Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2886/2022 10.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdehnə qarşı "əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdehnə qarşı "əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixində Cavabdeh MMC şirkətinə işəgötürən tərəfindən tam ştat əmək müqaviləsi bağlanılaraq işə qəbul olunmuşdur. Lakin işəgötürən Azərbaycan Respublikasının vətəndaşı olmadığı üçün yaranan bir sıra problemlərlə əlaqədar şirkət bağlanmışdır və işəgötürənin müvəqqəti yaşayış icazəsinin müddəti başa çatması səbəbi ilə əmək müqaviləsinə xitam vermədən ölkədən getməli olmuşdur. Əmək müqaviləsinin müddəti xx.xx.2020-c il tarixində bitməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilmədiyi üçün “Elektron hökumət” portalında hələ də həmin şirkətlə tam ştat əmək müqaviləsi qalmışdır. Bu səbəbdən o, rəsmi qaydada hər hansı şirkətdə işə düzələ bilmir və tam ştat əmək müqaviləsi bağlaya bilmir. Göstərilənlərə əsasən, İddiaçı ilə cavabdeh İddiaçı arasında xx.xx.2019-cu il tarixində bağlanmış və xx.xx.2020-ci il tarixində müddəti bitmiş əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 4.Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli, 2021-005216 nömrəli arayışın surətindən görünür ki, "xxxx" MMCnin nümayəndəsi X1 tərəfindən təsvir edilən «əmək münasibətlərindən irəli gələn mübahisə» üzrə xx.xx.2021-ci il tarixdə 15.00-15.30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
7. İş materiallarında olan 02 dekabr 2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdehnə müraciət edərək, onu menecer vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir.
8. İş materiallarında olan 02 dekabr 2019-cu il tarixli, 19/08 nömrəli Əmrdən görünür ki, İddiaçı 02 dekabr 2019-cu il tarixindən tamştat menecer vəzifəsinə təyin olunması, əmək haqqı ştat cədvəli ilə müəyyən edilməsi əmr edilmişdir.
9. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 02 dekabr 2019-cu il tarixli, 19/13 №-li “əmək müqaviləsi”ndən görünür ki, cavabdeh tərəfindən İddiaçı Cavabdehnə İT məsləhətçi vəzifəsinə qəbul edilmişdir.
10. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı iş vəzifəsinin adı: məşğulluq təsnifatı üzrə: sistem üzrə məsləhətçi, Əmək müqaviləsi üzrə: İT məsləhətçi. Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix: xx.xx.2020.
11. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/9- 0010 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi əmək mübahisəsi üzrə xx.xx.2022-ci il tarixində 13:30-14:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019cu il tarixində əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətə işə qəbul edilmişdir. Müqavilə 3 ay müddətinə bağlanılmış və əmək haqqı 250 manat məbləğində müəyyən edilmişdir. Bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixində bitməsinə baxmayaraq, cavabdeh əmək müqaviləsinə xitam vermədən ölkədən getmişdir. Hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. Hazırda iddiaçı cavabdehlə xx.xx.2019-cu il tarixində bağlanmış və xx.xx.2020-ci il tarixində müddəti bitmiş əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
14. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
16. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir.
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.
18. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Nəticədə bu hal iddiaçının başqa bir işdə çalışmasına maneə törədir və onun hüquqlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir.
19. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd.
20. Eyni Məcəllənin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
21. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindən biridir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli № 183 qərarı ilə təsdiq edilmiş «Əmək Müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar»ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi «Elektron hökümət» portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürənin tərəfindən və ya «Elektron hökümət» portalında yerləşdirilmiş «Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi» xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.
23. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar işəgötürən tərəfindən elektron informasiya sistemində qeydiyyata alınmalıdır.
24. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 02 dekabr 2019-cu il tarixində bağlanmış və 02 mart 2020-ci il tarixində müddəti bitmiş əmək müqaviləsinə xitam verilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 02 dekabr 2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmiş hesab edilsin. Bu qətnamə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən İddiaçı ilə Cavabdeh 02 dekabr 2019-cu il tarixində bağlanmış və 02 mart 2020-ci il tarixində müddəti bitmiş əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemindən silinməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov