Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2909/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 52 saylı mənzilindən (yaşayış sahəsindən) istifadə hüquqlarının itirilmiş hesab ediliməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 52 saylı mənzilini 2000-ci ildə notariat kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən almışdır. Həmin mənzili aldıqdan sonra evi xüsusi mülkiyyət kimi dövlət reyestrində öz adına qeydiyyata aldırıb, bu barədə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən çıxarış almışdır. 03.12.2013-cü ildə alınmış təkrar çıxarışa əsasən sözü gedən mənzil daşınmaz əmlakın dövlət reyestrində 2019 nömrəli reyestr kitabının 186595 nömrəli vərəqində qeydiyyata alınmışdır. O, həmin mənzili aldığı zaman satıcı ilə bağladığı alğı-satqı müqaviləsinə əsasən, satıcı satdığı mənzildə qeydiyyatda olan şəxsləri 3 ay ərzində qeydiyyatdan çıxarmağı öhdəsinə götürmüşdür. O, evi aldıqdan sonra isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 köçüb getmişlər. Buna baxmayaraq, evin keçmiş sakini Cavabdeh1 və sonuncunun həyat yoldaşı Cavabdeh2 ona məxsus evdən qeydiyyatdan çıxmamış, həmin evdə yaşamamalarına baxmayaraq, sonuncuların rəsmi qeydiyyatı onun evində qalmışdır. Hal-hazırda isə cavabdehin faktiki yaşadığı ünvanı dəqiq bilmir və cavabdehlərin harada yaşaması və harada olması barədə heç bir məlumatı yoxdur. Göründüyü kimi, satıcı ilə onun arasında bağlanmış alğı-satqı müqaviləsinin tələbləri cavabdeh tərəfindən pozulmuş, həmin ev ona satıldıqdan sonra evin keçmiş sakinləri həmin evdən qeydiyyatdan çıxmamışlar. Hal-hazırda isə cavabdehlərin onun evində qeydiyyatda qalması onun mülkiyyət hüququnu pozur, bəzi məsələlərdə o, cavabdehlərin icazəsi olmadan mülkiyyəti üzərində istədiyi kimi sərəncam verə bilmir. Bu baxımdan, eyni zamanda cavabdehlər ümumiyyətlə onun mülkiyyətində olan evdən istifadə etməməsi baxımından belə hesab edir ki, cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 52 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. Mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 52 saylı mənzili cavabdehlərin yaşayış yeri deyil və həmin ev ona satıldıqdan sonra cavabdehlər heç bir zaman həmin evdən yaşayış yeri kimi istifadə etməmişlər. İddiaçı məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, səhhəti ilə əlaqədar COVİD-19 əleyhinə vaksin olunmadığı üçün məhkəməyə üzürlü səbəbdən gələ bilmədiyini göstərmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 03.12.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 52 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2019 nömrəli reyestr kitabının 186595 nömrəli vərəqində qeydiyyata alınmışdır. 81 saylı MTK tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli 12 saylı arayışdan görünür ki, Cavabdeh1 08.07.1976-cı il tarixdən və Cavabdeh2 29.11.1983-cü il tarixdən 09.06.2000-ci il tarixədək həqiqətən Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 52 saylı mənzilində daimi qeydiyyatda olmuş və yaşamışlar. Binanın köhnə sakinləridirlər. Göründüyü kimi, Cavabdeh1 mənzilin əvvəlki mülkiyyətçisi, digər Cavabdeh2 isə sonuncunun ailə üzvü olmaqla, mənzildən istifadə hüququ (şəxsi servitut) olan şəxsdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Cavabdehlərin qeyd olunan mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, həmçinin mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 52 saylı mənzilinin keçmiş mülkiyyətçisi alğısatqı müqaviləsinə əsasən həmin mənzili alıcı İddiaçı üçüncü şəxslərin hüquqlarından azad verməyi və müqavilə notarial qaydada təstiq olunduğu tarixdən razılaşdırılmış müddətdə satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, özü və ailə üzvləri mənzili boşaldaraq alıcıya təhvil verib, başqa yaşayış yerinə getsələr də, keçmiş mülkiyyətçi və onun həyat yoldaşı mənzildən qeydiyyatdan çıxmamış və mənzil üçüncü şəxslərin hüquqlarından azad olunmamışdır. Hazırda keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil mülkiyyət hüququ üzrə dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Hazırda iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, o, məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdehlərin mübahisə predmeti olan mənzildə hər hansı hüququ qalmadığından iddia təmin olunaraq, cavabdehlərin həmin mənzildən istifadə hüququna xitam verilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 52 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 52 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2909/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2909/2021
21.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver