Məhkəmə qərarları › İş №2(006)-3118/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3118/2023

05.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3118/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin sistemə daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin sistemə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, bu ilin ayından etibarən özünə iş axtaran zaman müvafiq peşəsinə uyğun iş taparaq həmin şirkətə üz tutmuş və işə müsahibədən uğurla keçdikdən sonra lazımi sənədlər tələb olunmuşdur. Həmin sənədləri topladıqdan sonra əmək kitabçasının əsli tələb olunmuş, lakin işə qəbul etməkdən imtina etmişlər. Bunun səbəbini araşdırdıqda ona bildirdilər ki, onun elektron sistemdə aktiv əmək müqaviləsi mövcuddur. (əsas iş yeri olaraq) Bununla bağlı o Asan Xidmətə daha sonra Dost Mərkəzinə üz tutduqda müəyyən olundu ki, ona məlum olmayan Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixdən etibarən həmin müəssisədə fəhlə vəzifəsinə işə alınmışdır. Lakin o belə bir müəssisədə olmamışdır və belə bir yerə şəxsiyyət vəsiqəsini təqdim etməmişdir. Görünür kimsə onun vəsiqəsindən istifadə edərək, onu işə qeydiyyata alıb. Hesab edir ki, bu müəssisənin vəzifəli şəxsinin əməlində cinayət tərkibi var. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdir. Hal-hazırda həmin müəssisənin direktorunu və hər hansı əməkdaşlarını tapa bilmir. Qeydiyyatda olduğu ünvanda ona məlum olmayan vətəndaş yaşamaqdadır. Onun sözlərinə əsasən belə bir hüquqi şəxs tanımır. Eyni zamanda ona 360 manat əmək haqqı təyin edilib, halbuki o hazıradək heç bir əmək haqqı kartı olmayıb, əmək haqqı almamışdır. İşə düzəlməli olduğu yer ona aylıq 1000 manat əmək haqqı təklif etmişdir. Artıq 3 aydır ki, həmin yerə işə düzələ bilmir. Belə olan halda ona maddi ziyan dəymişdiur. Hal-hazırda qeyd olunan səbəblərdən heç yerə işə qəbul ola bilmir, bu səbəbdən məhkəməyə üz tutmaq məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh1 MMC tərəfindən onunla qanunsuz bağlanmış əsas iş yeri üzrə (Məşğulluq təsnifatı üzrə: köməkçi fəhlə, mağaza: əmək müqaviləsi üzrə) fəhlə vəzifəsinə təyin olunması ilə bağlı əmək müqaviləsinin xitam olunması elektron sistemdə qeydlərin aparılması və 3 ay işə qəbul ola bilməməyi ilə bağlı dəymiş 3000 manat maddi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbuıl edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında iddiaçının iştirakı olmadan Əmək müqaviləsi bağlanmışdır. İddiaçının cavabdehlə arasında əmək müqaviləsi olduğundan və müqaviləyə xitam verilmədiyindən başqa yerə işə götürülməsi mümkün olmamışdır. İddiaçı X3 Xidmətinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini xahiş etmişdir. Lakin X3 Xidməti bu məsələnin onun səlahiyyətləri xaricində olmasını bildirərək, məsələ ilə bağlı məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Hazırda iddiaçı cavabdehin onunla bağlanmış əmək müqaviləsinə xitam verilmədiyini, rəsmi şəkildə işləyən hesab edildiyindən başqa bir şəxslə əmək müqaviləsi bağlaya bilmədiyini iddia edir və həmin müqaviləyə xitam verilmiş hesab edilməsini, bununla bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsini, həmçinin 3 ay işə qəbul ola bilməməyi ilə bağlı ona dəymiş 3000 manat maddi ziyanın cavabdehdən tutulmasını xahiş edir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/8-2023-01029 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh1 MMC təsvir edilən «əmək münasibətlərindən irəli gələn mübahisə» üzrə xx.xx.2023-cü il tarixində saat 12:30-dan 13:00-dək keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanmış müraciətə cavab məktubunda bildirilmişdir ki, məsələ onların səlahiyyətinə aid olmadığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət eidlməsi tövsiyyə edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən iddiaçının müraciətinə əsasən ona ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətləri xaricindədir. Bununla bağlı işəgötürənə müraciət edilməli, İşəgötürən tərəfindən icra edilmirsə və ya icrası mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada məhkəməyə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işəgötürən Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Nəticədə bu hal iddiaçının başqa bir işdə çalışmasına maneə törədir və onun hüquqlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi əmək müqaviləsinə xitam verilməsi hissəsində tam əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş X1 elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Eyni Məcəllənin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin X1 qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli № 183 qərarı ilə təsdiq edilmiş «Əmək Müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar»ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi «Elektron hökümət» portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürənin tərəfindən və ya «Elektron hökümət» portalında yerləşdirilmiş «Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi» xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar işəgötürən tərəfindən X1 qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən (bağlandığı andan) xitam verilmiş hesab edilməlidir. Məhkəmə iddianın təmin olunmayan, iddia tələbinin 3000 manat maddi ziyan hissəsi ilə bağlı qeyd edir ki, iddia maddi hissədə təmin olunmamalıdır. Belə ki, iddiaçı məhz bu səbəbdən işə qəbul oluna bilməməsi, həmçinin işə qəbul olunacağı halda bugünki günə kimi 3 aylıq əmək haqqısının 3000 manat olacağı ilə bağlı konkret heç bir sübut təqdim etməmiş, fərziyyə olaraq işə götürüləcəyi halda maddi qazanc olaraq həmin məbləği itirdiyini hesab etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 direktoru (müqavilə bağlandığı an) X2 barədə X1 heç bir məlumatın olmadığını, nəzərə alaraq əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın cavabdeh tərəfindən mümkünsüz olduğuna görə bu öhdəlik onun üzərinə deyil Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixili əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmiş hesab edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Bu qətnamə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş X1n silinməsi üçün əsasdır. Qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar