Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2873/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilmiş 70.000 manat qarantiya məbləğinin İddiaçı MTK-ya (əvvəlki adı "xxxx" MTK) qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 dekabr 2020-ci il tarixli müqavilənin 1.1-ci bəndinin tələbinə əsasən cavabdehə məxsus 50 m2 mənzilin əvəzinə ona 82,5 m2 təmirsiz mənzil, o cümlədən cavabdehin vəsaiti hesabına 7,5 m2 əlavə sahə verilmişdir. Səbəb, layihədə 82,5 m2 sahəsi olan mənzilin olmamasıdır. Digər sakinlərin sahəsinə 20 % əlavə edilsə də, cavabdehin mənzilində məcburi köçkün statusunda anasının yaşadığını nəzərə alaraq, müstəsna hal kimi, onun sahəsinə 65 % əlavə edilmişdir. Müqavilənin 2.2-ci bəndinin şərtinə əsasən təmirsiz mənzili 24 ay müddətində cavabdehə təhvil verməli idilər. Həmin müddət, 01 dekabr 2023-cü il tarixdə tamam olmuşdur. Cavabdeh, müqavilə bağlanarkən, 24 ay müddətinə mənzilin hazır olmayacağından ehtiyat edərək, zəmanət tələb etmişdir. Bank tərəfindən verilmiş zəmanətə etibar etmədiyindən, ona qarantiya qismində 70.000 manat bank vasitəsi ilə ödənilmişdir. İddiaçı tərəfindən, müqavilədə nəzərdə tutulmuş öhdəliklər 01 dekabr 2023-cü il tarixə tam icra edilsə də, cavabdeh nə müqavilədə nəzərdə tutulan, nə də qarantiya ilə bağlı şifahi öhdəliyini icra etmişdir. Bu səbəbdən, onun rəsmi ünvanına göndərilmiş xəbərdarlıq məktubu geri qayıtdığından, (+994 50) *** ** ** nömrəli mobil telefonuna eyni məzmunlu sms bildirişi də göndərilmişdir. Nəticə olmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddiaçı bildirir ki, cavabdehə ödənilmiş 70.000 manat qarantiya vəsaiti bankdan götürülmüş kredit hesabına icra edilmişdir. Cavabdehin günahı nəticəsində 5 aydır ki, banka faizlər ödəyirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 488.1-ci maddəsinin tələbinə əsasən qarantın, benefisiar qarşısında qarantiya üzrə öhdəliyinə aşağıdakı hallarda xitam verilir. Həmin Məcəllənin 481.1.2-ci maddəsinin tələbinə əsasən qarantiyada müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qarantiyaya xitam verilir. Cavabdehə verilmiş 24 aylıq qarantiya müddəti 01 dekabr 2023-cü il tarixdə bitmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmə araşdırması zamanı tam olaraq sübuta yetirilmişdir ki, cavabdeh qarantiya qismində almış olduğu 70.000 manat vəsaiti əsassız olaraq, müəyyən edilmiş müddətdən çox saxlamışdır. Müqavilənin 2.2.1-ci bəndinin tələbinə uyğun olaraq 24 ay müddətində təmirsiz mənzil ona təqdim edilsə də, nə müqavilə üzrə borclu olduğu 11.250 manatı ödəməmiş, nə də 70.000 manatı qaytarmamışdır. İddia qaldırıldıqdan sonra 11.250 manatı ödəməyə hazır olduğunu, 70.000 manatı isə gələcəkdə hissə-hissə qaytaracağı barədə kooperativin rəhbərliyindən xahiş etsə də, təklifi rədd edilmişdir. Cavabdeh 70.000 manatı müddətdən artıq saxlamaqla, əsassız olaraq varlanmışdır. Binanın özülü 2021-ci ilin dekabrında qazılmış, 2023-cü ilin iyul ayından etibarən, bəzi sakinlər təmirli mənzillərə köçmüşlər. Bununla bağlı təhvil-təslim aktları məhkəməyə təqdim edilmişdir. Cavabdehə göndərilmiş xəbərdarlıq (pretenziya) geri qayıtsa da, eyni məzmunlu sms bildirişləri ona göndərilmiş, o isə müvafiq cavablar göndərmişdir. Məhkəmə hazırlıq iclasında cavabdehin vəkili 70.000 manatın nə məqsədlə ödənilməsi barədə hakimin sualına «ad qoya bilmirəm, cavabdehdən soruşaram» kimi məntiqsiz, ziddiyyətli fikir bildirmişdir. Baxış iclasında cavabdeh 20.000 manatın kirayə, 50.000 manatın təmir xərci qismində ödənildiyini bildirmişdir. Podratçı ilə kooperativ arasında bağlanmış, məhkəməyə sübut qismində təqdim edilmiş sənəddən görünür ki, podratçıya 1 m2-ə görə 170 manat ödənilmişdir. Cavabdehə verilmiş 90 m2 mənzilin təmir xərci 90 x 170 = 15.300 manat təşkil edir. Müqavilədən görünür ki, cavabdehin 50 m2 mənzilin əvəzinə ona 90 m2 mənzil verilmişdir. Digər sakinlərə isə 50 m2 əvəzinə 60-65 m2 mənzil verilmişdir. Cavabdehin anası məcburi köçkün olduğu üçün ona 10 m2-in əvəzinə əlavə 32 m2 mənzil verilmişdir. Cavabdehin xahişi ilə əlavə 7,5 m2 sahənin ödənilməsi (1 m2 1.500 manatdan) şərti ilə, ona 90 m2 mənzil verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən cavabdehə kirayə pulu ödənilmədən, təmirsiz mənzil verilməlidir. Belə olan halda, guya 20.000 manatın ona kirayə haqqı kimi verilməsi barədə cavabdehin fikirləri absurddur. Cavabdehin vəkili qarantiya müqaviləsinin olmamasını əsas gətirmişdir. Məgər qarantiya müqaviləsinin olmaması, başqasının külli miqdarda pulunu əsassız saxlamaq üçün səbəb ola bilər? Bununla bağlı bildirir ki, cavabdeh müqavilə bağlandıqdan sonra, müxtəlif bəhanələrlə mənzili boşaltmaq istəmirdi. Yalnız ona görə binanı sökə bilməmişlər. Cavabdeh diqtə edən tərəf idi. Bu səbəbdən, bütün şərtləri qarşılamağa məcbur idilər. Hər gecikən aya görə köçürülməmiş sakinlərə 70.000-80.000 manat kirayə haqqı ödəmişlər. Kooperativ sədri, cavabdehə rəsmi qarantiya müqaviləsi təklif etsə də, o, razılaşmamışdır. Bu səbəbdən, ona, mənzilin dəyəri həcmində 70.000 manat qarantiya məbləği bank vasitəsi ilə ödənilmişdir. Mühasib həmin vəsaiti hər dəfə 10.000 manat olmaqla ödəmişdir. Sonuncu dəfə yanlış olaraq ödədiyi 10.000 manatı cavabdehdən tələb edərək alıb. Cavabdeh tərəf etirazının əsası kimi məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı ilə onların arasında olan danışığa əsasən həmin məbləğ ona məhz mənzilin təmiri və ev söküldükdən sonra kirayə haqlarının ödənilməsi üçün verilmişdir. İddiaçının bildirdiyi kimi sanki mənzilin təmirinə 50.000 manat verilməsinin əsassız olması ilə bağlı bildirir ki, onun sökülən mənzili təmirli olmuşdur və yeni mənzilin təmiri üçün ona pul verilmişdir, bu hal onlar arasında bağlanan müqavilədə də göstərilib ki, ona təmirsiz mənzil veriləcək, çünki təmir üçün ona əlavə pul verilmişdir. Həmçinin həmin dövrdə bağladığı kirayə müqaviləsini də təqdim etmişdir, müqavilədən də görünür ki, aylıq kirayə haqqı hansı məbləğdədir. Hazırda iddiaçının hansı səbəbdən belə tələb irəli sürməsini anlamır və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, hazırki mülki iş üzrə iddiaçının qeyd etdiyi qarantiya bu münasibətlərə tətbiq edilə bilməz və hətta iddiaçı əsassız varlanmaya istinad etsə də, tələb etmə müddəti keçmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materialları: Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 305 saylı sərəncamından görünür ki, Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 01- 04/444 saylı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2004-cü il tarixli 01/07-07-593 saylı, İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2004-cü il tarixli, DƏÖD-03/3212 saylı razılıq məktubları, "xxxx" MTK-nın xx.xx.2004-cü il tarixli 10 saylı müraciəti nəzərə alınaraq, Nəsimi rayonu M.Qaşqay, Dağıstan, C.Hacıbəyli və Koveroçkin küçələrinin kəsişməsindəki 756-cı məhəllədə yerləşən mövcud tikililərinin sökülərək, yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün 0,94 ha torpaq sahəsi icarə əsasında həmin MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi "xxxx" MTK-ya tapşırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-1170/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MTK-nın cavabdeh Həsənova (Cəfərova) Leyla Qara qızına və digərlərinə (o cümlədən Cavabdeh) qarşı «maddi zərər, kompensasiya ödənilməklə mənzilə hüquqlara xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin verdiyi çıxarışdan aydın olur ki, İddiaçı Mənzil Tikinti Kooperativinin əvvəlki adı "xxxx" Mənzil Tikinti Kooperativi olmuşdur. xx.xx.2020-ci il tarixdə "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MTK ünvan 1 ünvanda yerləşən, mülkiyyətçiyə məxsus 74 saylı mənzilin söküntüsünü apararaq, həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək. Sökülən həmin binada «Mülkiyyətçınin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 50 m2 mənzilin ümumi sahəsinə əlavə etməklə, yeni tikiləcək binada 82,5 m2 mənzili təmir edilmədən mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. O cümlədən, əlavə 7,5 m2 ödənişlə almağını nəzərə alaraq, mülkiyyətçi 6 saylı binanın 11-ci mərtəbəsində ümumi sahəsi 90 m2 olan mənzilə payçı qəbul ediləcəkdir. Əlavə hesablanan 7,5 m2 mənzilin hər kvadratmetri üçün 1.500 manat, ümumi olaraq 11.250 manat ödəməyi mülkiyyətçi öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, müqavilənin məzmunu xx.xx.2020-ci il tarixli müqavilə ilə eynilik təşkil edir. "xxxx" ASC-nin İT0000066 nömrəli xx.xx.2021-ci il tarixli, İT0000071 nömrəli xx.xx.2021-ci il tarixli, İT0000072 nömrəli xx.xx.2021-ci il tarixli, İT0000088 nömrəli xx.xx.2021-ci il tarixli və İT0000099 nömrəli xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MTK tərəfindən Cavabdeh 15 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdə 20.000 manat, xx.xx.2021-ci il tarixdə 10.000 manat, xx.xx.2021-ci il tarixdə 10.000 manat, xx.xx.2021-ci il tarixdə 10.000 manat, 23 fevral 2021-ci il tarixli müqaviləyə əsasən isə xx.xx.2021-ci il tarixdə 20.000 manat olmaqla, cəmi 70.000 manat pul vəsaiti ödəmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ******************** nömrəli hesabdan çıxarış vərəqəsindən görünür ki, Cavabdeh hesabına xx.xx.2021-ci il tarixdə 10.000 manat, xx.xx.2021-ci il tarixdə 20.000 manat, xx.xx.2021-ci il tarixdə 10.000 manat, xx.xx.2021-ci il tarixdə 10.000 manat, xx.xx.2021-ci il tarixdə 10.000 manat, xx.xx.2021-ci il tarixdə iki dəfə 20.000 manat məxadil olmuşdur. Kredit və ona hesablanmış ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MTK-ya illik 13,20% şərti ilə 38 ay müddətinə ödəmək şərti ilə 5.000.000 (beş milyon) manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli Ö/006261 saylı aktdan görünür ki, podratçı "xxxx" MMC, layihəçi "xxxx" MMC, sifarişçi İddiaçı MTK və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin nümayəndəsi tərəfindən ünvan 2 ünvanlarda 7 saylı (7A və 7B) yaşayış evinin (binanın) istismara hazırlıq aktı tərtib olunmuşdur. Tikintinin başlanması tarixi xx.xx.2021-ci il və qurtarması xx.xx.2023-cü il tarixi qeyd edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın icarəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, icarəçi Cavabdeh ilə X1 arasında ünvan 3 ünvanda yerləşən 3 otaqlı mənzilin 1 il müddətinə icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. X1 qeyd olunan mənzili müqavilədə göstərilən əşyalarla birlikdə icarəçiyə icarəyə verməyi, icarəçi isə icarədara hər ay 500 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 45/24 saylı pretenziya məktubundan və SMS xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına riayət olunmuş, cavabdehdən iddia predmeti olan pul vəsaitinin qaytarılması tələb olunmuş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehi xəbərdar etmişdir. Təqdim edilmiş poçt qəbzinə əsasən məktub poçtda xx.xx.2024-cü il tarixdə qeydiyyatdan keçmişdir. Məktub poçt şöbəsinin ünvan sahibinin ünvanda yaşamaması qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış xx.xx.2024-cü il tarixli əlillik haqqında arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz İİ dərəcəli əlillik təyin olunmuşdur (sağ kürək və sağ çiyin qurşağını dəlib keçən güllə yaralanmasından sonrakı çapıq deformasiyası, sağ qolun hərəkət pozğunluğu, sağ dirsək sinirinin nevriti və s.). xx.xx.2023-cü il tarixdə "xxxx" MTK ilə X10 arasında bağlanmış XM-02/23-01 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, "xxxx" MTK ünvan 1 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasında mənzillərin təmir işlərini icra etməyi, sifarişçi isə xidmət haqqını müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz öhdəliyinə götürmüşdür. Təmir ediləcək mənzilin hər kvadratmetri üçün dəyəri 170 (yüz yetmiş) manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" MTK ilə X5 arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MTK ünvan 1 ünvanda yerləşən, mülkiyyətçiyə məxsus 101 saylı mənzilin söküntüsünü apararaq, həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək. Sökülən həmin binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 55 m2 mənzilin ümumi sahəsinə əlavə etməklə, yeni tikiləcək binada 66 m2 təmirli yeni mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi və hər ay müvəqqəti yaşayış məqsədi ilə 650 manat kompensasiya verməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı MTK-nın 3 saylı binasının 8-ci mərtəbəsində 70 m2 mənzil İddiaçı MTK tərəfindən tam təmir edilərək X2 təhvil verilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" MTK ilə X22 arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MTK ünvan 1 ünvanda yerləşən, mülkiyyətçiyə məxsus 113 saylı mənzilin söküntüsünü apararaq, həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək. Sökülən həmin binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 46 m2 mənzilin ümumi sahəsinə əlavə etməklə, yeni tikiləcək binada 70 m2 təmirli yeni mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi və hər ay müvəqqəti yaşayış məqsədi ilə 550 manat kompensasiya verməyi öhdəsinə götürmüşdür. Bu müqaviləyə 2 nömrəli əlavədə isə qeyd olunmuşdur ki, 15 m2 əlavə ödənişlə almağını nəzərə alaraq, mülkiyyətçi 3 saylı binanın 12-ci mərtəbəsində, 1 ədəd, 2 otaqlı ümumi sahəsi 85,7 m2 olan mənzilə payçı qəbul edilmiş və mülkiyyətçi əlavə hesablanan 15,7 m2 əlavə sahənin hər kvadratmetri üçün 1.400 manat ödəməyi öz öhdəsinə götürmüş və həmin mənzilin təmir edilməsi üçün ümumi olaraq 14.570 manat maliyyə vəsaitinin ödənilməsini təmin etməsi barədə razılığa gəlmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı MTK-nın 3 saylı binasının 12-ci mərtəbəsində 90 m2 mənzil İddiaçı MTK tərəfindən tam təmir edilərək X16 təhvil verilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" MTK ilə X11 arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MTK ünvan 1 ünvanda yerləşən, mülkiyyətçiyə məxsus 21 saylı mənzilin söküntüsünü apararaq, həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək. Sökülən həmin binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 48 m2 mənzilin ümumi sahəsinə əlavə etməklə, yeni tikiləcək binada 62 m2 tam təmirli (kombi və hamam aksesuarları daxil olmaqla) yeni mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi və hər ay müvəqqəti yaşayış məqsədi ilə 500 manat kompensasiya verməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı MTK-nın 3 saylı binasının 4-cü mərtəbəsində 70 m2 mənzil İddiaçı MTK tərəfindən tam təmir edilərək X6 təhvil verilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" MTK ilə X18 arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MTK ünvan 1 ünvanda yerləşən, mülkiyyətçiyə məxsus 22 saylı mənzilin söküntüsünü apararaq, həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək. Sökülən həmin binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 49,5 m2 mənzilin ümumi sahəsinə əlavə etməklə, yeni tikiləcək binada 65 m2 təmirli yeni mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi və hər ay müvəqqəti yaşayış məqsədi ilə 600 manat kompensasiya verməyi öhdəsinə götürmüşdür. Bu müqaviləyə 1 nömrəli əlavədə isə qeyd olunmuşdur ki, mülkiyyətçinin əlavə aldığı 21 m2 mənzilin hər kvadratmetri üçün 31.500 manat ödəməyi öz öhdəsinə götürmüş və həmin mənzilin təmir edilməsi üçün ümumi olaraq 14.570 manat maliyyə vəsaitinin ödənilməsini təmin etməsi barədə razılığa gəlmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı MTK-nın 3 saylı binasının 10-cu mərtəbəsində 90 m2 mənzil İddiaçı MTK tərəfindən tam təmir edilərək X12 təhvil verilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" MTK ilə X7 arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MTK ünvan 1 ünvanda yerləşən, mülkiyyətçiyə məxsus 87 saylı mənzilin söküntüsünü apararaq, həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək. Sökülən həmin binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 55,6 m2 mənzilin ümumi sahəsinə əlavə etməklə, yeni tikiləcək binada 71,5 m2 təmirli yeni mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi və hər ay müvəqqəti yaşayış məqsədi ilə 600 manat kompensasiya verməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı MTK-nın 3 saylı binasının 10-cu mərtəbəsində 73 m2 mənzil İddiaçı MTK tərəfindən tam təmir edilərək X3 təhvil verilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" MTK ilə X17 arasında bağlanmış notarial təsdiqli müqavilədən görünür ki, "xxxx" MTK ünvan 1 ünvanda yerləşən, mülkiyyətçiyə məxsus 83 saylı mənzilin söküntüsünü apararaq, həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək. Sökülən həmin binada mülkiyyətçınin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 27 m2 mənzilin ümumi sahəsinə əlavə etməklə, yeni tikiləcək binada 50 m2 tam təmirli yeni mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi və hər ay müvəqqəti yaşayış məqsədi ilə 700 manat kompensasiya verməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı MTK-nın 3 saylı binasının 9-cu mərtəbəsində 73 m2 mənzil İddiaçı MTK tərəfindən tam təmir edilərək X9 təhvil verilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" MTK ilə X13 arasında bağlanmış notarial təsdiqli müqavilədən görünür ki, "xxxx" MTK ünvan 1 ünvanda yerləşən, mülkiyyətçiyə məxsus 83 saylı mənzilin söküntüsünü apararaq, həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək. Sökülən həmin binada mülkiyyətçınin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 27 m2 mənzilin ümumi sahəsinə əlavə etməklə, yeni tikiləcək binada 50 m2 tam təmirli yeni mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə "xxxx" MTK ilə X14 arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MTK ünvan 1 ünvanda yerləşən, mülkiyyətçiyə məxsus 115 saylı mənzilin söküntüsünü apararaq, həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək. Sökülən həmin binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 55,6 m2 mənzilin ümumi sahəsinə əlavə etməklə, yeni tikiləcək binada 77,5 m2 yeni mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi və hər ay müvəqqəti yaşayış məqsədi ilə 555 manat kompensasiya verməyi öhdəsinə götürmüşdür. Bu müqaviləyə 1 nömrəli əlavədə isə qeyd olunmuşdur ki, "xxxx" MTK ünvan 1 ünvanda yerləşən, mülkiyyətçiyə məxsus 115 saylı mənzilin söküntüsünü apararaq, həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək. Sökülən həmin binada «Mülkiyyətçınin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 56 m2 mənzilin ümumi sahəsinə əlavə etməklə, yeni tikiləcək binada 85,7 m2 yeni mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi və həmin mənzilin təmir edilməsi üçün ümumi olaraq 14.570 manat maliyyə vəsaitinin ödənilməsini təmin etməsi barədə razılığa gəlmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı MTK-nın 3 saylı binasının 6-cı mərtəbəsində 90 m2 mənzil İddiaçı MTK tərəfindən tam təmir edilərək X8 təhvil verilmişdir. İddiaçı məhkəməyə müraciət etmək üçün 138 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. 10.2-ci maddəsinə əsasən qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı).Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir.Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf bu hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: 1. həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; 2. müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim olunmuş sənədlərdən göründüyü kimi, tərəflər arasında bağlanmış eyni məzmunlu xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr ilə "xxxx" MTK-nın ünvan 1 ünvanda yerləşən, mülkiyyətçiyə məxsus 74 saylı mənzilin söküntüsünü apararaq, həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirməsi, sökülən həmin binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 50 m2 mənzilin ümumi sahəsinə əlavə etməklə, yeni tikiləcək binada 82,5 m2 mənzili təmir edilmədən mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürməsi barədə razılığa gəlinmişdir. İddiaçı isə iddia edir ki, MTK öz üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, cavabdeh ona qarantiya qismində ödənilmiş 70.000 manatı geri qaytarmamışdır. Sözügedən qarant məbləğini isə cavabdehə bank vasitəsi ilə hissə-hissə köçürülmüş, ümumi məbləği 70.000 manat pul vəsaiti təşkil edən ödəniş qəbzləri ilə əsaslandırmışdır. Lakin, həmin ödəniş qəbzlərini araşdırdıqda məlum olmuşdur ki, sözügedən qəbzlərdə ödənişin təyinatı kimi xx.xx.2021-ci il tarixli müqavilə qeyd edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərində isə qarantiya məqsədilə cavabdehə hansısa pul məbləğinin köçürülməsi nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin, MTK-nın digər mülkiyyətçilərlə bağladığı müqavilələri araşdıran zaman məlum olmuşdur ki, cavabdehin sökülməsi üçün təhvil verdiyi mənzildən daha kiçik mənzilə sahib olan şəxslərə evlərin verilməsi ilə yanaşı onlara kompensasiya, yəni müvəqqəti yaşamaları üçün kirayə haqqı və yeni tikilən mənzilləri isə tam təmirli vəziyyətdə mülkiyyətçilərə təhvil verilməsi barədə razılığa gəlinmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MTK-nın Cavabdeh etdiyi köçürmələr əslində hər hansı qarantiya deyil, məhz yaşayış sahəsi ilə təmin olunma üçün aylıq kompensasiyanın müəyyən edilmiş dövr üçün məcmu məbləği və ona təhvil veriləcək olan yeni mənzilin təmir xərcləri üçün ödənişdən ibarət olmuşdur. İddiaçı onun tərəfindən cavabdehə ödənilən pul məbləğlərinin qarantiya kimi ödənilməsini qeyd etsə, mülki qanunvericilikdə belə bir anlayış tamamilə başqa hüquqi münasibətləri tənzimləyən institutdur. Hazırki iddia tələbi özlüyündə qüvvədə olan Mülki Məcəllənin 478-ci maddəsində qeyd edilən qarantiya anlayışını təsbit edən maddi hüquq normasının dispozisiya şərtləri ilə üst-üstə düşmür. İddiaçının tələbi ilə bağlı tərəflər arasında münasibətləri müəyyən etməyə imkan verən sübut onlar arasında bağlanmış xx.xx.2021-ci il tarixli (eyni məzmunlu xx.xx.2020-ci il tarixli) müqavilədir ki, məhkəmə işin araşdırılmış hallarından tərəflər arasında mübahisənin həllində yeganə əsas kimi həmin müqavilə şərtlərini deyil, həmçinin işin araşdırılmış, tərəflər arasında müqavilədə təsbit edilməyən, lakin şifahi razılaşmalar nəticəsində hüquqi nəticə yaradan faktiki halları ilə də müəyyən edilmiş məqamları nəzərə alır. Belə ki, iddiaçı mübahisələndirilən məbləğin müqavilədə əks etdirilməməsini, tərəflərin şifahi razılığı əsasında həmin pul məbləğinin cavabdehin hesabına ödənilməsini və beləliklə tərəflər arasında şifahi razılaşmaların olmasını inkar etməmiş və bu razılaşmaların əksini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Əgər iddiaçı tələb olunan pul məbləğinin məhz elə şifahi danışıqların nəticəsində cavabdehə verilməsi halını özü öz tələbində qeyd edirsə, həmin şifahi razılaşmalarda köçürülən məbləğin də cavabdehin bildirdiyi əsaslara görə olması da məntiqə uyğundur. İddiaçı pul vəsaitinin cavabdehə verilməsini müqavilə şərtlərinə daxil edərək onu hüquqi çərçivəyə salmaq iqtidarında olsa da, bunu etməmiş, şifahi razılaşma ilə kifayətlənmişdir. Belə ki, məhkəmə tərəfindən iddiaçının cavabdehlə münasibətlərinin tənzimlənməsinə əsas olan xx.xx.2021-ci il tarixli müqavilədə cavabdehə onun mülkiyyətində olan mənzilin sökülməsi müqabilində veriləcək mənzilin təmir edilmədən verilməsi və həmçinin cavabdehə mənzil təhvil verilənədək müvəqqəti yaşayış məqsədilə aylıq kompensasiyanın nəzərdə tutulmaması eyni Mənzil Tikinti Kooperativinin digər sakinlərlə bağladığı müqavilələrdən fərqli şəkildə tənzimlənməsi (xüsusilə də məhdudlaşdırıcı şərtlərlə) deməkdir. Bu isə cavabdehin istinad etdiyi kimi müqavilədə nəzərdə tutulmamasından asılı olmayaraq ona ödənilmiş pulun məhz elə təmir və kirayə ilə bağlı ödənilən pul olmasına dair dəlilini əsaslı edir. Cavabdeh bu mövqeyini təsdiq edən sübutlarını təqdim edə bilməsə də, məhkəmə məhz iddiaçı tərəfindən digər sakinlərlə bağlanmış müqavilələrdə müəyyən edilən şərtlərin hazırki mübahisə tərəfləri üçün də keçərli olmasını, lakin məlum olmayan səbəbdən həmin şərtlərin şəxslər arasında bağlanmış müqavilədə təsbit edilməməsini müəyyən edilmiş hal hesab edir. Məhkəmə bir daha vurğulayır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli (habelə xx.xx.2021-ci il tarixli) müqavilədə yeni mənzilin təmir edilmədən təqdim edilməsi və mülkiyyətçiyə yeni mənzil təhvil verilənədək müvəqqəti yaşayış sahəsi ilə təminat üçün kompensasiya verilməməsi barədə şərtin olmaması tikinti aparan subyekt tərəfindən söküntüsü aparılan mənzilin mülkiyyətçisinə əlavə - 70.000 manat məbləğində pul verilməsi ilə nəticələnmişdir. Bir tərəfin hazırki halda iddiaçının eyni hüquqi vəziyyətdə olan digər şəxslərlə münasibətlərdə (hansı ki digər mənzil mülkiyyətçilərinə mənzilin tam təmirli olaraq və həmçinin müvəqqəti dövr üçün kompensasiya verilməsi şərti mövcuddur) eyni məsələnin həllində hazırki cavabdehə münasibətdə fərqli və üstəlik də vəziyyətini pisləşdirən (təmirsiz mənzil və kompensasiya verilməməsi) şərtlərin müəyyən edilməsi vicdanlılıq, bərabərlik, hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə ziddir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tərəfindən qarantiya adı altında cavabdehə ödənilməsi iddia edilən pulun geri qaytarılması tələbi əsaslı hesab edilə bilməz. Belə olduğu təqdirdə, iddia təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı MTK-nın Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 138 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 138 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2873/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2873/2024
15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver