Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3005/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən (mənzildən) istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən (mənzildən) istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 638-ci məhəllə Sarabski küçəsi 16B saylı evin 1-2 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə xx xxxxxx 1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx xxxx 2003-cü il təvəllüdlü X6 və xx xxxxxx 2008-ci il təvəllüdlü X8 doğulmuşdur. Sonradan cavabdeh nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(006)-5393/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh ilə X7 ilə X5 arasında xx xxxxxx 1999-cu il tarixdə Nəsimi rayon VVADQ şöbəsində 532 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx xxxx 2003-cü il təvəllüdlü X2 və xx xxxxxx 2008-ci il təvəllüdlü X4 anaları X1 yanında saxlanılması qət edilmişdir. İddiaçı ilə cavabdehin birgə nikahda olduğu dövrdə, yəni 2013-cü il tarixdə ünvan 1 ünvanda yerləşən mənzil iddiaçının adına əldə edilmiş və dəyəri birgə nikah dövründə ödənilmişdir. Həmin ildən etibarən iddiaçı ailə üzvləri ilə birgə həmin mənzildə yaşayır və ailə üzvləri (keçmiş ailə üzvü Cavabdeh, övladları X6 və X8) hazırda orada qeydiyyatdadırlar. Cavabdehlə nikahlarının 2016-cı il 15 dekabr tarixindən pozulmasına baxmayaraq, cavabdehin hazırkı günədək həmin mənzildən istifadə hüququ vardır və cavabdeh hal-hazırda həmin mənzildə yaşamır, uzun müddətdir ki, Rusiya Federasiyasındadır. Cavabdehin həmin mənzildən istifadə hüququ 2013-cü il tarixdən, yəni xx xxxxxxx 2009-cu ildən etibarən qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmışdır və bu amil yaranmış mübahisəyə həmin Məcəllənin müvafiq normasının tətbiq olunması üçün əsasdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, Mənzil Məcəlləsinin imperativ normasına əsasən cavabdehin mənzildən istifadə hüququ ailə münasibətlərinə xitam verildiyi, yəni iddiaçı ilə aralarında olan nikahın pozulduğu vaxtdan mövcud deyildir. Hal-hazırda cavabdehin sözügedən mənzildən istifadə hüququnun olması həm yuxarıda qeyd edilmiş imperativ normanı pozur, həm də iddiaçının mənzilə dair mülkiyyət hüqununun həyata keçirilməsinə mane olur. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər xx xxxxxx 1999-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X8 adlı iki övladları doğulmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən, ailə münasibətləri alınmamışdır. Cavabdeh X3 qarşı «nikahın pozulması» tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(006)- 5393/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş və tərəflər arasındakı nikah pozulmuşdur. Qətnamə icra edilərək, X3 xx xxxxxx 2016-cı il tarixli AZ-İ seriyalı 255643 saylı nikahın pozulması haqqında şəhadətnamə təqdim olunmuşdur. Tərəflər birgə nikahda olduqları dövrdə Bakı şəhəri Nəsimi rayonu 638-ci məhəllə Sarabski küçəsi 16 B saylı evin 1-2 saylı mənzilini almışlar. Mənzil İddiaçı, yəni hazırkı iş üzrə iddiaçının adına alınmışdır. İdiaçının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə ******* saylı çıxarış verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İşin faktiki hallarından göründüyü kimi, mübahisəli mənzil tərəflərin birgə nikahda olduqları dövrdə əldə olunmuşdur. İddiaçı Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edərək, cavabdehin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş edir. Lakin, işin faktiki hallarından göründüyü kimi, həmin maddi hüquq normasının hazırkı mübahisəyə tətbiq edilməsi mümkün deyil. Belə ki, mənzil tərəflərin birgə nikahda olduqları dövrdə alınmaqla, tərəflərin ümumi mülkiyyətidir, cavabdeh mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olmaqla, onun mülkiyyət hüququ qanunlarla təsbit edilməklə, müdafiə olunur. Bu səbəbdən, iddia əsassızdır və təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən (mənzildən) istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən (mənzildən) istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3005/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3005/2020
21.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver