Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3117/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı1, Cavabdeh nümayəndəsi və vəkil X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «mənzilə köçürülmə və istifadə hüququnun tanınması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «mənzilə köçürülmə və istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı2 və azyaşlı 10.07.2008-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. . İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 18.08.2001-ci ildə Cavabdeh ilə ailə qurmuş və Cavabdeh atası evinə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2001-ci il tarixdə İddiaçı2, 10.07.2008-ci il tarixdə X5 doğulmuşlar. Sonradan ər-arvad münasibətləri pozulmağa başlamış, əri onu və övladlarını yaşadıqları mənzildən qovmuşdur. Hazırda övladları ilə ünvan 2 ünvanda müvəqqəti kirayəkeş yaşadıqlarını, anadan gəlmə inavlid olduğunu, müxtəlif yerlərdə qulluqçu kimi işləyərək övladlarını saxladığını, 2001-ci ildən 20 il həmin mənzildə yaşadığını, gəlin köçərkən cehiz əşyalarını oraya gətirdiyini, sonradan aldıqları əmlakların da hazırda orada olduğunu göstərmişdir. Cavabdehin razılığı ilə mübahisəli yaşayış sahəsində ailə üzvü kimi yaşayıb uzun müddət ümumi təsərrüfat apardıqlarına və yaşadıqlarına görə mənzilə istifadə hüququ əldə etdiklərini və mənzilə köçürülmələrini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə etdi ki, o, həmin mənzilə köçərkən Cavabdeh mülkiyyətçi olmamış, mənzil faktiki olaraq qaynatasına məxsus olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək məhkəməyə təqdim etidyi etirazla eyni məzmunlu izahat verərək bildirdi ki, iddia tələbi tam şəkildə əsassızdır. Belə ki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyesterində qeydiyyatdan keçmədiyindən hüquqi statusuna görə özbaşına tikili hesab olunur. Bu səbəbdən hazırkı iddia tələbi ilə bağlı analoji hüquq münasibətlərini tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Belə olan halda mənzil özbaşına tikili hesab olunduğuna görə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o Cavabdeh qardaşıdır, İddiaçı1 isə onların keçmiş gəlnidir. Mübahisəli mənzil faktiki olaraq atalarına məxsus olmuş, hazırda o, ailə üzvləri ilə birlikdə qeyd olunan mənzildə yaşayır. İş üzrə digər İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Buna baxmayaraq, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 48 saylı Mənzil Kommunal İstismar Sahəsinin 227 saylı, 28.07.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 77, mənzil 101 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Nəsimi rayonu VVADQ şöbəsi tərəfindən verilmiş, 18.08.2001-ci il tarixli, Vİİ-ЖГ seriyalı, 446131 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 18.08.2001-ci il tarixdə nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 376 № ilə qeyd edilmişdir. Ərə Mövüsmov, arvada isə Mövsümova soyadı verilmişdir. Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş, 16.10.2001-ci il tarixli, AZ-İ № 203025 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçı1dır. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, 23.07.2008-ci il tarixli, AZ-İİ № 130033 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10.07.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçı1dır. 20.11.2020-ci il tarxili Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı Cavabdeh xx.xx.1968-ci il tarixdə Azərbaycan Respublikası, ünvan 4 ünvanında qeydiyyatdadır. 20.11.2020-ci il tarxili Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı1 xx.xx.1973-cü il tarixdə Azərbaycan Respublikası, ünvan 5 ünvanında qeydiyyatdadır. 20.11.2020-ci il tarxili Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı2 xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası, ünvan 6 ünvanında qeydiyyatdadır. 16.03.2021-ci il tarixli 41737 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-569/2021 saylı, 28.01.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı1 qarşı “nikahın pozulması və azyaşlı uşağın atanın himayəsində qalması” tələbinə dair iddia tələbi təmin edilmiş, X7 ilə İddiaçı1 arasında 18.08.2001-ci il tarixdə Nəsimi rayon VVADQ şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 376 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, 10.07.2008-ci il təvəllüdlü X2 atası Cavabdeh yanında qalması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin sorğusuna cavab olaraq göndərdiyi 28.07.2021-ci il tarixli, **********79 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 77/9, 101 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər nikah münasibətində olmuş, sonradan aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, iddiaçının gəlin köçdüyü və nikahda olarkən yaşadığı mənzil daşınmaz əmlakın dövlət reyesterində qeydiyyatdan keçməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbində göstərilən mübahisəli mənzil dövlət reyesterində qeydiyyatdan keçmədiyinə görə hüquqi status etibarı ilə özbaşına tikili hesab edilən evə köçürülmə və evdən istifadə qaydasının müəyyən olunması tələbinə dairdir. Bu səbəbdən özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, evin tərəflərin nikahından əvvəl alınması və evin faktiki olaraq iddiaçının qayınatasına məxsus olması hazırkı işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı 18.08.2001-ci il tarixdə rəsmi nikaha daxil olmaqla mübahisəli ünvandakı özbaşına tikiliyə gəlin köçmüşdür. Bu əsasla hazırkı mübahisəyə MPM-in 13.4-cü maddəsinin (qanunun analogiyası) tələbinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və sadalanan normalara istinad edərək belə nəticəyə gəlir ki, tərəflər ailə qurduqdan sonra iddiaçının gəlin köçdüyü və yaşadığı ev özbaşına tikili olduğundan, iddiaçıların həmin yaşayış sahəsinə istifadə hüquqları yaranmamışdır. Məhkəmə iddiaçıların mübahisəli mənzildə qeydiyyatda olması ilə bağlı onu qeyd edir ki, “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adından göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır. Qanunun müddəalarına əsasən qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir (Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” 2003-cü il 31 yanvar tarixli Qərarı). Beləliklə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir. Belə olan halda məhkəmə yuxarıda sadalanana xüsusatlara və mənzilin faktiki olaraq iddiaçının qayınatasına məxsus olması faktına istinad edərək iddiaçıların mübahisəli mənzilə köçürülmələrini qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməli və ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «mənzilə köçürülmə və istifadə hüququnun tanınması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3117/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3117/2021
26.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver