Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-318/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın və mülkiyyətə dair qeydin ləğv edilməsi, iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi və sahənin iddiaçıya geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın və mülkiyyətə dair qeydin ləğv edilməsi, iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi və sahənin iddiaçıya geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, MH seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanda, istifadədə olan 0.0161 ha torpaq sahəsində yerləşən 138.6 kv.metr ümumi, əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası xx xxx 2006-cı il tarixdə paylı mülkiyyət hüququ üzrə iddiaçının (1/2 hissəsi 69.3 kv.m.) və X1 (1/2 hissəsi 69.3 kv.m.) adlarına daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmışdır. İddiaçının mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsi Bakı şəhərinin notariusu Rəşadət ZülFüqar oğlu Sadıqov tərəfindən təsdiqlənmiş xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə görə iddiaçı tərəfindən Cavabdeh 200000 manata satılmışdır. Həmin müqaviləyə uyğun olaraq göstərilən sahə formal olaraq Cavabdeh adına mülkiyyət hüququ ilə təkrar qeydə alınmışdır. xx.xx.2011-ci il tarixli adıgedən alqı-satqı müqaviləsi iddiaçı tərəfindən hazırda mübahisələndirilir və etibarsız hesab edilməlidir. Belə ki, cavabdehlə aralarında adıgedən müqavilə bağlanan vaxtlar ünvan 2 ünvanda, xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsində iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ərzaq malları mağazasını işlətmişdir. Təsərrüfat fəaliyyətinin genişləndirilməsi üçün iddiaçıya pul vəsaiti lazım olmuşdur. Buna görə sələm vermək fəaliyyəti ilə məşğul olan Cavabdeh müraciət etməli olmuşdur. Cavabdeh aylıq 7 faizlə iddiaçıya 200000 manat borc pul vermişdir. Bu pulu verərkən Cavabdeh 2 ayın faizi olan 30000 manatı ümumi məbləğdən çıxmış, faktiki olaraq iddiaçıya 170000 manat pul vermişdir. Sələmə verdiyi pulun müqabilində girov istədiyi üçün iddiaçı məcburiyyət qarşısında qalaraq cavabdehlə Notariat Kontoruna getməli olmuş, formal olaraq onunla xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsini bağlamalı olmuşdur. Belə ki, həmin müqaviləni bağlamasa idi, Cavabdeh iddiaçıya lazım olan məbləğdə pulu verməyəcəkdi. Sonrakı müddətlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(101)-813/2012 saylı hökmü ilə iddiaçı Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 180.2.5-ci maddələri ilə təqsirli bilinərək, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2012-cii il tarixdən hesablanmaqla 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Sonradan barəsində Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2-ci maddəsi ilə məhkum olunmuşdur. Cəzasını penitensiar Xidmətin 10 saylı CÇM-də çəkməklə xx.xx.2017-ci il tarixdə həbsdən azad olunmuşdur. Ötən müddətdə adıgedən qeyri-yaşayış sahəsi Cavabdeh istifadəsində olmuş, onun tərəfindən mütəmadi olaraq icarəyə verilmişdir ki, bunun müqabilində o, həmin byektə görə külli miqdarda pul vəsaitləri əldə etmişdir. Götürmüş olduğu sələmə görə iddiaçının bütün borcu cavabdehə ödənilmişdir. Hazırda əmlakının özünə qaytarılması barədə təkliflərini cavabdeh nəinki qəbul etmir, əksinə iddiaçıdan külli madarda əlavə pul tələb etmək istəyir. Ona görə də cavabdehlə aralarında olan xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsini mübahisələndirmək qərarına gəlmiş və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək azadlıqdan məhrum etmə yerlərində cəza çəkmiş olduğu üçün həmin müqaviləni mübahisələndirmək imkanından olmamışdır. Göstərdiyi kimi, xx.xx.2011-ci il tarixli müqavilə işin hallarına uyğun deyildir və bu səbəbdən həmin müqavilə etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən, ünvan 2 ünvanda iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin cavabdehə satılmasına dair xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, cavabdehin adına çıxarışın və cavabdehin mülkiyyətə dair qeydin ləğv edilməsinə, iddiaçının həmin sahəyə dair mülkiyyət hüququnun bərpa edilməsinə və həmin sahənin iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan xx xxxxxx 2011-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı ünvan 1 ünvanda yerləşən 138.6 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən ona məxsus olan 1/2 hissəsini (1/2 hissəsi 69.3 kv.m.) tam cavabdehə satmışdır. İş materiallarında olan xx xxxxxxx 2017-ci il tarixli 290 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək cəza müddətini cəkmişdir. İşə əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(006)-2877/2012 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdehlər İddiaçı, Cavabdeh, Bakı şəhəri 9 saylı dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsindən çıxarılma, həmin sahəyə istifadə hüququnun bərpa edilməsi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2014-cü il tarixli 2(102)-1770/14 saylı qərarından müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(006)-2877/2012 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-1288/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı əsas borcun və maddi ziyanın tutulması tələbinə dair iddia ərizəsi rədd edilmişdir. İşə əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 9574/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-1288/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)- 4031/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsinə istifadə hüququnun tannıması və s. tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2011-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanda yerləşən 138.6 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən ona məxsus olan 1/2 hissəsini (1/2 hissəsi 69.3 kv.m.) tam cavabdehə satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən müqavilə xx xxxxxx 2011-ci il tarixdə bağlanmış, lakin həmin tarixdən təqribən 9 ilə yaxın müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. X3 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə qeyd edir ki, iddia tələbinin həmin hissələri alqı-satqı müqaviləsinin etibarsızlığına əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, prosessual qənaət prinsipini əsas götürərək iddia tələbi digər hissələrdə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Bundan əlavə, məhkəmə qeyd edir ki, iş materiallarında olan qətnamələrdən göründüyü kimi iddiaçının cavabdehə qarşı müxtəlif tələblər üzrə iddia ərizələri rədd edilmiş və həmin qətnamələr də qanuni qüvvəyə minmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın və mülkiyyətə dair qeydin ləğv edilməsi, iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi və sahənin iddiaçıya geri qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-318/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-318/2021
22.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver