Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2908/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağavan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 nümayəndəsi X1, Cavabdeh2, Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı “əmlakın qaytarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı “əmlakın qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 62 saylı evin 22,24,33,36,56 nömrəli mənzilləri və 37,0 kv.m sahəsi olan zirzəmisi iddiaçının xüsusi mülkiyyətidir. Bir müddət ərzində iddiaçı həmin mənzillərə nəzarət edə bilməmiş və ona məxsus olan əmlak qanunsuz olaraq cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 tərəfindən zəbt olunmuşdur. Hal-hazırda iddiaçı sərbəst istifadə və sahiblik hüququndan istifadə edə bilmir. İddiaçı dəfələrlə cavabdehlərdən mənzillərinin və qeyriyaşayış sahəsinin qaytarılmasını tələb etsə də, heç bir nəticə əldə etməmişdir. İddiaçı və cavabdehlər arasında qeyd olunan mənzillər və zirzəmi barədə heç bir müqavilə və digər razılaşmalar olmamışdır. Əgər iddiaçı həmin əmlakı kirayə versəydi, bir il ərzində 20000-25000 manat məbləğində pul əldə edə bilərdi. Cavabdehlər iddiaçını illər ərzində qazana biləcəyi gəlirlərdən məhrum edərək ona külli miqdarda ziyan vurmuşlar. İddiaçı cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması və əmlakının geri qaytarılması barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Vüsal Hafizovun 19 dekabr 2021-ci il tarixli Qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir və məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmuşdur. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qanunsuz olaraq istifadəsində olan iddiaçının xüsusi mülkiyyəti, yəni ünvan 1 ünvanda yerləşən 22, 24, 33, 36, 56 saylı mənzillərdən və həmin ünvanda yerləşən 37,0 kv.m sahəsi olan zirzəmidən çıxarılaraq iddiaçıya qaytarılması, cavabdehlərin hər birindən 4000 manat tutularaq, cəmi 20000 manat məbləğində dəymiş zərərin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 nümayəndəsi X2, Cavabdeh2 və Cavabdeh4 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh6, Cavabdeh5 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 62-də yerləşən 37,0 kv.m zirzəmi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 84 saylı reyestr kitabının 7856 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli,xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2014-cü il tarixli çıxarışlardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62, mənzillər 56, 24, 22, 36, 33 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitablarında qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, MH seriyalı, 157635 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 62, mənzil 7 Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 149öz saylı reyestr kitabının 22212 nömrəli vərəqində, 30/22275 nömrə ilə qeydiyyat aparılmışdır. Əsaslandırıcı hissə: Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, ünvan 1 ünvanda yerləşən 22, 24, 33, 36, 56 saylı mənzillər və həmin ünvanda yerləşən 37,0 kv.m sahəsi olan zirzəmi İddiaçı xüsusi mülkiyyətindədir, cavabdehlər sözügedən ünvanda yaşayırlar. Hazırda iddiaçı cavabdehlərin həmin mənzillərdən və zirzəmidən çıxarılmalarını tələb edir. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmlaklar iddiaçının mülkiyyətləri olduğundan cavabdehlərin həmin əmlaklardan istifadə etmələri iddiaçının mülkiyyət hüquqlarını pozur. Şərh olunan hüquq normalarına əsasən cavabdehlər həmin əmlaklardan çıxarılmalıdırlar. Məhkəmə iddia tələbinin “cavabdehlərin hər birindən 4000 manat tutularaq, cəmi 20000 manat məbləğində dəymiş zərərin iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin bu hissədə əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə görə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən 22, 24, 33, 36, 56 saylı mənzillərdən və həmin ünvanda yerləşən 37,0 kv.m sahəsi olan zirzəmidən çıxarılmalı, həmin əmlaklar İddiaçı qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən 22, 24, 33, 36, 56 saylı mənzillərdən və həmin ünvanda yerləşən 37,0 kv.m sahəsi olan zirzəmidən çıxarılsınlar. Həmin əmlaklar İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2908/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2908/2022
18.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver