Məhkəmə qərarları › İş №2(006)-2831/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2831/2022

11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2831/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlu, İddiaçı Ərizəçi “doğum haqqında şəhadətnamənin yenidən bərpası” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi “doğum haqqında şəhadətnamənin yenidən bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnaməsinin yenidən bərpa edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunduğundan, Azərbaycan Respublikası MPM-in 150-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə verilərkən dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməldir. İddia ərizəsindən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu qanunda nəzərdə tutulan məbləğin ödənilməsinə dair sübut əlavə etməmişdir. Belə ki, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsum ödənilir. Bundan başqa Ərizəçi məhkəməyə maraqlı şəxsi göstərməklə ərizə ilə müraciət etməli olduğu halda, iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, ərizədən göründüyü kimi Ərizəçi onun doğum haqqında şəhadətnaməsin bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, bu tələb hüquqi əhəmiyyətli fakt olduğundan, xüsusi icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Bundan başqa Ərizəçi qanunvericilikdə nəzərdə tutulan qaydada ilk öncə doğum haqqında şəhadətnaməsinin başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmaması barədə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.6-cı bəndində məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara aid sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsinə əsasən müəyyən olunmuş formada və məzmunda tərtib olunmamışsa geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, ərizə ərizəçiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ərizəçi “doğum haqqında şəhadətnamənin yenidən bərpası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Ərizəçi izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizə ilə aidiyyət qaydalarına riayət etməklə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə İş № 2(006)-2831/2022 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR PROTOKOL Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 11 may 2022-ci il Bakı şəhəri Hakimi İbadzadə Anar Qənimət oğlu, İddiaçı Ərizəçi “doğum haqqında şəhadətnamənin yenidən bərpası” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq prosessual hərəkət etdi. Prosessual hərəkət saat 10:00-da başladı. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardadı qəbul etdi. Prosessual hərəkət saat 10:05-də qurtardı. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar