Məhkəmə qərarları › İş №2(006)-2870/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2870/2021

16.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2870/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlu, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. İş materiallarından aydın olur ki, iddiaçı mübahisəli mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışı xx.xx.2014-cü il tarixində almışdır və onun cavabdeh ilə qohumluq münasibətlərində olduğunu göstərən fakt məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı isə öz tələbini cavabdehin «yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi» formasında göstərmişdir. Halbuki bu iş üzrə cavabdehin mənzilə olan istifadə hüququnun itirilməsi mübahisə doğuran məsələ deyil (onun belə bir hüququ yaranmamışdır ki, hazırda itirilə), cavabdeh iddiaçı ilə qohumluq münasibətlərində olması müəyyən edilmir və onun mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün əsas da olmamışdır. Cavabdehin mənzildə qeydiyyatda olması onun bu mənzildən istifadə hüququnun yaranması üçün əsas qismində çıxış etmir (Mənzil Məcəlləsi 30.4). Yaşayış sahəsi iddiaçının mülkiyyətinə keçərkən üçüncü şəxslərin hüquqlarından azad şəkildə keçmişdir. Belə olan halda, cavabdehin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməlidir. Həmçinin Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, hazırki mübahisə ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya hazırki məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar