Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-305/2024 19.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçının Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, dalan 4-də yerləşən 1 nömrəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 dekabr 2005-ci il tarixdə Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq ailə həyalı qurmuşdur. Onların birgə nikahlarından 18 avqust 2006-cı il təvəllüdlü Vasif adlı bir uşaqları vardır. Qeyd etmişdir ki, qeydiyyatda olduğu və hazırda ailə üzvləri ilə birlikdə yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları, dalan 4 ünvanındakı 1 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdeh2 ilə birgə nikahdan doğulmuş Vasif adlı uşaqları, həmin evdə qeydiyyatdadır. Məhkəməni məlum etmişdir ki, Cavabdeh2 ilə aralarında mövcud olmuş nikah Nəsimi Rayon Məhkəməsinin 05 iyul 2010-cu il tarixli qətnaməsi ilə pozulmuş və Vasif adlı uşaqları anası Cavabdeh2 yanında qalması qət edilmişdir. 30 dekabr 2016-cı ildə o, yenidən nikaha daxil olmuş və həmin nikahdan 05 aprel 2018-ci il təvəllüdlü bir uşaqları vardır. Hazırda o, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları, dalan 4 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evində öz ailə üzvləri ilə birlikdə yaşayır. Vasif adlı uşağı isə artıq 12 ildən artıqdır ki, anası ilə birlikdə Siyəzən rayonunda babasına məxsus evdə yaşayır. Göründüyü kimi Vasif yaşayış yerini dəyişmiş və özünə başqa yaşayış yeri seçmişdir. Bu baxımdan da hesab etmişdir ki, Vasifin ona məxsus evdə qeydiyyatda qalmasına artıq heç bir səbəb qalmamışdır. Oğlunun daimi yaşayır yeri var və hazırda da anası ilə birlikdə Siyəzən rayonunda yaşayır. Bu günədək oğlunun anası ilə onun arasında mənzillə bağlı hər hansı bir mübahisə olmamış, ondan yaşayış sahəsi tələb etməmiş və bu da onu deməyə əsas verir ki, onların uzun illərdir ki, yaşadığı yaşayış sahələri vardır. Hesab etmişdir ki, oğlu 12 ildən artıqdır ki, anası ilə birlikdə özünə başqa yaşayış yeri seçdiyindən, ona məxsus evin yaşayış sahəsindən istifadə etmir və buna görə də ona məxsus evin yaşayış sahəsindən istifadə hüququna xilam verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin qanuni nümayəndəsi Cavabdeh2 iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanmış nikah pozulduqdan sonra oğlu ilə birlikdə Siyəzən rayonunda kirayədə yaşayır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2006-cı il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində istifadədə olan 0.38 ha torpaq sahəsində yerləşən 1 nömrəli 1 mərtəbəli binanın dalan 4də, 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 19.5 kv.m ümumi 11 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının 6668 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 1-nin İddiaçının adına keçməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə Bakı şəhəri 13 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2005-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 1-dir. İş materiallarında olan ASAN 1 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh1 ünvan 2 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Siyəzən RİHB-nın Siyəzən şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 2003 saylı arayışdan görünür ki, Cavabdeh1 Siyəzən şəhəri, C.Cabbarlı küçəsi 3№li evdə yaşamaqla, ünvan 4 ünvanda qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı işin mübahisələndirilməyən həqiqi halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, dalan 4 ev 1 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin əmlak ona mərhum anasından miras qalmaqla əmlaka dair xx.xx.2006-cı il tarixdə qanun üzrə vərəsəliyi tanınmış və xx.xx.2006-cı il tarixdə adına rəsmiləşdirilmişdir. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2005-ci il tarixdə bağlanmış nikah xx.xx.2010-cu il tarixdə pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh1 anası ilə birlikdə Siyəzən şəhəri, C.Cabbarlı küçəsi 3№li evdə yaşayır. Məhkəmə Cavabdeh1 mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, onun uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin materialları və faktiki halları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, yetkinlik yaşına çatmayan Cavabdeh1 valideynləri arasında nikah pozulduqdan sonra mübahisəli mənzildən köçmüş, anası ilə birlikdə daimi başqa yaşayış yerinə köçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, Cavabdeh1 uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 istifadə hüququna kompensasiya ödənilmədən xitamı üçün əsaslar vardır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən əvvəllər istifadə etmək hüququ olan şəxsin həmin hüququnun qalması hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Sadalanlara əsasən məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyac aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Həmin qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, dalan 4, 1 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, dalan 4, 1 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-305/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-305/2024
19.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver