Məhkəmə qərarları › İş №2(006)-2990/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2990/2020

31.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2990/2020 31.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "əmrin ləğv edilməsi və s." tələbinə dair mülki iş üzrə barışıq sazişinin təsdiq olunması məsələsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "əmrin ləğv edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi X3 məhkəməyə barışıq sazişi təqdim edərək, barışıq sazişi bağladıqlarını bildirdilər və barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2020-ci il tarixli barışıq sazişinə əsasən tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin iddiaçı və cavabdehin nümayəndəsi ərizələrlə məhkəməyə müraciət edərək bağladıqları barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladığından həmin saziş məhkəmə tərəfindən təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "əmrin ləğv edilməsi və s." tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. İddiaçı Cavabdeh MMC qarşısında yaranmış 1500 manat məbləğində pul öhdəliyini ödəməyi öhdəsinə götürür. Pul vəsaitinin ödənilməsini işə qəbul edildiyi tarixdən bir ay keçdikdən sonra göstərilən məbləği, 12 aya bölməklə, hər ay bərabər məbləğlərlə hissə-hissə ödəmək öhdəliyini üzərinə götürür. Ödəmə bank köçürmə yolu ilə və ya nağd şəkildə həyata keçirilə bilər. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 34 saylı Əmri ilə əmək haqqından 25% tutulma məbləğinin geri tələb edilməsindən imtina edir.

2. Cavabdeh MMC İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması barədə xx.xx.2020-ci il tarixli və intizam tənbehi kimi əmək haqqından tutulmuş 25% məbləğin tutulması barədə xx.xx.2020-ci il tarixli Əmrlərin ləğv edilməsi, öz ərizəsi əsasında AR ƏM-nin 69.1-ci maddəsi ilə işdən azad edilməsi barədə əmrin verilməsi, habelə həmin əmrə müvafiq qeydin əmək kitabçasına edilməsi və elektron sistemdə müvafiq qeydlər aparılması öhdəliyini üzərinə götürür.

3. Tərəflər hazırkı mübahisə üzrə bütün məsələlərdə tam razılığa gəldiklərinə görə bir-birlərinə qarşı bütün iddialarından əl çəkməyi və bu barədə bir daha məhkəmədə mübahisə etməməyi öhdələrinə götürürlər. İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "əmrin ləğv edilməsi və s." tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar