Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3073/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və X6 qarşı «evin bərpa və təmirinə çəkilmiş xərcin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və X6 qarşı «evin bərpa və təmirinə çəkilmiş xərcin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 verdikləri 1.200 ABŞ dolları (hazırki məzənnə ilə 2.040 manat) və evin yenidən tikilməsinə çəkdikləri 12.500 ABŞ dolları (21.250 manat), evin sonuncu dəfə təmirinə xərclənmiş 10.000 manat pul olmaqla, cəmi 33.290 manat, qeydiyyatda olmuş İddiaçı1 isə qeydiyyatdan çıxarma ilə əlaqədar 10.000 manat məbləğində pulun kompensasiya şəklində, ümumilikdə cəmi 43.290 manat pulun, habelə ödənilmiş 220 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, X9, İddiaçı2 və X2 Bakı şəhəri S.Vurğun küçəsi dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini; qəbul ediləcək qətnamənin, iddiaçının razılığı ilə Bakı şəhəri S.Vurğun küçəsi dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzilinə qeydiyyata düşmüş cavabdeh İddiaçı1 həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas sayılmasının qeyd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, X9, İddiaçı2 və X7 qarşı «zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş; cavabdehlər İddiaçı1, X9, İddiaçı2 və X2 Bakı şəhəri S.Vurğun küçəsi dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi; iddiaçı Cavabdeh1 Bakı şəhəri S.Vurğun küçəsi dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 saylı mənzilinə köçürülməsi; qətnamənin cavabdeh İddiaçı1 Bakı şəhəri S.Vurğun küçəsi dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması; iddia tələbinin qalan hissədə təmin edilməməsi; İddiaçı2 Cavabdeh1 qarşı «alğı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Bundan sonra, o, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh1 cəlb edilməklə) «çıxarışın qüvvədən düşmüş hesab edilməsi və qeydiyyat yazısının ləğv edilməsi, sahiblik və istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-362/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 dekabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-362/2024 nömrəli qətnaməsi ləğv edilmiş; İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh1 cəlb edilməklə) «çıxarışın qüvvədən düşmüş hesab edilməsi və qeydiyyat yazısının ləğv edilməsi, sahiblik və istifadə hüququnun tanınması» tələbinə dair mülki iş üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş, İddiaçı2 hazırkı tələbləri ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X10 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməsi, müraciəti təmin edilmədiyi halda, Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Qeyd edir ki, hazırki tələblə bağlı ilk dəfə Nəsimi rayon Məhkəməsinə qarşılıqlı iddia şəklində müraciət edilmiş, daha sonra tələb dəyişdirilərək alğı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə tələblə əvəz edilmişdir. Həmin mübahisələr üzrə məhkəmə qərarları qüvvəyə mindiyindən hazırki tələblə yenidən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, bacısı X8 və onun qızı Cavabdeh1 ilə 2000-ci ildə danışıb razılaşmışlar ki, Bakı şəhəri S.Vurğun küçəsi, Dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzili alaraq həmin evi bərpa edərək oraya köçüb yaşasınlar. Nəticədə onlar ailələri ilə birlikdə evi yenidən tikərək 19 iyun 2000-ci ildə Bakı şəhəri S.Vurğun küçəsi dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzilinə köçmüşlər. Belə ki, həmin mənzil yararsız və qəzalı vəziyyətdə idi. Bacısı və bacısının qızı Vüsalə ona bildirmişdir ki, evi söküb, yenidən tikib və təmir etməyə maddi imkanları yoxdur. Buna görə ona təklif etmişlər ki, evi alsın, özü də yenidən tikərək təmir edib yaşasın. Qeyd edir ki, həmin ildə zəlzələ də baş vermişdi və ev tam yararsız və qəzalı vəziyyətə düşmüşdür. Yəni, zəlzələdən sonra ev daha da uçmuşdur. Nəhayət onlar 2002ci ildə evi öz hesablarına yenidən tikmişlər. Evə köçən vaxt 1.200 ABŞ dolları pul məbləğini bacısı Dürnisə və onun qızı Vüsaləyə vermişlər. Onlar evi yenidən tikən zaman elə 7 ay orada başqa evdə kirayədə yaşamışlar. Evi yenidən tikib təmir edəndən sonra bacısı və bacısı qızı evi onların adına keçirtməkdən yayınmışlar, 2022-ci ilə qədər də onlardan ev tələb etməmişlər. Cavabdeh tərəf qeyd edirdi ki, ev onlarındır və nə qədər istəyirlərsə yaşasınlar, ev plana düşəndə onların haqqını verəcək, özlərinə ev alarlar. Çünki onlar həmin dövrdə evin tikilməsinə çəkdikləri xərcə bir ev almaq mümkün idi. Onlar ev almamış və bacısı onlara demişdir ki, bu ev onlarındır və girib yaşasınlar. Lakin evi yenidən tikdikdən sonra evi onların adına keçirtməkdən yayınmış və bildirmişdir ki, ev plana düşəndə onların haqqını verəcək. Həmçinin qeyd edir ki, bacısıgil onlardan qabaq 4 il mübahisəli evdə yaşamışdırlar. Həmin müddət ərzincən heç bir kommunal ödənişləri etməmişlər. Onların 4 illik borclarınının hamısını, işıq, qaz, su, kanalizasiya borclarının hamısını onlar ödəmişlər. Evə telefon çəkdirmişlər. Bir müddət sonra təmir olan vaxtı gəlib evə baxış keçirmişlər ki, bu ərazilər plana düşəcək və buna görə bacısıgil evi onların adına keçirtməkdən yayınmışlar. Bacısıgil onlara demişlər ki, «siz evin yenidən bərpasına 12.500 ABŞ dolları xərc çəkmisiniz, nə vaxt pulları olar, həmin pulu qaytararıq və siz də evdən çıxarsız». Bu günə qədər də nə pul qaytarmamışlar, nə də ev tələb etmirdilər. Hazırda evlərin plana düşməsi reallaşdığına görə onları evdən məcburi qaydada çıxartmışlar. Halbuki onların həmin evə istifadə hüquqları var idi. Evin tikilməsi onların hesabına aparıldığına görə çəkdikləri xərclər onlara ödənilməlidir. Çünki həmin məbləğə onlar həmin vaxt özlərinə ev də ala bilərdilər. Lakin bacısıgilin sözünə inanaraq bu günə qədər gözləmişlər. Bundan başqa qeyd edir ki, həmin evin təmirinə müxtəlif vaxtlarda xərclər çəkilmişdir. Sonuncu dəfə evin təmir edilməsi məhz məhkəmə mübahisəsinin başlamasından qısa zaman öncə olmuşdur. Həmin vaxt evin təmirinə 10.000 manatdan artıq pul xərclənmişdir. Həmin məbləğ də cavabdehdən tutularaq onlara ödənilməlidir. 2000-ci ilin iyunundan həmin evdə yaşamaqla onların ilk öncə həmin evdə istifadə hüquqları yaranmışdır. Onların istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi qeyri-qanuni olmuşdur. Yəni istifadə hüquqlarına xitam verilmədən onların oradan çıxarılmaları qanunsuz və əsassız olmuşdur. Bu baxımdan evdə qeydiyyatda olan İddiaçı1 qanuni şəkildə həm 10.000 manat kompensasiya verilməli, həm də evə çəkdikləri 33.290 manat məbləğində xərclər onlara ödənilməlidir. Qeyd edir ki, həmin evdə ailə üzvü olaraq hamısı yaşasa da, yalnız İddiaçı1 qeydiyyatda olmuşdur. İddiaçı2 nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, mülki işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında hər dəfə işdən icazə alıb gələ bilmədiyinə görə mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə cavabdehin tələbini nəzərə alaraq mülki işə iddiaçıların və Nümayəndə iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaya etiraz, eləcə də, ekspert rəyinə münasibətdə etiraz təqdim edərək izahatında bildirdi ki, İddiaçı2 tərəfindən yazılmış tamamilə şər və böhtandan ibarət iddia ərizəsi istər haqq-ədalət, istərsə də qanunvericilik baxımından qəbuledilməzdir. İddiaçının müxtəlif yalan məlumatlarla hansısa olmayan haqq iddia etdiyi Bakı şəhəri S.Vurğun küçəsi dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzili onun mülkiyyətindədir. 2000-ci ildə onun doğmaca xalası (iddiaçı) İddiaçı2 Bakı şəhərində yaşamaq üçün mənzillərinin olmadığını, həyat şəraitlərinin ağır olduğunu və kirayə haqqlarının baha olduğunu bildirərək ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzildə müvəqqəti olaraq cüzi kirayə haqqı qarşılığında yaşamalarına icazə verməsini xahiş etmişdir. Bu tarixə qədər onlar şəhərin müxtəlif yerlərində kirayə qalmış, hətta son qaldıqları yerdə kirayə haqqını ödəyə bilməmişdilər. Həmin dövrdə o, yeni ailə həyatı quraraq Salyan rayonunda yaşayır, qeyd olunan mənzildə isə qardaşı yaşamışdır. Onun şəxsən razılığı ilə xalası (iddiaçı) və onun ailəsi müvəqqəti olaraq həmin mənzildə onun qardaşı ilə birlikdə yaşamağa başlamışdır. Qardaşı ilə birlikdə yaşayarkən kirayə haqqı ödənməmiş, 2005-ci ildə qardaşının həmin mənzildən köçdükdən sonra 2009-cu ilə qədər hər ay 100 ABŞ dolları kirayə haqqı ödəmişlər (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində məhkəmə iclası zamanı İddiaçı2 nümayəndəsi və şahidlər bu faktı qəbul etdi, hətta ödənilmiş kirayə haqqını geri tələb edəcəklərini bildirdilər). Sonra isə ailə vəziyyətlərinin ağır olması bəhanəsi ilə ödənişi dayandırmışlar. 2013-cü ildə həyat yoldaşı vəfat etdikdən sonra bir müddət rayonda yaşamış, daha sonra övladları ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsinə köçmüşdür. Yaşadığı yerin şəhər kənarında olması, iş yerinə uzaq olması və övladlarının məktəbə gedib-gəlməsinin olduqca böyük əziyyətlə həyata keçməsi səbəbindən, eyni zamanda xalasıgilin artıq yeni mənzil aldıqları xəbərini eşitdikdən sonra öz mənzilinə köçmək istəyərək, xalasına ailəsi ilə birlikdə mənzilindən çıxmasını və mənzili ona təhvil verməsini bildirmişdir. Xalası (iddiaçı) İddiaçı2 ailəsi ilə birlikdə son bir ildən artıq müddətdir ki, faktiki olaraq həmin mənzildə yaşamadıqlarına baxmayaraq, mənzili təhvil vermək istəməmiş, ilk öncə mənzildə əşyalarının olmasını, daha sonra isə mənzildə yaşayarkən təmir etdiklərini və s. kimi bəhanələr gətirməyə başlamışdır. İş belə olduqda, xx.xx.2022ci il tarixdə, ona məxsus olan mənzilin boşaldılaraq ona təhvil verilməsi iddiası ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Onun müraciətindən sonra xalası (iddiaçı) İddiaçı2 qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş və mənzili təmir etdiklərini bildirərək təmir pullarının ondan tutulmasını iddia etmişdir. Hətta iddia ilə yanaşı, müvafiq ekspertizanın təyin edilməsini və mənzilin təmir xərclərinin hesablanması ilə bağlı iki dəfə vəsatət də vermişlər. Vəsatətləri təmin olunub iş ekspertizaya getsə də, ekspertizaya heç bir sənəd təqdim edə bilməmiş və nəticədə eksperizadan heç bir rəy verilmədən iş geri qayıtmışdır. Məhkəmə prosesində istədiklərini ala bilməyəcəklərini görən xalası (prosesə gətirdikləri öz şahidləri belə onların iddialarını yalanlamışdır) yeni absurd iddia ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Özlərindən tamamilə uydurma ssenari yazaraq, guya evi onun sonunculara satdığını qeyd etmiş, nəinki olmayan, haqqında söhbət belə getməmiş «əqd»in etibarlılığını irəli sürərək iddia ərizəsi vermişlər. Eyni məzmunlu işin daha əvvəl başladığı səbəbi ilə həmin məhkəmə işi digər işlə birləşdirilmişdir. Bir-birini yalanlayan (təmir xərci və mənzilin onlara məxsus olması iddiaları) iki iddianın absurd olmasını başa düşən xalası və onun ailəsi, ərizə verərək birinci iddialarını geri götürdüklərini bildirmişlər. Ailəsi ilə birlikdə məhkəmə iclasında iştirak edən xalası verdikləri ifadələrdə də bir-birinə tərs fikirlər səsləndirmişlər. Hətta xalasının öz həyat yoldaşı belə onun ifadəsini yalanlamışdır. Nəticədə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-314/2023 saylı qətnaməsi ilə onun mülkiyyətində olan mənzilin boşaldılaraq ona təhvil verilməsi qət edilmiş və xalası İddiaçı2 əsassız və absurd iddiası rədd edilmişdir. Həmin qətnamədən verdikləri apelyasiya şikayəti, daha sonra verdikləri kassasiya şikayəti də geniş araşdırmadan sonra rədd edilmişdir. İstədiklərini ala bilməyən xalası İddiaçı2 fərqli yola əl ataraq, guya ki, həmin mənzilin mövcud olmadığı, mübahisəli mənzilə dair yeni (öz adlarına) çıxarışın verilməsi kimi absurd bir iddia ilə Bakı şəhəri Nərimanov Məhkəməsinə müraciət etmişlər. Uzun araşdırmadan sonra verdikləri absurd və gülməli iddia tələbi Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən rədd edilmişdir. Hətta məhkəmə prosesi gedərkən X5 tətbiqi ilə bağlı verdikləri və apelyasiya instansiyasında mübahisələndirdikləri bütün ərizələr də rədd edilmişdir. Hazırki iddia üzrə iddiaçı tərəfindən qeyd olunmuş heç bir əsası olmayan bütün xəyali məsələlər daha öncəki məhkəmə proseslərində məhkəmə predmeti olmuş, geniş araşdırma nəticəsində heç bir əsasının olmadığı müəyyən olunaraq rədd edilmişdir. Qanunvericiliyin tələblərinə görə iddia qaldıran şəxs öz iddiasını sübut etməyə borcludur. Heç bir sübutu olmadan, yalnız xəyali və absurd iddialarla məhkəmədə iddia qaldırmış şəxs cəzalandırılmalıdır. Guya ki, mənzilin 1.200 ABŞ dolları qarşılığında ondan alıdığını yazmış iddiaçı bu məbləğin hansı sənədlə, necə və harada verdiyini qeyd etməməklə yanaşı bununla bağlı heç bir sübut da təqdim etməmişdir. Keçirilmiş bütün məhkəmə araşdırmalarında bu mövzu predmet olmuş, araşdırılaraq hüquqi mövqe sərgilənmişdir. Eyni zamanda, məhkəmə prosesində ifadə verilərkən iddiaçının öz həyat yoldaşı belə bu məsələdən xəbərsiz olduğunu bildirmişdir. Mənzili təmir etdiklərini bildirərək pul tələb etməklə bağlı qeyd edir ki, bu məsələ ilə bağlı da kifayət qədər məhkəmə araşdırması olmuş, hətta məhkəmə tikinti ekspertizası təyin edilmiş, istər məhkəməyə, istərsə də ekspertizaya iddiaçı tərəfindən heç bir sənəd (sübut) təqdim edilə bilməməklə məsələ öz təsdiqini tapmamışdır. Halbuki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası nəticəsində mənzilin ona təhvil verilməsindən sonra, iddiaçı tərəfindən onun mənzilinin bərbad hala salınması və dağıdılması faktı aşkar olunmuş, yaşanacaq səviyyədə olmaması səbəbindən tərəfindən təmir edilərək, mənzildə yaşamağa başlamışdır. Guya ki, iddiaçının onun mənzilində istifadə hüququnun olması və kompensasiya tələbi ilə bağlı qeyd edir ki, mülkiyyətində olan mənzilə onun razılığı nəticəsində qeydiyyata düşmüş, onunla heç bir yazılı (notarial) müqaviləsi olmayan, onun ailə üzvü olmayan bir nəfərin onun mənzilində istifadə hüququ necə yarana bilər? Məlumat üçün bildirir ki, iddiaçı tərəfindən qaldırılmış əsassız, absurd iddia tələbləri, onun mülkiyyətində olan mənzilinin uzun müddət ona təhvil verilməsindən boyun qaçırma nəticəsində ona kifayət qədər maddi və mənəvi zərər vurulmuş, əsəb sarsıntıları keçirtmiş və öz sağlamlığını itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120ci maddəsinə əsasən, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçılar tərəfindən heç bir əsası olmadan, tamamilə absurd və xəyali yazılmış iddianın rədd edilməsini və iddiaçıların cərimə edilməsini xahiş edir. Bundan başqa, ekspert rəyi ilə bağlı qeyd etmək istəyir ki, İddiaçı2 tərəfindən hansısa bir Məhdud Məsuliyyətli Cəmiyyət (tərəfləri çaşdırmaq məqsədi ilə bilərək adının «Məhkəmə ekspertizası xidmətləri» qoyulduğu) tərəfindən məsuliyyətsizcə verilmiş rəyin işə əlavə edilməsi və həmin rəyin sübut kimi qəbul edilməsi absurd olduğu kimi yolverilməzdir. Müraciət edən şəxs kimi Bakı şəhəri S.Vurğun küçəsi dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzildə yaşayan İddiaçı2 göstərilmişdir. Halbuki, 2024-cü ilin may ayında həmin mənzil məhkəmə icraçıları tərəfindən ona təhvil verilmişdir. Hətta onun tərəfindən 2022-ci ildə məhkəməyə təqdim edilmiş kommunal çıxarışlardan da məlum olmuşdur ki, hələ 2022-ci ildən bir neçə il əvvəl də həmin mənzildə yaşayış olmamışdır. xx.xx.2025-ci ildə daxil olmuş müraciətə xx.xx.2025-ci ildə rəy verilmişdir. Halbuki, evə heç bir baxış keçirilməmiş, hər hansı baxışın keçirilməsi ilə bağlı sənəd də əlavə olunmamışdır. Xəyali olaraq verilmiş rəy iddiaçının hansı yollarla nə cür sübut toplamağa çalışmasını biruzə edir. Ekspertiza qarşısında qoyulmuş sual kimi: mənzildə aparılmış tikinti və təmir işlərinin dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq nə qədər təşkil etməsi olmuşdur. Bəs hansı dövrdə aparılmış təmirdən söhbət gedir? Təmiri kim aparmışdır? Rəydə bünövrədən başlamaqla tam olaraq bir evin tikintisi qeyd edilmişdir. Şəhərin mərkəzində ona məxsus bir evin belə tikilməsi necə real ola bilər? Eyni zamanda, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hakiminin iştirakı ilə həmin mənzilə yerli baxış keçirilmiş və heç bir yeni tikinti faktı müşahidə olunmamışdır. İddiaçının müxtəlif vaxtlarda imzalayaraq məhkəmələrə təqdim etdiyi fərqli iddia ərizələri tərəfindən təqdim edilmişdir. Məlumat üçün bir daha qeyd edir ki, yalan ifadələr verməyi adət halına gətirmiş iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmış iddia ərizəsində - guya evi yenidən tikərək 2000-ci ildə köçdüklərini yazmışdır. Daha sonra isə Nəsimi rayon Məhkəməsinə təqdim etdiyi iddiada guya 2000-ci ildə kirayə pulu ödəmədən (halbuki həmin dövrdə kirayə pulu ödədiklərini məhkəmə iclasında deyirdilər) həmin mənzilə köçüb yaşadıqlarını yazmışlar. Eyni zamanda, məlumat üçün bildirir ki, məhkəmə qətnaməsi əsasında iddiaçının həmin mənzildən çıxarılaraq, onun həmin mənzilə köçürüldüyü zaman, qeyd olunan mənzil tamamilə təmirsiz, yaşayışa yararsız vəziyyətdə olmuşdur. Məhkəmə icraçısı tərəfindən müşahidə edilmişdir və onun tərəfindən fotoşəkillər çəkilmişdir. 2024-cü ildə şəxsən onun tərəfindən həmin mənzil təmir edilmiş və qeyd olunan mənzilə köçərək bu günə kimi orada yaşayır. İddiaçı tərəfindən tamamilə əsassız olaraq ortaya atılmış guya ki, mənzilin tikilməsi, təmiri, pul verilməsi və s. kimi iddialar dəfələrlə məhkəmə proseslərində araşdırılmış, şahid ifadələri dinlənilmiş, yerində baxış olmuş və heç bir sübutun və ya təsdiqedici faktın olmaması səbəbindən əsassız sayılaraq rədd edilmişdir. Bu səbəbdən, iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh X8 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh X3 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)314/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, X9, İddiaçı2 və X7 qarşı «zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş; cavabdehlər İddiaçı1, X9, İddiaçı2 və X2 Bakı şəhəri S.Vurğun küçəsi dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi; iddiaçı Cavabdeh1 Bakı şəhəri S.Vurğun küçəsi dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 saylı mənzilə köçürülməsi; qətnamənin cavabdeh İddiaçı1 Bakı şəhəri S.Vurğun küçəsi dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması, iddia tələbinin qalan hissədə təmin edilməməsi; İddiaçı2 Cavabdeh1 qarşı «alqı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi» tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 5892/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli 2(006)-314/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-541/2024 saylı qərarından görünür ki, cavabdeh (iddiaçı) İddiaçı2 kassasiya şikayəti təmin edilməmiş; Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli 2(103)-5892/2023 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(005)362/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı2 cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X10 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh1 cəlb edilməklə) «çıxarışın qüvvədən düşmüş hesab edilməsi və qeydiyyat yazısının ləğv edilməsi, sahiblik və istifadə hüququnun tanınması» tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən məhkəmə aktları preyudisial əhəmiyyət kəsb etməklə, həmin aktlarla müəyyən edilmiş faktların hazırda mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Öncəki məhkəmə aktlarında (birinci instansiya, apellyasiya və kassasiya instansiyalarının) hüquqmüəyyənedici sənədlər sadalanmaqla yanaşı, müəyyən edilmişdir ki: - İddiaçı tərəf Cavabdeh1 ilə mübahisəli mənzilə dair aralarında şifahi olaraq razılaşdırılmış alğı-satqı müqaviləsinin bağlanıldığını iddia edərək cavabdehə 1.200 ABŞ dolları ödədiyini, lakin cavabdehin əqdin notariat qaydasından təsdiqlənməsindən imtina etdiyini bildirsə də, tələbi əsaslandıracaq sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. - Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. - Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). - Kollegiya, həmçinin ikinci iş üzrə İddiaçı2 Cavabdeh1 vurulmuş mənəvi zərərə görə 10.000 manatın alınaraq iddiaçıya verilməsi ilə bağlı iddia tələbinin təmin edilməməsi ilə bağlı məhkəmənin möqeyi ilə razılaşaraq qeyd edir ki, həmin tələb əsas tələblə bağlı olduğundan və əsas tələb də təmin edilmədiyindən, mənəvi zərərin tutulması hissəsində iddia tələbi düzgün olaraq təmin edilməmişdir. - Kollegiya qeyd edir ki, ikinci iş üzrə İddiaçı2 həmin iş üzrə Cavabdeh1 hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. - Məhkəmə kollegiyası, apellyatorun mübahisələndirilən evin vaxtı ilə onlar tərəfindən sökülərək yenisinin tikilməsi, çıxarışda birinci iş üzrə iddiaçı Cavabdeh1 adına olan Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin, 13 nömrəli mənzilin fakitki olaraq mövcud olmaması, həmin mənzilin özbaşına tikili olması ilə bağlı dəlillərinin heç bir mötəbər sübutla təsdiq edilmədiyindən əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən Qeydiyyat vəsiqəsindən görünür ki, S.Vurğun, Dalan 2 küçəsindəki 5 nömrəli yaşayış evinin, 13 nömrəli mənzili X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. - Həmin tələb üzrə müəyyən edilən işin hallarına görə isə İddiaçı2 Cavabdeh1 ilə hər hansı yazılı razılaşmanı təqdim edə bilməmişdir. - İddiaçı2 mübahisəli yaşayış sahəsini zəbt etmişdir və onun mübahisəli sahəyə dair hər hansı hüququ mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Hazırki mülki iş üzrə məhkəmə araşdırması zamanı da, iddiaçılar iddia tələblərinin əsası kimi istinad etdikləri hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Məhkəməyə təqdim edilmiş ekspert rəyi mötəbər sübut deyil. Həmin ekspert rəyi hazırki iş üzrə fundamental sualların heç birini (evin iddiaçılar tərəfindən sökülübsökülmədiyini, bünövrədən yenidən inşa edilib-edilmədiyini, hansı zaman kəsiyində bu işlərin aparıldığını və s.) cavablandırmır. Bu cür prinsipial (əhəmiyyətli, vacib) sualları cavablandırmadığı üçün onun hesablama aparılması, bu hesablamanın aparılması qaydası və s. hissəsinə də qiymət verilməsinə zərurət yoxdur. Göründüyü kimi, iddia əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və X6 qarşı «evin bərpa və təmirinə çəkilmiş xərcin ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və X6 qarşı «evin bərpa və təmirinə çəkilmiş xərcin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3073/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3073/2025
07.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver