Məhkəmə qərarları › İş №2(006)-2978/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2978/2021

20.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2978/2021 20.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adixan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Aslanov (Aslanlı) Samir Vova oğluna qarşı «əmək haqqından qeyri-qanuni tutulmanın dayandırılması, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Aslanov (Aslanlı) Samir Vova oğluna qarşı «əmək haqqından qeyri-qanuni tutulmanın dayandırılması, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Aslanov (Aslanlı) Samir Vova oğluna Cavabdeh1da kredit almaqdan ötrü 12.02.2015-ci il tarixdə 112GTUM150430005 saylı kredit müqaviləsi ilə zamin durmuşdur. Cavabdeh2 (Aslanlı) kredit almış şəxs kimi öz borcunu yerinə yetirmir. Bank isə Cavabdeh2 (Aslanlıya) heç bir cəza tədbiri görmədən iddiaçının zaminlik müqaviləsindən yararlanaraq məvacibini qeyri-qanuni olaraq tamamilə tutularaq öz hesabına keçirir. Bankın Cavabdeh2 (Aslanlıya) heç bir sanksiya tətbiq etməməsi belə deməyə əsas verir ki, bank Cavabdeh2 (Aslanlı) ilə əvvəlcədən razılaşaraq dələduzluq yolu ilə iddiaçının etibarından və məvacib kartından yararlanaraq zəhmətsiz varlanmaq istəmişlər. Əslində bununla vətəndaşa qarşı cinayət əməli törədilmişdir. Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tənzimlənən dələduzluq əməli barədə cinayət işi açılmalıdır. İddiaçıya vurulmuş böyük həcmdə maddi-mənəvi ziyana gəldikdə isə artıq onun ailənin maddi durumu sıfıra düşüb, heç bir günahı olmayan insanı aldadaraq onun etibarından sui-istifadə etmək, onun məvacibini kartından oğurlamaq Cavabdeh1 ASC kimi mötəbər bir quruma necə yaraşdırmaq olar. Zamin kimi məsuliyyətləri nəzərə alınarsa ən pis halda iddiaçının məvacibinin yarısı tutula bilər. Amma, hamısının tutulması artıq vəzifə səlahiyyətlərini aşaraq sui-istifadə deməkdir. Bankla borclu əlbir olub zaminin vəziyyətini ağırlaşdırırlarsa, zamin həmin müqavilədən imtina edə bilər. Hazırki vəziyyətdə isə bankın borcluya qarşı heç bir tədbir həyata keçirməməsi və zaminin bütün məvacibinin tamamilə oğurlanması qanunun tamamilə pozulmasını aşkar göstərir. Problemli həlli ilə əlaqədar bankın rəhbərliyinə dəfələrlə müraciəti mənfi cavablandırılmışdır. Göstərilənlərə əsasən Cavabdeh1 ASC tərəfindən məvacibinin qeyri-qanuni plastik kartından tutulmasının dayandırılması, iddiaçıya dəymiş maddi və mənəvi ziyanın 4500 manat və 30 manat dövlət rüsumunun Aslanov (Aslanlı) Samir Vova oğlundan tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılması xahiş edilmişdir. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Xətai rayon Məhkəməsinin 11.05.2017-ci il tarixli 2(011)-4620/2017 saylı icra sənədinə əsasən Nizami rayon icra məmuru tərəfindən Təhsil Nazirliyinə göndərilmişdir. Bu icra sənədinə əsasən mühasibatlığa onun əmək haqqı hesabından icra sənədinə əsasən vəsait tutulmuşdur. Bundan əlavə əmək haqqı kartından tutulmalara başlanılmışdır. 2015-ci ildən zamin olduğu şəxs Cavabdeh2 görə kreditin Cavabdeh1 ASC-yə ödənilməsi onun əmək haqqı kartından və icra sənədinə əsasən yalnız iddiaçıdan tutulmuşdur. Səbəb zamin olduğu şəxsin işləməsinə baxmayaraq əmək haqqını kart vasitəsilə deyil, əlbəəl alması və krediti ödəməkdən boyun qaçırması olmuşdur. Bu dəqiqləşdirmə ilə əlaqədar olaraq İ və İİ zaminlik müqavilələrinə əsasən bugünkü günə qədər ondan tutulan vəsaitin dəqiq hesablanması və ona 2015-ci ildən (6 il ərzində) ona vurulan mənəvi ödənişlərin (2000 manat) ödənilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən bundan öncə də banka qarşı eyni tələblə məhkəməyə müraciət edilmişdir. Həmin iddiaya da Nəsimi rayon Məhkəməsində baxılmış və 2017-ci ildə işlə bağlı qətnamə çıxarılaraq iddia təmin edilməmişdir. Aydın şəkildə görünür ki, bu məsələyə daha öncə də məhkəmə tərəfindən münasibət bildirilib. Əvvəlki məhkəmə iclasında cavabdeh Aslanov (Aslanlı) Samir Vova oğlu iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının zamin durarkən özünün maddi marağının olduğunu düşünür. Əgər heç bir marağı yox idisə, niyə heç tanımadığı adama zamin dururdu. O, özü nə iddiaçını, nə də iddiaçının bəhs etdiyi hərbçini tanımır. O, banka yaxınlaşıb kredit götürmək istəyəndə zamin yox idi deyə ona kredit vermədilər. Bu zaman ona köməklmk edib krediti ala bilmədiyi üçün bank rəhbərliyi özü bu şəxs tapıb ona zamin olaraq gətirdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Odur ki, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Cavabdeh1 ASC ilə borclu X6 və zamin İddiaçı arasında bağlanmış 12 fevral 2015-ci il tarixli Z-112GTUM150430005 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ASC ilə borclu X6 arasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə zamin İddiaçı borclu X4 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün borclu ilə eyni həcmdə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İşin materiallarında olan İddiaçı 12.02.2015-ci il tarixli razılıq ərizəsinin surətindən görünür ki, o, X6 ilə bağlanmış 12.02.2015-ci il tarixli 112GTUM150430005 saylı kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirildikdə, ödənilməli olan gecikən əsas borc, hesablanmış faiz və cərimə məbləğlərinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmir. İş üzrə Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanmış 28.09.2016-cı il tarixli məktubundan görünür ki, zaminlə kreditorun münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin «Zaminlik» adlanan 4-cü paraqrafı ilə tənzimlənir (470-477-ci maddələr). Belə ki, Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 3 şəxslə Bank qarşısında rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə çıxış etdiyi zaminlik müqavilələrində zaminin öhdəlikləri aydın şəkildə qeyd olunmuşdur. Zaminlik müqavilələrində kredit müqavilələri üzrə məbləğ, zaminin üzərinə düşən öhdəliklər, öhdəliklərin icra qaydası və mübahisəli məsələlərin həlli qaydası qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanmış 05.02.2021ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı zaminliyi ilə Cavabdeh1 ASC-nin 28 May filialı ilə Cavabdeh2 arasında 12.02.2015-ci il tarixdə 36 ay müddətinə 10000 manat məbləğdə kredit müqaviləsi rəsmiləşdirilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edilməmiş və bank tərəfindən borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11.05.2017-ci il tarixli, 2(011)-3720/2017 saylı qətnaməsi ilə Cavabdeh2 və İddiaçı müştərək qaydada cəmi 5762,02 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumun tutularaq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra qaydasında Banka vəsait daxil olmur. Əlavə olaraq bildirirlər ki, zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə əsas və faiz borcları qədər vəsait zaminin sərəncamı olmadan onun istənilən bank hesabından akseptsiz qaydada bloklaşdırıla və tutula (silə) bilər. Qeyd edilənləri nəzərə alaraq 22.12.2020-ci il tarixdə kartına mədaxil olunmuş 575,85 manat vəsaitdən 200 manat hissəsi zaminlik öhdəliyinin icrasına yönəldilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11.05.2017-ci il tarixli 2(011)-4620/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və İddiaçı müştərək qaydada 5762,02 manat əsas kredit borcun və 20 manat dövlət rüsumunun Cavabdeh1 ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş üzrə Bakı şəhəri Nizami rayon İcra Şöbəsi tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış 24.07.2017-ci il tarixli məktubun surətindən görünür ki, Xətai rayon Məhkəməsinin 11.05.2017-ci il tarixli, 2(011)-4620/2017 saylı icra sənədi «İcra haqqında» Qanunun 24.1.1-ci maddəsinə əsasən icra olunması üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinə göndərilmiş, borclunun əmək haqqından borc bitənədək 50% tutulub tələbkar Cavabdeh1 ASC-nin hesabına, məbləğin 7% həcmində icra ödənişinin, yəni 403,35 manat Nizami rayon İcra Şöbəsinin depozit hesabına köçürülməsi və icra barədə şöbəyə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.11.2017-ci il tarixli, 2-1(82)-4456/2017 saylı qərarından görünür ki, Bakı şəhər Nizami rayon icra şöbəsinin icra məmuru X1 Bakı şəhər Xətai rayon Məhkəməsinin 11.05.2017-ci il tarixli 2(011)-4620/2017 saylı icra sənədi üzrə 24.07.2017-ci il tarixdə qəbul etdiyi «icra ödənişin alınması haqqında» qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4204 saylı, 26 iyul 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 12.02.2015-ci il tarixli, Z-112GTUM150430005 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı kart hesabından Cavabdeh1 ASC tərəfindən 3.351 manat silinmişdir. Beləliklə, işin materiallarından da göründüyü kimi İddiaçı Cavabdeh1 ASC ilə 12 fevral 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlayaraq, həmin Bank ilə borclu Cavabdeh2 (Aslanlı) arasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə zamin duraraq borclunun bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün borclu ilə eyni həcmdə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Borclu S. Aslanov (Aslanlı) kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə Bank kredit və ipoteka müqavilələrinin şərtlərini əsas götürərək zaminin hesabından müvafiq tutmalar aparmış və bu zaman Bank tərəfindən heç bir qanunun pozuntusuna yol verilməmişdir. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.4.3-cü bəndindən görünür ki, kreditor kredit müqaviləsi üzrə əsas və faiz borcları qədər vəsaiti zaminin sərəncamı olmadan, akseptsiz qaydada onun bankdakı cari və ya depozit hesabından bloklaşdıra və tuta (silə) bilər. AR Mülki Məcələlnin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Qeyd edilən Məcəllənin 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Həmin Məcəllənin 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Göstərilən Məcəllənin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə qeyd edir ki, iddiaçının hesabındakı pul vəsaitinin silinməsi tərəflər arasında bağlanmış zaminlik müqaviləsi ilə nəzərdə tutulduğundan, bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən yerinə yetirilməməsi ilə bağlı iddiaçıya məxsus hesabdan pulun silinməsinə dair hərəkətləri tam qanuni olmuşdur. AR Mülki Məcəllənin 6.1.2-ci və 6.1.5-ci maddəsinə mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesabından pulun akseptsiz qaydada silinməsi zaminlik müqaviləsi ilə nəzərdə tutulduğundan, kredit təşkilatı olan Bank tərəfindən isə kredit müqaviləsi üzrə aylıq ödənişlər həddində tutma həyata keçirildiyindən, iddiaçının zamin kimi onun aldığı əmək haqqına Aslanov (Aslanlı) Samir Vova oğlunun gecikdirilmiş öhdəliklərinin tutulmasının dayandırılması barədə tələbi əsaslı hesab edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirildikdə, ödənilməli olan gecikən əsas borc, hesablanmış faiz və cərimə məbləğlərinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etməməsi ilə bağlı banka ərizə vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Bank tərəfindən müqavilə şərtinə uyğun və qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından akseptsiz qaydada iddiaçının əmək haqqı hesabından kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödənişlər həddində tutmalar həyata keçirildiyindən, həmin tutmanın həyata keçirilməsi üçün hər hansı məhkəmə qərarının olmasına əsas yoxdur. Məhkəmə hesab edir ki, qaldırılan iddia tələbləri əmək haqqından qeyri-qanuni tutulmanın dayandırılması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə cavabdehin mülki iş üzrə icraata xitam verilməsi barədə vəsatət münasibətdə qeyd etməyi zəruri hesab edir ki, 2(006)-1083/2017 saylı mülki iş başqa tərəflər arasında olmuş qeyd olunan mülki işdə hazırki tərəflər tərəf kimi iştirak etməmişdir. Lakin məhkəmə prosesində iddiaçı izahatında qeyd etmişdir ki, əvvəllər Nəsimi Rayon Məhkəməsində öüzünü iddiasına baxılmış, iddiaçı digər şəxsin zaminliyi ilə bağlı iddia irəli sürmüş və bu iş üzrə heç bir əlaqəsinin olmaması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki vəsatət rədd edilməlidir. Məhkəmə iddia tələbinin maddi ziyana görə 4500 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 474.1 və 474.2-ci maddələrinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Göstərilən Məcəllənin 475.1 və 475.2-ci maddələrinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən kredit götürən şəxsin öhdəlikləri zamin tərəfindən icra olunduğu təqdirdə, zaminin kredit götürən şəxsə qarşı ödədiyi məbləğ həddində reqress qaydada tələb etmək hüququ yaranır. Məhkəmə hesab edir ki, iddiaçı (zamin) kart hesabından çıxarılmış pul vəsaitinin cavabdehdən (borcludan) geri tələb etməkdə haqlıdır. İş üzrə keçirilmiş ekspert rəyinə əsasən İddiaçı kart hesabından Cavabdeh1 ASC tərəfindən 3351 manat silinmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, cavabdeh Aslanov (Aslanlı) Samir Vova oğlundan iddiaçıdan tutulmuş 3351 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Bundan əlavə, məhkəmə iddianın «mənəvi ziyana görə 2000 manat tələb edilməsi» hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Buna görə də iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Aslanov (Aslanlı) Samir Vova oğlundan iddiaçıdan tutulmuş 3351 (üç min üç yüz əlli bir) manat, həmçinin 30 manat məbləğində dövlət rüsumu, cəmi 3381 (üç min üç yüz səksən bir) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh Aslanov Aslanlı) Samir Vova oğlundan tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən tələbi təmin edilsin. Cavabdeh Aslanov (Aslanlı) Samir Vova oğlundan iddiaçıdan tutulmuş 3351 (üç min üç yüz əlli bir) manat, həmçinin 30 manat məbləğində dövlət rüsumu, cəmi 3381 (üç min üç yüz səksən bir) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh Aslanov (Aslanlı) Samir Vova oğlundan tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar