Məhkəmə qərarları › İş №2(006)-2869/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2869/2021

17.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2869/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X2 və X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "işə bərpa tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "işə bərpa tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 04.01.2018-ci il tarixli, 14 saylı əmrə əsasən H.Əliyev adına Müasir Təhsil Kompleksinin mühasibatlığına mühasib vəzifəsinə təyin olunmuşdur. 28.01.2021-ci il tarixədək MTK-da həmin vəzifədə işləmişdir. İddiaçı işlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş, verilmiş tapşırıqları dərhal və lazımi qaydada yerinə yetirmiş, əmək və icra intizamına ciddi şəkildə riayət etmiş, işəgötürən tərəfindən hər hansı intizam məsuliyyətinə cəlb olunmamışdır. Eləcə də, müxtəlif idarə və təşkilatlarda mühasib, baş mühasib və maliyyə sektorunun müdiri vəzifələrində çalışmaqla mühasibatlıq sahəsində 38 il ardıcıl staja malikdir. Qeyd olunanlara baxmayaraq, cavabdeh kompleksin mühasibatlığında iddiaçının tutduğu mühasib ştatının ixtisar edilməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 28 yanvar 2021 -ci il tarixli, 05/k saylı əmr verilmişdir. İddiaçı mühasib vəzifəsində işlədiyi ştat vahidinin ixtisarının aparılmasının hansı zərurətlə əlaqədar olduğu barədə cavabdeh tərəfindən tam və hərtərəfli bir maliyyə - iqtisadi əsaslanma nə iddiaçıya təqdim olunmuş, nə də belə bir əsaslanma əmək kollektivinin müzakirəsinə buraxılmamışdır. Digər tərəfdən, işəgötürən iddiaçının tutduğu vəzifə üzrə ştatın ixtisarını apararkən işçilərin peşəkarlıq səviyyəsini nəzərə almaqla onun həmin təşkilatda digər bir işlə təmin olunmağına heç bir təşəbbüs göstərməmiş, hələ ştatı ixtisar edilməmiş, mühasibatlıq şöbəsinə əlavə iki mühasib ştatı verməklə həmin şöbəyə iki yeni işçi götürmüşdür. Göründüyü kimi, cavabdeh iddiaçının işlədiyi mühasib ştatının ixtisarını həyata keçirərkən, MTK- nın mühasibatlığında işləyən işçilərin daha yüksək peşəkarlığa malik olanının müəyyən edilməsi və onun işdə saxlanması üçün müvafiq attestasiya komissiyası təşkil edilməmiş, bununla da Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. İddiaçının işlədiyi ştat vahidi üzrə orta əmək haqqı 1414 manat təşkil edir. Göstərilənlərə əsasən Heydər Əliyev adına MTK-nın ştatın ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi barədə 28.01.2021-ci il tarixli,05/k saylı əmrin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X4 və X3 ərizə təqdim edərək bildirdilər ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən qanunvericiliyin tələbi iddia müddətləri baxımından pozulmuşdur. Bu səbəbdən iddia ərizəsi iddia müddətinin ötürülməsi səbəbindən verildiyindən qanunvericiliyin tələbinə əsasən araşdırılmadan imtina edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.09.2020-ci il tarixli, 44 saylı əmrinin surətindən görünür ki, Kompleksin mühasibatlığının mühasibi İddiaçı əmək müqaviləsinə ştatın ixtisar edilməsi ilə əlaqədar olaraq 28 sentyabr 2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ona orta aylıq əmək haqqının 1,4 misli miqdarını birdəfəyə ödəməklə (ƏM-nin 77.3-cü maddəsinə əsasən) xitam verilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.01.2021-ci il tarixli, 03 saylı əmrinin surətindən görünür ki, 25 sentyabr 2020-ci il tarixli, 47/k saylı əmrin ləğv edilməsi və İddiaçı mühasib vəzifəsində bərpa olunması əmr edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.01.2021-ci il tarixli, 05/k saylı əmrinin surətindən görünür ki, Kompleksin ixtisar olunmuş mühasibatlığın mühasib ştat vahidi üzrə çalışan İddiaçı əmək müqaviləsinə ştatın ixtisar edilməsi ilə əlaqədar olaraq 28 yanvar 2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşin materiallarında olan 29 yanvar 2021-ci il tarixli “əmrlə tanış olduğunu təsdiq edən imzanın atılmasından imtina haqqında” aktdan görünür ki, 28 yanvar 2021-ci il tarixində, 16:00-da Hüquq və insan Resursları şöbəsinin rəhbəri tərəfindən tapşırılmışdır ki, ixtisar edilmiş mühasib ştat vahidi üzrə çalışan İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq, ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə- uyğun olaraq işçiyə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini, işçinin əmək kitabçasını və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü, yəni 28.01.2021-ci il tarixində işçiyə təhvil verilmişdir. İşçi məsafədən (distant) şəkildə işlədiyinə görə onun sənədləri və ona ünvanlanan məktub onun yaşadığı ünvana çatdırılaraq 28.01.2021-ci il tarixində saat 17:51-də işçiyə təqdim olundu. İddiaçı bütün sənədlərlə (28.01.2021-ci il tarixli məktub, 05/k saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surəti, 06 saylı ümumi əmrin surəti və son haqq-hesab, əmək kitabçası) tanış oldu, həmin sənədlərin şəkillərini telefon vasitəsi ilə çəkdi, lakin ona təqdim olunan sənədlərlə tanış olmasını təsdiq edən imzanın atılmasından imtina etdi və ona məxsus olan sənədləri götürməmişdir. Eyni zamanda, Kompleksin korporativ qaydalarına uyğun olaraq korporativ email ilə aparılan yazışma rəsmi hesab edildiyinə görə, işçiyə, əmək kitabçası istisna olmaqla, yuxarıda qeyd olunan sənədlər 28.01.2021-ci il tarixində saat 17:46-da Hüquq və İnsan Resursları şöbəsinin rəhbəri X4 tərəfindən korporativ email vasitəsi ilə göndərilmişdir. Bununla yanaşı, sənədlərin qəbul edilməməsi barədə Kompleksin icraçı direktoru, Hüquq və İR şöbəsinin rəhbəri, Biznes meneceri, Maliyyə şöbəsinin rəhbəri və bank əməliyyatları və əmək haqqının hesablanması üzrə mühasibinə 28 yanvar 2021-ci il, saat 18:18-də email yazılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Kompleksin mühasibatlığının mühasibi vəzifəsində işləmiş və 28.01.2021-ci il tarixdə işdən azad olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 28.01.2021-ci il tarixli əmrə əsasən işdən azad olunmuş, əmrin surəti iddiaçıya işdən çıxarıldığı gün verilmiş, lakin o, həmin əmrin alınmasında imtina etmişdir. Eyni zamanda, iddiaçının özünün deməsinə görə o, əmrin surətini poçt vasitəsilə rəsmi qaydada 29.01.2021-ci il tarixdə almışdır. Göründüyü kimi İddiaçı əmrlə tanış olduğu vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə 11.03.2021-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinin tələbinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdeh təşkilatın nümayəndəsi ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30.10.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə İddiaçı iddia müddətinin bərpa edilməsi barədə vəsatətinə hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, vəsatətdə göstərilən səbəblər onun təmin olunması üçün əsas hesab oluna bilməz və buna görə də vəsatət əsassız olduğundan təmin olunmamalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "işə bərpa tələbi"nə dair iddiası qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "işə bərpa tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar