Məhkəmə qərarları › İş №2(006)-3141/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3141/2025

21.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3141/2025 21.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı "mənzilə köçürülmə və sair" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2n, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı "mənzilə köçürülmə və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, övladları İddiaçı4, İddiaçı2 və gəlini X6 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, öz/tik, ev 311 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarının müəyyən edilməsi və həmin evə köçülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, 30 oktyabr 1996-cı il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikaha daxil olduğu vaxtdan ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. Cavabdeh Elmin Əsgərovla birgə nikahlarından 2 övladları- xx.xx.1998-ci il təvəllüdlü İddiaçı4 və xx.xx.2000-ci il təvəllüdlü İddiaçı2 dünyaya gəlmişdir. Bir müddət əvvəl cavabdeh Elmin Əsgərov tərəfindən ona qarşı nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və hazırda aralarında bununla məhkəmə mübahisəsi getməkdədir. Bildirmək istəyir ki, nikaha daxil olduqları gündən etibarən ünvan 1 ünvanında yerləşən mənzildə yaşamış və övladlarını həmin mənzildə böyütmüşdür. Həmçinin həmin mənzilə köçüb yaşamağına notariat qaydasında yazılı razılıq vermişdir. Nəticədə isə həmin mənzildə daimi pasport qeydiyyatına alınaraq, həmin ünvanda daimi yaşamaq üçün icazə almışdır. Lakin artıq münasibətlərinin korlanması səbəbindən cavabdeh onu və övladlarını həmin evdən çıxarmış, sözügedən mənzildən istifadələrinə mane olmuşdur. Halbuki o, mübahisəli evdə yaşamış və oradan istifadə hüququ əldə etmişdir. Lakin cavabdeh həmin evdə onu övladları ilə birlikdə yaşamağına imkan vermir. Bu isə onun və övladlarının hüquqlarını kobud şəkildə pozmaqdadır. Qeyd edir ki, o, hazırda iki övladı və gəlini X13 ilə birlikdə başqa bir mənzildə yaşayırlar. Həmin ev olduqca darısqal olduğu üçün orada yaşamağa davam etməkləri qeyri-mümkündür. Yaşamağa isə başqa yaşayış yeri yoxdur və həmçinin kirayədə də yaşamaq üçün maddi imkanları olduqca aşağıdır. Həmçinin onu da bildirir ki, cavabdehlə birlikdə birgə ailə kimi hazırki mübahisəli mənzildə yaşadıqları dövrdə tərəfindən mənzilə onun dəyərini xeyli artıran vəsaitin qoyulmuş, xərc çəkilmişdir. Belə ki, yaşayış yeri ilə təmin olunmamağı həmçinin cavabdeh tərəfindən yaşayış yerindən məhrum olunmağı təkcə onun deyil, həmçinin övladlarının da hüquqlarını pozur. Bu səbəbdən də hesab edir ki, onun, övladlarının və gəlinin X6 ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququmun müəyyən edilməsi və həmin evə köçürülməkləri olduqca zəruridir. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, İddiaçı1 övladları: İddiaçı4, X10 və gəlinləri X6 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 311 saylı özütikili evə istifadə hüquqlarının müəyyən edilməsi və həmin evə köçürülmələri barədə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı1 qeyd etdiyi iddia ərizəsini aşağıdakılara əsasən əsassız və qeyri-qanuni hesab edir. Əvvəla onu qeyd etmək istəyir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava jküçəsi, 311 saylı özütikili evin sahibi (kirayəçisi) anası X7r. O, həmin evdə xx.xx.1970-ci ildən qeydiyyatdadır, həmin vaxtdan indiyə kimi həmin evdə yaşayır və evin bütün kommunal xidmət haqlarını vaxtlı-vaxtında dövlətə ödəyir. Bundan başqa o, xx.xx.1970-ci ildən, bacısı X14 xx.xx.1976-cı ildən və onun oğlu X18 xx.xx.2004cü ildən həmin evdə qeydiyyatdadırlar və hazırda 4 nəfər həmin evdə yaşayırlar. Həmin evin yaşayış sahəsi 31 kvm olan böyük otaqdan, 12 kvm olan kiçik otaqdan, 6,5 kvm olan dəhlizdən ibarətdir. Beləliklə həmin evin yaşayış sahəsi 49,5 kv.m təşkil edir. Bundan başqa həmin evin 4 kvm-dən ibarət mətbəx, 2 kvm-dən ibarət ayaqyolu və 4 kvm-dən ibarət hamam, 9,4 kvm-dən ibarət həyətyanı sahəsi olmaqla əlavə sahələri vardır. Keçmiş həyat yoldaşı, İddiaçı1 ilə 1996-cı ildə ailə qurmuşlar, 2002-ci ildə onunla olan nikahlarını hüquqi qaydada rəsmiləşdirmişlər. İddiaçı1, oğlanlarım İddiaçı4, X10 xx.xx.2005-ci ildən həmin evdə qeydiyyatda olmaqlarına baxmayaraq, təxminən 2022-ci ilin avqust ayından ünvan 2 ünvanda yerləşən 0,80 kvm torpaq sahəsi və ümumi sahəsi 0,71 kvm olan 3 otaqlı fərdi yaşayış evində yaşayırlar. Belə ki, onlar Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 311 saylı özütikili evin yaşayış sahəsi 49,5 kvm olduğuna, həmin evdə 8 nəfərin birlikdə yaşaması çətin olduğuna görə İddiaçı1 ilə belə şərtləşdilər ki, 2-ci bir ev alsınlar. Buna görə xx.xx.2019-cu ildə ünvan 2 ünvanda yerləşən 0,80 kvm torpaq sahəsi və ümumi sahəsi 0,71 kvm olan 3 otaqlı fərdi yaşayış evi aldılar. Həmin evə 44.000 manat məbləğində pul vermişlər, həmin pulun müəyyən hissəsini qohumlarından borc aldı, sonra isə hissə-hissə qaytardı. 2022-ci ilin avqust ayında həmin evə kreditlə məişət avadanlıqları aldı və böyük oğulları İddiaçı4 evləndirdi, 2022-ci ilin avqust ayından indiyə kimi İddiaçı4, onun həyat yoldaşı X13, X10 ünvan 2 ünvanda yerləşən 0,80 kvm torpaq sahəsi və ümumi sahəsi 0,71 kvm olan 3 otaqlı fərdi yaşayış evində yaşayırlar. Böyük oğlu İddiaçı4 toyundan sonra ailə mübahisəsi nəticəsində 2022-ci ilin avqust ayından İddiaçı1 da ünvan 2 ünvanda yerləşən 0,80 kvm torpaq sahəsi və ümumi sahəsi 0,71 kvm olan 3 otaqlı fərdi yaşayış evində yaşayır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun və onun nümayəndəsi və vəkili Vəkil1 etiraz ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahat verərək bildirmişdir ki, o, iddiaçının dayısıdır. Bacısı ilə birlikdə Rusiyada işləyərək pul qazanmış, həmçinin borc götürərək Keşlədə yerləşən evi almışdır. Lakin həmin mənzilin hansı məbləğə alındığını bilmir. Bacısı – iddiaçının anası yaşlı qadın olduğu üçün, ev gələcəkdə iddiaçıya qalsın deyə, mənzili Rimanın adına rəsmiləşdirmişdir. Cavabdeh isə indiyə qədər iddiaçı üçün heç bir əmlak almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahat verərək bildirmişdir ki, iddiaçı onun qonşusudur. İddiaçını o, gözəllik salonu işlədiyi vaxtdan tanıyır. Lakin dəqiqliyi ilə bilmir ki, iddiaçı nə qədər müddətdir ki, orada yaşamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, Rima xanım onun qonşusu olmuşdur və təxminən 2-3 il əvvəl həmin ünvandan köçüb getmişdir. Lakin mənzildən öz istəyilə gedib, yoxsa Elmin tərəfindən çıxarılıb, bu barədə məlumata malik deyil. Rima xanım həmin evin təmirinə çoxlu vəsait sərf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahat verərək bildirmişdir ki, mübahisəli mənzil Elminin anası tərəfindən alınmışdır və onun adına rəsmiləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahat verərək bildirmişdir ki, həmin mənzil Elminin anası tərəfindən alınmış və onun adına rəsmiləşdirilmişdir. Rima ilə Elminin ayrılması nəticəsində tərəflər arasında bu cür mübahisələr yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 izahat verərək bildirmişdir ki, həmin mənzil Elminin anası tərəfindən alınmış və onun adına rəsmiləşdirilmişdir. Rima ilə Elminin ayrılması səbəbindən aralarında bu məsələlər baş vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Əsaslandırıcı hissə: a)Mülki işin materialları: Mülki işin materiallarında olan: - Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 33 saylı MKİS tərəfindən verilən xx.xx.2013-cü il tarixli, 582 nömrəli arayışdan görünür ki, X12 3-cü Alatava küçəsi, 311 saylı evin öz/tik №-li mənzilində ev sahibidir, 7 nəfər ailə tərkibi ilə qeydiyyatdadır. - Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 33 saylı MKİS tərəfindən verilən xx.xx.2025-ci il tarixli 35 nömrəli arayışdan görünür ki, X12 3-cü Alatava küçəsi, 311 saylı evin öz/tik №-li mənzilində qeydiyyatdadır, ev sahibidir. - Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 33 saylı MKİS tərəfindən 16 saylı Vəkil Bürosuna verilən xx.xx.2025-ci il tarixli, 07 nömrəli arayışdan görünür ki, X12 3-cü Alatava küçəsindəki 311 №-li evin 1 mərtəbəli evin 1-ci mərtəbəsində 68.9 kv.m sahəsi olan 3 otaqlı özbaşına tikili mənzildə yaşayır. X3r. Ailəsi 7 nəfərdən ibarətdir. Onlardan, X12, Cavabdeh, İddiaçı1, İddiaçı4, X14, X18 və X9 evdə daimi qeydiyyatdadırlar. - Bakı şəhəri 14 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/14/2025-00064 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ və 10 manat kargüzarlıq xərci iddiaçı tərəfindən ödənilmişdir. - Azərbaycan Respublikası Keşlə Bələdiyyəsi tərəfindən 16 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ünvanlanan 100-k nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0.80 kv.m torpaq sahəsi və ümumi sahəsi 0.71 kv.m olan 3 otaqlı fərdi yaşayış evi X2 sistemində (BAMS) İddiaçı1 adına xx.xx.2019-cu ildə qeydiyyatdan keçmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1765/2025 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı1 arasında xx.xx.2002-ci il tarixdə Nəsimi rayon Qeydiyyat şöbəsində 333 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Mülki iş materiallarına “Baktelekom/ Aztelekom” xidmətinə, "xxxx" QSC-yə və "xxxx"xxxx"xxxx" MMC-yə ödənilən ödənişlərin qəbzi və fotoşəkillər iş materiallarına əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi: Maddə 123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı1 keçmiş həyat yoldaşıdır. Onlar xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və iddiaçı həmin vaxt X1 olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, öz/tik, ev 311 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. Daha sonra tərəflər arasında mübahisə yaranmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1765/2025 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı1 arasında xx.xx.2002-ci il tarixdə Nəsimi rayon Qeydiyyat şöbəsində 333 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İddiaçının istinad etdiyi kimi onun keçmiş qaynanasının razılığı ilə mübahisəli mənzilə köçərək yaşaması və pasport qeydiyyatına alınması onun mülkiyyətçinin oğlu ilə nikah münasibətlərinə xitam verildikdən sonra həmin mənzildən istifadə hüququnun saxlanmasına əsas verən hal kimi qiymətləndirilə bilməz. Belə ki, şəxsin yaşayış yerində pasport qeydiyyata alınması informativ xarakter daşıyır və onun yaşayış yerində hər hansı mülkiyyət hüququnun yaranmasına əsas vermir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçıların mübahisəsi gedən evdən çıxması işin mübahisə olunmayan halıdır. İddiaçı uşaqları ilə birgə mənzili tərk etmiş və nikahın pozulması barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı mübahisəli mənzildən cavabdehin zor tətbiq etməsi ilə qovulduğunu qeyd etsə də, bu arqumentlərini təsdiq edə biləcək heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bu isə məhkəməyə onun mübahisəli mənzili könüllü tərk edərək ünvan 3 ünvanında yerləşən özünə məxsus olan mənzildə yaşamağa başlamasını deməyə əsas verir. Məhkəmə həmçinin onu da qeyd edir ki, İddiaçı1n mənzildə yaşadıqları dövrdə tərəfindən mənzilə onun dəyərini xeyli artıran vəsaitin qoyulduğunu və xərc çəkildiyini bildirsə də, məhkəmə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları və şahidin ifadəsi o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Lakin iş materiallarından da göründüyü kimi, iddiaçı bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə son olaraq onu da qeyd edir ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 da mənzilə köçürülmə, mənzildən istifadə hüququnun tanınması barədə tələbləri İddiaçı1 tələbi kimi əsassızdır və təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı "mənzilə köçürülmə və sair" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı "mənzilə köçürülmə və sair" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar