Məhkəmə qərarları › İş №2(006)-2997/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2997/2025

25.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2997/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “öhdəliyin icrası”na dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “öhdəliyin icrası”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xx.xx.2025-ci il tarixdə N9-21-3-30/2-R0111-8/2025 saylı imtinanın əsassız hesab edilərək ********** qeydiyyat nömrəli çıxarışda ad qrafasında “Adil” yox, “Aqil” adının yazılması öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə iddiaçı tərəfindən 100 manat məbləğində rüsum ödənilmişdir.

3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.

Əsaslandırıcı hissə: a) məhkəmənin mövqeyi:

4. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə rayon məhkəməsinə deyil, müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Çünki, inzibati orqana qarşı öhdəliyin icrasına dair iddia ərizəsinə baxılması inzibati məhkəmələrin səlahiyyətindədir.

5. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı mülki icraat qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmək istədikdə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etməlidir. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Nizami rayonu ərazisində qeydiyyatda olduğu nəzərə alınmalıdır.

6. Məhkəmə iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina etdiyi üçün Ali Məhkəmənin Plenumunun xx.xx.2019-cu il tarixli qərarını nəzərə alaraq iddiaçıya izah edir ki, əgər iddiaçı müvafiq sənəddə adının səhv yazıldığını hesab edirsə, hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında baxılması üçün öz yaşayış yeri üzrə - Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidir. Həmin ərizə iddia ərizəsi deyil. Ona görədə faktının müəyyən edilməsi barədə ərizəyə xüsusi icraat qaydasında baxılır. Xüsusi icraat qaydasında baxılacaq faktının müəyyən edilməsi barədə ərizə ərizəçi tərəfindən öz yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 114.1.2-ci maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. 153.2.1-ci maddə. Ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddə. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.6-cı maddə. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 309.1-ci maddə. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

8. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı: Bənd 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.

9. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya hazırkı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə və ya faktının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti rayon (şəhər) məhkəməsinə xüsusi icraat qaydasında baxılması üçün müraciət etmək hüququ izah edilməlidir.

10. Məhkəmə iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün ödədiyi dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia ərizəsi məhkəmə tərəfindən baxılması üçün qəbul edilmədiyinə görə Ərizəçi tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılmalıdır.

Nəticə:

11. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “öhdəliyin icrası”na dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz on) manat məbləğində pul Ərizəçi geri qaytarılsın (qəbz №: **********). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar