Məhkəmə qərarları › İş №2(006)-3019/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3019/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3019/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliklərinin icrası və mənzilin təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MTK arasında olan 09 noyabr 2017-ci il tarixli, 22 saylı müqaviləyə əsasən, cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi; 41) kv.m olan 1 otaqlı tam təmirli mənzilin İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsinə və İddiaçı məruz qaldığı 13000 manat məbləğində maddi zərərin və ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (“Payçı”) ilə Cavabdeh MTK (“Kooperativ”) arasında 09 noyabr 2017-ci il tarixli, 22 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “Vətəndaş” (gələcəkdə “Payçı” adlandırılacaq) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 14 kv.m ibarət olan,1 otaqlı, 308 saylı mənzilini Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 174 saylı, 20 iyul 2017ci il tarixli Sərəncamı əsasında ünvan 3 ünvanında nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün “Kooperativ”in mülkiyyətinə verir, “Kooperativ isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbədə, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m təşkil edən 1 otaqdan ibarət mənzili təmirli qaydada “Vətəndaş”ın mülkiyyətinə verilməyi öz öhdəsinə götürür və “Vətəndaş”a müvvəqəti yaşayacağı yer üzrə aylıq 250 manat kirayə haqqının ödənilməsini təmin edir. Müqavilə üzrə İddiaçı ümumi sahəsi 41 kv.m ibarət 1 otaqlı mənzil təhvil verilməli olduğu halda, mənzilə baxış keçirilən zaman məlum olmuşdur ki, cavabdeh iddiaçıya layihədən kənar (təsdiq edilmiş layihədə ümumiyyətlə belə mənzil yoxdur), əlavə ödənişlər edilmək şərti ilə mənzil təklif etməklə müqavilə öhdəliklərini kobud surətdə pozmuşdur. Nəzərinizə çatdırırıq ki, cavabdehdən nağd şəkildə alınmış kirayə haqqı məbləği 2020-ci ilin noyabr ayına qədər olan dövrü əhatə edir. Lakin cavadbeh 2020-ci ildən etibarən kirayə haqqı ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən, İddiaçı hər ay kirayə puluna görə 250 manat davam edir. Göründüyü kimi, 09 noyabr 2017-ci il tarixli, 22 saylı müqaviləyə əsasən, 41 kv.m ibarət 1 otaqlı tam təmirli mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi və 13000 manat məbləğində maddi zərərin Cavabdeh MTK-dan tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili ərizə təqdim edərək, İddiaçı ilə cavabdeh "Mahal” MTK arasında olan 09 noyabr 2017-ci il tarixli, 22 saylı müqaviləyə əsasən, cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda 1 otaqlı tam təmirli mənzilin İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsinə və İddiaçı məruz qaldığı 13000 manat məbləğində maddi zərərin və ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq, İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh MTK arasında olan 09 noyabr 2017-ci il tarixli, 22 saylı müqaviləyə əsasən, cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m olan 1 otaqlı tam təmirli mənzilin İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi, ünvan 1 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m olan 1 otaqlı tam təmirli mənzilin təhvil verilməsi mümkün olmadığı təqdirdə başqa 1 otaqlı tam təmirli mənzilin təhvil verilməsi və İddiaçı məruz qaldığı 13000 manat məbləğində maddi zərərin və ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq, İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan kooperativ Cavabdeh MTK ilə payçı İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilə №22-nin surətindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə görə 1.1 “Vətəndaş” (gələcəkdə “Payçı” adlandırılacaq) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 14 kv.metrdən ibarət olan, 1 otaqlı, 308 saylı mənzilini Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 174 saylı, 20 iyul 2017-ci il tarixli Sərəncamı əsasında ünvan 2 ünvanında nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün “Kooperativ’rin mülkiyyətinə verir, “Kooperativ” isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbədə, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.metr təşkil edən 1 otaqdan ibarət mənzili təmirli qaydada “Vətəndaş”ın (gələcəkdə “Payçı” adlandırılacaq) mülkiyyətinə verməyi öz öhdəsinə götürür və “Vətəndaş”a (gələcəkdə "Payçı” adlandırılacaq) müvvəqəti yaşayacağı yer üzrə aylıq 250 (iki yüz əlli) manat kirayə haqqının ödənilməsini təmin edir. 1.2 Tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul edirlər. İş materiallarında olan DƏDRX tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 4 mərtəbəli binanın 3-cü mərtəbəsində 14 kv.m ümumi, 14 kv. M yaşayış sahəsindən ibarət 1 otaqlı 308 nömrəli sıxlaşdırılmış mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1038 nömrəli reyestr kitabının 93437 nömrəli vərəqində qeydiyyata alınaraq, İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, Cavabdeh MTK tərəfindən öhdəlik icra edilməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirdiyindən, onun cavabdehə qarşı öhdəliyin icra edilməsi barədə tələbi tam əsaslı olmaqla təmin edilməli, cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m olan 1 otaqlı tam təmirli mənzil İddiaçı sahibliyinə və istifadəsinə verilməlidir. Məhkəmə iddia tələbinin “ümumi sahəsi 41 kv.m olan 1 otaqlı tam təmirli mənzilin təhvil verilməsi mümkün olmadığı təqdirdə başqa 1 otaqlı tam təmirli mənzilin təhvil verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia qeyri-müəyyən olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sora MPM) 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin “13000 manat maddi ziyanın tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyi vaxtında icra etməməklə mənzili təhvil vermədiyi üçün iddiaçı kirayə haqqı ödəmək məcburiyyətində qalmışdır. Müqavilədən görünür ki, tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddət kimi 36 ay müəyyən etsələr də, 36 ayın tamamında mənzil iddiaçıya təhvil verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili kirayə üzrə ödənişlərin 2020-ci ilin əvvəlindən başlayaraq ödənilmədiyini bildirmiş, bunun sübutunu təqdim etməmişdir. Məhkəmə hesab edir ki, müqavilə müddəti qurtardıqdan sonra mənzilin təhvil verilməməsi halı onun kirayə üzrə ödənişləri dayandırması anı kimi də qəbul edilməli, bunun əksini isə cavabdeh müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməməklə təkzib etməmişdir. Belə olan halda 2020-ci il noyabr ayından 2024-cü ilin may ayınadək (43 ay) hər ay 250 manat hesablanmaqla (10750 manat) Cavabdeh MTK-dan İddiaçı xeyrinə maddi ziyanın əvəzi tutulmalıdır. Məhkəmə iddia tələbinin “ödənilmiş 130 manat dövlət rüsumunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də iddia əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından müəyyən edilir ki, iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçı tərəfindən 130 manat dövlət rüsumu ödənilmiş, buna görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTKnın üzərinə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 22 saylı müqavilə üzrə ünvan 1 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m olan 1 otaqlı tam təmirli mənzilin İddiaçı təhvil verilməsi qoyulmalı, Cavabdeh MTK-dan maddi ziyanın əvəzi olaraq 10750 manat və ödənilmiş 130 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK-nın üzərinə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 22 saylı müqavilə üzrə ünvan 1 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m olan 1 otaqlı tam təmirli mənzil İddiaçı təhvil verilməsi qoyulsun. Cavabdeh MTK-dan maddi ziyanın əvəzi olaraq 10750 manat və ödənilmiş 130 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar