Məhkəmə qərarları › İş №2(006)-2907/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2907/2022

31.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2907/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 360/k saylı əmrinin ləğv edilərək, onun işə bərpa edilməsi və məcburi işburaxma dövrünə görə ona əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-də satış məsləhətçisi vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin 360/k saylı əmrinə əsasən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmişdir. Lakin hesab edir ki, həmin əmr əsassızdır və ləğv edilməlidir. O, 4 ildən artıqdır ki, sözügedən yerdə satış məsləhətçisi vəzifəsində işləmişdir və öz əmək funksiyalarını lazımi şəkildə yerinə yetirmişdir. Son dövrlərdə filial müdiri və digər şəxslərlə arasında yaranmış gəriginliyə görə sonuncular onu əsassız olaraq işdən çıxarmaq qərarına gəlmişlər. Belə ki, Cavabdeh MMC-nin baş ofisinin satış müdiri X8 Mebel filialının inzibatçısına zəng edərək bildirmişdir ki, o, 02 fevral 2022-ci il tarixdən işə getməməlidir. O, səbəbini soruşduqda məlumat verilmişdir ki, insan resuslarından ona bu barədə məlumat verəcəklər. Lakin bir müddət gözləməsinə baxmayaraq ona heç bir məlumat verilməmişdir. xx.xx.2022-ci il tarixdə Azər Əliyevə özü zəng edərək, hansı səbəbdən işə gəlməməli olduğunu soruşmuşdur. Azər Əliyev öz növbəsində bunun səbəbini Cavabdeh MMC-nin insan resursları departamentindən Süleyman Şahverdiyev tərəfindən verilən qərarla əsaslandırmış və onunla əlaqə saxlamalı olduğunu bildirmişdir. Həmin bu danışığın səs yazısı telefonunda qalır (telefonda bütün danışıqlar avtomatik olaraq qeyd edilir). Bundan sonra o, dəfələrlə Süleyman Şahverdiyevə zəng etmişdir. Lakin sonuncu onunla danışmaqdan yayınmışdır. Ona «işə gəlmə» deyilməsinə baxmayaraq, o, xx.xx.2022-ci il tarixdə iş saatında işə getmişdir və işçilər üçün nəzərdə tutulmuş tabelə qol çəkmək istədikdə onun adının qarşısında «işə gəlməməsi tapşırıldı» yazısı ilə qarşılaşmışdır və qol çəkə bilməmişdir. Ona bildirmişlər ki, qol çəkməyə də yer yoxdur və işə gəlməməsi tapşırılıb. Xüsusi vurğulanmalı məqam odur ki, növbəti həftə tabel tamamilə yenilənmiş, forması dəyişdirilmiş və onun adı oradan çıxarılmışdır (köhnə və yeni tabelin şəkilləri iş materiallarına əlavə edilir). Daha sonra onun səhhətində yaranmış problemlərlə bağlı müalicə almaq üçün 21 fevral 2022-ci il tarixədək xəstəlik vərəqəsi açdırmış və bu dövr üçün ev şəraitində müalicə almışdır. Bundan sonra ona xəstəlik vərəqəsini təqdim etmək üçün baş ofisə yaxınlaşmalı olduğunu bildirmişlər, o da Bakıya gedərək, ***-**-** saylı xəstəlik vərəqəsini baş ofisə təqdim etmişdir. Süleyman Şahverdiyev yenidən ona bildirilmişdir ki, onun bütün bu olanlardan xəbəri yoxdur və özü onunla əlaqə saxlayacaq. Ona heç bir məlumat verilmədiyindən xx.xx.2022-ci il tarixdə yenidən baş ofisə yaxınlaşmış və ona orada məlumat verilmişdir ki, onu maddə ilə işdən çıxaracaqlar. Lakin heç bir rəsmi çıxarış olmadığından, ona hər hansı bir məlumat verilmədiyindən o, artıq xx.xx.2022-ci il tarixdən yenidən öz əmək funksiyalarının icrasına başlamış və hətta istirahət günlərində belə işə getmişdir. Lakin tabelde adı olmadığından (7 fevraldan yeni tabel tərtib etmiş və onun adını ora daxil etməmişlər) qol çəkmək mümkün olmamışdır, lakin həmin dövr üçün işdə olduğunu müəssisənin kameraları və satış etdiyi kassa məlumatları sübut edə bilər, 18 martadək heç bir problemsiz - əvvəlki qaydada və iş saatlarında öz əmək funksiyalarını yerinə yetirmişdir. Yalnız 18 mart 2022-ci ildə ona bildirilmişdir ki, əmri bu gün mailə gəlib və o, bundan sonra burada işləyə bilməz və bundan sonra həmin çıxarış ona təqdim edilmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 360/K saylı əmri əsassız və qanunsuzdur. Buna görə də, həmin əmr ləğv edilməlidir və bunun əsasında o, işinə bərpa edilməlidir. Belə ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən hər bir halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən 70-ci maddənin «ç» bəndi ilə əmək müqaviləsini ləğv edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 79, 80, 84, 187 və 189-cu maddələrinin tələblərinə ciddi əməl etməlidir. Hansı ki, cavabdehin Məcəllənin bu normalarına əməl etmədiyi aydın olur. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndnin ikinci hissəsində göstərilir ki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasını işçinin əmək vəzifələrini kobud şəkildə pozması təşkil edir. Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qoıunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Mübahisələndirilən əmrdə onun vəzifə borcunu yerinə yetirmədiyinə dair hər hansı ciddi sübut göstərilmir. Ancaq, hətta bunun əksi ehtimal edilsə belə onun vəzifə borcunu yerinə yetirməməsi, əmək və icra intimzanın normal ahəngini pozması, əmək kolleklivinin hüquqlarına və mənafelərinə hansı formada ziyan vurması aydın olmur. İlk növbədə qeyd edilməlidir ki, işdən çıxarılmasına dair verilmiş əmrin surətini tələb etməsinə baxmayaraq, ona təhvil verilməmiş, hətta mediasiya prosesində də təqdim edilməmişdir. Buna görə mediator da onun konkret hansı vaxtlar üçün və hansı əmək funksiyalarının icrasını yerinə yetirmədiyini müəyyən edə bilməmişdir. Tələb etməsinə baxmayaraq yalnız əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi verilmişdir. Burada ilk qeyd edilməli məqam odur ki, işəgötürən isə onu xx.xx.2022-xx.xx.2022 və xx.xx.2022-xx.xx.2022 tarixlərdə işə gəlmədiyi üçün işdən azad etmişdir. Qeyd edir ki, hər iki vaxt aralığında işə gəlməməsini özləri tapşırmış və hətta tabeldə belə o cür qeyd edilmişdir. Sonrakı aralıqda isə adı ümumiyyətlə tabeldə qeyd edilməmişdir. Əgər o, hələ də həmin müəssisənin işçisi idisə niyə adı tabele daxil edilməmişdir. Bundan başqa növbəti məqam odur ki, niyə işəgötürən mənim əmək intizamını pozduğunu düşündüyü zaman yox, ondan az qala 1 ay sonra əmək müqaviləsinə xitam vermişdir. Nəzərə alınsa ki, onun xəstəlik kağızını belə qəbul etmiş və müavinət ödənmişdir. Əgər o, işə üzürsüz səbəbdən gəlməmişdisə niyə sadəcə izahat almaqla kifayətlənib, adının qarşısında «işə gəlməməsi tapşırıldı» yazılmışdır? Yaxud niyə xx.xx.2022-ci il tarixdə və yaxud xx.xx.2022-ci ildə əmək müqaviləsinə xitam verməmiş və ona əmək funksiyalarını yerinə yetirməyə şərait yaratmışdır. Bütün bu sadalananlar onu göstərir ki, işə götürən onu məqsədli şəkildə öz əmək funksiyalarını səhvsiz və aralıqsız yerinə yetirdiyi müddətdə işdən azad etmişdir. Hesab edilsə ki, işgötürən Məcəllənin 187.2-ci maddəsinə istinad etmiş və əmək müqaviləsinə 1 ay sonra xitam vermişdir. O zaman belə, işəgötürən burada da səhvə yol vermişdir. Belə ki, o, əgər intizam pozuntusu etmiş olsaydı belə buradakı müddət xx.xx.2022-ci ildən, yəni işə gəlmədiyi ilk gündən başlanmalı idi. Odur ki, hesab edir ki, iddia tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə iş üçün əhəmiyyətli olan hallan müəyyən etməklə iş üzrə düzgün qətnamə qəbul edilməsinə nail ola bilər. Hesab edir ki, iş üçün əhəmiyyətli olan səs yazıları dinlənməli, işlədiyi filialdan işçilərin gündəlik davamiyyətini müəyyən etmək üçün tərtib edilmiş tabel məhkəmə tərəfindən istənilməli və onlara hüquqi qiymət verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsində deyilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habele 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Buna görə də, hesab edir ki, məhkəmə iddia tələbini təmin etməli və həmin dövr üçün ona əmək haqqı ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı əvvəl Optimal Elektronikada işləyib. Orada mübahisələr saldığı üçün Optimal Mebelə keçiriblər. Həmişə aqressiv münasibət göstərmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi işə gəlməmişdir. Buda kobud pozuntu halıdır. Bu səbəblərdən iddianı qəbul etmirlər. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 09 aprel 2018-ci il tarixli 316/K saylı əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. İşçi ünvan 1 ünvanına təhkim olunmuşdur. - Vəzifə təlimatından görünür ki, İddiaçı Cavabdeh MMC-yə satış təmsilçisi vəzifəsinə işə qəbul edilərkən vəzifə təlimatı ilə tanış olaraq, həmin təlimatı imzalamışdır. - 09 aprel 2018-ci il tarixli tam maddi məsuliyyət və kommersiya sirrinin qorunması haqqında müqavilədən görünür ki, işəgötürənlə işçi arasında maddi məsuliyyət və kommersiya sirri təşkil edən məlumatlarla bağlı şərtlər müəyyən etməklə fərdi müqavilə bağlamışlar. - Cavabdeh MMC-nin 10 fevral 2022-ci il tarixli 1086/K saylı məktubundan görünür ki, Cavabdeh MMC İddiaçı məktub ünvanlayaraq onun xx.xx.2022-ci il tarixdən bu günə (xx.xx.2022-ci il tarixə) qədər işəgötürənə heç bir məlumat vermədən işlədiyi X4 işə gəlməyərək, icazəsiz iş günü buraxdığını, etdiyi pozuntunun, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən birtərəfli qaydada xitam verilməsinə əsas olduğu bildirilmişdir. İddiaçı tələb edilmişdir ki, bu bildirişi poçt vasitəsi ilə aldıqdan sonra, 3 gün ərzində Cəmiyyətin baş ofisinə yaxınlaşaraq, sübutlarla (iş buraxmanı əsaslandıran sənədlərlə və s.) birgə yazılı izahatını, habelə Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan hər hansı bir hal mövcud olduğu halda, həmin halları sübut edən sənədləri və s. təqdim etsin. Əks halda, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir. - Cavabdeh MMC-nin İddiaçı ünvanladığı 11653/K saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər üzrsüz iş günü buraxmışdır. Eyni zamanda, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət üzrə xəstəlik vərəqəsi təqdim etmişdir. ******* nömrəli xəstəlik vərəqəsinə əsasən, 22 fevral 2022-ci il işə başlama tarixi müəyyən edilmiş, lakin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər X4 işə gəlməyərək, icazəsiz iş günü buraxaraq işin ahəngini pozmuşdur. Etdiyi pozuntu, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən birtərəfli qaydada xitam verilməsinə əsasdır. Bununla əlaqədar, İddiaçı tələb olunmuşdur ki, bu bildirişi poçt vasitəsi ilə aldıqdan sonra, 2 gün ərzində Cəmiyyətin baş ofisinə yaxınlaşaraq, sübutlarla (iş buraxmanı əsaslandıran sənədlərlə və s.) birgə yazılı izahatını, habelə Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan hər hansı bir hal mövcud olduğu halda, həmin halları sübut edən sənədləri və s. təqdim etsin. Əks halda, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir. - Əmək qabiliyyətinin olmaması vərəqəsindən (SN0007 seriyalı ******* saylı) görünür ki, iddiaçının səhhəti ilə bağlı hansı tarixlərdə işdən azad edildiyi və hansı tarixdə işə başlamalı olması (xx.xx.2022-ci il) qeyd olunmuşdur. - 22 fevral 2022-ci il tarixli 01/K saylı aktdan görünür ki, işçi İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək üzürsüz iş buraxmışdır. İşçi Cavabdeh MMC-yə üzrsüz iş günü buraxmanı əsaslandıran heç bir sənəd təqdim etməmişdir. - Cavabdeh MMC-nin X5 müdiri A.Əliyevin həmin MMC-nin direktoruna yazdığı təqdimatından görünür ki, Beyləqan Mebel mağazasında satış məsləhətçisi vəzifəsində İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işəgötürənə məlumat vermədən üzrsüz iş günü buraxmışdır. xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixləri üzrə işçi üzrsüz iş buraxma halı ilə bağlı heç bir əsaslandıncı sənəd təqdim etməmişdir. İşçiyə iş buraxma halına dair 10 fevral 2022-ci il tarixli 1086/K nömrəli məktub göndərilmiş, işçi izahat yazaraq xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə işəgötürənə məlumat vermədən üzrsüz iş buraxma halını öz izahatı ilə təsdiq etmişdir. İşçi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün xəstəlik vərəqəsi təqdim etmişdir. İşçinin təqdim etdiyi ******* nömrəli xəstəlik vərəqəsinə əsasən 22 fevral 2022-ci il tarixdə işçi işə başlamalı idi. Lakin işçi İddiaçı işəgötürənə məlumat vermədən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək üzrsüz iş günü buraxmışdır. İşçiyə qeyd olunan ürsüz iş buraxma günləri ilə bağlı xx.xx.2022-ci il tarixdə 11653/K saylı məktub göndərilmişdir. İddiaçı buraxma halı ilə bağlı işçi baş ofisə yaxınlaşıb, izahat təqdim etməmiş, üzrsüz iş buraxma halını əsaslandıran heç bir sənəd təqdim etməmişdir. İşçinin yol verdiyi pozuntu, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) birtərəfli qaydada xitam verilməsinə əsasdır. - Cavabdeh MMC-nin X3 inzibatçısı T.Mirzəzadənin həmin MMC-nin direktoruna yazdığı təqdimatından görünür ki, inzibatçısı olduğu mağazada satış məsləhətçisi vəzifəsində işləyən İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək onap, habelə MMC-nin direktoruna heç bir məlumat vermədən özbaşına işə gəlməmiş, ürsüz iş günü buraxmışdır. İşçi İddiaçı etdiyi davamiyyət pozuntuları ilə işin normal ahəngi pozulmuşdur. Xahiş olunmuşdur ki, işçi İddiaçı etdiyi davamiyyət pozuntusuna hüquqi qiymət verərək, işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi barədə müvafiq əmr verilsin. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən (sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir) və xx.xx.2022-ci il tarixli 360/K saylı əmrdən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə işəgötürənin xx.xx.2022-ci il tarixli 360/K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin 17 fevral 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı 10 fevral və 16 fevral 2022-ci il tarixlərdə əmək hüquqlarının pozulması barədə müraciətlərinə həmin idarədə baxılmış və zəruri sənədlərin idarəyə göndərilməsi Cavabdeh MMC-dən xahiş olunmuşdur. - Bakı 11 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 28 aprel 2022-ci il tarixli MŞB/11-00139 saylı arayışından görünür ki, hazırkı mübahisə üzrə tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər, yəni tam mediasiya sessiyasına keçid baş verməmişdir və barışıq sazişi əldə edilməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərc İddiaçı tərəfindən müvafiq hesaba ödənilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin 13 iyun 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı həmin idarəyə ünvanladığı sorğu xarakterli məktubuna baxılmışdır. Bildirilmişdir ki, Cavabdeh MMC-nin rəhbərliyinin Bakı şəhər idarəsinə ünvanladığı məktub və əlavə olunmuş sənədlərdən İddiaçı xx.xx.2018-ci il tarixdən cəmiyyətdə satış məsləhətçi vəzifəsində çalışdığı, həmçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək hər hansı üzürlü səbəb göstərməyərək işə davamiyyəti pozduğu buna görə də, onunla cəmiyyətin rəhbərliyi arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, 360/k saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi məlum olmuşdur. Bununla əlaqədar İddiaçı son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ona ödənilməli əmək haqqı və diger ödəmələr) xx.xx.2022-ci il tarixdə əmək haqqı bank hesabına köçürüldüyü məlum olmuşdur. İddiaçı nəzərinə çatdırılmışdır ki, müraciətində iddia etdiyi iş vaxtından artıq işə cəlb olunması Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş iş vaxtının uçotu cədvəllərində öz təsdiqini tapmamışdır. - İddiaçı Cavabdeh MMC-nin direktoruna yazdığı izahatdan görünür ki, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işəgötürənə məlumat vermədən üzrsüz iş günləri buraxdığını etiraf edərək, buraxılmış həmin iş günlərinin üzürlü hesab edilməsini xahiş etmişdir. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (son dövrlərdə filial müdiri və digər şəxslərlə arasında yaranmış gəriginliyə görə sonuncuların onu əsassız olaraq işdən çıxarmaq qərarına gəlmələri və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar