Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2855/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh1, Cavabdehin Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, Birinci tələb üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsinin boşaldılması və s.» tələbinə dair, ikinci tələb üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və Nəsimi Bələdiyyəsinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Birinci tələb üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsinin boşaldılması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və Nəsimi Bələdiyyəsi arasında bağlanmış “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair" 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli müqavilə əsasında ünvan 1 ünvanda iddiaçının istifadə və sahibliyinə ayrılmış 400 kv.m torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş hissəsinin cavabdehlər tərəfindən boşaldılması, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İkinci tələb üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və Nəsimi Bələdiyyəsinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Nəsimi Bələdiyyəsi arasında “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair" 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 18.06.2021-ci il tarixli e-2(006)-3209/2021 saylı qərardadı ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və Nəsimi Bələdiyyəsinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair e-2(006)-3209/2021 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsinin boşaldılması və s.» tələbinə dair e-2(006)-2855/2021 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Birinci tələb üzrə İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı və Nəsimi Bələdiyyəsi arasında “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, ünvan 2 ünvanda yerləşən və iddiaçının faktiki istifadəsində olan 400 kv.m torpaq sahəsi həyətyanı sahə kimi Nəsimi Bələdiyyəsinin 31 avqust 2001-ci il tarixli 55 saylı əmrinə əsasən İddiaçı istifadə və sahibliyinə verilmişdir. Sözügedən torpaq sahəsinin icarəyə verilmə müddəti 49 il, icarə haqqı isə aylıq 7,70 manat, illik isə 92,80 manat məbləğində müəyyən edilmişdir. Bir müddət əvvəl isə, İddiaçı ilə qonşuluqda yaşayan cavabdehlər Aydın və Cavabdeh2 qardaşları, öz torpaq sahəsini genişləndirmək məqsədi ilə iddiaçının istifadəsinə ayrılmış 400 kv.metr torpaq sahəsinin 200 kv.metr hissəsini zəbt etmiş, iddiaçının həmin ərazidəki hasarını uçurtmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı ona ayrılmış torpaq sahəsi üzərində olan hüquqlarından istifadə edə bilmir. İddiaçı, cavabdehlər Aydın və Cavabdeh2 qardaşları qanunsuz hərəkətlərinə son qoyulmasını təklif etsə də, onlar, iddiaçı ilə kobud rəftar etmiş, iddiaçıya qarşı təhqiredici ifadələr işlətmişdir. Bu səbəbdən də İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci tələb üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən birinci tələb üzrə iddianın təmin edilməsi və ikinci tələb üzrə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İkinci tələb üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsi onların ailəsinin istifadəsində 1968-ci ildəndir, yəni 53 ildir ki, istifadələrində və sahibliklərindədir. 2021-ci ilin fevral ayında cavabdeh İddiaçı onlara qarşı iddia qaldıraraq göstərmişdir ki, guya həmin torpaq sahəsi onun icarə müqaviləsi əsasında onun istifadəsində olmuşdur, iddia ərizəsində dəlil kimi göstərmişdir ki, guya onunla Nəsimi Bələdiyyəsi ilə arasında “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 400 kv.m torpaq sahəsini icarəyə götürmüşdür. Qeyd edilən icarə müqaviləsindən onların heç vaxt məlumatı olmamışdır, yalnız 2021-ci ildə iddia ərizəsindən sonra məlum olmuşdur. Hazırda həmin icarə müqaviləsi onların maraqlarına toxunur və mübahisəli olan torpaqdan istifadə və sahiblik hüquqlarını pozur. Həmin icarə müqaviləsi tamamilə qanunsuzdur. Belə ki, cavabdeh İddiaçı ilə Nəsimi Bələdiyyəsi arasında bağlanmış “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli müqavilənin heç bir hüquqi əsası yoxdur. Çünki 2005-ci ildən bu günədək həmin torpaq sahəsi onların istifadəsində və sahibliyində olmuşdur, lakin icrarə müqaviləsində göstərilir ki, guya İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi icarəyə verilir. Bundan başqa, ünvan 4 ünvanında yerləşən 400 kv.m torpaq sahəsi Nəsimi Bələdiyyəsinin inzibati ərazi vahidinə aid deyildir və bələdiyyə mülkiyyətində deyildir. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqdır. İkinci tələb üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ikinci tələb üzrə iddianın təmin edilməsi və birinci tələb üzrə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İkinci tələb üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ikinci tələb üzrə iddianın təmin edilməsi və birinci tələb üzrə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İkinci tələb üzrə cavabdeh Nəsimi Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə ikinci tələb üzrə cavabdeh Nəsimi Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, hər iki tələb üzrə iddialar rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 25 oktyabr 2005-ci il tarixli 05/82 saylı “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” müqavilədən görünür ki, Nəsimi Bələdiyyəsi ünvan 1 ünvanında yerləşən 400 kv.m torpaq sahəsini 25.10.2005-ci il tarixdən 25.10.2054-cü il tarixədək İddiaçı icarəyə vermişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 26.08.2021-ci il tarixli **********14 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq İddiaçı adına 28.10.2014-cü il tarixində qeydiyyata alınmış, daha sonra notariat qaydasında təsdiq edilmiş 25.08.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü istifadə, ölçüsü isə 0,01936 ha göstərilmişdir. Nəsimi Bələdiyyəsinin 05.05.2021-ci il tarixli 01-390 saylı məktubundan görünür ki, İddiaçı ilə Nəsimi Bələdiyyəsi arasında bağlanmış 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli müqaviləsi barədə bələdiyyənin vergi-uçot bazasında hər hansı məlumat yoxdur və İddiaçı bələdiyyəyə hər hansı icarə haqqı ödəməmişdir. **********48410301 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyata alınmış və evin istifadəsində olan 0,01936 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Nəsimi Bələdiyyəsi 25 oktyabr 2005-ci il tarixli 05/82 saylı “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” müqavilə ilə ünvan 1 ünvanında yerləşən 400 kv.m torpaq sahəsini 25.10.2005-ci il tarixdən 25.10.2054-cü il tarixədək İddiaçı icarəyə vermişdir. İcarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Eyni zamanda məhkəmə tədqiqatı zamanı mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən olunmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Məhkəmə hər iki tələb üzrə iddialarla bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, tərəflərin irəli sürdüyü faktiki hallar onların iddia tələblərinin qanuni əsaslarının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadırlar; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə tərəflərin, qanuni sahibliylərində olduğunu iddia etdiyləri torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla tərəflərə məxsusluğu müəyyən edilməmiş, eyni zamanda torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, tərəfləri iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul etmək mümkün deyildir. Çünki onlar, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişlər, torpaq sahəsinin mülkiyyətçisi (dövlət) tərəfindən onlarla müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onların qanuni istifadəsinə verilməmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia ərizələrinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə ikinci tələb üzrə iddiaçının iş üzrə xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibətdə qeyd edir ki, ikinci tələb üzrə cavabdehlərin əməllərində cinayətin əlamətləri müəyyən edilməmiş, eyni zamanda ikinci tələb üzrə iddiaçı cavabdehlərin əməllərində cinayətin əlamətlərinin olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hər iki tələb üzrə iddialar rədd edilməli və hər iki tələb üzrə ödənilmiş dövlət rüsumları hər iki tələb üzrə iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Birinci tələb üzrə iddia tələbi rədd edilsin. Birinci tələb üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İkinci tələb üzrə iddia tələbi rədd edilsin. İkinci tələb üzrə ödənilmiş dövlət rüsumu iddiaçılar Cavabdeh1 və Cavabdeh2 aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2855/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2855/2021
02.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver