Məhkəmə qərarları › İş №2(006)-2889/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2889/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2889/2022 19.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçı X3, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı X3 cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə) “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə) “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun LPO "xxxx" ASC-dən götürmüş olduğu kredit öhdəliyinin restrukturizasiya olunması, yeni müqavilə öhdəliyinin cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ona "xxxx" ASC-nin Biləsuvar filialından 19.03.2 014-cü il tarixli, 4120 saylı kredit müqaviləsi əsasında illik 26% ödəmək şərti ilə, 36 ay müdiəinə 7900 manat məbləğində kredit verilmişdir. Ailə vəziyyətində yaranmış problemlərlə bağlı çətinliklər yaşandı, bunun nəticəsində kreditinin ödənişlərində yubanmalar oldu. Buna baxmayaraq, o, bu vaxta kimi götürdüyü kreditdən 5.039 manat ödəniş etmiş, Cənab Predzidentin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həll ilə bağlı əlavə tədbirlər haqqında” imzalamış olduğu xx.xx.2019-cu il tarixli, 551 saylı Formaıa əsasən onun "xxxx" ASC-nin Biləsuvar filialından götürmüş olduğu kredit Prezidentin müvafiq Fərmanının təsiri altına düşür. Lakin cavabdeh onun götürmüş olduğu kreditin restrukturizasiya olunması üçün hər hansı bir addım atmamış, nəticədə onun-maddi vəziyyəti daha da pisləşmişdir, bu da onu olduqca ağır vəziyyətə salır. Dəfələrlə cavabdehə onun götürmüş olduğu kreditin restrukturizasiya olunmasını xahiş etsə də, onun tələbi cavabsız qalmışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Əmanətlərin Sığortalanması Fondunu əsl cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaçıya bildiriş göndərilməsinə baxmayaraq banka Fərmanda nəzərdə tutulan müddət ərzində müraciət etmədiyi üçün iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Problemli kreditlərin kompensasiya edilməsinə dair çıxarışdan görünür ki, İddiaçı restrukturizasiya olunması təklif olunan kredit məbləği 6.079,99 manat təşkil etmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdən surətindən görünür ki, ona kreditinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər” haqqında 28 fevral 2019-cı il tarixli Fərmanına əsasən restrukturizasiya edilməsi məqsədilə LPO "xxxx" ASC-nin ünvanında yerləşən filialına və yaxud yaşadığı ünvana yaxın olan ləğv prosesində olan istənilən bankın iznibati binasına yaxınlaşması təklif edilmişdir. Borclu İddiaçı tərəfindən LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cı il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq "xxxx" ASC ilə bağladığı müqavilə üzrə yaranmış borcun restrukturizasiya olunması xahiş edilmişdir. LPO "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4120 saylı kredit müqaviləsinə əsasən, ona 36 ay müddətinə, illik 26% (iyirmi altı faiz) ödənilmək şərtilə 7900 (yeddi min doqquz yüz) manat məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə cavabdeh İddiaçı kredit öhdəliyi üzrə qalan 6079,99 manat əsas, 1409,38 manat faiz, 3820,17 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 871,92 manat faiz məbləği olmaqla, cəm 12.181,46 (on iki min yüz səksən bir manat-46 qəpik) manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə bank tərəfindər Biləsuvar Rayon Məhkəməsində iddia qaldırılmışdır. Hazırda məhkəmə mübahisəsinə dair Biləsuvar Rayon Məhkəməsinin 2(022)-415/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə qərarı mövcuddur. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, 01 mart 2019-cu il tarixə onun banklar və digər kredit təşkilatlarına 360 gündən çox gecikdirilmiş ümumi qalıq borcu milli valyutada 17.000 manatdan (və ya xarici valyutada 10.000 ABŞ dollarından) çox olmadığı üçün həmin borcların restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Lakin “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi" Qaydasında fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması nəzərdə tutulmuşdur. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.7-ci bəndinə əsasən restrukturizasiya – kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən müvafiq məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması) və Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi təmin olunur (7.10-cu bənd). Qaydaların 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Araşdırılmış iş materiallarından göründüyü kimi, iddiaçının cavabdeh ilə bağladığı kredit müqaviləsinə əsasən yaranmış kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı yaşadığı ünvana bildiriş göndərilməklə Fərmana əsasən onun bankdakı borcunun restrukturizasiya olunmasına dair yeni güzəştli kredit müqaviləsinin bağlanması təklif edilmişdir. Beləliklə iş materiallarından göründüyü kimi, cavabdeh-təşkilat “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə üzərinə düşən və restrukturizasiya prosesinin bir hissəsi olan restrukturizasiya olunacaq kredit barədə fiziki şəxsin məlumatlandırılmasına dair vəzifəsini icra etmiş, güzəştli şərtlər ilə kredit müqaviləsinin bağlanmasına dair borcu Fərmanın təsiri dairəsinə düşən iddiaçını bu barədə məlumatlandırmışdır. Lakin iddiaçı fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmasına baxmayaraq tərəf olduğu kredit müqaviləsi üzrə yaranmış borcun restrukturizasiya edilməsi üçün banka xx.xx.2021-ci il tarixdə müraciət etmiş, bununla da müvafiq Qaydalara əsasən müəyyən edilmiş müddəti ötürmüşdür. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X3 cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə) “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə) “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsi tələbinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar