Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3150/2025 28.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Dəmir Yolları QSC-yə qarşı əmrin ləğvi işə bərpa tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin Daşımaları Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, №13-1-19/3-10-1771/2025 nömrəli əmrin ləğv edilməsi, onun Azərbaycan Dəmir Yolları QSC-nın Sərnişin daşımaları departamentində X3 xidmətinin planlaşdırma və icraya nəzarət şöbəsinin rəisi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma günləri üçün fərdi əmək haqqının (hər ay ödənilməyən mükafatların) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, Azərbaycan Dəmir Yolları QSC-də uzun illərdir ki, işləmişdir. İşlədiyi müddət ərzində hər hansı bir inzibati tənbeh olunmamışdır. Əksinə, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 13 oktyabr 2022-ci il tarixli təşəkkürnaməyə əsasən, vəzifə öhdəliklərini nümunəvi yerinə yetirdiyinə və əmək funksiyalarının icrasında fərqləndiyinə görə təltif edilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Dəmir Yolları QSC-dən öz xahişi ilə böyük mütəxəssis vəzifəsindən azad edilmişdir. xx.xx.2024-cü il tarixdə “Azərbaycan Dəmir Yolları QSC-nın Sərnişin daşımaları departamentində X3 xidmətinin planlaşdırma və icraya nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Əmək haqqı 963.41 manat, 1048.50 manat hər ay mükafat almışdır. İşlədiyi müddət ərzində hər hansı bir iş problemləri olmamışdır. Onun şöbəsində işləyən Azad Ağayev ona bildirmişdir ki, onun 236 manat mükafat pulunu kəsiblər, buna aydınlıq gətirmək üçün, onlar şöbə işçiləri ilə birgə Departamsntin rəisi Azər Fərəcovun yanına qalxaraq buna aydınlıq gətirmək istəmişlər, orada hər hansı bir Qanunvericilik pozuntusu etməmişlər sadəcə olaraq danışıqlar və məsələyə aydınlıq gətirmək istəmişlər. Departamentin rəisi Azər Fərəcov ucadan qışqıraraq onları otaqdan qovmuş, idarənin mühafizəçilərini üzərlərinə çağırmış, bu zaman, o, məcbur olaraq 102 xidmətinə zəng vurmuşdur. Dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Polis İdarəsinin əməkdaşları həmin yerə gəlmiş, bəzi araşdırmalar aparmış və bununla da, söhbət bağlanmışdır. Onun işçisi X6 Azərbaycan Respublikasının torpaqlarının qorunmasında, yəni 2016-cı ilin aprel döyüşlərində iştirak edib, N hərbi hissənin əsgəri olmuşdur. Qısa müddət keçdikdən sonra, onları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Polis İdarəsinə çağırdılar, orada ona məlum olmuşdur ki, Azərbaycan Dəmir Yolları QSC-nm sədrinin müavinin müraciətinə əsasən onu və işçilərini bura dəvət ediblər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X5 Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin 03 mart 2025-ci il tarixli qərarına əsasə, Azərbaycan Dəmir Yolları QSC-nın Sərnişin daşımaları departamentində baş vermiş mübahisə faktı əsasında X5 Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsində toplanmış HK-1/19 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X4, X7 və İddiaçı əməllərində xırda xuliqanlıq inzibati xətası olduğundan onların barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən, inzibati tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti X8 Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə təqdim edilməsi qeyd edilmişdir. Onun barəsində İnzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokolunun və onun əsasında verilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli qərarına əsasən əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən təqsirli bilinərək, 50 manat inzibati cərimə olunmuşdur. Məhz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Polis İdarəsinin onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən təqsirli bilinərək, 50 manat inzibati cərimə olunduğundan sonra, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 "xxxx" maddəsi ilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Dəmir Yolları QSC-nın Sərnişin daşımaları departamentində X3 xidmətinin planlaşdırma və icraya nəzarət şöbəsinin rəisi vəzifəsindən azad edilmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Dəmir Yolları QSC ilə əvəz edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Dəmir Yolları QSC etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandrılmışdır ki, İddiaçı cavabdeh olaraq ADY-nin Sərnişin daşımaları departamentinə qarşı iddia qaldırmışdır. Sərnişin daşımaları departamenti ayrıca hüquqi şəxs deyildir, ayrıca VÖEN-i yoxdur. Bu səbəbdən iş üzrə cavabdeh kimi çıxış edə bilməz. Bundan əlavə bildirmişlər ki, iddia ərizəsini qəbul etmirlər. Hesab edirlər ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən xitam verilməsi barədə ADY-nin Sərnişin daşımaları departamentinin xx.xx.2025-ci il tarixli 13-1-19/3-10- 1771/2025 nömrəli əmri tam qanuni və əsaslıdır. Belə ki, xx.xx.2025-ci il tarixli 13-1-19/3- 74-1650/2025 nömrəli protokola əsasən məlum olur ki, xx.xx.2025-ci il tarixində təxminən saat 17:49 radələrində ADY-nin Sərnişin daşımaları departamentinin X3 xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin rəisi İddiaçı Departament rəisinin xidməti otağına daxil olaraq özünəməxsus mobil telefon vasitəsilə qarşı tərəfin razılığı olmadan qanunsuz və əsassız olaraq audio və video qeydiyyat aparmış, yüksək səs tonu ilə danışaraq Departament rəisinə qarşı qeyri-etik ifadə və hərəkətlərə yol vermişdir. Ona xidməti otaqdan getməsi bildirilsə də o, xidməti otağı uzun müddət tərk etməyərək Departament rəisinin iş rejimini pozmuş, görülməli olan işlərin keyfiyyətli və vaxtında icra edilməsinə ciddi maneə törətmişdir. Bundan sonra ADY-nin Mühafizə departamentinin əməkdaşlarına müraciət edilmiş, onlar Departament rəisinin xidməti otağına gəlsələr də, İddiaçı xidməti otağı tərk etməyərək qayda pozuntularını davam etdirmişdir. X5 Polis İdarəsinin əməkdaşlarının müdaxiləsi nəticəsində saat 18:59 radələrində o, xidməti otağı tərk etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində əvvəlcədən ADY-nin Sərnişin daşımaları departamentinin X3 xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Emil İsmayılov tərəfindən məlumat verilərək həmin gün səhər saatlarında planlaşdırma iclasında iştirak etməsinə zərurət olmadığına dair elektron məktubla, həmçinin, “whatsApp” mobil tətbiqi vasitəsilə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı həmin tarixdə saat 09:10 radələrində Departament rəhbərliyi tərəfindən keçirilən planlaşdırma iclasında zorla iştirak etmək istəmiş, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin X2 3-cü maddəsinin 1-ci hissəsinin 12-ci (işçi birbaşa və ya yuxarı rəhbərinin qanunauyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməlidir) bəndinin tələblərini qəsdən pozaraq iclası tərk etməmişdir. Onun bu hərəkəti planlaşdırma iclasının ləğv edilməsinə səbəb olmuşdur. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixində saat 11:39 radələrində rəhbərlik etdiyi Şöbənin əməkdaşları Azad Azayev, Aygün Cəfərova və Toğrul Əşrəfov ilə birlikdə yenidən Departamentin X3 xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Emil İsmayılovun xidməti otağına daxil olmuş, Azad Azayev və İddiaçı özlərinə məxsus mobil telefon vasitəsilə audio və video qeydiyyat apararaq Emil İsmayılovun xidməti işinə ciddi maneə törədərək iş prosesini pozmuş, onunla qeyri-etik tərzdə söhbətlər aparmışlar. Nəticədə həmin Şöbənin iş prosesi dayanmış, heç bir iş icra edilməmişdir. Bundan başqa, təxminən saat 14:10 radələrində təkrarən İddiaçı və Azad Azayev Departament rəisinin xidməti otağına daxil olmuş, yenidən iş prosesinə maneə törədərək yüksək səs tonu ilə qeyri-etik formada Departament rəisinin ünvanına nalayiq ifadələr səsləndirmiş və şəxsi əşyalarını götürmüşlər. Departament rəisi xidməti otağından çıxmış, adıçəkilən şəxslər də onun arxasınca otaqdan dəhlizə çıxmışlar. Daha sonra Departament rəisi xidməti otağına qayıtdıqda qapını bağlamış, lakin Azad Azayev və İddiaçı zor tətbiq etməklə otağa daxil olmuş və hərəkətlərini davam etdirmişlər. Bu dəfə də Departament rəhbərliyinin müraciəti əsasında ADY-nin Mühafizə departamentinin əməkdaşları, həmçinin, X5 Polis İdarəsinin əməkdaşları Sərnişin daşımaları departamentinə dəvət olunaraq, adıçəkilən şəxsləri Departament rəisinin xidməti otağından təxminən saat 14:35 radələrində kənarlaşdırmışlar. Bu işçilərin pozuntu halları xx.xx.2025-ci il tarixində Departamentin aparatının iş prosesini dayandırmışdır. Bütün baş verənlər müşahidə kameralarının videogörüntüləri ilə öz təsdiqini tapmış və aidiyyəti şahidlərin imzası ilə 14 fevral və 17 fevral 2025-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Bununla da, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək), “b” (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) və “f (əmək qanunvericiliyinin tələblərinə əməl etmək) bəndlərinin, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X2 2-ci maddəsinin 2-ci hissəsinin 13-cü ( hər bir işçi Cəmiyyətin maraqları naminə öz xidməti vəzifələrini səmərəli yerinə yetirməli və davranışı ilə nümunə olmalıdır) bəndinin, 3-cü maddəsinin 1-ci hissəsinin 3-cü (işçi etik normalara ciddi riayət etməli, belə normaların təsiri bağışlayan hərəkətlərə yol verməməli), 12-ci (işçi birbaşa və ya yuxarı rəhbərinin qanunauyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməlidir), 13-cü (birbaşa və ya yuxarı rəhbərindən əmr, sərəncam və tapşırıq almasına baxmayaraq, işçi onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur) və 15-ci (işçi iş vaxtı digər işçilərin işinə mane olacaq hərəkətlərdən çəkinməlidir) maddəsinin tələblərini qəsdən pozmuşdur. İddiaçı tərəfindən törədilən pozuntu halları ilə bağlı ondan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187ci maddəsinin tələbinə əsasən yazılı izahat tələb olunmuş, lakin o, izahat verməkdən imtina etmişdir. Bütün bu çoxsaylı pozuntu halları ilə bağlı ADY rəhbərliyinin imzası ilə X5 Polis İdarəsinə 13-1/2-1844/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub ünvanlanmışdır. X5 Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025- ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən də görünür ki, İddiaçı həqiqətən də Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin daxili intizam qaydaları ilə tənzimlənən normativ qaydaları pozmuş, işəgötürən və işçi arasında əmək qanunvericiliyi ilə təsbit olunmuş normalara əməl etməyərək tabe olduğu rəhbər şəxslə mübahisə etmişdir. İddiaçı əməllərində xırda xuliqanlıq inzibati xətası olduğundan onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati tədbir görülməsi məsələsinə baxılması üçün sözügedən qərarın surəti X5 Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə təqdim edilmişdir. Bundan sonra İdarə tərəfindən daxil olmuş 1/4- 3-13-15-1/2-1447/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktuba əsasən İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati qaydada tədbir görülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsinin tələblərinin pozulmasında təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmiş, cərimə olunmuşdur. Bundan sonra, İddiaçı tərəfindən protokol üzrə cərimə ödənilmişdir. Bundan əlavə, xx.xx.2025-ci il tarixli 05 nömrəli protokola əsasən SDD-nin aparatının və X3 xidmətinin HİK tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 70-ci maddəsinin Ç bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Nəticədə, ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcovun xx.xx.2025-ci il tarixli 13-1-19/3-10-1771/2025 nömrəli əmrinə əsasən xx.xx.2025-ci il tarixdə Departament rəisinin, xx.xx.2025-ci il tarixdə isə bilavasitə rəhbəri-X3 xidmətinin rəisinin xidməti otaqlarına daxil olaraq işlərinə müdaxilə etdiyi, sağlam iş mühitinə və fəaliyyətə mənfi təsirlər formalaşdırdığı, işçilərin hüquq və azadlıqlarını pozan hallara səbəb olduğu, vicdanlı davranış prinsiplərinə uzlaşmayan hərəkətlərə yol verdiyi aşkar edilmişdir (bununla bağlı audio və video görüntülər məhkəməyə təqdim ediləcəkdir). Departament rəhbərliyi tərəfindən iddiaçıya etimad göstərilərək xx.xx.2024-cü il tarixdə müvafiq vəzifəyə təyin edilməsinə baxmayaraq ona göstərilmiş etimadı doğrultmamışdır. Yuxarıda da qeyd edildiyi kimi İddiaçı bu hərəkətləri Departamentdə iş ahənginin uzun müddət pozulmasına, həmin gün Departamentin bir neçə şöbəsində işçilər tərəfindən işlərin icra edilməməsinə, müəssisədə işçilər arasında nizam-intizamın aşağı düşməsinə səbəb olmuşdur. Əlavə olaraq Departamentdə əmək və icra intizamının, etik-davranış, subordinasiya qaydalarının, əmək müqaviləsi özrə öhdəliklərin, öz əmək funksiyalarının, vəzifə təlimatının tələblərinin, "xxxx" QSC-nin X2 qəsdən pozulması halları baş verməsi səbəbindən işəgötürənin onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə xitam verməsi tam qanuni və əsaslı olmuşdur. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Sərnişin daşımaları departamentinin X3 xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrdə göstərilmişdir ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Sərnişin daşımaları departamentinin X3 xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin rəisi İddiaçı iş vaxtı zərurət olmadan xx.xx.2025-ci il tarixdə Departament rəisinin, xx.xx.2025-ci il tarixdə isə bilavasitə rəhbəri - X3 xidmətinin rəisinin xidməti otağlarına daxil olaraq işlərinə müdaxilə etdiyi, sağlam iş mühitinə və fəaliyyətə mənfi təsirlər formalaşdırdığı, işçilərin hüquq və azadlıqlarını pozan hallara səbəb olduğu, vicdanlı davranış prinsiplərinə uzlaşmayan hərəkətlərə yol verdiyi aşkar edilmişdir. Faktlar aktlaşdırılmış, məsələ ilə əlaqədar İddiaçı yazılı izahat təqdim edilməsi tələb olunmuş, lakin sonuncu, izahat verməkdən imtina etmişdir. İddiaçı hərəkətləri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a" (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək), "b" (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) və “f" (əmək qanunvericiliyinin tələblərinə əməl etmək) bəndlərinin, ADY-nin İdarə Heyətinin xx.xx.2018-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin X2 3.1.1-ci (ünsiyyətdə olarkən, habelə əmək funksiyalarını yerinə yetirərkən milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət etmək, insanların hüquq və azadlıqlarını, qanuni maraqlar nı pozan, şərəf və ləyaqətini ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməmək, nəzakətli olmaq), 3.1.3-cü (etik normalara ciddi riayət etmək), 3.1.5-ci (əməkdaşlar ilə ünsiyyətdə onları nüfuzdan salacaq hərəkətlərə yol verməmək və ifadələr işlətməmək), 3.1.6-cı (vəzifələrindən kənar-o—cümlədən başqa əməkdaşların səlahiyyətlərinə aid məsələlərə müdaxilə etməmək) yə 3.1.15-ci (iş vaxtı digər işçilərin işinə mane olacaq hərəkətlərdən çəkinmək) yarımbəndinin tələblərini kobud surətdə pozmuşdur. Eyni zamanda, İddiaçı hərəkətlərinə hüquq qiymət verilməsi ilə bağlı ADY-nin xx.xx.2025-ci il tarixli 13-1/2-1844/2025 nömrəli məktubu ilə aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X5 Polis İdarəsinə müraciət edilmiş və araşdırmanın nəticəsinə əsasən o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsinin tələblərinin pozulmasında təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı əmək funksiyalarını layiqincə yerinə yetirməyərək məsuliyyətsizlik nümayiş etdirməsi, habelə əvvəllər verilmiş xəbərdarlıqlardan nəticə çıxarmayaraq təkrar intizam xətasına yol verməsi fəaliyyətin təşkilində arzuolunmayan vəziyyətin və əməkdaşlar arasında intizamsızlıq mühitinin formalaşmasına, əmək intizamının normral ahənginin pozulmasına gətirib çıxarmışdır. Yuxarıda göstərilənləri və Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları departamentinin aparatının və X3 xidmətinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli 05 nömrəli qərarını nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsini, 72-ci maddəsinin T bəndini, 186-cı maddəsinin 2-ci hissəsinin Ç bəndini və ADY-nin xx.xx.2022-ci il tarixli 270316 nömrəli əmrinin 1.3-cü yarımbəndini rəhbər tutaraq əmr etmişdir ki, əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozduğuna və X2 tələblərini qəsdən yerinə yetirmədiyinə görə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşmaları departamentinin X3 xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin rəisi İddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən ləğv edilsin. İş materiallarında olan "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcovun sədrliyi ilə keçirilmiş xx.xx.2025-ci il il tarixli araşdırmanın 11№li protokolunda qərara alınmışdır ki, Əmək müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəlikləri, vəzifə təlimatının tələblərini, ADY-nin X2 tələblərini, əmək və icra intizamını qəsdən pozduğuna, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xəta hadisəsinə yol verdiyinə görə X3 xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin rəisi İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv edilməsi barədə toplanılmış sənədlər qabaqcadan razılıq alınması məqsədilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Sərnişin daşımaları departamentinin aparatının və X3 xidmətinin Həmkarlar İttifaqı Komitəsində baxılması üçün Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Komitəsinə təqdim olunsun. İş materiallarında olan "xxxx" QSC-nin Sərnişin daşımaları Departamentinin aparatnın və X3 xidmətinin HİK-nin iclasının xx.xx.2025-ci il tarixli 05 saylı protokolundan görünür ki, Sərnişin daşımaları departamentinin X3 xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin rəisi İddiaçıla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ X5 Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin xx.xx.2025-ci il tarixli qərarının surətində göstərilmişdir ki, Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin daşımaları departamentində baş vermiş mübahisə faktı əsasında X5 Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində toplanmış HK -1/19 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilsin, X4, X7 və İddiaçı əməllərində xırda xuliqanlıq inzibati xətası olduğundan onların barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən inzibati tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti X5 Polis İdarəsinin İctimai təhlükəsizlik Şöbəsinə təqdim edilsin. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ X5 Polis İdarəsi tərəfindən qəbul edilmiş 07 mart 2025-ci il tarixli MN ******* saylı protokolun surətində göstərilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Dəmir Yolları QSCnin Sərnişin daşıma depatamentinin rəisi Azər Fərxadova qarşı xoşagəlməz hərəkət edərək ictimai qaydanı pozmuş, nəticədə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1667/2025 xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ X5 Polis İdarəsi tərəfindən qəbul edilmiş 07 mart 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında materialların yenidən araşdırılması üçün Daxili İşlər Nazirliyi NBPİ X5 Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1667/2025 xx.xx.2025-ci il tarixli qərarından apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(103)-1294/2025 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ X5 Polis İdarəsi tərəfindən yenidən araşdırma aparılmış və 27 may 2025-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(006)-3891/2025 saylı qərarının surətindən görünür ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında materialların yenidən araşdırılması üçün Daxili İşlər Nazirliyi NBPİ X5 Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. Bu qərardan da apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(103)-2193/2025 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, səlahiyyətli orqanın qəbul etdiyi qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin xitam edilməsi əsaslarına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi özündə 3 əsası ehtiva edir: a) İşçi özünün əmək funksiyasını yerinə yetirmədikdə; b) İşçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə; c) Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-3-cü hissələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə “əvvəllər verilmiş xəbərdarlıqdan nəticə çıxarmayaraq təkrar intizam xətasına yol verməsi” göstərilsə də buna dair sübutlar mövcud deyildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa dair tələblərdə əmək müqaviləsinin ləğv edilməsinin əsasının olması zəruriliyi ilə yanaşı həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi öz əksini tapmalıdır. Belə ki, iddiaçı tərəfindən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair heç bir sübut mövcud deyildir. İşəgötürərnin xx.xx.2025-ci il tarixli əmrində həmçinin Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə və 186-cı maddənin 2-ci hissəsinin "xxxx" bəndinə istinad edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv etmək. 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Göründüyü kimi, işəgötürən 186-cı maddəsinin 2-ci hissəsinin ən son həddi olan intizam məsuliyyətini tətbiq etmişdir. Halbuki, iddiaçının əvvəllər iş şəraitində intizamsızlıq mühitinin fomalaşmasına, əmək və icra intizamının normal ahənginin pozulmasına gətirib çıxaran əməllərin törədilməsinə dair iş materiallarında heç bir dəlil mövcud deyildir. Qeyd olunmalıdır ki, bağlanmış əmək müqaviləsinə müvafiq olaraq işəgötürən işçidən əmək vəzifələrinin yerinə yetirilməsini tələb edə bilər. İntizam xətası törətmiş işçinin intizam məsuliyyətinə cəlb etmək işəgötürənin vəzifəsi deyil, hüququdur. Bu zaman işçi əmək vəzifələrinin icrası ilə bilavasitə bağlı olan hüquqa zidd hərəkətləri intizam xətası sayıla bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsi işçinin vəzifə borcunu yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozması halında mümkün hesab edilir. Hazırki əmək mübahisəsi üzrə işçinin qanuna zidd davranışı nəticəsində normal ahəngin pozulması təyin edilmiş iclasın keçirilməsinə mane yaradılması, Departament rəisinin işin pozulması ilə izah olunur. Bu zaman işçinin hərəkətlərinin Departamentin iş prosesinə, göstərdiyi xidmətə, yəni sərnişin daşımalarına hansı təsirlə nəticəslənməsi izah edilmir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə əsasən iş vaxtı ərzində iş yerində inzibati xəta törədilməsini intizam pozuntusu hesab edir. Bununla belə, Əmək Məcəlləsinin 186–190-cı maddələrinə görə, intizam tənbehi seçilərkən işəgötürən pozuntunun ağırlığını, işçinin əvvəlki davranışını, intizamın pozuntusunun məqsədini nəzərə almalıdır. Nəzərə alınmalıdır ki, işəgötürənin işçi ilə əmək müqaviləsinə xitam verməsi zamanı intizam tənbehinin verilməsinin qanuniliyinin yoxlanılması zəruridir. Bu zaman intizam tənbehinin verilməsi ilə əmək müqaviləsinə xitam verilməsi işçi tərəfindən törədilmiş əməlin ağırlıq dərəcəsi nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunanları ümumiləşdirərək məhəkəmə bələ qəanətə gəlir ki, işəgötürən işçiyə intizam tənbehinin tətbiq edilməli olmasında haqlı olmuş, lakin işçinin uzun müddət çalışmaqla əvvəllər intizam məsuliyyətinə cəlb edilməməsi, işəgötürən tərəfindən xx.xx.2024-cü il tarixdə (hadisə baş verdiyi vaxtdan 2 ay əvvəl) vəzifədə irəli çəkilərək şöbə rəisi təyin edilməsi, baş vermiş hadisənin səbəblərinin onun tabeliyində olan işçi ilə əlaqədar olması, əmrin verilməsindən sonra tətbiq edilən cəzanın ağırlığını nəzərə alaraq işəgötürənə öz xahişi ilə işdən azad olma əsasına dəyişdirilməsi barədə müraciət etməsi onun, onun hərəkətləri nəticəsində işin ahənginin pozulmasının nəticələrinin ümumi ifadə edilməsi hallarını nəzərə alaraq, işəgötürən tərəfindən tətbiq olunan cəza ilə törədilən əməl arasında balans qorunmamış, işçiyə birbaşa ən ağır intizam tənbehi tətbiq edilməklə proporsionallıq prinsipi pozulmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında əmək müaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 maddəsinin "xxxx" bəndi ilə xitam verilməsi üçün ciddi əsas mövcud olmamaqla həmin əmr ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə, hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulmuş ləğv edilməsi əsasları pozulduğundan iddiaçıya işə çıxdığı günə qədər məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Məhkəmə tələbin “mükafatın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, əmək qanunvericiliyində məcburi iş buraxma dövrü üçün mükafatın ödənilməsi nəzərdə tutulmadığın qeyd edilən hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən 100 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Dəmir Yolları QSC-nin xx.xx.2025-ci il tarixli 13-1-19/3-10-1771/2025 əmri ləğv edilsin. İddiaçı Azərbaycan Dəmir Yolları QSC-də Sərnişin Daşımaları Departamentində X3 Xidmətinin Planlaşdırma və İcraya Nəzarət şöbəsinin rəisi vəzifəsinə bərpa edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Azərbaycan Dəmir Yolları QSC-dən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3150/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3150/2025
28.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver