Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2888/2022 20.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X7, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə İddiaçı Cavabdeh (Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «cavabdehin və əşyalarının mənzilindən çıxarılması və mənzilin ona təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehin mənzildən istifadə etməsinə xitam verilməsi, əşyaların oradan çıxarılması və mənzilin ona təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Nəsimi rayonu S.Rəhimov 184 saylı binada ona məxsus mənzildən istifadə etmək hüququna xitam verilməsi (28 ildən sonra), əşyaların oradan çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qanunvericiliyə uyğun qətnamə çıxarılmasını xahiş etmişdir. Qaçqınların və X17 üzrə Dövlət Komitəsi mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini dəqiqləşdirmiş, cavabdehin və əşyalarının mənzilindən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda 1989-cu ildən ailəsi ilə birlikdə yaşayır. Yaşadığı bina ermənilər tərəfindən xüsusi mülkiyyət formasında 1928-ci ildə inşa edilib. Mübahısələndirilən sahəni isə o, 1990-cı ilin yanvar ayının 10-da alğı-satqı yolu ilə bu binada mülkiyyət pay hüququ olan ermənidən almışdır. Alğı-satqı ilkin olaraq akt formasında əqdin sadə yazılı formasında tərtib olunmuşdur. Alğısatqı müqaviləsi bağlanan zaman digər orada yaşayan, milliyyətcə erməni olan 9 nəfərin razılığı da akt formasında tərəfindən rəsmiləşdirilmişdir. 1993-cü ilin son aylarında Respublikanın Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonları erməni silahlı birləşmələri tərəfındən işğal edilmişdir. Qaçqın düşən insanların ən çoxu Bakıda məskunlaşmışdır. Bakı şəhərində vəziyyətin çətinliyini nəzərə alan Prezident H.Əliyev qaçqınların vətəndaşlar tərəfindən imkanları daxilində yerləsdirilməsinə kömək etmələri barədə xalqa müraciət etmişdir. O, buna əsaslanaraq 1990-cı ilin yanvar ayında aldığı mənzil sahəsinə tanıdığı bir şəxsin vasitəsilə Zəngilan rayonu Mincivan qəsəbəsindən olan Tarverdiyev Qafar, onun arvadı Tarverdiyevə Zinyət və 2 azyaşlı uşağı olan gəlinlərini yerləşdirmişdir. Onun mənzilinə yerləşdirdiyi qaçqınlar yalnız bu şəxslər idi. Qısa müddət keçdikdən sonra gəlini 2 uşağı ilə oradan qovmuşlar. Onların yerinə bu ailənin üzvü olan X8 və qardaşı Cavabdeh burada məskunlaşmışlar. Keçən 28 il ərzində Tarverdiyeva Gülnarənin 1 oğlu dünyaya gəlmiş, qardaşı Zeyqəm isə evlənmiş və 2 uşağı anadan olmuşdur. Bir neçə ildən sonra bu ailə Cavabdeh Qafur oğlunun həyat yoldaşını 2 uşaq ilə bu ünvandan qovmuşlar. Onların yerinə bacısı qızı olan X11 gətirmişlər. Son bir neçə il ərzində Qafar kişi, arvadı Ziynət, nəvələri Tosu (Gülnarənin oğlu) və Gülnarə vəfat etmişlər. Təxminən 2 ay bundan qabaq isə bu ailənin nəvəsi olan, qaçqın hesab edilməyən X15 da ərə getmişdir. Lakin bir neçə ay öncə ona məlum olmuşdur ki, sonuncunu onun aldığı mənzilə qeyri-qanuni yol ilə pasport qeydiyyatına salıblar. Məqsəd ondan ibarətdir ki, mənzilə sahib dursunlar. Lakin bu mümkün ola bilməzdi. 2022-ci il aprel aynın 30-da sonuncu qeydiyyatdan çıxarılmışdır və anası X2 rayon DİN-nin inzibatı binasına, yəni Ə.Məmmədəliyev 11 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikasının ordusu və Ali Baş Komandan olan Prezidentin rəhbərliyi altında torpaqlar düşməndən azad edilmişdir. Ərazı bütövlüyü təmin edilmişdir. Prezidentin dediyi kimi, qaçqınlığa son qoyuldu. Mənzilinə yerləşdirmədiyi Cavabdeh orada tək yaşayır və tələbinə baxmayaraq oranı tərk etmir. Sonuncunun oranı tərk edib başqa yerdə yaşaması üçün bir neçə əsaslı variantlar vardır. Hal-hazırda həmin ünvanda onun bacısı X16 qeydiyyatsız yaşayır. O, məcburi köçkün deyil. Ona şəhid ailəsi kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Hövsan qəsəbəsində 2 otaqlı mənzil verilmişdir. Orada yaşamır. Qardaşı Cavabdeh də orada vaxtaşırı yaşayır. Tərəfindən müəyyən edilib ki, bu ailə məcburi köçkün kimi Bakıya gələn zaman o, özü, atası, anası 18 yanvar 1996-cı idən Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov 100 ünvanda qeydiyyatdadır. Onların orada 3 otaqlar var. Həmin ünvanda Zəngilan, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarından olan məcburi köçkünlər yaşayırlar. Cavabdeh 28 il ərzində onun mülkiyyətində yaşadığı vaxt Eımənıstan SSR-dən qaçqın olan Rəna adlı qadın ilə ailə qurmuş, 2 övladı olmuş və onları bu ünvandan qovmuşlar. Hal-hazırda həmin qadın ona məxsus evdə Əbu Bəkr kimi adlanan məscidin yanındakı küçələrin birində uşaqları ilə yaşayır. Cavabdeh orada da məskunlaşa bilər. Beləliklə cavabdehin gələcəkdə normal yaşamaq üçün yaşayış yeri vardır. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddiaya etiraz göndərərək göstərmişdir ki, iddiaçı ona qarşı Bakı şəhəri Nəsimi rayonu S.Rəhimov 184 ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsi, əşyalarının oradan çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmin iddiaya etiraz edir. Belə ki, o, Zəngilan rayonundan məcburi köçkün düşərək həmin - Bakı şəhəri Nəsimi rayonu S.Rəhimov 184 ünvanda məcburi köçkün kimi məskunlaşmışdır. Belə ki, həmin ünvanda 28 ildir ki, yaşayır. Hazırda telefon və internet onun adınadır, ödənişləri o edir. X1 2011-ci ilə kimi həmin ünvanda yaşamış və onun adına işıqpulu ödənilmişdir. Atası rəhmətə getsə də, yenə də sonuncunun adına ödənilir. Qaz pulu və su pulu isə bacısı X3 adınadır. Bacısı 2021-ci il tarixə kimi orada yaşamışdır və hazırda rəhmətə gedib. Hazırda da sonuncunun adına ödənilir. Həmin kommunal ödənişlərin hamısını isə o ödəyir. Bu mübahisəli mənzil onlar məskunlaşmazdan əvvəl, zirzəmi kimi istifadə olunub və içərisinə yük yığılıb. Bərbad vəziyyətdə olub və onlar oranı təmir etmişlər. Hazırda da mənzili tam olaraq təmir etmişlər. Əlavə olaraq tualet və hamam tikmişlər, həmçinin pilləkən tikdirmişlər. Pilləkən əvvəllər taxtadan olmuşdur, o da çürümüş və bərbad vəziyyətə düşmüşdür. Hazırda isə daşdan tikmişlər. Evləri isə təmir edib otaqları ayırmışlar və oranı yaşamaq üçün yararlı vəziyyətə salmışlar. Hətta qonşular da buranın zirzəmi kimi olduğuna şahiddirlər. Bütün onu tanıyan paylı mülkiyyətçilər bütün bunların şahidi olublar və onların orada necə həmin evi yaşamaq üçün ev vəziyyətinə gətirib çıxarmalarının şahidi olmuşlar və sonuncular da öz paylarından imtina edirlər ki, burda onlar əziyyət çəkmişlər. Həmçinin bildirir ki, 1993-cü ildən məcburi köçkün düşmüş məcburi köçkünlər məskunlaşdıqları yerdən rayon işğaldan azad olunub, onlar yerləşdirilənə kimi çıxarıla bilməzlər. Bildirir ki, ordu torpaqları işğaldan azad etmişdir. Lakin torpaqlar azad olunsa da ora hələ ki, məcburi köçkünlər köçürülməyiblər. Ona görə də, hesab edir ki, iddia əsassızdır və rədd olunmalıdır. Həmçinin iddiaçı tərəf mənzilin ona aid olduğunu ərizəsində göstərmişdir. Bildirir ki, mübahisəli mənzil paylı mülkiyyətdir və iddiaçının bu mənzildə müəyyən payı vardır. Hesab edir ki, iddiaçının bütün mənzilə dair tək iddia qaldırması qanunla mümkünsüzdür. Ona görə ki, digər payçıların ona qarşı iddiası yoxdur. Ona görə də, hesab edir ki, iddia rədd olunmalıdır. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur. Paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Göründüyü kimi iddiaçı ona qarşı həmin paylı mülkiyyətdə olan mübahisəli mənzilə qarşı iddianı özü tək qaldırmışdır. Lakin nəzərə almamışdır ki, paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir və paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Ona görə də, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X12 məhkəmə iclasında iddianı qəbul etmədi, cavabdehin etiraz ərizəsində qeyd edilənlərə əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X16 məhkəmə iclasında iddianı qəbul etmədi, cavabdehin etiraz ərizəsində qeyd edilənlərə əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən 28 fevral 2022-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Süleyman Rəhimov küçəsi ev 184 ünvanda yerləşən fərdi yaşayış evinin tikiliüstü 3/16 hissəsi və 3/60 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 1994-cü ildə tərtib olunmuş aktdan görünür ki, ünvan 6 ünvanda yaşayan İddiaçı 1994-cü ilin iyun ayında bu ünvanda ona məxsus olan və istifadə etdiyi ümumi sahəsi 38,9 m2 olan (2 otaq və 1 kiçik mətbəx) binanın həyətə giriş hissəsinin üstündə yerləşən arka adlanan hissəsində olan mənzillərdə Zəngilan rayonu Mincivan qəsəbəsindən olan bir qaçqın ailəsini yerləşdirmişdir. Həmin şəxslər Qafar Tanrıverdiyev və onun həyat yoldaşı Zinyət Tanrıverdiyeva, eləcə də 2 azyaşlı uşaqları olan gəlinləridir. Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu sektorunun 13 aprel 2022-ci il tarixli 49 saylı məktubundan görünür ki, Zəngilan rayonundan məcburi köçkün Cavabdeh 18 yanvar 1996-cı il tarixdən etibarən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov 100 ünvanda məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır. Vətəndaş Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin Sabunçu rayon sektorunda 65391 nömrəli vərəqə ilə məcburi köçkün kimi qeydiyyata alınmışdır. Cavabdeh mərhum atası X6 və mərhumə anası X9 yuxarıda göstərilən ünvanda məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olmuşlar. Sabunçu RİHB-nin Bakıxanov qəsəbəsi İƏD üzrə nümayəndəsinin 08 aprel 2022-ci il tarixli 561 saylı arayışından görünür ki, X16 ünvan 8 ünvanda yerləşən yaşayış binasının həyətində qanunsuz tikilidə qeydiyyatsız yaşayır. Özünün dediyinə görə qardaşı Cavabdehlə birgə yaşayır. Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 04 may 2022-ci il tarixli məktubundan görünür ki, X15 Bakı şəhəri Nəsimi rayonu Süleyman Rəhimov küçəsi ev 184 ünvanda qeydiyyatda yoxdur. 10 yanvar 1990-cı il tarixdə tərtib olunmuş aktdan görünür ki, DİN-in nəqliyyatda su milis idarəsinin keçmiş müstəntiqi X23 mülkiyyətçi olan oğlu X26 özünə məxsus olan, ünvan 9 ünvanda yerləşən, texniki pasportda qeyd edilən 38,9 kvadrat metr sahəsi olan 3 otağı (binanın küçədən həyətə daxil olan hissəsinin üst tərəfində) 10.000 rubl ödəməklə faktiki olaraq satmışdır. 04 yanvar 1990-cı il tarixdə tərtib olunmuş aktlardan görünür ki, həmin evdə yaşayan digər şəxslər X26 tərəfindən qeyd olunan otaqların satılmasına etiraz etməmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 aprel 2022-ci il tarixli məktubundan görünür ki, «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əiaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014- 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Sabunçu Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş 19 mal 2014-cü il tarixli 14U-1/599 nömrəli məktubda X10 15 aprel 2003-cü il tarixdən yaşayış sahəsinə ehiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Qeyd edilmişdir ki, G.Sultanova 3 fevral 2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq Bakı şəhəri Suraxanı rayonu Hovsan qəsəbəsi Zığ şossesi-Hava Limanı 12-ci km «22», Hövsan yaşayış kompleksi, ev 2 mənzil 3 ünvanda iki otaqlı mənzillə təmin olunmuşdur. Cavabdeh doğum haqqında şəhadətnaməsində olan məlumatlardan göründüyü kimi, o, xx.xx.1967-ci il tarixdə Zəngilan rayonu Mincivan qəsəbəsində doğulmuşdur, atası X6, anası X4r. Ölüm haqqında şəhadətnamədən görünür ki, cavabdehin atası X6 04 sentyabr 2011-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində qaraciyər çatmamazlığı və s. səbəbindən vəfat etmişdir. Bu barədə Zəngilan rayon Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında akt qeydləri kitabında 07 oktyabr 2011-ci il tarixdə 169 saylı akt qeydi aparılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə yaşayır, məcburi köçkün olmaqla, həmin ərazidə məskunlaşmışdır. Bu iddiaçının hüquqlarını pozur. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» 21 may 1999-cu il tarixli Qanunun 5-ci maddəsinə görə «Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 saylı Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları»nın 4-cü bəndinə əsasasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin hüquqlarını pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsində görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarım pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit" xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Hazırki, mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, məcburi köçkün statusuna malik olan şəxslərin iddiaçıya məxsus olan mənzili zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Süleyman Rəhimov küçəsində yerləşən 184 saylı evin İddiaçı məxsus olan (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) tikiliüstü 3/16 hissəsindən və 3/60 hissəsindən əşyaları ilə birlikdə çıxarılmalı; Bakı şəhəri Nəsimi rayonu Süleyman Rəhimov küçəsi ünvanda yerləşən 184 saylı evin İddiaçı məxsus olan (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) tikiliüstü 3/16 hissəsi və 3/60 hissəsi İddiaçı təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Süleyman Rəhimov küçəsində yerləşən 184 saylı evin İddiaçı məxsus olan (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) tikiliüstü 3/16 hissəsindən və 3/60 hissəsindən əşyaları ilə birlikdə çıxarılsın. Bakı şəhəri Nəsimi rayonu Süleyman Rəhimov küçəsi ünvanda yerləşən 184 saylı evin İddiaçı məxsus olan (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) tikiliüstü 3/16 hissəsi və 3/60 hissəsi İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2888/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2888/2022
20.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver