Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2939/2024 23.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Birinci iddia üzrə iddiaçının (ikinci iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Nümayəndə və birinci iddia üzrə cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə Birinci iddia üzrə İddiaçı birinci iddia üzrə Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbi və ikinci iddia üzrə iddiaçı Cavabdeh ikinci iddia üzrə cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 10 may 2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 30 avqust 2021-ci il təvəllüdlü Nuray adlı övladları dünyaya gəlmişdir. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-5158/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşağın anasının yanında saxlanması və İddiaçı hər ay övladının saxlanması üçün Duma Qocayevanın xeyrinə aliment tutulması qət olunmuşdur. İddiaçının atası Şahid xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən öz mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Nizami Nərimanov küçəsi, ev 85, mənzil 33 olan 3 otaqlı mənzilini satmışdır. Satışdan əldə olunan vəsait hesabına oğlu-İddiaçı adına xx.xx.2023cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən 54 saylı evin 60 saylı mənzilini alaraq oğluna hədiyyə etmişdir. Özlərinin yaşaması üçün isə həyat yoldaşı Rəna Qocayevanın (iddiaçının anası) adına xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol küçəsində yerləşən 4 saylı evin 6 saylı mənzilini almışdır (müvafiq sənədlər iddia ərizəsinə əlavə olunur). Yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında nikah rəsmi olaraq pozulmuşdur. Lakin buna baxmayaraq cavabdeh hələ də iddiaçının mülkiyyətində olan məznzildə yaşayır. Hesab edir ki, onunla artıq birlikdə yaşamadığı üçün cavabdeh həmin mənzildən çıxarılmalıdır. Cavabdehin iddiaçıya məxsus mənzildə yaşaması onun mülkiyyət hüququnun maneəsiz şəkildə həyata keçirilməsinə imkan vermir, buna maneələr törədir. Mülkiyyət hüququnun məzmunu mülkiyyətində olan əşyadan həm istifadəni, həm də onun üzərində müstəqil surətdə sərəncam verməyi nəzərdə tutur. Bu halda isə iddiaçıya məxsus evdə cavabdehin əsassız olaraq qeydiyyatda qalması və yaşaması həmin əmlaka müstəqil sərəncam vermək hüququmu məhdudlaşdırır, bununla da Konstitusiya ilə təsbit olunmuş mülkiyyət hüququmun tam və azad həyata keçirilməsinə maneə törədir. Göstərilənlərə əsasən hesab edilir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən 54 saylı evin 60 saylı mənzilindən çıxarılmalıdır. Odur ki, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən 54 saylı evin 60 saylı mənzilindən çıxarılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh 10 may 2020-ci il tarixində İddiaçı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahları 3 saylı Bakı "Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1114 № ilə qeydə alınmışdır. Cavabdeh ilə birgə nikahlarından 30 avqust 2021-ci il tarixində övladları X5 dünyaya gəlmişdir. İddiaçıya qarşı "nikahın pozulması" tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək nikahlarının pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı X1 Murad Ramiz oğluna qarşı "uşağın ananın himayəsinə verilməsi və aliment" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş qızları xx.xx.2021-ci il təvəllüdlü Qocayeva Nurayın onun himayəsinə verilməsi və yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-5158/2023 saylı qətnaməsi ilə 10 may 2020-ci il tarixdə 3 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində İddiaçı ilə iddiaçı arasında bağlanmış və nikahın bağlanması akt qeydləri kitabında 1114 № ilə qeyd edilmiş nikahlarının pozulmağı, birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X2 onun yanında saxlanılmağı və qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd edilir ki, birgə nikahları dövründə birgə vəsaitləri hesabına 28 iyul 2021-cü il tarixində, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən 54 saylı evin 60 saylı mənzili alınmış və orda yaşamağa başlamışlar. Nəzərə çatdırılır ki, həmin dövrdə analıq məzuniyyətinə çıxdığı üçün "hamiləliyə və doğuma görə" müavinət əldə etmiş və həmin pulu da mənzilin alınması üçün sərf etmişdir. Bununla yanaşı, sözügedən mənzilin alınması üçün valideynləri tərəfindən də vəsait qoyulmuş, nəticədə mənzil üçün lazım olan son məbləğ valideynləri tərəfindən tamamlanmışdır. Həmin ev birgə mülkiyyətdə olduğu üçün hazırda həmin evdə qızı ilə birlikdə yaşamağa davam edir. İddiaçı ilə aralarında mübahisə olmadığı üçün nikahın pozulmasından sonra əmlak bölgüsü olmamışdır və hər ikisinin istifadəsində olmuşdur. Lakin iddiaçı ona qarşı "mənzildən çıxarılma" tələbi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı ona qarşı "mənzildən çıxarılma" tələbi ilk növbədə aralarında yaranan əmlak mübahisəsinin həll edilməsi üçün məhkəmədən icraatın dayandırılmasını xahiş etmişdir. Həmçinin, İddiaçı tərəfindən təyin olunan aliment vaxtında və düzgün şəkildə ona ödənilmir, birlikdə sözügedən mənzildə yaşamağa davam edir. Aliment ona vaxtında ödənilmədiyi üçün qızının ehtiyaclarını qarşılamağa çətinlik çəkir. Təəssüf hissi ilə bildirir ki, əmlakın bölünməyəcəyi təqdirdə normal həyat fəaliyyətini zəruri olan yaşayış sahəsindən məhrum olur. Həmçinin, mülkiyyətində bunu əvəz edə biləcək nə başqa bir mənzil, nə də yaşayış sahəsi var. Nəzərə çatdırılır ki, məhkəməyə müraciət etməmişdən əvvəl "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etmək üçün tərəfindən cavabdehə mediasiya təklifi göndərilmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilən mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasında cavabdehin iştirak etməməsi səbəbindən mediator tərəfindən "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İlkin mediasiya prosesinin keçirilməsi ilə əlaqədar olaraq 60 (altmış) manat məbləğində mediasiya xərci tərəfindən ödənilmişdir. Göstərilənlərə əsasən, birgə nikahları zamanı əldə olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 54 ünvanında yerləşən 50 saylı mənzilin ½ paylarının müəyyən olunması ilə bağlı qətnamə qəbul edilməsi xahiş edilmişdir. 5.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 3632/2024 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair e-2(006)-3632/2024 saylı mülki işin İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair 2(006)-2939/2024 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 6.Məhkəmə iclasında birinci iddia üzrə iddiaçının (ikinci iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Nümayəndə tərəflərindən verilmiş iddia ərizəsini müdafiə edərək bildirdi ki, iddiaçı və cavabdeh xx.xx.2020-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Onların nikahları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçının atası Şahid xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilini satmış və satışdan əldə edilən gəlir hesabına həyat yoldaşı Şahidanın və oğlu İddiaçı adına olmaqla iki mənzil almışdır. İddiaçının adına xx.xx.2023-cü il tarixdə alınmış ünvan 2 ünvanında yerləşən, hazırki mübahisəli yaşayış sahəsidir. Həmin mənzil sırf iddiaçının atasının vəsaiti hesabına əldə edilmiş və iddiaçı tərəfindən həmin mənzilin alınmasına heç bir vəsait qoyulmamışdır. Bunu ötən məhkəmə iclasında cavabdeh də təsdiq etmişdir. Ümumiyyətlə, iddiaçı heç bir yerdə çalışmamış və onun heç bir vəsaiti olmamışdır. Nəticə olaraq həmin mənzil birgə nikah dövrünə düşsə də, birgə gəlir hesabına əldə edilmədiyindən cavabdehin həmin mənzil üzərində heç bir hüququ yoxdur və iddiaçı həmin mənzildən çıxarılmalıdır. Odur ki, qeyd edilənlərə əsasən tərəfərindən verilmiş iddianın təmin, qarşı tərəfin iddiasının isə rədd edilməsini xahiş etdi. 7.Məhkəmə iclasında birinci iddia üzrə cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh onun tərəfindən verilən iddianı müdafiə edərək və qarşı tərəfin iddiasına etiraz edərək bildirdi ki, o, qarşı tərəflə xx.xx.2020-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Bu zaman o, gəlin kimi qayınatası Şahid mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə köçmüşdür. Onlar uzun müddət həmin mənzildə yaşamışdır. Bir müddə sonra isə bildirildi ki, qayınatasının borcları olduğundan mənzil satılacaqdır. Həmin mənzilin satlmasından sonra ilk olaraq qayınanası Şahidanın adına mənzil əldə edildi. Bu zaman atası və o həyat yoldaşı, qızının yaşamaları üçün mənzil axtarmağa başladılar. Bütün prosedurıları atası və o həyata keçirdilə. Vasitəçi və onun köməyi ilə hazırki mübahisəli mənzili tapdılar. O, həmin mənzilin alınmasında əsas vəsaitin qayınatası Şahid tərəfindən verilməsini inkar etmir. Lakin həmin mənzilin alınmasında onun da atası və o, 10 min manata yaxın vəsait qoydular. Daha sonra tam həmin mənzili öz hesabına təmir etdirdi və onlar həmin mənzilə köçərək orada yaşamağa başladılar. Onlar hazırda da qızı ilə həmin mənzildə yaşayırlar. Onların başqa yaşayış sahələri yoxdur. Həmin mənzil onların birgə nikahları dövründə əldə edilmişdir. Ona görə də qarşı tərəfin iddiasının rədd edilməsini və tərəfindən verilmiş iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq, sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, sözügedən mənzil alınarkən onunla İddiaçı arasında ailə münasibətləri faktiki cəhətdən pozulmamışdı. 8.Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, İddiaçı onun oğlu, Cavabdeh isə onun keçmiş gəlinidir. Mübahisəli mənzil sırf onun mülkiyyətində olan mənzilin satılmasından əldə edilən vəsait hesabına əldə edilmişdir. Oğlu və gəlini həmin mənzilin alınmasında iştirak etməmişlər. Sadəcə gəlininin atası mənzil alınarkən 3 min manat vermişdir. Onun mübahisəli mənzili almağında məqsəd oğlu və onun ailəsinin orada yaşamasını təmin etmək idi. Belə ki, gəlini onlarla yaşamaq istəmədiyini bildirmişdi. O da məcbur qalıb mülkiyyətində olan mənzili satdı və həyat yoldaşı və oğlunun adına iki mənzil aldı. Lakin onlar həmin mənzilə köçdükdən bir müddət sonra ailə münasibətləri pisləşmiş və aralarında bağlanmış nikah pozulmuşdur. Əlavə olaraq, sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, mübahisəli mənzili 65 min manata əldə etmişdirlər. Keçmiş gəlini və onun valideynləri mənzilin alınması zamanı onlara pul verməmişdilər, sadəcə mənzil alınarkən İddiaçı 3 min manat pul vermişlər. Mübahisəli mənzili almaqda məqsəd oğlu və gəlininin yaşaması olmuşdur. Həmin mənzilə cəmi iki dəfə getmişdir. 9.Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci iddia tələbi rədd, ikinci iddia tələbi isə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 10 may 2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından 30 avqust 2021-ci il tarixli X5 adlı övladları dünyaya gəlmişdir. Tərəflərin birgə nikahda olduqları dövrdə (xx.xx.2021-ci il tarixdə) ünvan 2 ünvanı İddiaçı adına rəsmiləşdirilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə məhkəmə qətnaməsi əsasında tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Hal-hazırda Cavabdeh övladları X5 ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Hazırda birinci iddia tələbi üzrə İddiaçı atası Şahid tərəfindən özünə məxsus evin satılaraq Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 54 ünvanında yerləşən 60 nömrəli mənzilin ona hədiyyə edildiyini iddia edərək, Cavabdeh ona məxsus olan ünvan 2 ünvanından çıxarılmasını, ikinci iddia tələbi üzrə iddiaçı Cavabdeh isə ünvan 2-ın onların birgə nikahı dövründə, birgə vəsaitləri hesabına əldə edildiyini iddia edərək, həmin mənzil üzərində ½ hissədə pay hüququnun tanınmasını tələb edir. b) Mülki işin materialları: 11.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-5158/2023 saylı qətnaməsinə əsasən ilk iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 10 may 2020-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1114 № ilə qeyd edilmiş nikahın pozulması, qarşılıqlı iddia tələbinin təmin edilməsi, birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanılması, birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması və alimentə dair hissənin dərhal icraya yönəldilməsi qət edilmişdir. 12.Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı, ******* seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 62.17 kv.m olan 3 otaqlı mənzil satıcı Şahid tərəfindən alıcı X4 126.500 manat məbləğinə satmışdır. 13.Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil satıcı X8 tərəfindən alıcı X6 53.000 manata satılmışdır. 14.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışın surətindən görünür ki, ünvan 2 üzərində xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 15.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, ******* nömrəli Arayışdan görünür ki, ünvan 2-da İddiaçı, Şahid, X5 və Cavabdeh qeydiyyatdadırlar. 16.Mülki işin materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilən MŞB/6-00724 nömrəli İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə Arayışdan görünür ki, hər iki tərəf iştirak etmiş, lakin tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir (Mediator:H.Elçin). 17.Mülki işin materiallarında olan 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyya şöbəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixdə verilən AZ-İV seriyalı, 637475 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata adı qrafasında İddiaçı, ana adı qrafasında isə Cavabdeh qeyd edilmişdir. 18.Mülki işin materiallarında olan Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MŞB/2/2024-00626 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etməmiş, Cavabdeh iştirak etmiş və mediasiya xərcini ödəmişdir (Mediator:M.Pərvanə). 19.Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40.47 kv.m olan mənzil satıcı X3 tərəfindən alıcı İddiaçı 50.000 manat məbləğində satılmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 20.Məhkəmə hazırki iş üzrə ilk növbədə ikinci iddia tələbinə (birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi) hüquqi qiymət verməyi zəruri hesab edir, belə ki, birinci iddia tələbinin nəticəsi ikinci iddia tələbinin nəticəsindən asılı olduğuna görə ilk növbədə ikinci iddia məhkəmə qaydasında müfəssələr araşdırılmalıdır. 21.Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 22.Konstitusiyanın 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir. 23.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 24.Həmin Məcəllənin 225.1-ci maddəsinə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 25.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 26.Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 27.Həmin Məcəllənin 32.3-cü maddəyə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 28.Eyni Məcəllənin 34-cü maddəyə uyğun olaraq nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 29.Eyni Məcəllənin 36-cı maddəsi müəyyən edir ki, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir və mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ərarvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 30.Qeyd olunan Məcəllənin 37-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətə layiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 31.Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il, 1/2024 №-li Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ərarvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. 32.Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2023-cü il tarixli qərarında belə bir mövqe bildirilmişdir ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Nəzərə alınmalıdır ki, şifahi qaydada bağlanmış əqdlər üzrə yuxarıda qeyd edilənlərin hüquq tətbiqedici orqanlar tərəfindən dəqiq müəyyənləşdirilməsi, bir qayda olaraq mümkün olmadığından, bu, hazırkı işdə olduğu kimi hüquq tətbiqetmə təcrübəsində ziddiyyətlərin və fərqli yanaşmaların yaranmasına və eyni bir faktın bir halda ərin və ya arvadın şəxsi mülkiyyətinin yaranmasının əsası kimi qiymətləndirilməsi, digər halda isə onların birgə mülkiyyətini istisna edən əsas kimi nəzərə alınmaması ilə nəticələnir. 33.Məhkəmə hazırki işə münasibətdə ilk olaraq onu qeyd edir ki, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi irəli sürülərkən ilk növbədə müəyyən edilməli olan hallardan biri, həmin əmlakın ər-arvadın birgə nikah dövründə, birgə vəsaiti hesabına əldə olunub-olunmamasının, yəni daşınmaz əşyaya birgə hüququn mövcudluğunun araşdırılmasıdır. Yalnız birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən bütün əsasların mövcud olduğu, tərəflərin ümumi birgə əmlakı olduğu halda müvafiq iddia tələbi uğurlu hesab oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarına əsasən əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Hazırki iş üzrə işin araşdırılan hallarından göründüyü kimi iddiaçı Cavabdeh pay hüququnun tanınmasını tələb etdiyi əmlak, yəni Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən 54 saylı evin 60 saylı mənzili tərəflərin birgə nikahı dövrü tarixində, birgə təsərrüfat apardıqları dövrdə, yəni xx.xx.2021-ci il tarixdə əldə edilmişdir. Hazırda cavabdeh tərəf atasına məxsus evin satılması və satışdan əldə edilən pul vəsaiti hesabına hazırki mübahisəli evin onun adına atası tərəfindən alınaraq hədiyyə edilməsini iddia etsə də, yuxarıda qeyd edilən Konstitusiya və Ali Məhkəmənin Plenumunun qərarlarına əsasən nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Hazırki iş üzrə isə mübahisəli mənzilin məhz cavabdeh İddiaçı atası tərəfindən bağışlanan pul vəsaiti hesabına alınmasına dair yazılı sübut mövcud deyildir. Halbuki, qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəli əmlakın əvəzsiz əqd nəticəsində əldə edildiyi cavabdeh tərəfindən sübuta yetirildiyi halda, bu zaman birgə mülkiyyət prezumpsiyası aradan qalxmış və cavabdehin həmin əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranmış olacaqdır. Hazırki vəziyyətdə isə bu kimi hallar cavabdeh Q.Murad tərəfindən sübuta yetirilə bilməmişdir. Əksinə, məhkəmə iclasında şahid qismində dindirilən cavabdehin atası Şahid da öz ifadəsində etiraf etmişdir ki, mübahisəli mənzilin alınması zamanı hətta əlavə olaraq kiçik məbləğdə olsa iddiaçı Cavabdeh atası da iştirak edərək üç min manat vermiş və onun tərəfindən mənzilin alınmasında məqsəd həmin mənzildə oğlu və keçmiş gəlininin (iddiaçının) birgə orada yaşamasını təmin etmək olmuşdur. Göründüyü kimi mübahisəli mənzil tərəflərin birgə nikahda olduqları dövrdə hər iki tərəfin birgə vəsaiti hesabına onların birgə ehtiyaclarının qarşılanması məqsədilə əldə edilmişdir. Odur ki, bütün bu qeyd edilənlərə əsasən iddiaçı Cavabdeh «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə əlavə olaraq məhkəmə iclasında iddiaçı Cavabdeh mənzilin alınması zamanı özü və atası tərəfindən ümumilikdə 10.000 manat məbləğində pul qoymaları fikrinə münasibətdə isə qeyd edir ki, bu fakt iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir (3000 manatdan əlavə vəsaitin cavabdeh tərəfindən ödənilməsi barədə). Bu səbəbdən məhkəmə qeyd edir ki, mənzilin əldə olunması üçün nəzərdə tutulan vəsaitin demək olar ki, daha çox hissəsi iddiaçının atası Q.Ramiz tərəfindən bütünlükdə ailə ehtiyacları üçün hər ikisi üçün bağışlandığından mənzildə hər ikisinin birgə bərabər payı yaranmışdır. 34.Beləliklə də iddiaçı Cavabdeh «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi»nə dair tələbi əsaslı hesab edilməklə təmin edilməli, mübahisəli mənzil tərəflərin birgə nikahları dövründə onların birgə vəsaitləri hesabına birgə ehtiyaclarının qarşılanması məqsədilə əldə edildiyindən ümumi birgə mülkiyyət hesab edilməli və həmin əmlak üzərində tərəflərin hər birinin ayrı-ayrılıqda ½ hissədə pay hüquqları müəyyən edilməlidir. 35.Daha sonra məhkəmə birinci iddia tələbinə münasibətdə isə qeyd edir ki, həmin tələb əsassız hesab edilməklə təmin edilməməlidir. Belə ki, birinci iddia üzrə İddiaçı atası tərəfindən ona hədiyyə edilən Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 54 ünvanında yerləşən 60 saylı mənzildən Cavabdeh çıxarılmasını tələb edir, hansı ki, ikinci iddia tələbi üzrə məhkəmə tərəfindən müəyyən edildi ki, sözügedən mübahisəli mənzil İddiaçı iddia etdiyi kimi onun ayrıca fərdi mülkiyyəti yox, onunla Cavabdeh birgə nikahları dövründə birgə ehtiyaclarının qarşılanması məqsədilə əldə edilən ümumi mülkiyyət olduğundan həmin əmlak üzərində tərəflərin hər birinin ½ hissədə pay hüquqları vardır. 36.Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 37.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. 38.Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar «Uolson İsveçrəyə qarşı» məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. 39.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 40.Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 41.Hazırki tələb üzrə iddiaçı Q.Muradın cavabdeh Q.Durnanı çıxarmaq istədiyi mübahisəli əmlakın onların ümumi birgə mülkiyyətlərində olması və həmin əmlakın bərabər paylara bölünərək ½ hissəsi üzərində Cavabdeh, ½ hissəsi üzərində isə İddiaçı mülkiyyət hüququnun tanınmalı olması müəyyən edildi. Yəni mübahisəli əmlak iddiaçı ilə yanaşı cavabdehin də mülkiyyətində olduğundan hazırda iddiaçı Q.Muradın cavabdeh Q.Durnanı sözügedən mənzildən çıxarılmasına dair tələbi cavabdeh Q.Durnanın mülkiyyət hüquqlarının müdafiəsi baxımından əsassız hesab edilməklə rədd edilməlidir. 42.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, birinci iddia tələbi üzrə İddiaçı birinci iddia üzrə Cavabdeh qarşı «mənzildən çıxarılma»ya dair tələbi əsassız hesab edilməklə təmin edilməməli, ikinci iddia tələbi üzrə iddiaçı Cavabdeh ikinci iddia üzrə cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi»nə dair tələbi isə təmin edilməli və iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı Rami oğlunun birgə nikahları dövründə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 54 ünvanında yerləşən 60 saylı mənzil paylara bölünərək, həmin mənzilin 1/2 hissəsinə Cavabdeh, 1/2 hissəsinə İddiaçı mülkiyyət hüququ tanınmalıdır. 43.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 44.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 45.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 46.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 47.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 48.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 49.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Birinci iddia tələbi üzrə İddiaçı birinci iddia üzrə Cavabdeh qarşı «mənzildən çıxarılma»ya dair tələbi təmin edilməsin. İkinci iddia tələbi üzrə iddiaçı Cavabdeh ikinci iddia üzrə cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi»nə dair tələbi təmin edilsin. İddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikahları dövründə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 54 ünvanında yerləşən 60 saylı mənzil paylara bərabər bölünərək, həmin mənzilin 1/2 hissəsinə Cavabdeh, 1/2 hissəsinə İddiaçı mülkiyyət hüququ tanınsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2939/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2939/2024
23.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver