxx" ASC-yə olan borcunu bağlamalı, daha sonra qalan pulu götürməli idi. Sonra xoşagəlməz hadisə baş verdiyindən, bankdan götürdüyü 7000 manatdan xərcləmişdir. Banka 3500 manat pul qaldığını, hesabda qalan məbləğin ona verilməyərək, faktiki verilmiş məbləğ üzrə krediti rəsmiləşdirməyi təklif etmiş, bank isə faiz dərəcəsinin yüksəldiləcəyi təqdirdə bunun mümkün olduğunu bildirmiş, o isə bununla razılaşmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə müqavilə bağlanılmış və 10.000 manat kredit verilmişdir. Başqa banka borcu olduğu üçün iddiaçıya 7000 manat nağd pul verilib, 3000 manatını isə müqavilənin şərtlərinə əsasən, digər bankda olan öhdəliklərini ödədikdən sonra veriləcəkdi. Lakin iddiaçı həmin öhdəliyi yerinə yetirmədiyinə görə, qalıq pul cari hesabında qalmışdır. Banka borcu olduğu üçün həmin pul əsas borc və faizlərinə çıxılıb. 7 aydan sonra isə iddiaçıdan borcunu ödəməsi ilə bağlı müraciət olunmuşdur. Odur ki, məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********65 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə, illik 21 faiz ödəmək şərtilə 10000 manat kredit verilmişdir. Kreditin təyinatı digər banklardakı öhdəliklərin bağlanması olmuşdur. xx.xx.2022-ci il tarixli məxaric orderindən görünür ki, İddiaçı tərəfindən 7000 manat qəbul edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı banka 9057.37 manat əsas borcu, 1235.14 manat faiz borcu, cəmi 10322.51 manat borcu vardır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli borclu İddiaçı ünvanladığı bildirişə əsasən 9057.37 manat əsas borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Tovuz regional “ASAN xidmət" mərkəzinin notariat ofisində aparılmış xx.xx.2024-cü il tarixli 8İ-4754 nömrəli icra qeydinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ünvan 2i ünvanında xeyrinə Tovuz Rayonu Əsrik Cırdaxan kəndi ünvanında qeydiyyatda olan İddiaçı BPM**********65(120MYRl2********)nömrəli müqaviləyə əsasən 10322 manat 91 qəpik pul tutulmalı, Bundan əlavə təklif olunmuş borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi 10347 manat 91 qəpik tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3221/2024 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/10492 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 17 noyabr 2022-ci il tarixli BPM**********65 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı "xxxx" ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 01 fevral 2024-cü il tarixə: əsas borc üzrə 9057.36 manat, faiz borcu üzrə 1170.04 manat 29 may 2024-cü il tarixə: əsas borc üzrə 9057.36 manat, faiz borcu üzrə 1793.48 manat təşkil edir. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.2-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə görə iddiaçıya illik 21% olmaqla 48 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə iddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 309.66 manat məbləğində pul ödəməlidir. Kreditin təyinatı digər banklardakı öhdəliklərin bağlanması olmuşdur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı üçün ayrılmış 10000 manat kredit hesabına iddiaçının cavabdeh banka olan 883,32 manat əvvəlki kredit borcu bağlanmış, habelə İddiaçı hesabına köçürülmüş kreditdən 7000 manatı məxaric edilərək iddiaçıya verilmişdir. Tərəflər arasındakı razılığa əsasən İddiaçı həmin pulu digər bankda olan kredit borcu üzrə öhdəliyini tam icra etdikdən sonra qalıq məbləği təhvil almalı idi (məhkəmə iclasında iddiaçı belə bir razılaşmanın olduğunu təsdiq etmişdir). Lakin iddiaçı ona verilmiş 7000 manat krediti təyinatı üzrə istifadə etməmiş, bununla da tərəflər arasında razılaşmanın şərti pozulmuş və bank tərəfindən qalıq məbləğ – 2116.68 manat (10000- 8xx.xx-7000) iddiaçının adına açılmış hesabda saxlanılmış, yəni, iddiaçının sərəncamına verilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqavilə əsasında ona 10000 manat deyil, 7000 manat kredit verildiyini, əvvəlki borcu üzrə 883,32 manat çıxıldıqdan sonra, qalan 2116.68 manatın ona aid edilməməklə, xx.xx.2024-cü il tarixdə verilmiş icra qeydinə əsasən həmin hissənin icra edilməməli hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (İddiaçı iddia ərizəsində 2490 manatın icra edilməməsini xahiş etsə də, məhkəmə iclasında verdiyi izahatında özünə aid etmədiyi borcun məbləğinin 2116.68 manat olduğunu bildirmişdir). Məhkəmə yuxarıda sadalanan mülki qanunvericiliyin normalarını rəhbər tutmaqla hazırkı iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, işin faktiki hallarından da göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi könüllülük əsasında tərəflərin sərbəst iradə ifadələrinə uyğun bağlanmış və tərəflər müqaviləni onun bütün mühüm şərtləri ilə birlikdə müqaviləni imzalamaqla qəbul etmişlər. Müqavilənin şərtləri şəffaf və aydın olmaqla, hər hansı bir qanunazidd məqamları (halları) özündə əks etdirməmiş və tərəflər müqavilə şərtləri ilə tanış olaraq, ortaq razılığa gələrək, habelə mülki qanunvericiliyin tələblərinə uyğun çıxış edərək qeyd edilən müqaviləni bağlamışlar. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, cədvəl müqavilə şərtlərinə riayət olunmaqla tərtib edilmişdir. Ödəniş cədvəlində ödəniş dövrü, aylıq ödəniş müfəssəl şəkildə göstərilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Məhkəmə qeyd edir ki, İddiaçı bağlanmış razılaşmanın şərtini pozaraq ona verilmiş 7000 manatı təyinatı üzrə istifadə etməmiş, habelə götürdüyü kredit üzrə ödənişləri, tərtib edilmiş ödəniş qrafikinə uyğun həyata keçirməli olduğu halda, etməmiş, belə olan təqdirdə bank tərəfindən onun hesabında qalan 2116.68 manat üzrə müvafiq silinmələr (əsas və faiz borcu üzrə) aparılmışdır. xx.xx.2022-ci il tarixli müqavilənin 10.1-ci bəndində də qeyd edilmişdir ki, kreditin təyinatı üzrə istifadə edilməsini təmin etmək məqsədilə ABB bu bənddə qeyd edilən hesaba köçürülmüş pul vəsaitlərini borc alanın sərəncamı olmadan sonuncunun digər hesabına mədaxil edə və həmin hesabdan akseptsiz qaydada silə bilər. İddiaçı götürdüyü krediti banka qaytarmalı olduğunu bildiyi halda, hesabından akseptsiz qaydada silinmələrin aparıldığı 7 ay ərzində heç bir ödəniş etməməsi azmış kimi, həmin silinmələrin əsassız aparıldığını bildirməklə, yalnız faktiki qəbul etdiyi 7000 manat üzrə borcu qaytarmalı olduğunu iddia edir. Halbuki iddiaçı bankla bağladığı müqavilədə ona 10000 manat kreditin ayrıldığına dair müddəaları öz imzası ilə təsdiqləməklə qəbul etmişdir. Bundan başqa iddiaçı bildirir ki, “silinmələrin aparıldığı dövr üzrə - 7 ay ərzində ondan borcun ödənilməsi tələb edilməmişdir, tələb edilsəydi hesabındakı məbləğdən silinmələrin aparılmasına zərurət olmayacaqdı”. Bununla bağlı məhkəmə qeyd edir ki, hər iki tərəfin iştirakı ilə tərtib edilmiş ödəniş cədvəlində iddiaçının konkret olaraq hansı tarixdən etibarən krediti ödəməli olduğu tarixlər öz əksini tapmış, iddiaçı bu barədə məlumatlı olmuş, lakin öhdəliyin icrasından yayınmışdır. Belə olan təqdirdə bank müqavilədə nəzərdə tutulmuş hüququndan istifadə edərək iddiaçıya məxsus hesabdan akseptsiz qaydada silinmələri həyata keçirmişdir. Eyni zamanda işin obyektiv həlli baxımından məhkəmə tərəfindən məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 9/10492 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyində İddiaçı "xxxx" ASC-yə olan borcunun 01 fevral 2024cü il tarixə əsas borc üzrə 9057.36 manat, faiz borcu üzrə 1170.04 manat olduğu müəyyən edilmişdir. Maliyyə arayışının xx.xx.2024-cü il tarixli olması nəzərə alınmaqla, bank tərəfindən hesablanmış borc məbləğlərinin ekspert rəyində göstərilən məbləğlər həddində olduğu aşkar görünür. Bununla da məhkəmə iddiaçının dəlillərinin əsassız olması qənaətinə gəlir. Məhkəmə onu da qeyd edir ki, mülki qanunvericilik müqavilədən irəli gələn digər məsələləri (tələbləri) tənzimləməklə yanaşı eyni zamanda, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını da xüsusi olaraq tənzimləyir. Belə ki, Mülki Məcəllənin 421 və 422ci maddələrində müqavilənin dəyişdirilməsi əsasları qeyd edilmiş və həmin əsaslara görə müqavilənin dəyişdirilməsinə - tərəflərin razılığı; - tərəflərdən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması; - şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində yol verilir. Lakin hazırda isə tərəflərin bu məsələyə dair razılığı, cavabdeh tərəfindən müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması və yaxud şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə dair hallar aşkar edilməmişdir. Belə olduğu təqdirdə, iddia əsaslı hesab oluna və təmin edilə bilməz. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı icra qeydi üzrə borcun bir hissəsinin icra edilməməli hesab olunması tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamanda iddia rədd edildiyindən, məhkəmə xərci kimi aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı icra qeydi üzrə borcun bir hissəsinin icra edilməməli hesab olunması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-282/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-282/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver