Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3114/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı vı onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma, mənəvi zərərin əvəzinin ödənilməsi və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma, mənəvi zərərin əvəzinin ödənilməsi və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, ev 27, mənzil 50, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134,4 kv.m. olan mənzili keçmiş mülkiyyətçisi X1 almışdır. Mübahisə predmeti olan mənzilin alqı-satqısına dair iddiaçı arasında AN-İ № 0861222, 21.12.2020-ci il tarixli alqısatqı müqaviləsi bağlanılmışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman mübahisə predmeti olan mənzilin keçmiş mülkiyyətçisini etibarnamə əsasında Cavabdeh təmsil edirdi. Mənzilin keçmiş mülkiyyətçi ilə iddiaçı arasında bağlanmış müqavilənin şərtlərinə əsasən mənzilin dəyəri iddiaçı tərəfindən ona tam şəkildə ödənilmiş və bundan sonra iddiaçının adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04.01.2021-ci il tarixli Çıxarış verilmişdir. Həmin çıxarışdan görünür ki, mübahisə predmeti olan mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Mənzilin keçmiş mülkiyyətçisi ilə iddiaçı arasında bağlanmış müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə 10.02.2021-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Mənzilin keçmiş mülkiyyətçisi mənzilin iddiaçının faktiki sahibliyinə verilməsi ilə bağlı öhdəlik götürsə də, buna əməl etməmişdir. Belə ki, hazırda Cavabdeh öz ailə üzvləri ilə mübahisə predmeti olan mənzildə qeydiyyatsız yaşayırlar. Dəfələrlə onlardan mənzili boşaldaraq iddiaçıya təhvil vermələrini tələb etsə də, bundan imtina etmişlər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan mənzildən istifadə, sahiblik və sərəncam vermək hüquqların pozulduğundan, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzili vaxtında boşaldaraq iddiaçıya təhvil verməməsi, habelə mənzilindən vaxtında istifadə edə bilmədiyinə görə lazımsız olaraq iddiaçı əsəb gərginliyi və stres keçirir. Keçirdiyi əsəb gərginliyi və stersin nəticəsi olaraq iddiaçının normal yuxu düzəni belə pozulmuşdur. Cavabdehin iddiaçının mənzilini boşaldaraq vaxtında ona təhvil verməməsi onu həmin mənzildən gələcəkdə kirayə verərək əldə edə biləcəyi gəlirdən də məhrum etmişdir. Belə ki, mənzilinin yerləşdiyi yerin şəhərin mərkəzi olduğunu nəzərə aldıqda və həmin ərazidə yerləşən oxşar mənzillərin kirayə dəyərinin ortalama 600-700 manat civarında olmasını nəzərə aldıqda iddiaçı aylıq 600-700 manat gəlirdən məhrum olmuşdur. 21.12.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasında artıq 4 aydan çox müddət keçdiyini nəzərə aldıqda iddiaçı ötən bu zaman ərzində 2400-2800 manat arası məbləğdə gəlirdən məhrum olmuşdur. Cavabdehin onun mülkiyyətində olan mübahisə predmeti olan mənzildən çıxmamaqda ifadə olunan hərəkətləri qanunsuz olduğundan, onun iddiaçının mülkiyyətində olan mənzildən ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılmasına, habelə qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurmuş olduğu mənəvi zərərin əvəzi olaraq 5000 manat və mənzilini qanunsuz olaraq zəbt etməsinə görə məhrum olduğu gəlirin əvəzi 2500 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətindən məhrum edilmişdir. Yəni cavabdeh onun mülkiyyət hüquqlarını pozaraq ona məxsus olmayan mənzildə qanunsuz şəkildə yaşayaraq iddiaçının həmin mənzilə olan istifadə, sahiblik və sərəncam vermək kimi hüquqlarını pozmuş və həmin hərəkətləri nəticəsində ona maddi zərər dəymişdir. Odur ki, cavabdehin iddiaçının mülkiyyətindəki mübahisə predmeti olan mənzildən ailə üzvləri ilə birlikdə çıxarılması və iddiaçıya dəymiş maddi zərərin (əldən çıxmış faydanın) cavabdehdən tutularaq ona ödənilməsi zərurət təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, ev 27, mənzil 50, Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 19,MK5,m3-dən çıxarılması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun, mənzilini qanunsuz olaraq zəbt etməsinə görə məhrum olduğu gəlirin (əldən çıxmış faydanın) əvəzi olaraq 2500 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdiklərini, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 23 saylı notariat ofisində təsdiq edilmiş AN-İ ******* nöməli, 21.12.2019-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin kserosurətinə əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsində yerləşən 27 saylı evin 50 saylı mənzilini, Yeni qaydalarla: AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçi, 19, M5,m3 ünvanında yerləşən mənzili X2 (etibarnamə əsasında Cavabdeh imza etmişdir) almışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 04.01.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 27, mənzil 50, Yeni qaydalarla: AZ1010, ünvan 4 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən İddiaçı ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 27, mənzil 50, Yeni qaydalarla: AZ1010, ünvan 4 İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, iddiaçı cavabdehə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 27, mənzil 50, Yeni qaydalarla: AZ1010, ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılma tələbini irəli sürməkdə haqlıdır. Belə ki, hazırda tərəflər arasında müqavilə münasibətləri, yaxud müqavilə öhdəliyinin icra edilməməsi halı yoxdur. İddiaçının tam əşya hüququ olan mülkiyyət hüququ pozulduğundan tələbin həllinə bu aspektdən yanaşılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Akimova Azərbaycana qarşı» işi üzrə qərarında göstərilmişdir ki, «1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz… Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bu ondan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır». Həmçinin, həmin qərarda göstərilmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; üçüncü qayda təsdiq edir ki, razılığa gələn yüksək tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Hazırki mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsində qalması və bunun qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına, həmçinin iddiaçının sözügedən əmlaka mülkiyyət hüququnun «şərti və qeyri-sabit» xarakter almasına dəlalət edir. Cavabdehin hazırki müdaxiləsi nəticəsində iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüququ məhdudlaşdırılmışdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsasları kimi- yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilinə hər hansı hüquqları mövcud deyildir. Həmçinin iddiaçının izahatından da görünüdüyü kimi, cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildə faktiki yaşamaqdadır. Həmçinin onun həmin mənzilində qalması üçün hər hansı hüquqi əsas (əşya hüququ, yaxud hansısa müqavilədən irəli gələn tələb hüququ) aşkar edilməmiş, habelə cavabdeh də bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddia tələbi mənzildən çıxarılma hissəsində təmin edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 27, mənzil 50, Yeni qaydalarla: AZ1010, ünvan 4 ünvanında yerləşən mənzilindən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə 2500 manat pulun tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnəmsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Göründüyü kimi qanunvericilik real zərərə görə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki hüquq baxımından ziyan şəxsiyyətin və mülkiyyətin toxunulmazlığı prinsipinin pozulması nəticəsində onların sabitliyini pozur, bütövlüklərnə xələl gətirir, öz təyinatları üzrə yararlılıqlarına maneçilik yaradır, iqtisadisosial və mənəvi dəyərlərini azaldır. Buna görə də mülki hüquq ziyanın iki növünü: əmlak ziyanı və mənəvi ziyanı fərqləndirir. Əmlak ziyanı əmlak itkiləri formasında baş verir. Buraya şəxsin öz əmlakından məhrum olması, onun zədələnməsi, əldə edəcəyi gəlirlərdən məhrum olması və onun üçün digər əlverişsiz əmlak nəticələrinin yaranması və s. daxildir. Yuxarıda göstərildiyi kimi, ziyan naturada bərap edilə bilər, ya da pulla əvəz edilə bilər. Əmlak itkiləri mülki hüquqda zərər adlandırılır. Beləliklə, zərər öz növbəsində ziyanın nəticələrinin pulla dəyərləndirilməsidir. Mülki qanunvericiliyin tənzimlədiyi münasibətlərin əsas hissəsinə əmlak münasibətləri təşkil etdiyindən, mülki-hüquqi məsuliyyətdə əsasən əmlak xarakteri daşıyır. Zərərin əvəzinin ödənilməsi də məhz əmlak xarakterli mülki hüquq sanksiyasıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən mənzilini qanunsuz zəbt etməsi nəticəsində ona əldən çıxmış fayda kimi 2500 manat maddi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmadığından, əmlakın real icarəyə verilə biləcəyinə dair hər hansı bir möcvud müqavilə və s olmadığından həmin hissədə tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə vurulmuş mənəvi ziyan görə 5000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 27, mənzil 50, Yeni qaydalarla: AZ1010, ünvan 4 ünvanında yerləşən mənzilindən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 27, mənzil 50, Yeni qaydalarla əsasən: AZ1010, ünvan 4 ünvanında yerləşən mənzilindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3114/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3114/2021
25.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver