Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3064/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi - X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.870 manat hesabından çıxarılmış maddi zərər, 100 manat əldən çıxmış fayda, 5.000 manat mənəvi zərər və ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, cəmi 8.070 manat pulun Cavabdeh ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin Abşeron rayon filialı ilə aralarında xx.xx.2022-ci il tarixdə «X4 Kart Müqaviləsi» bağlanmışdır. Həmin müqaviləyə əsasən ona pulsuz olaraq BirBankın son rəqəmi 4842 olan saylı kartını təhvil vermişlər. Kartı alandan sonra kart hesabına 6633 manatdan çox pul yerləşdirmişdir. 26 mart 2023-cü il tarixdə link üzərindən Cavabdehın Bir Bank tətbiqinə daxil olmaq istəmiş, telefon nömrəsini qeyd etdikdən sonra bankdan saat 12:00-da ona OTP kod gəlmiş, nəticədə kod avtomatik olaraq kod yazmaq üçün olan hissədə qeyd olunmuşdur. Hadisədən 40 dəqiqə sonra saat 12:40 radələrində telefonuna bildiriş xəbəri gəlmişdir. Bank kartı ilə bağlı aparılan əməliyyat imtina vermişdir. Darhal bankdan ***-***-**-** nömrəsindən ona zəng galmiş və əməliyyatı yerinə yetirənin onun olub-olmadığını soruşmuşlar. Sorğuda soruşulmuşdur ki, əməliyyatı o yerinə yetirirsə 1 düyməsini, əks halda 2 düyməsini qeyd etməsini tələb etmişlər. O, dərhal 2 düyməsini qeyd etmiş və operatora bağlanmışdır. Operatora kartına müdaxilə olunduğunu və dərhal bloklamasını xahiş etmişdir. Operator cəld tərpənməyib ona təlimatlar sadalamağa başlamışdır – «əgər sizin kartınızı bloklasam kart tamamilə ləğv olunacaq, kartdan istifadə edə bilməyəcəksiniz» kimi cümlələrlə kartın avtomatik bloklanmasını sanki yubatmağa çalışırdı. O, dərhal cavab vermişdir ki, «kart mənimdir, dərhal bloklayın, hər nə olur-olsun, bir tək kartımdan pul çıxarılmasın». Operator karti gec bloklamışdır. O, operatordan bir daha soruşmuşdur ki, onun kartda olan pul vəsaiti yerindədirmi? Operator bildirmişdir ki, onlar artıq kartı bloklamışlar, pul yerindədir. Operatorla sağollaşdıqdan sonra telefonuna gələn mesaj nəticəsində məlum olmuşdur ki, operatorla danışan zaman sonuncunun ləng, səhlənkar hərəkəti nəticəsində kart hesabından 2.870 manat pul tanımadığı şəxs(lər) tərəfindən qeyri-qanuni olaraq çıxarılmışdır. Yenidən dərhal Bankın 196 qaynar xəttində operatorla əlaqə saxlamağa çalışsa da alınmamışdır. «BirBank» online çat üzərindən operatorla əlaqə saxlamışdır. Lakin operator heç bir kömək edə bilməyəcəyini, 14 gün ərzində hər hansı bir filiala yaxınlaşaraq müraciət etməsini bildirmişdir. O, dərhal 196 qaynar xəttini yığıb kart hesabını yoxlamış və ona gələn sms bildirişdə oğurlanan pul kart hesabında blokda olan məbləğ kimi qeyd olunurdu. Dərhal səhəri gün 27 mart 2023-cü il tarixdə saat 09:00-da Sumqayıt şəhərində yerləşən Cavabdehın Fərhad filialına yaxınlaşaraq ona kömək etmələrini istəsə də, bankın əməkdaşı ona heç bir kömək edə bilməyəcəyini bildirmişdir. O, oğurlanan pulun kart hesabında blokda göründüyünü qeyd etmiş və bank əməkdaşı bank tərəfindən pulun silinmə sorğusu aparılmadığını qeyd dərək bildirmişdir ki, pulu onun özünə qayıda bilər, lakin silinmə sorğusu təsdiq edilsə naməlum şəxslərin hesabına keçəcək və 196-ya müraciət etsin. O, təkrar 196 qaynar xəttinə zəng vurmuş və pulun silinmə sorğusunu təsdiq etməmələrini xahiş etmişdir. Lakin, operator onu ittiham etmişdir ki, dələduzluğu edən guya odur. Ona görə də, heç bir kömək edə bilməyəcəklər, bununla bağlı polisə müraciət etsin. O, polisə müraciət etmiş və kartı aldığı Xırdalan filialına yaxınlaşmışdır. Filialda pul ilə bağlı sorğu yaradılmışdır. Sorğunun yaradılmasına baxmayaraq iş vaxtının bitməsindən 1 saat 48 dəqiqə sonra saat 18:48-də bank blokda görünən məbləği blokdan çıxarılaraq silinmə sorğusunu təsdiq etmiş və hesabında olan şəxsi vəsaitinin naməlum şəxs(lər) tərəfindən ələ keçirilməsinə şərait yatarmışdır. Bununla bağlı Abşeron RPİ-yə rəsmi ərizə vermişdir. Abşeron RPİ onun ərizəsini Sumqayıt şəhər Pİ-yə göndərmişdir. Son məlumata əsasən Sumqayıt ŞPİ cinayət hadisəsinin Abşeron rayonu ərazisində baş verməsini əsas gətirərək materialı Abşeron RPİ-yə göndərmişdir. Araşdırma aparılması adı altında süründürməçilik davam edir. xx.xx.2022-ci il tarixli X4 KART MÜQAVİLƏSİ-nin predmetində göstərilmişdir ki, Bank Müştəriyə X4 ödəniş kartı verir. Müştərinin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi islehlak məqsədi ilə bərpa olunan kredir xətti ayırır, həmin karta bağlı və istifadəsi ilə əlaqədar müvafiq hesablar açır. Müştəri isə Kartdan və kredit xəttindən istifadə edir, yaranmış borclarını, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilədə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər arasında işgüzar münasibətlərin xarakterindən asılı olaraq, Bank müştərilərin qeyri-adi və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və yaxud digər əmlakının leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi baxımından şübhəli əməliyyatlarını, habelə kreditin üçüncü şəxslərin istifadəsi üçün götürüldüyünü müəyyən etdikdə, Kartı bloklaşdıra, hesab(lar)ı bağlaya və bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Həmin müqavilənin 3.4.5-ci bəndinə əsasən bu Müqavilənin 5.2-ci bəndi ilə müəyyən edilmiş əməliyyatlar aparıldıqda, habelə bu Müqavilə ilə nəzərdə tutulmuş digər hallarda bank tərəfindən hesab birtərəfli qaydada bağlana (ləğv edilə) bilər. Göründüyü kimi, Cavabdeh ASC müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə etibar etdiyi pul vəsaiti qanunsuz olaraq tanımadığı şəxslərin əlinə keçmişdir. Nəticədə ziyana düşmüşdür. Uzun müddətli iztirab keçirmişdir. Gecə-gündüz əsəbdən yata bilməmişdir. Dəfələrlə intihat elmək istəmiş, lakin tənha anası gözünün önünə gəlmiş və fikrindən yayınmışdır. Mehdi Psixologiya və Reablitasiya Mərkəzininin Baş X1 qəbulunda olmaqla müayinə və müalicə olunmuşdur. Hələ də əsəb gərginliyi keçirir. Nəticədə mənəvi ziyan da çəkir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, bank ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixli X4 kart müqaviləsi bağlanmış və həmin müqavilə əsasında bank müştəriyə X4 kartı vermişdir. İddiaçı kartdan istifadə edərkən kart məlumatlarını digər şəxsə təqdim etmiş və həmin şəxs kartdakı vəsaiti xaricə köçürməklə istifadə etmişdir. Belə ki, iddiaçı ona dələduzluq edən şəxs tərəfindən göndərilmiş linkə daxil olaraq kart məlumatlarını daxil etmişdir. Bundan sonra həmin şəxs xx.xx.2023-cü il tarixdə kartdan 3.347 ABŞ dolları 08 sent məbləğində vəsaitin istifadə olunmasına cəhd etmişdir. Lakin əməliyyata qoyulmuş limit səbəbi ilə əməliyyat icra olunmamışdır. Daha sonra kartdan 59999 Ukrayna qrivnası (2870,12 AZN / 1673,54 ABŞ dolları) istifadə olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «onun kartı ilə əməliyyatın aparılmasından imtina barədə bildiriş gəldikdən sonra ona bankdan zəng gəlmiş və o, 2 düyməsini basdıqdan sonra operatora bağlanmış və operatora kartına müdaxilə olunduğunu və kartının dərhal bağlanmasını xahiş etmiş, operator isə cəld tərpənmədən təlimatlar sadalamağa başlamış, kartın bloklanmasını sanki yubatmağa çalışmış, operatorun ləng, səhlənkar hərəkəti nəticəsində operatorla danışan zaman kartından 2.870 manat vəsait tanımadığı şəxs tərəfindən çıxarılmışdır. Daha sonra Banka müraciət etdikdə həmin vəsaitin blokda olduğu ona bildirilmişdir.» Bildirir ki, qeyd olunan vəsaitin Bankdan tələb olunması əsassızdır. Belə ki, məhkəməyə təqdim olunmuş sənədlərdən də göründüyü kimi, xx.xx.2023-cü il tarixdə 12:41:32-də 3.347,08 ABŞ dolları vəsaitin köçürülməsinə cəhd olunmuş, lakin əməliyyat limiti keçdiyindən əməliyyat icra olunmamışdır. Daha sonra Bank tərəfindən həmin tarixdə saat 12:42:49-da interaktiv zəng olunaraq əməliyyatı aparan şəxsin müştərinin özü olub-olmaması, əgər özüdürsə və limitin artırılmasını istəyirsə, 1 düyməsinin, özü deyilsə, 0 düyməsinin basılması bildirilir. Müştəri 0 düyməsini basdığından zəng operatora birləşdirilmişdir. Operator müştərini eyniləşdirmək üçün suallar vermiş və kartın bağlanmasının nəticələrini izah etmişdir. Lakin həmin tarixdə saat 12:42:52-də, yəni zəngdən 3 saniyə sonra artıq müştərinin hesabından 1.673,54 ABŞ dolları (2.870,12 AZN/ 59.999 UAH) vəsait köçürülmüşdür. Buna görə də, iddia ərizəsində qeyd olunan «operator kartı gec blokladı» iddiası əsassızdır. Köçürülmüş vəsaitin blokda olmasına münasibətdə bildirir ki, bu, həmin vəsaitin iddiaçının kartında bloklanmasını deyil, vəsait kartdan çıxıldıqdan sonra qarşı bank tərəfindən əməliyyatın təsdiqlənməsini bildirir. Yəni 14 gün ərzində vəsait qarşı bank tərəfindən təsdiqlənməsə vəsait geri qaytarıla bilər, yaxud təsdiqlənərsə, əməliyyat mübahisələndirilə bilər. Əlavə olaraq iddiaçının iddia ərizəsində istinad etdiyi müqavilə bəndləri Bankın bu əməliyyata görə məsuliyyətini müəyyən etmir. Həmin müqavilənin 7.2.6-cı bəndinə əsasən məlumatların ötürülməsinə görə müştərinin özü məsuliyyət daşıyır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sənədlərdən görünür ki, iddiaçıya məxsus pul vəsaitlərin iddiaçının iradəsinə zidd olaraq məxaric edilməsi (başqa hesablara köçürülməsi, nağdlaşdırılması və s.) cavabdehin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı deyil. Cavabdeh tərəfindən Azərbaycan Respublikasında bankçılıq və elektron bankçılıq xidmətlərinin göstərilməsi və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair metodoloji rəhbərliyin tələblərini yerinə yetirmiş, E-bankçılıq xidmətlərindən istifadə zamanı məsafədən həyata keçirilən hücumların növləri, onların aşkar edilməsi və qarşısının alınması üzrə zəruri tədbirləri görmüşdür. Bundan başqa, müştərilərin kiber cinayətkarlıqla bağlı maarifləndirilməsi üçün bank tərəfindən müvafiq addımlar atılmışdır. https://www.kapitalbank.az/news/karttehlukesizliyi yönləndiricisi üzrə ətraflı məlumat təqdim olunmuşdur. Bank iddiaçının müraciəti ilə bağlı atıla biləcək addımlarda yubanmaya yol verməmiş, səhlənkarlıq etməmiş, müştərini qeyri-məmnun edəcək, ona maddi zərər vuracaq hər hansı hərəkət və ya hərəkətsizliyə yol verməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş etirazda da göstərildiyi kimi, iddiaçı ona dələduzluq edən şəxs tərəfindən göndərilmiş linkə daxil olaraq kart məlumatlarını daxil etmişdir. Bundan sonra həmin şəxs xx.xx.2023-cü il tarixdə kartdan 3.347 ABŞ dolları 08 sent məbləğində vəsaitin istifadə olunmasına cəhd etmişdir. Lakin əməliyyata qoyulmuş limit səbəbi ilə əməliyyat icra olunmamışdır. Daha sonra kartdan 59999 Ukrayna qrivnası (2870,12 AZN / 1673,54 ABŞ dolları) istifadə olunmuşdur. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə 12:41:32-də 3.347,08 ABŞ dolları vəsaitin köçürülməsinə cəhd olunmuş, lakin əməliyyat limiti keçdiyindən əməliyyat icra olunmamışdır. Daha sonra Bank tərəfindən həmin tarixdə saat 12:42:49-da interaktiv zəng olunaraq əməliyyatı aparan şəxsin müştərinin özü olub-olmaması, əgər özüdürsə və limitin artırılmasını istəyirsə, 1 düyməsinin, özü deyilsə, 0 düyməsinin basılması bildirilir. Müştəri 0 düyməsini basdığından zəng operatora birləşdirilmişdir. Operator müştərini eyniləşdirmək üçün suallar vermiş və kartın bağlanmasının nəticələrini izah etmişdir. Lakin həmin tarixdə saat 12:42:52-də, yəni zəngdən 3 saniyə sonra artıq müştərinin hesabından 1.673,54 ABŞ dolları (2.870,12 AZN/ 59.999 UAH) vəsait köçürülmüşdür. Bundan başqa, bank tərəfindən VİSA üzərindən müraciət olunaraq, iddiaçıya məxsus kartdan istifadə olunmuş məbləğə dair əməliyyat mübahisələndirilmiş, lakin vəsaitin qaytarılmasından imtina olunmuşdur. Vəsaitin qaytarılmasından imtinanın səbəbi göstərilmiş və müvafiq sənəd təqdim olunmuşdur (PrivatBankın təqdim etdiyi sənəd, 59999,00 qrivna məbləğinə dair). Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli «X4 Kart Müqaviləsi»nin 7.2.6-cı bəndindən görünür ki, məlumatların ötürülməsinə görə müştərinin özü məsuliyyət daşıyır. İddiaçının Mərkəzi Banka müraciətləri də müvafiq qaydada cavablandırılaraq, iddiaçıya izah edilmişdir ki, 26 mart 2023-cü il tarixdə iddiaçının 416973******4842 nömrəli plastik kartından 59999 UAH (ekvivalenti olaraq 2870,12 manat) məbləğində əməliyyat icra edilmişdir. Əməliyyat müraciətdə qeyd edilən mobil nömrəyə göndərilmiş OTP kodun istifadə edilməsi ilə icra edilmişdir. Plastik kart məlumatlarının məxfiliyinin qorunması kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə bank məsuliyyət daşımır. İddiaçıya həmçinin hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3064/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3064/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver