Məhkəmə qərarları › İş №2(006)-2911/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2911/2020

08.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2911/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 xx.xx.2017-ci il tarixli, saylı daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 almış və ipoteka ödənilib qurtardıqdan sonra ona qeydiyyat ******* nömrəli çıxarış verilmişdir. Cavabdehlə onun arasında olan razılığa əsasən ailə üzvləri ilə birlikdə həmin mənzili boşaldacaqlarını və ona təhvil verməyi öz üzərlərinə götürmüşlər. Lakin uzun müddətdir ki, cavabdehlər ona məxsus olan mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdehlərin qeydiyyatdan çıxmaması mülkiyyətçi kimi onun mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Göstərilənləri nəzərə alaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat vermişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 1D, 116 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2625 nömrəli reyestr kitabının 244625 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, iddiaçı mənzilin mülkiyyətçisi olduğundan müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. xx xxx 2017-ci il tarixli Alqı-satqı və İpoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki,satıcı Cavabdeh1 mülkiyyətindəolanBakı şəhəri, Nəsimi rayonu, Akademik Əliyev küçəsi, ev 1D, 116 saylı mənzili alıcı İddiaçı satmışdır. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.4-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 (otuz) gün müddətinə ipoteka predmetindən qeydiyyatda olan şəxslərlə birlikdə mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. 4 saylı Mənzil-İstismar Sahəsinin rəisi S.Ə.Zeynalov tərəfindən verilmiş 695 nömrəli arayışdan görünür ki, 1958-ci il təvəllüdlü Cavabdeh1 və 1982-ci il təvəllüdlü Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Akademik Əliyev küçəsindəki 1D saylı evin, 116 saylı mənzilində daimi qeydiyyatdadırlar. Notariat işində olan Cavabdeh2 tərəfindən imzalanmış ərizənin surətindəngörünürki,o, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Akademik Əliyev küçəsi, ev 1D, 116 saylı mənzilin satılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında xx.xx.1982ci il təvəllüdlü Cavabdeh2 qeydiyyatdadır. Məhkəmə baxışında müəyyən edilmişdir ki,Bakı şəhəri, Nəsimi rayonu, Akademik Əliyev küçəsi, ev 1D, 116 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh1 arasında xx xxx 2017-ci il tarixdə göstərilən mənzilin ipoteka və alqı-satqı müqaviləsi bağlanmışdır, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi və mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Mənzildə qeydiyyatda olan Cavabdeh2 məxsus olan mənzilin satılmasına etiraz etməmişdir. Lakin cavabdehlər göstərilən qanunun tələblərini pozaraq hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Beləliklə məhkəmə hesab edir ki, mənzilin əvvəlki mülkiyyətçisi olan Cavabdeh1 mənzildən qeydiyyatdan çıxmaması onunla iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən, satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 (otuz) gün müddətinə satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Mənzilin mülkiyyətçisi olmayan, lakin mənzildə qeydiyyatda olan digər cavabdehin (Cavabdeh2) mənzil satıldıqdan sonra qeydiyyatdan çıxmaması onun, yaşayış sahəsindən istifadə hüququndan imtina barədə notariat qaydasında üzərinə götürdüyü bir tərəfli öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin (bundan sonra – MM) 228.4-cü maddəsinə müvafiq olaraq yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Beləliklə Cavabdeh2 qeydiyyatda olduğu mənzilin satılmasına etiraz etməməsi barədə verdiyi ərizə yaşayış sahəsindən istifadə hüququndan imtina barədə öhdəlik kimi qiymətləndirilməlidir. Çünki cavabdehin iradə ifadəsinin həqiqi mənası məhz yaşayış sahəsindən istifadə hüququndan imtinaya yönəlmişdir. Belə ki, MM-nin 396-cı maddəsinə əsasən öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir. Yəni cavabdeh müvafiq ərizə verərək bir tərəfli əqd əsasında yaşayış sahəsindən istifadə hüququndan imtina barədə üzərinə öhdəlik götürmüş və bu öhdəliyə müqavilə öhdəlikləri barədə qaydalar tətbiq edilir. MM-nin 404.1 və 404.2-ci maddələrinə müvafiq olaraq müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmçinin iddiaçı ilə satıcı Cavabdeh1 mənzilin alqı-satqısına dair müqavilə bağlayarkən, üçüncü şəxslərin hər hansı bir hüququ ilə yüklü olmayan mənzilin alqısatqısına dair razılığa gəlmişlər. Belə ki, müqavilənin 2.2.2-ci bəndinə müvafiq olaraq, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad mənzil verməyi öhdəsinə götürmüşdür. Bundan başqa, MM-nin 572.1-ci maddəsinə müvafiq olaraq alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Beləliklə, iddiaçı həm mülkiyyətçi kimi, həm də kreditor kimi cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir, cavabdehlər isə mənzildən könüllü qaydada qeydiyyatdan çıxmamaqla, müvafiq olaraq müqavilə və qeyri-müqavilə öhdəliyini icra etməyərək, onun bu subyektiv hüququnu pozmuşlar. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişlər (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehlərdən müvafiq olaraq alqı-satqı müqaviləsinin və yaşayış sahəsindən istifadə hüququndan imtina barəsində bir tərəfli əqdin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdehlər isə öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşlar. Belə ki, alqı-satqı müqaviləsi tərəflərin razılaşdırdıqları əmlakın alıcıya verilməsini şərtləndirir. Cavabdehlər öz öhdəliklərini icra etmədiklərindən, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Bundan başqa, qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. X1 Məcəlləsinin 563.1-ci maddəsinə əsasən fiziki şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzilə mülkiyyət hüququ iddiaçıya keçdiyindən və cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 1D, 116 saylı mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqları itirilmiş hesab edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 1D, 116 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar