Məhkəmə qərarları › İş №2(006)-2909/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2909/2024

12.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2909/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (işəgötürən) Azərbaycan Respublikası Cavabdeh mülki mühafizəçi vəzifəsindən azad edilməsinə dair xx.xx.2024-cü il tarixli 3-13-17/Ə31/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-13-17/Ə(ş/h)100/2024 saylı əmrlərinin ləğv edilərək mülki mühafizəçi vəzifəsində işə bərpa edilməsi və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Cavabdeh Sabirabad X6 mülki mühafizəçisi vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-17/Ə31/2024 nömrəli əmrinə əsasən xx.xx.2024-cü il tarixli 3- 13-17/Ə(ş/h)100/2024 saylı əmri ilə mülki mühafizəçi vəzifəsindən azad edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri qanunsuz və əsassız hesab edir. Belə ki, iş yoldaşı olan, polis nəfəri Cəlal İsmiyev ailəli olduğu halda onunla ailə qurmaq istədiyini dəfələrlə bildirərək, xidməti fəaliyyətinə maneçilik törətməklə ona narahatçılıq yaratmışdır. O, Cəlal İsmiyevə hərəkətlərinə son qoymasını, əks təqdirdə sonuncudan şikayət edəcəyini bildirmişdir. C.İsmiyev isə onu şikayət edəcəyi halda şərləyərək işdən kənarlaşdıracağı ilə bağlı hədələmişdir. Lakin buna baxmayaraq o, Baş Mühafizə İdarəsinin Sabirabad X6 rəisi, polis polkovnik-leytenantı Əli Babayevə bu barədə məruzə etmək məcburiyyətində qalmış, qeyd olunan problemin qarşısının alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Əli Babayev bununla bağlı tədbir görəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən idarəyə dəvət olunaraq ondan izahat alınmış, izahatı alındıqdan sonra bu işdə onun heç bir təqsirinin olmaması bildirilmişdir. Lakin sonradan ona bildirilmişdir ki, vəzifəsindən kənarlaşdırılmışdır. Diqqətə çatdırır ki, həyat yoldaşı vəfat etmişdir, bir azyaşlı övladı vardır. Tutmuş olduğu vəzifənin öhdəsindən layiqincə gəlmişdir, heç bir zaman əmək intizamını pozmamış, kollektiv arasında yüksək nüfuz qazanmışdır. Barəsində heç bir zaman intizam tənbehi təyin edilməmişdir. Hesab edir ki, işdən azad edilməsinə dair cavabdeh Azərbaycan Respublikası DİN BMİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-13-17/Ə(ş/h)100/2024 saylı əmr əsassız və qanunsuzdur. Bu səbəbdən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək qeyd etmişdir ki, BMİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-17/Ə31/2024 saylı əmri ilə Sabirabad RMŞ-nin mülki mühafizəçisi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Araşdıma prosesində mülki mühafizəçi İddiaçı izahatında təxminən bir ildir ki, polis nəfəri Calal İsmiyevlə sevgi münasibətində olduqlarını, aralarında intim münasibətin olmadığını, ilk vaxtlarda onun ailəli olduğunu bilmədiyini, lakin sonradan bu barədə malumatının olduğunu, C.İsmiyevin ailəsi ilə ayrılaraq onunla ailə quracağını vəd etdiyini, bu məqsədlə münasibət qurduğunu, son 6 ay ərzində qısqanclıq zaminində aralarında mübahisələr yarandığını və onu ölümlə hədələdiyini, ailəsinin guya mülki mühafizəçi İddiaçı tərəfindən dağıdılması barədə şayiələr yayıldığı üçün atası ilə polis nəfəri C.İsmiyevin xx.xx.2023-cü il tarixdə danışdıqlarını, həmin tarixdə onunla telefon danışığı zamanı sonuncunun özünə qəsd edəcəyini dediyini bildirmişdir. Sabirabad RMŞ-nin polis nəfəri, polis serjantı Calal İsmiyev izahatında təxminən 1 ilə yaxındır ki, mülki mühafizəçi İddiaçı ilə sevgi münasibətində, bu müddət ərzində isə 1-2 dəfə intim münasibətdə olduqlarını, 3 ay əvvəl mülki mühafizəçi İddiaçı nişanlandığı üçün münasibətlərini sonlandırdıqlarını, sonuncu ona bəhanə ilə zəng etdikdən sonra münasibətlərini yenidən davam etdirdiklərini, özünün evli olması və onun kanar şəxslərlə ünsiyyətə girməsi səbəbindən mütəmadi olaraq mülki mühafizəçi İddiaçı ilə aralarında mübahisələr yarandığını, əvvəllər ailəsindən ayrılaraq onunla ailə quracağını vəd etsə də, sonuncu davranışlarında dəyişikliklər etmədiyi üçün fikrindən yayındığını, mülki mühafizəçi İddiaçı fiziki təzyiq göstərmədiyini və ölümlə hədələmədiyini, özünə qəsd edəcəyini demədiyini, xx.xx.2023-cü tarixdə övladının anadan olması barədə məlumat verməyi unutduğunu qeyd etmişdir. Şöbənin manqa komandiri, polis baş serjantı Aqil Əliyev, kiçik inspektor, polis serjanti Afiq Quliyev va MMX üzrə qrup rəhbəri Mirzə Nağıyev izahatlarında 15-20 gün əvvəl hissənin polis nəfəri Calal İsmiyevlə mülki mühafizəçi İddiaçı aralarında sevgi və qadın-kişi münasibətinin olması barədə xəbər tutduqlarını və bu barədə rəis, polis polkovnik-leytenantı Əli Babayevə məlumat verdiklərini bildirmişdir. Beləliklə, aparılmış araşdırmanın nəticəsində Sabirabad RMŞ-nin polis nəfəri, polis serjantı Calal İsmiyevin ailə-məişət normalarına riayət etməli, nikahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığa yol verməməli olduğu halda, mülki mühafizəçi İddiaçı ilə sevgi və qadın-kişi münasibəti qurduğu, onunla ailə quracağı barədə yalan vədlər verdiyi, xx.xx.2023-cü il tarixdə övladının anadan olması barədə xidmət etdiyi orqanın rəisini məlumatlandırmadığı və anket məlumatlarında müvafiq dəyişiklik etmədiyi müəyyən olunmuşdur. Həmçinin, həmin şöbənin mülki mühafizəçisi Laman Bayramovanın isə polis nəfəri C.İsmiyevin ailəli və himayəsində iki azyaşlı övladının olmasına bildiyi halda onunla qadın-kişi münasibəti qurduğu, ailəsindən boşanaraq onunla ailə quracağı barədə əvvəlcədən sövdələşdiyi və araşdırma prosesində qeyri-səmimi mövqe tutduğu müəyyən olunmuşdur. Sabirabad RMŞ-nin polis nəfəri, polis serjantı X8 xx.xx.1994-cü ildə anadan olub, orta ixtisas təhsillidir, xx.xx.2015-ci il tarixdən DİO-da xidmət edir. Xidmət etdiyi hissənin xx.xx.2023-cü il tarixli 3-13-17/xx/xx/2023 nömrəli əmri ila ona elan olunmuş «töhmət» intizam tənbehi qüvvədə olmuşdur. Sabirabad RMŞ-nin mülki mühafizəçisi İddiaçı xx.xx.2003-cü il tarixdə anadan olub, orta təhsillidir, xx.xx.2022-ci il tarixdən DİO-da işləmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Baş Mühafizə İdarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalarının təsdiq edilməsi barədə DİN-in xx.xx.2023-cü il tarixli 3-13/Q6/2023 nömrəli qərarının müddəalarında aşağıdakı tələblər nəzərdə tutulmuşdur: 2.1.2. xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, insanların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir; 3.1. Mülki mühafizəçi xidmətkənar vaxt aşağıdakılara riayət etməlidir: 3.1.1 sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz vəziyyətdə qoymamalı, vətəndaşlarla ünsiyyətdə diqqətli, nəzakətli və təmkinli olmalıdır. 3.1.2 sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda özünün və işlədiyi qurumun nüfuzuna xələl gətirən hərəkətlərdən çəkinməli, spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır, 3.1.3. ailəsinin, o cümlədən uşaqlarının və valideynlərinin qayğısına qalmalı, nikahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığa yol verməməli, başqalarını da buna sövq etməməlidir; 3.1.13. müxtəlif məsələlərlə əlaqədar keçirilən araşdırma zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir. BMİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-17/Ə31/2024 saylı əmri ilə müəyyən olunur ki, İddiaçı sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, qadın-kişi münasibətlərində riyakarlığa yol verməməli və başqalarını da buna sövq etməməli, keçirilən araşdırma zamanı obyektivliyin təmin edilməsinə köməklik göstərməli olduğu halda polis nəfəri C.İsmiyevin ailəli və himayəsində iki azyaşlı övladının olduğunu bilməsinə baxmayaraq qadın-kişi münasibəti qurduğuna, ailəsindən boşanaraq onunla ailə quracağı barədə sonuncu ilə əvvəlcədən sövdələşdiyinə və araşdırma prosesində qeyri-səmimi mövqe tutduğuna, bununla da «Baş Mühafizə İdarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın təsdiq edilməsi barədə DİN-in xx.xx.2023-cü il tarixli, 3-13/Q6/2023 nömrəli qərarının 3.1.1, 3.1.3 va 3.1.13-ci maddələrinin tələblərini pozduğuna görə Sabirabad X6 mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə DİN-in X3 ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Beləliklə, iddiaçı yuxarıda sadalanan üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə əmək müqaviləsinin ləğv edilməsinə dair qəbul edilmiş əmr qanuna zidd sayıla bilməz, iddiaçının əmrin ləğv edilməsi barədə tələbi əsassızdır. Bundan başqa, iddiaçı məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür, buna görə də müddətin tətbiqinə dair ərizə təqdim etməklə, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirlər. Qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçı ilə cavabdeh arasında yaranmış münasibət faktiki olaraq əmək münasibətidir. Bu səbəblə də onlar arasında yaranmış mübahisəyə əmək qanunvericiliyi tətbiq edilməlidir. Belə olan halda Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən iddiaçı tələbetmə müddətini ötürmüşdür. Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsinin mənasına görə işçinin fərdi əmək mübahisəsinə baxan orqana müraciət etməsi halı istisna olmaqla, bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Fərdi əmək mübahisələrinin anlayışı, konkret tərifi Əmək Məcələsində göstərilmişdir. Belə ki, fərdi əmək mübahisələri işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Eyni zamanda fərdi əmək mübahisələrinin predmetinin dəqiq siyahısı Əmək Məcəlləsinin 288-ci maddəsində sadalanmışdır. Həmin maddənin «a» bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisəsinin predmetidir. Bundan əlavə şəxsin öz hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür. Göründüyü kimi, hazırkı mübahisə üzrə şəxsin öz hüququnun pozulduğunu bildiyi vaxtdan, yəni 2024-cü il yanvar ayının 25-dən məhkəməyə müraciət edənə qədər olan dövr üçün tələbi üzrə bir aylıq müddət ötürülmüşdür. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etmiş, xx.xx.2024-cü il tarixdə arayış almış, xx.xx.2024-cü il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinə görə Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Maddənin məzmunundakı «məhkəməyə qədər əmək mübahisələrinə baxan orqan» və «əmək mübahisələrinə baxan orqan» anlayışlarının mahiyyəti isə sual doğurmaqla birlikdə iddiaçı və apellyasiya instansiyası məhkəməsi tərəfindən də yanlış anlaşılmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair» xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, «qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində «fərdi əmək mübahisəsinə baxan orqan» dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur». Yenə həmin qərarda göstərilmişdir ki, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanı səciyyələndirən şərtlər aşağıdakılardır: 1) yaradılmasının kollektiv müqavilədə nəzərdə tutulması; 2) müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılması. Qərarda göstərilən digər mühüm nəticə isə budur ki, «Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır». Göründüyü kimi qərarda ifadə olunan mövqe bundan ibarətdir ki, əmək mübahisələrinə baxan orqan anlayışının tərkibinə 1) əmək mübahisəsinə məhkəməyə qədər baxan orqan 2) məhkəmə aid edilmiş, əmək mübahisəsinə məhkəməyə qədər baxan orqan anlayışına isə 1) kollektiv müqavilə yaradılması nəzərdə tutulan 2) müəssisələrdə həmkarlar ittifaqlarının nəzdində yaradılan orqanlar aid edilmişdir. Göründüyü kimi hazırkı işdə iddiaçının əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət etmək imkanı olmadığı və əmək mübahisələrinə baxan digər orqan olan məhkəməyə müraciət üçün qanunla nəzərdə tutulan müddət üzrlü səbəblər olmadan ötürüldüyü üçün iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi zəruridir. Belə ki, iddiaçı 25 yanvar 2024-cü il tarixində işdən azad olunmuş, həmin tarixdə bu barədə əmrlə yerində tanış olmuş və bu andan müddətin axımı başlamışdır. Bununla da iddiaçının qanunla nəzərdə tutulan müraciət hüququnu məhdudlaşdırmadığı üçün, iddiaçının işəgötürənə müraciətləri isə yuxarıda da qeyd edildiyi kimi müraciətin məhkəməyə qədər əmək mübahisələrinə baxan orqana edilməsi ilə şərtləndirildiyinə görə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə əsas vermir. Beləliklə, qeyd olunanlar ilə müəyyən edilir ki, iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür, bu müddətini bərpasının üzrlü hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 3-cü hissəsinə görə qanunu bilməmək məsuliyyətdən azad etmir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsinin əsassız hesab edilməsi, eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizənin təmin edilməsi və iddia müddəti tətbiq edilməklə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, DİN-in xx.xx.2023-cü il tarixli «Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın təsdiq edilməsi barədə 3-13/Q6/2023 saylı qərarının surəti şəxsi heyətə elan olunmuş, xidməti fəaliyyətdə rəhbər tutulmuş aidiyyatı işçilər tərəfindən öyrənilməsi və onlardan məqbulların götürülməsi təmin olunmuşdur. Sabirabad RMŞ-nin rəisi tərəfindən təsdiq edilmiş məqbulların götürülməsi barədə xx.xx.2023-cü il tarixli siyahıda İddiaçı da imza etmişdir. Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş Sabirabad RMŞ-nin rəisi, polis polkovnik-leytenantı Əli Babayevin raportuna baxılmasının nəticəsinə dair rəydən görünür ki, tabeliyində xidmət edən polis nəfəri, polis serjantı Cəlal İsmiyevin həmin şöbənin mülki mühafizəçisi İddiaçı ilə qadın-kişi münasibətində olmaları barədə raportu araşdırılmış, aidiyyatı şəxslərin izahatları alınmış, iddiaçının DİN-nin X3 ilə razılaşdırılmaqla ciddi intizam tənbehinə cəlb edilmələri təklif olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 25 yanvar 2024-cü il tarixli 3-13-17/231/2024 saylı əmrindən (2-ci bəndi) görünür ki, sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, qadın-kişi münasibətlərində riyakarlığa yol verməməli və başqalarını da buna sövq etməməli, keçirilən araşdırma zamanı obyektivliyin təmin edilməsinə köməklik göstərməli olduğu halda polis nəfəri C.İsmiyevin ailəli və himayəsində iki azyaşlı övladının olduğunu bilməsinə baxmayaraq qadın-kişi münasibəti qurduğuna, ailəsindən boşanaraq onunla ailə quracağı barədə sonuncu ilə əvvəlcədən sövdələşdiyinə və araşdırma prosesində qeyri-səmimi mövqe tutduğuna, bununla da «Baş Mühafizə İdarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalarının təsdiq edilməsi barədə» DİN-in xx.xx.2023-cü il tarixli, 3-13/Q6/2023 nömrəli qərarının 3.1.1, 3.1.3 və 3.1.13-ci maddələrinin tələblərini pozduğuna görə Sabirabad X6 mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə DİN-in «X3» ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Cavabdeh Sabirabad X6 12 mart 2024-cü il tarixli 3-13- 17/xx-xx/2024 saylı İddiaçı ünvanlanmış məktubu ilə onun vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 29 yanvar 2024-cü il tarixli 3-13-17/Ə(ş/h)100/2024 saylı əmri ona göndərilmişdir. Azərbaycan Respublikası Cavabdeh Sabirabad X6 27 mart 2024-cü il tarixli 3-13- 17/42-120/2024 saylı İddiaçı ünvanlanmış məktubunda qeyd edilmişdir ki,onun xx.xx.2024-cü il tarixli ərizəsinə cavab olaraq xx.xx.2024-cü il tarixli əmrin surəti ona təqdim edilmişdir. Azərbaycan Respublikası Cavabdeh Əliheybət Bayramova ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-13-17/2-B-12845/1/24 saylı məktubunda qeyd edilmişdir ki, şəxsin müraciətinin müsbət həlli mümkün deyildir. Azərbaycan Respublikası Cavabdehnə ünvanlamış xx.xx.2024-cü il tarixli 3-13-17- 42/249/2024 saylı məktubda qeyd edilmişdir ki, İddiaçı tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar olaraq onun əmək kitabçasını atası X1 təqdim edildikdən sonra ondan alınan qəbzə dair müvafiq göstəriş verilməsi xahiş olunmuşdur.Əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, tutduğu vəzifədən azad edilmiş mülki mühafizəçi İddiaçı ******* nömrəli əmək kitabçasını atası X4 aparmışdır. Azərbaycan Respublikası Cavabdeh Sabirabad X6 21 iyun 2024-cü il tarixli 3-13- 17-42/247/2024 saylı məktubundan görünür ki, İddiaçı DİN BMİ-nin 29 yanvar 2024-cü il tarixli 3-13-17-Ə(ş/h)100/2024 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən mülki mühafizəçi (fəhlə) vəzifəsindən azad edilmişdir. Mühafizəçi vəzifəsindən azal olunması ilə əlaqədar ona mövcud qanunvericiliyə uyğun olaraq yanvar ayında işlədiyi günə qədər 300 manat əmək haqqı və 64 manat 24 qəpik son hesab hesablanmışdır. Cəmi 364 manat 24 qəpik hesablama aparılmışdır. Hesablanmış məbləğdən 53 manat 30 qəpik gəlir vergisi və sosial sığorta üzrə tutulmalar tutulduqdan sonra qalan 310 manat 94 qəpik xx.xx.2024-cü il tarixdə əmək haqqı kartına ödənilmişdir. ********** saylı ödəniş qəbzindən görünür ki, son haqq-hesab iddiaçının kart hesabına xx.xx.2024-cü il tarixdə köçürülmüşdür. Sabirabad 1 saylı Mediasiya Təşkilatının 15 aprel 2024-cü il tarixli İMS-də iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı işə bərpa tələbi ilə bağlı mediasiyanın tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə göndərilmişdir.Tərəflər arasında mübahisəni məhkəmədən kənar qaydada həll etmək mümkün olmamışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli sərəncamından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddiasının mümkünlüyü məsələsinin müzakirəsi 15 may 2024-cü il tarixə təyin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddiası şəxsin ərizəsinə əsasən ona geri qaytarılmışdır. İddia ərizəsində və araşdırma materiallarında adı çəkilən X5 məhkəməyə ünvanladığı teleqramda qeyd olunmuşdur ki, İddiaçıla aralarında bir ilə yaxın sevgi münasibətləri olmuşdur. Bu müddət ərzində onun ailəli olduğundan İddiaçı məlumatı olmamışdır. Ailəli olduğunu bildikdən sonra aralarında işdən kənar mübahisə baş vermişdir. Bu haqda məlumat vermədiyinin səbəbi isə ailəli olduğuna baxmayaraq ailə münasibətlərinin normal olmadığı və ailəsi ilə birlikdə yaşamadığı üçün nikahın davam etməsini əsassız hesab edərək boşanma prosesi üçün mediasiyaya müraciət etmişdir. Himayəsində yaşı tamam olmamış övlad olduğu üçün müraciət rədd edilmişdir. İzahatında qeyd etdiyi bəzi məlumatlar qısqanclıq zəminində olmuşdur. İddiaçı ilə aralarında heç bir intim münasibət olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 12 iyul 2024-cü il tarixli 25 saylı məktubunda qeyd edilmişdir ki, DİN BMİ-nin xx.xx.2024-cü il tarixli 3-13-17/Ə31/2024 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmiş Sabirabad X6 mülki mühafizəçisi İddiaçı işdən azad olunarkən həmin Komitə ilə razılaşdırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 25-ci maddəsinin İ hisəssinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 294-cü maddəsinin 4-cü hissəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. 5-ci hisssinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hisəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. “Mediasiya haqqında” qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, şəxsin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi, digər sözlə ifadə etdikdə onunla bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 1) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallar mövcud olmalıdır: - işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olmalıdır və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmalıdır. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı tərəfindən yuxarıda sadalanan hallardan heç birinə yol verilməmişdir. İşəgötürən iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən müvafiq etik davranış qaydalarının tələbləri pozulmuşdur. Məhkəmə vurğulayır ki, iddiaçı tərəfindən etik davranış qaydalarının pozulması hallarına yol verilsə idi, bu, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsinə əsas vermir. Əmək Məcəlləsinin həmin maddəsinin qeyd edilən bəndində sadalanan hallar mövcud olmadığı təqdirdə, həmin maddi hüquq normasına istinad edilməklə işçinin işdən azad olunması qanuni deyil. Digər tərəfdən araşdırma materiallarında adı çəkilən X5 məhkəməyə ünvanladığı teleqramın məzmunundan göründüyü kimi, araşdırma aparılarkən o, iddiaçı barədə qeyridüzgün, qeyri-səmimi izahat vermişdir və araşdırma vaxtı verilən izahatda qeyd edilən halların bir çoxuna yol verilməmişdir. Həmin şəxslə iddiaçı arasında intim münasibətlər olmamış, bu və ya digər formada münasibətləri olsa da belə bunun məhz iş vaxtı və iş yerində baş verməsinə dəlalət edən hər hansı hal müəyyən edilməmiş, aralarındakı münasibətləri iş yerində hər hansı şəkildə biruzə verməmiş, İddiaçı tərəfindən bu əsasla iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozulmamış, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmiş, iddiaçı əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) tam şəkildə yerinə yetirmişdir. Məhkəmə hesab edir ki, bu və ya digər işəgötürən tərəfindən müvafiq qaydada, hazırki halda əmrlə təsdiq edilmiş etik davranış qaydalarında müəyyən edilmiş birbaşa olaraq iş yoldaşları arasında yaxın münasibətlərin olmasına dair qadağa özlüyündə etibarlı hesab edilə bilməz. Digər bir məqam isə ümumiyyətlə bu səbəbdən işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə azad edilməsi isə tamamilə məntiqə uyğun deyildir. Üstəlik də bu münasibətlər iş saatlarında baş verməmiş, iş mühitinin ahəngini pozmamış, işəgötürənən mənafelərinə xələl gətirməmişdir. Hətta məhkəmə nəzərə alır ki, bu münasibətlərin nəticəsində aralarında yaranmış mübahisəli məsələlər görə İddiaçı özü rəhbərliyə məruzə edərək bunun aradan qaldırılmasını xahiş etmişdir. Bununla əlaqədar olaraq Cəlal İsmiyevin artıq polis vəzifəsindən azad edilməsi səbəbindən İddiaçı ilə daha yaxın münasibətlərinin olmasına dair izahatında müəyyən mənada qisas elementləri hiss olunur ki, sonradan da Cəlal İsmiyev həmin izahatını qısqanclıq zəminində verməsini etiraf etmişdir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı X10 Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə azad edilməsi əsassız olduğundan, mübahisələndirilən əmrlər ona aid hissədə ləğv edilməli, iddiaçı işə bərpa edilməli, işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. İddia müddətinin tətbiq edilməsi barədə cavabdehin nümayəndəsinin vəsatətinə (ərizəsinə) münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. İddiaçının işdən azad edilməsi barədə əmrin surəti ona xx.xx.2024-cü il tarixdə göndərilmiş, iddiaçı mediasiyanın tətbiqi barədə xx.xx.2024-cü il tarixdə təklif göndərmiş, xx.xx.2024-cü il tarixdə İMS-də iştirak edilməməsi barədə arayışı aldıqdan sonra aidiyyat qaydalarına riayət etmədən Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3332/2024 nömrəli qərarı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmışdır. Bundan sonra iddiaçı Bakı şəhəri Nəsimi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd edilən xronologiyadan göründüyü kimi, iddiaçı tərəfindən əmək mübahisələri üzrə qanunla müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülməmişdir. Qanunvericinin tələbinə əsasən işçinin hüquqlarının pozulmasının hansı gündən etibarən hesablanmalı olduğu müəyyən edilmişdir. Hazırki halda da məhkəmə həmin müddətin xx.xx.2024-cü il tarixdən etibarən hesablanmasına aradan qaldıran hal müəyyən etmir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Sabirabad X6 mülki mühafizə xidməti üzrə mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi haqqında Azərbaycan Respublikası Cavabdeh 25 yanvar 2024-cü il tarixli əmrinin 2-ci bəndi və 29 yanvar 2024cü il tarixli 3-13-17/Ə(ş/h)100/2024 saylı əmri ləğv edilməli, İddiaçı işə bərpa edilməli, İddiaçı 29 yanvar 2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı tərəflər arasında bağlanmış əmək müqaviləsinə uyğun hesablanaraq cavabdeh Azərbaycan Respublikası Cavabdehndən İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçının mübahisələndirdiyi 25 yanvar 2024-cü il tarixli əmr tam şəkildə deyil, yalnız ona aid olan əmrin 2-ci bəndinə aid hissədə ləğv edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sabirabad X6 mülki mühafizə xidməti üzrə mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi haqqında Azərbaycan Respublikası Cavabdeh 25 yanvar 2024-cü il tarixli 3-13-17/ə31/2024 saylı əmrinin 2-ci bəndi və 29 yanvar 2024-cü il tarixli 3-13- 17/Ə(ş/h)100/2024 saylı əmri ləğv edilsin. Bayramova X2 X6 mülki mühafizə xidməti üzrə mühafizəçi vəzifəsinə bərpa edilsin. İddiaçı 29 yanvar 2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı tərəflər arasında bağlanmış əmək müqaviləsinə uyğun hesablanaraq cavabdeh Azərbaycan Respublikası Cavabdehndən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar