Məhkəmə qərarları › İş №2(006)-3151/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3151/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3151/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili - Vəkil, Cavabdehin nümayəndəsi - X2 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «borcun silinməsi, öhdəliyə xitam verilməsi və adın borclu şəxslərin siyahısından çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə baxı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «borcun silinməsi, öhdəliyə xitam verilməsi və adın borclu şəxslərin siyahısından çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hesablanmış 820 ABŞ dolları 20 sent faizin silinməsi, LPO Cavabdeh ASC-nin qarşısındakı öhdəliyinə xitam verilməsi, adının Azərbaycan Kredit Bürosunda (Mərkəzləşdirilmiş Kredit Reyestrində) borclu şəxslərin siyahısından çıxarılması öhdəliyinin LPO Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla hazırda ləğv prosesində olan Cavabdeh ASC arasında bağlanmış 2010-cu il tarixli müqaviləyə əsasən, bu bankdan 1.600 ABŞ dolları istehlak krediti götürmüşdür. Cavabdeh ASC-dən götürdüyü krediti tam həcmdə ödəməklə vaxtında bağlamışdır. Lakin, 2022-ci ilin noyabr-dekabr aylarında o, istehlak krediti almaq məqsədi ilə bir neçə banka müraciət etdikdə ona bildirmişlər ki, mərkəzləşdirilmiş kredit reyestri məlumatlarına əsasən onun Cavabdeh ASC-yə 820 ABŞ dolları 20 sent faiz borcu var və ona kredit verilə bilməz. Diqqətə çatdırır ki, istehlak kreditini 2010-cu il tarixdə götürmüşdür və müqavilə bir il müddətinə bağlanmışdır. Yəni müqavilənin icra müddətindən 12 il müddət keçmişdir. Bu müddət ərzində bankın əməkdaşları mübahisə predmeti olan borcla bağlı onunla heç bir əlaqə saxlamamışdır. Əgər banka bu qədər faiz borcu qalmışdırsa, niyə bu borc ondan on iki illik müddət ərzində tələb olunmamışdır? Bir daha bildirir ki, Cavabdeh ASC-dən götürdüyü krediti tam həcmdə ödəməklə vaxtında bağlamışdır. Belə ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən borc məbləği 2012-ci ildə bir dəfəlik ödəməsinə baxmayaraq, həmin borca faiz hesablanmasını dayandırmamış və ya borc məbləğini silərkən faiz borcunu sistemdən silməmişdir. Göstərilən halların hər biri qanunvericiliyin tələblərinə ziddir. Nəzərə çatdırır ki, Cavabdeh ASC-nin əməkdaşlarının səhlənkarlığına görə o, digər kommersiya banklarından və ya bank olmayan kredit təşkilatlarından kredit götürə bilmir. Bu da onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Hüquqlarına yaradılan qanunsuz məhdudiyyət hələ də davam etməkdədir. Bunu da nəzərə çatdırmaq istəyir ki, həmin istehlak kreditini götürdüyü vaxtdan artıq 12 illik bir müddət keçib. Bank qarşısında heç bir öhdəliyinin olmamasına baxmayaraq ümumən öhdəliyin icra müddəti ilə bağlı qanunvericiliyin tələbinə əsasən, on il keçdikdən sonra öhdəliyə xitam verilir. Beş il keçdikdən sonra isə kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər qüvvəsini itirir. Bildirir ki, göstərilənlərlə bağlı LPO Cavabdeh ASC-nin işlərini aparan ƏSF-ya ünvanladığı səhv hesablanmış faiz borcunun silinməsi, adının Mərkəzləşdirilmiş Kredit Reyestrindən borclular sırasından çıxarılması barədə məktuba ƏSF 08 iyun 2023-cü il tarixli **********312 saylı cavab məktubu ilə olmayan borcu ödəməli olduğu bildirilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə mərkəzləşdirilmiş kredit reyestrini aparan "xxxx" MMCyə İddiaçı ilə LPO Cavabdeh ASC-dən alınmış kredit üzrə müqavilənin son ödəniş tarixindən on illik müddətin başa çatması səbəbindən Azərbaycan Kredit Bürosunda olan məlumatın Reyestrdən çıxarılması barədə göstəriş verilməsi üçün müraciət olunmuşdur. Həmin müraciətə 17 may 2023-cü il tarixli cavab məktubu ilə Azərbaycan Kredit Bürosu tərəfindən «büroya məlumat təchizatçıları tərəfindən təqdim edilən məlumatlar yalnız texniki emal edilir və onların üzərində dəyişikliklərin aparılması Büronun səlahiyyətləri xaricində» olması bildirilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan məlumatların 10 il keçdikdən sonra Reyestrdən çıxarılmasına cavabdeh LPO Cavabdeh ASC məsuldur. İstinad olunan sənədlərin surətləri məhkəmə çıxışına əlavə olunmuşdur. Nəzərə alınmalıdır ki, «Kredit büroları haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektlərin razılığına əsasən arxivləşdirilir. Mərkəzləşdirilmiş kredit reyestrinin məlumatlarına əsasən kreditin verilmə tarixi 16 mart 2010-cu il, kredit müqaviləsinin bitmə tarixi 16 mart 2011-ci ildir. Göründüyü kimi, bu günkü tarixə qədər 12 ildən çox müddət ötmüşdür. Yəni, 10 illik müddət başa çatması səbəbindən həmin məlumat Reyestrdən çıxarılmalı və məhv edilməlidir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mərkəzləşdirilmiş kredit reyestri məlumatlarında İddiaçı Cavabdeh ASC qarşısında xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 820 ABŞ dolları 20 sent faiz üzrə borcunun olduğu qeyd olunmuşdur. İddiaçı iddia ərizəsində göstərilənləri qeyd etməklə, son ödəniş tarixindən 10 illik müddətin başa çatması səbəbindən mərkəzləşdirilmiş kredit reyestrindəki məlumatın reyestrdən çıxarılmasını "xxxx" MMC-dən xahiş etmişdir. Rəsmi müraciət mülki işə baxıldığı dövrdə edilmişdir. "xxxx" MMC iddiaçının müraciətinə ətraflı şəkildə cavab vermiş, məlumat təchizatçısına və ya məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Bundan öncə, iddiaçı iddia ərizəsində qeyd olunan məsələ ilə bağlı LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, Fond tərəfindən iddiaçının müraciətinə 08 iyun 2023-cü il tarixli məktubla cavab verilmiş, onun xx.xx.2010cu il tarixli Kİ-4036/AG saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 820 ABŞ dolları 28 sent borcunun olduğu qeyd edilmişdir. İddiaçı bundan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsi baxımından şərh edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir). Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə uyğun olaraq, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Göründüyü kimi, bu maddə ilə müddətin keçməsinə görə tələb etmək hüququna xitam verilməsi imperativ qaydada müəyyən edilməmişdir, yəni müvafiq müddət keçdikdə öhdəlik avtomatik olaraq öz-özlüyündə xitam olmur, onun icrasını tələb etmək hüququna müəyyən şərtlərlə xitam verilir. Eyni zamanda, Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edib-etməmək də onun öz ixtiyarına buraxılır. Burada o da nəzərə alınmalıdır ki, yalnız mövcud olan öhdəliyin icrasından imtina etmək mümkündür. Həmçinin, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlərin keçməsi öhdəliyə xitam vermədiyindəndir ki, həmin Məcəllənin 554.2-ci maddəsinə əsasən, öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Halbuki, öhdəlik mövcud olmadığı halda bir şəxs tərəfindən başqa şəxsin əmlak mənafeyi xeyrinə etdiyi hərəkətlər bağışlama və ya əsassız varlanma halı yaradır ki, onların hər ikisinin geri istənilməsi mümkündür. X1 qeyd etmişdir ki, Mülki Məcəllənin 554.2-ci maddəsi həmin Məcəllənin iddia müddəti bitdikdən sonra vəzifənin icrası adlanan 383-cü maddəsi ilə mahiyyətcə eynilik təşkil edir. Belə ki, həmin maddəyə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Bu ondan irəli gəlir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən «şərəf borcu» da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir. Göründüyü kimi, natural öhdəliklərin iki əsas əlaməti mövcuddur: - borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi; - borclu tərəfindən icra edilmişlərin geri tələb edilməsinin yolverilməzliyi. Beləliklə, natural öhdəliyin icrası öhdəliyin mövcudluğu, etibarlılığı və icra edən tərəfin onu tanıması prezumpsiyasını yaradır ki, borclunun həmin öhdəliyin hüquqi təbiətini (artıq iddia ilə təmin olunmamasını) bilmədiyi təqdirdə də icra edilənləri geri istəyə bilməməsi məhz bundan irəli gəlir. Bu hüquq münasibətlərinin məhkəmə tərəfindən araşdırılması qeyri-mümkün olduğundan, həmin prezumpsiya təkzibedilməz xarakter daşıyır. Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Burada o da nəzərə alınmalıdır ki, müddətin keçməsi halından fərqli olaraq, Mülki Məcəllənin 27-ci fəsli ilə nəzərdə tutulmuş bütün digər əsaslarla (məsələn, borcun bağışlanması halında) öhdəliyə xitam verildikdən sonra təqdim edilmiş icranın geri alınması mümkündür. Xitam verildiyi halda öhdəlik artıq mövcud olmadığından, bu halda verilənlər heç bir hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçmiş hesab edilir və onların geri tələb edilməsi mümkündür. Belə ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin öhdəliklərin xitamı üçün müddətlər adlanan 551-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: - kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; - ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; - zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; - məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan 10 illik müddətə, maddənin məzmununun hərfi mənasından çıxış edərək, öhdəliklərin xitam olunma müddəti kimi yanaşıldıqda borclunun yuxarıda qeyd edilən “öhdəliyin icrasından imtina etmək hüququ” mövcud ola bilməz. Belə ki, öhdəlik olmadığı üçün imtinanın predmeti də olmur. Həmçinin, belə olan halda, iddiaçı qismində çıxış edən şəxsin pozulmuş və təmin edilməli olan subyektiv hüququ da mövcud olmayacaqdır. Halbuki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti 10 il təşkil edir və bu müddət keçdikdən sonra tələb ilə bağlı iddia qaldırıldıqda, cavabdeh isə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermədikdə məhkəmə iddia tələbini təmin edə bilər (Mülki Məcəllənin 375.2-ci maddəsi). Eyni zamanda, bəzi hallarda Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlər öhdəliklərin xitamı müddəti hesab olunarsa, ümumiyyətlə eyni hüquq münasibətləri üzrə həm iddia müddətlərinin, həm də öhdəliyin xitamı müddətlərinin tətbiq edilməsi sual doğurur. Məsələn, Mülki Məcəllənin 373.2-ci maddəsi ilə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin 6 il, həmin Məcəllənin 551.2.3-cü maddəsi ilə isə zavod tikintisi üzrə tələblərin qüvvəsini itirməsi müddəti 5 il müəyyən edilmişdir. Belə olan halda, 5 illik müddətin keçməsi öhdəliyə xitam müddəti kimi qiymətləndirilərsə, öhdəliyin icrası ilə bağlı iddia müddətinin 6 il olmaqla hələ də axması hüquqi məntiqə və tənzimetməyə uyğun hesab edilə bilməz. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə iddia müddəti şamil edilmir. Dövlətin maliyyə-kredit sisteminə etimadın, həmçinin onun sabitliyinin təmin edilməsi məqsədi ilə qanunverici bu cür öhdəliklərdən irəli gələn tələblərin müddətsiz olaraq iddia ilə təmin edilməsinə zəmanət verir. Mülki Məcəllənin 551-ci maddəsi ilə müəyyən edilən müddətlər bütün tələblər üçün nəzərdə tutulduğundan, onların öhdəliyə xitam verilməsi müddəti kimi qiymətləndirilməsi, qeyd edilən 384.0.2-ci maddə ilə uyğunsuzluq yaradıb-yaratmaması ilə bağlı qeyri-müəyyənliyə səbəb ola bilər. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətlərin, ötürülməsi ilə öhdəliyin və ya onu tələb etmək hüququnun xitamına səbəb olan müddətlər (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Eyni zamanda, mükəlləfiyyətli şəxsin bu müddətlər bitdikdən sonra öhdəlik üzrə icra etdiklərini geri tələb edə bilməməsi, belə öhdəliklərin iddia ilə təmin edilməyən natural öhdəlik olmasına dəlalət edir ki, bu da öz növbəsində iddia müddəti institutu üçün xas olan haldır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddia müddətini kəsici müddətlərdən fərqləndirən əsas meyarlardan biri odur ki, onun keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Təsadüfi deyil ki, tələblərin əvəzləşdirilməsinin yolverilməzliyindən bəhs edərkən, qanunverici məhz “iddia müddəti” anlayışından istifadə etmişdir. Mülki Məcəllənin 545.0.4cü maddəsinə görə, digər tərəfin ərizəsi ilə tələbə iddia müddəti tətbiq edilməli olduqda və bu müddət keçdikdə öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 377-ci və 552.1-ci maddələri ilə müəyyən edilən müddətlərin axımının başlanması, 380-ci və 553-cü maddələri ilə nəzərdə tutulan müddətlərin kəsilməsi, habelə onların dayandırılması (379-cu və 552.2-ci maddələr) qaydaları eynilik təşkil edir. Həmçinin, Mülki Məcəllənin 554.4-cü maddəsinə görə, müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, qanunverici həm Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafında, həm də 18-ci fəslində nəzərdə tutulan müddətlərin, tərəflərin razılaşması ilə dəyişdirilməsinin mümkünlüyünü təsbit etmişdir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan «bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir» və «aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir» ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Mülki Məcəllənin 551.2.4-cü maddəsinə gəldikdə isə burada nəzərdə tutulan 30 illik müddətin keçməsi öhdəliyin xitamına deyil (o, natural öhdəlik olaraq mövcudluğunu davam etdirir), məhkəmə qərarı ilə müəyyən edilmiş öhdəliyin məcburi icrası imkanının aradan qalxmasına səbəb olur və bu səbəbdən də qeyd edilən norma mahiyyət etibarı ilə məhkəmə qərarlarının icrası ilə bağlı olan hüquq normasıdır. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 527.1-ci maddəsində öhdəliklərin xitamı əsasları sırasında «müddətin keçməsi» halı sırf hüquqi xarakterinə və ya tərəflərin razılaşmasına əsasən müddətə bağlı öhdəliklərə münasibətdə yaranır. Yəni, bir öhdəlik məhz müəyyən bir müddət üçün əmələ gətirilibsə (məsələn, konkret bir müddətə bağlı xidmətin göstərilməsinə dair öhdəliklər), həmin müddətin keçməsi öhdəliyin xitam olunması nəticəsini yarada bilər. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllədə iddia müddətləri ilə bağlı müddəaların həm Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı, həm də həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulması hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, məhkəmə müdafiəsi hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici orqan tərəfindən Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulmuş normaların bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədəmüvafiq olardı. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi ilə nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədilə, məsələ qanunvericilik qaydasında həll edilənədək, qanunverici tərəfindən Mülki Məcəlləyə iddia müddətlərinə dair ayrıca fəslin məqsədli şəkildə salınması nəzərə alınaraq, öhdəliklərdən irəli gələn tələblərə, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulan iddia müddətləri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir; - Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Bu səbəbdən, iddia tələbi təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 35 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «borcun silinməsi, öhdəliyə xitam verilməsi və adın borclu şəxslərin siyahısından çıxarılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 35 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «borcun silinməsi, öhdəliyə xitam verilməsi və adın borclu şəxslərin siyahısından çıxarılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 35 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar