Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3134/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” KB ASC-nin mülkiyyətində olan ünvan 1ndə yerləşən 56 saylı evin 22 saylı mənzilinə Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” KB ASC hərrac vasitəsi ilə ünvan 1ndə yerləşən 56 saylı evin 22 saylı mənzilini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılaraq, "xxxx“ KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. AR Ədliyyə Nazirliyinin “Elektron notariat” X1 çıxarışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri. Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 56 saylı evin 22 saylı mənzilində hal- hazırda iş üzrə Cavabdeh qeydiyyatdadır və cavabdehin mübahisəli evdə qeydiyyatda qalması iddiaçı “xxxx” KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi cavabdehin iradəsindən asılı edilməkdədir. Lakin qeyd olunan fərdi yaşayış evinin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə keçmiş mülkiyyətçi və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehin həmin fərdi yaşayış evinə heç bır hüququ yoxdur. Bu səbəbdən cavabdehin ünvan 1ndə yerləşən 56 saylı evin 22 saylı mənzilində qeydiyyatda olması və orada yaşaması qeyri-qanunidir. ünvan 1ndə yerləşən 56 saylı evin 22 saylı mənzili kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Nəzərə almaq lazımdır ki, hal-hazırda ünvan 1ndə yerləşən 56 saylı evin 22 saylı mənzilinin mülkiyyətçisi “xxxx” KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Göstərilənlərə əsasən iddiaçı “xxxx” KB ASC-nin mülkiyyətində olan ünvan 1ndə yerləşən 56 saylı evin 22 saylı mənzilinə Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1, 56 saylı evin 22 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə “xxxx” Kommersiya Bankı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, iddiaçı mənzilin mülkiyyətçisi olduğundan müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5461/2018 saylı xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)-287/2017, hakim E.Ə.Mehdiyev) “xxxx" ASC-nin X5 və Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, Vilayət Quliyevdən 25,912 manat əsas, 3.835 manat faiz borcu, 300 manat cərimə olmaqla, cəmi 30.047 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 56 nömrəli evin 22 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin İlkin satış qiymətinin 74.300 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra qalan vəsaitin Cavabdeh qaytarılması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ən gec 1 ay ərzində cavabdehlərin həmin mənzildən çıxarılmaları qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)- 3700/2018, hakimlər X.A.Cəmilova, A.Q.Hüseynov, İ.K.Xəliiov) X3 apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi iddianın X5 qarşı təmin edilmiş faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Vilayət Quliyev verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5461/2018 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “xxxx” MMC-nin Hərracın yekunları barədə 178 nömrəli protokolunun surətindən görünür ki, Nəsimi rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında, “xxxx” MMC-nin təşkilatçılığı ilə xx.xx.2018-ci il tarixdə Cavabdeh məxsus ünvan 1, 56 saylı evin 22 saylı mənzili ilə əlaqədar hərrac keçirilmiş, mənzilin ilkin hərrac qiyməti 74.300 manat qiymətləndirilmiş və 25% endirimlə 47366,25 manat olmaqla “xxxx” Kommersiya Bankı ASC-yə satılmışdır. xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh məxsus ünvan 1, 56 saylı evin 22 saylı mənzili hərracın nəticələri barədə yekun protokoluna əsasən 47366,25 manata alıcı “xxxx” Kommersiya Bankı ASC-yə satmışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Nəsimi rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında, “xxxx” MMC-nin təşkilatçılığı ilə xx.xx.2018-ci il tarixdə Cavabdeh məxsus ünvan 1, 56 saylı evin 22 saylı mənzili ilə əlaqədar hərrac keçirilmiş, mənzilin ilkin hərrac qiyməti 74.300 manat qiymətləndirilmiş və 25% endirimlə 47366,25 manat olmaqla “xxxx” Kommersiya Bankı ASC-yə satılmış və həmin tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Mənzil satıldıqdan sonra cavabdehin qeydiyyatdan çıxmaması onun, satılan əmlakı alıcının sahibliyinə və istifadəsinə vermək üzrə müqavilə öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 152.1-ci və 152.5-ci maddələrinə müvafiq olaraq mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, iddiaçı həm mülkiyyətçi kimi, həm də kreditor kimi cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini, onun mənzildən çıxarılmasını, mənzilin özünə təhvil verilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir, cavabdeh isə mənzildən könüllü qaydada çıxmamaqla, müqavilə öhdəliyini icra etməyərək, onun bu subyektiv hüququnu pozmuşdur. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Cavabdeh öz öhdəliyini icra etmədiyindən, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzilə mülkiyyət hüququ iddiaçıya keçdiyindən və cavabdehin hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaqla yanaşı mənzildən çıxmamağı sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən 56 saylı evin 22 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1ndə yerləşən 56 saylı evin 22 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3134/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3134/2020
16.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver