Məhkəmə qərarları › İş №2(006)-3133/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3133/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3133/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "obyektin boşaldılmaqla açarların iddiaçıya təhvil verilməsi və icarə müqaviləsinin ləğv olunması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "obyektin boşaldılmaqla açarların iddiaçıya təhvil verilməsi və icarə müqaviləsinin ləğv olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağladığı xx.xx.2012-ci il tarixli icarə müqaviləsinin ləğv olunması, Bakı şəhəri. Nəsimi rayonu. Hüseynbala Əliyev küçəsi, ev-4, mənzil- 91-də yerləşən obyektin boşaldılmaqla açarların ona təhvil verilməsi və 100 manat ödədiyi dövlət rüsumun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarmağınızı xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi icarə müqaviləsi bağlayaraq Bakı şəhəri, ünvan 1-də yerləşən ümumi sahəsi 45.00 kv.m sahəsindən ibarət 10.00 kv.m sahəni ona icarəyə vermişdir. Hazırda həmin müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. O, həmin müqavilənin müddətini uzatmaq istəmir. Bunun üçün o, ona obyektini boşaldaraq açarları ona təhvil verməsini, həmçinin onunla arasında bağlanmış icarə müqaviləsinin ləğv olunmasını ona təklif etsə də o bundan imtina edərək obyektini tərk etmir. Hətta o, ona yazılı olaraq pretenziya da rəsmi qaydada göndərmişdir. Bu isə ona əməl etmir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini qəbul etməyərək iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh aralarında bağlanan xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb etmişdir. Tərəflər arasında müqavilə hal-hazırda da qüvvədədir. Tərəflər arasında bağlanan xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən müqavilənin bitmə tarixi kimi xx.xx.2022-ci il göstərilsə də, müqavilənin bitməsinə bir ay qalmış heç bir tərəfin etiraz etməməsi halında müqavilə uzadılmış sayılır ki, bununla əlaqədar olaraq qeyd olunan tarixlərdə tərəflərin heç biri müqavilənin ləğvi barədə təşəbbüs irəli sürməmişdir. Həmçinin tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda, məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq bildirir ki, müqavilənin ləğvi barədə tərəflər arasında razılaşma olmamış, eyni zamanda müqavilənin birtərəfli qaydada hansısa tərəfin təşəbüssü ilə ləğvi əsası isə qarşı tərəfdən iddia ərizəsində bildirildiyi kimi müqavilədə nəzərdə tutulmamışdır. Həmçinin müqavilənin birtərəfli qaydada ləğvi üçün əsas olan müqavilənin hər hansısa əhəmiyyətli dərəcədə pozulması halına isə icarəçi tərəfindən yol verilməmiş, müqaviləyə əsasən üzərinə düşən bütün öhdəliklər vaxtı-vaxtında yerinə yetirilmişdir. Qarşı tərəfin iddia ərizəsində müqavilənin ləğvi üçün əsas kimi göstərdiyi şərait əhəmiyyətli dərəcədə dəyişməsi əsasının nədən ibarət olduğunu, hansı şərtlərin dəyişdiyi və onun nə dərəcədə əhəmiyyətli dəyişiklik olub-olmaması barədə heç bir məqama toxunulmamışdır ki, bu da onlar da qarşı tərəfin iddianı verməsi üçün hansı məqamları əsas götürməsi barədə təsəvvür formalaşmasına imkan yaratmamışdır. Cavabdeh icarəyə götürdüyü ünvan 2 ünvanda yerləşən sahədə artıq 10 ildən artıq müddətə fəaliyyət göstərdiyi üçün həmin şəxsin bütün müştəri bazasının həmin ərazidə formalaşdığı, eyni zamanda, icarəçinin əməkdaşlıq etdiyi “Azercell” şirkəti tərəfindən ərazi ilə bağlı xüsusi şərtlərin olduğunun və icarəçinin qeyri-yaşayış sahəsindən çıxarılmasının onun üçün əhəmiyyətli maddi itkilərə səbəb olacağını nəzərə alaraq, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş edirəm. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, onunla 27.01,2012-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi icarə müqaviləsi bağlayaraq Bakı şəhəri, ünvan 1-də yerləşən ümumi sahəsi 45.00 kv.m sahəsindən ibarət 10.00 kv.m sahəni ona icarəyə vermişdir. Hazırda həmin müqavilənin müddəti xx.xx.2022ci il tarixdə bitmişdir. O, həmin müqavilənin müddətini uzatmaq istəmir. Ona görə də müqavilənin ləgv olunmasını ona təklif etmişdir. Həmçinin onun Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev-4, mənzildə yerləşən İcarəyə verdiyi obyektin onun tərəfindən 5 gün müddətində boşaldaraq çıxmağı, obyektin açarlarının onp təhvil verməyi təklif edilmişdir. Əks təqdirdə hüquqlarımın müdafiə olunması üçün məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Pretenziya məktubu Azərpoçt MMC vasitəsilə İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Hüseynbala Əliyev küçəsindəki 04 saylı evin 91 saylı mənzilinn ümumi sahəsi 45.00 kv.m sahəsindən 10.00 kv.m sahəni Cavabdeh 200 manat icarə haqqı olmaqla, 14 % vergi büdcəsinə vergi ödəmək şərtilə, xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarəyə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Hüseynbala Əliyev küçəsindəki 04 saylı evin 91 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir; 697.3-cü maddəsinə əsasən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Həmin qanunun 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Həmin qanunun 13-cü maddəsinin 1-ci hissəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Həmin qanunun 13-cü maddəsinin 5-ci hissəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 1-də yerləşən ümumi sahəsi 45.00 kv.m sahəsindən ibarət 10.00 kv.m qeyriyaşayış sahəsi İddiaçı tərəfindən xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Cavabdeh icarəyə verilmiş, lakin cavabdeh tərəfindən icarə haqqı vaxtında ödənilməmiş, hazırda cavabdehin icarə haqqı üzrə borcu yaranmışdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh arasında xx.xx.2012-ci il tarixli icarə müqaviləsi bağlanılmış, müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, ünvan 1-də yerləşən ümumi sahəsi 45.00 kv.m sahəsindən ibarət 10.00 kv.m sahəni cavabdehə icarəyə vermişdir. İcarənin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Müqavilənin 6-cı bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata kecirilir. İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunda ona bildirilmişdir ki, “müqavilənin müddəti xx.xx.2022-çi tarixdə bitmişdir. O, həmin müqavilənin müddətini uzatmaq istəmir. Ona görə də müqavilənin ləğv olunmasını, icarə obyektinin 5 gün müddətində boşaldılaraq çıxmağını, obyektin açarları ona təhvil verilməsi cavabdehə təklif olunmuşdur. Əks təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində olacaqdır”. Hazırda iddiaçı Cavabdeh ilə aralarında bağladığı xx.xx.2012-ci il tarixli icarə müqaviləsinin ləğv olunması, Bakı şəhəri, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi, ev-4, mənzil-91-də yerləşən obyektin boşaldılmaqla açarların ona təhvil verilməsi və 100 manat ödədiyi dövlət rüsumun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən icarə müqaviləsinin şərtləri pozularaq icarə haqqı vaxtında ödənilmədiyindən, həmçinin icarə müqaviləsinin müddəti bitdiyinə görə, iddiaçı müqavilənin uzatmağından imtina etdiyindən, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev- 4, mənzil-91-də yerləşən ümumi sahəsi 45.00 kv.m sahəsindən ibarət 10.00 kv.m sahənin icarəyə verilməsi barədə xx.xx.2012-ci il tarixli icarə müqaviləsi ləğv edilməli, sahə boşaldılmaqla İddiaçı açarlar qaytarılmalı, dövlət rüsumuna görə 100 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev-4, Mənzil-91-də yerləşən ümumi sahəsi 45.00 kv.m sahəsindən ibarət 10.00 kv.m olan qeyri-yaşayış sahənin icarəyə verilməsi barədə xx.xx.2012-ci il tarixli icarə müqaviləsi ləğv edilsin, sahə boşaldılmaqla, sahənin açarları iddiaçı X1 qaytarılsın. Dövlət rüsumuna görə 100 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar