Məhkəmə qərarları › İş №2(006)-2952/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2952/2022

23.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2952/2022 23.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı «qeydiyyatdan çıxarılma tələbi»nə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qeydiyyatdan çıxarılma tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçının tələbi cavabdehin ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılması ilə bağlıdır ki, qanunvericilikdə ümumi yurisdiksiyalı məhkəmənin bu cür səlahiyyəti nəzərdə tutulmamışdır. Belə olan halda, cavabdehin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməlidir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 sentyabr 2020ci il tarixli Qərarında qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Həmin Qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə məhkəmə qaydasında və ya mülki icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «qeydiyyatdan çıxarılma tələbi»nə dair iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, hazırki iddia ərizəsi ilə bağlı alınmış imtina cavabı ilə əlaqədar müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 153.2.1, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «qeydiyyatdan çıxarılma tələbi»nə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya qeyd olunan tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar