Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3178/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Bədəlov Nurəddin Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" QSC-yə qarşı “əmək kitabçasına düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" QSC-yə qarşı “əmək kitabçasına düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, ona məxsus olan xx.xx.2007-ci il tarixdə tərtib edilmiş ******* nömrəli əmək kitabçasında xx.xx.2007-ci il tarixdə “Azərtunelmetrotikinti” SC-nin 3 nömrəli Tunel-Tikinti İdarəsinə yeraltı əmək şəraiti ilə İİİ dərəcə ilə betonçu peşəsinə qəbul edilməsi, xx.xx.2008-ci il tarixdən yeraltı əmək şəraiti ilə İİİ dərəcə ilə nasos maşinisti peşəsinə keçirilməsi və xx.xx.2014-cü il tarixdən “Azərtunelmetrotikinti” SC-nin 1 nömrəli Tunel-Tikinti İdarəsinə yeraltı əmək şəraiti ilə İİİ dərəcə ilə dağ-mədən fəhləsi peşəsinə qəbul edilməsi barədə düzəliş edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2007-ci il tarixdə “Azərtunelmetrotikinti” SC-nin 3 nömrəli Tunel-Tikinti İdarəsinə İİİ dərəcə ilə betonçu peşəsinə qəbul edilmişdir (əmr № 155/K, xx.xx.2007-ci il). Həmin peşə əmək kitabçasında “yeraltı əmək şəraiti üzrə” peşə kimi qeyd edilməli olsa da, cavabdeh tərəfindən “yerüstü əmək şəraiti üzrə” peşə kimi qeyd edilmişdir. xx.xx.2008-ci il tarixdən İİİ dərəcə ilə “nasos maşinisti” peşəsinə keçirilmişdir (əmr № 96/K, xx.xx.2008-ci il). Həmin peşə “yeraltı əmək şəraiti üzrə” olsa da, cavabdeh tərəfindən tərtib edilmiş əmək kitabçasında ümumiyyətlə həmin əmək şəraiti “yeraltı əmək şəraiti” olaraq qeyd edilməmişdir. xx.xx.2014-cü il tarixdən “Azərtunelmetrotikinti” SC-nin 1 nömrəli Tunel-Tikinti İdarəsinə İİİ dərəcə ilə dağ-mədən fəhləsi peşəsinə qəbul edilmişdir (əmr № K496, xx.xx.2014-cü il). Həmin peşə əmək kitabçasında “yeraltı əmək şəraiti üzrə” kimi qeyd edilməli olsa da, cavabdeh tərəfindən tərtib edilmiş əmək kitabçasında “yerüstü əmək şəraiti üzrə” peşə kimi qeyd edilmişdir. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək ona məxsus əmək kitabçasında olan həmin səhvlərin düzəldilməsini xahiş etsə də, cavabdeh bu düzəlişlərin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbi təmin edilməlidir. Cavabdeh "xxxx" QSC iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən (AR ƏM 70-ci maddəsinin “b” bəndinə əsasən), iddiaçı ilə son haqq-hesab aparılmış, ona ƏM-nin 77.3-77.4-cü bəndlərinə uyğun olaraq işdənçıxma müavinəti verilmiş, xx.xx.2018-xx.xx.2019-cu il tarixinədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə pul əvəzi ödənilmişdir. xx.xx.2019-cu il tarixində əmək müqaviləsinə xitam verilməsi haqqında Qeyd vərəqəsində “Əmək kitabçasını təhvil aldım” imza edərək əmək kitabçasını təhvil almışdır. Göründüyü kimi, iddiaçı ən azından xx.xx.2019-cu il tarixindən əmək kitabçasında edilən yazılar barədə məlumatlı idi. Lakin iddiaçı məhkəməyə illər sonra, yəni 2023-cü il tarixdə müraciət etmişdir. İddiaçı tərəfindən isə məhkəməyə müraciət edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş bir ay iddia müddəti ötürülmüşdür. İddiaçı öz çıxışlarında “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etdim” kimi ifadələr səsləndirsə də, Azərbaycan Resublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş iddia müddətləri ötürülmüşdür, çünki iddiaçının Azərbaycan Resublikasının Nazirlər Kabinetinə və ya X6 Xidmətinə müraciət etməsi iddia müddətinin axımını kəsmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarına əsasən, X6 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti haqqında” Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz”. Göstərilənlərə əsasən, iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X5 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 Xidmətinin nümayəndəsi X2 iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, 2(102)-889/2022 nömrəli mülki işin materiallarında olan: xx.xx.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə daxil olmuş İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsindən görünür ki, İddiaçı "xxxx" QSC-nin ona ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə dəqiqləşmədən görünür ki, "xxxx" QSC-nin ona ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının ona verilməsi, yəni həmin vaxtlarda ona 300 manat əmək haqqı ödənildiyi halda, yeraltı xidmət şəraitində isə 750-800 manat ödənildiyinə görə hər ay üçün təxminən 400 manat təşkil edən fərqin ödənilməsi, eyni zamanda onun yeraltı xidmət şəraitində işlədiyi barədə əmək kitabçasında müvafiq qeydlərin aparılmasının cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddia ərizəsinə dəqiqləşmənin təsviri-əsaslandırıcı hissəsində 2007- 2019-cu illər ərzində yeraltı əmək şəraiti üzrə fəhlə, betonçu, nasos maşinisti işlədiyini, 2014-2016-cı illər ərzində əvvəlki illərdə olduğu kimi, yeraltı əmək şəraitində işlədiyini qeyd etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1503/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8633/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1503/2021 saylı iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-889/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8633/2021 nömrəli iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, eyni iddiaçının eyni cavabdehə qarşı eyni predmet barəsində eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Belə ki, 2(102)-889/2022 nömrəli mülki işin materiallarından müəyyən edilir ki, iddiaçının hazırki iddia ərizəsində mübahisələndirdiyi tələb həm onun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə dəqiqləşmənin, həm Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1503/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin, həm də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8633/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin predmeti olmuşdur. İddiaçının həmin tələblərinə iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qənaətə gələn Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsini qüvvədə saxlamış və kassasiya instansiyası məhkəməsi də apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki: Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh "xxxx" QSCyə qarşı “əmək kitabçasına düzəliş edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 262, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmək kitabçasına düzəliş edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3178/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3178/2023
10.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver