Məhkəmə qərarları › İş №2(006)-3186/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3186/2024

03.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3186/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli “işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə" əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2013-cü il tarixdə Bakı şəhəri Təhsil İdarəsinin nəzdində olan “Şəngülüm” körpələr evi uşaq bağçasına dalandar işinə qəbul edilmişdir. Həmin vaxtdan onunla əmək müqaviləsi bağlanmış sonunsu dəfə isə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi yenilənmişdir. xx.xx.2024-cü il tarixli əmrlə “işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə” işdən azad edilmiş və həmin tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin, ixtisara düşməsi barədə əvvəlcədən ona heç bir məlumat verilməmişdir. O, işdən azad edilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, əmək məcəlləsinə görə 10 ildən artıq iş stajı olan şəxslər ixtisara düşərkən azı 9 təqvim həftəsi əvvəl xəbərdarlıq edilməli idi. İşdən azad edilməsi barədə əmrin surəti və əmək kitabçası ona təqdim edilməmişdir. Hazırda işdən çıxması barədə əmr ona təqdim edilmədiyindən onun Əmək Məcələsinin hansı maddəsi ilə işdən çıxması ona aydın deyildir. Yalnız e-sosialdan əldə etdiyi arayışda "işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə” qeyd edilmişdir. Həmin əmrlə razı deyildir. Belə ki, o, uzun müddətdir ki, həmin vəzifədə işləyir, işlədiyi müddət ərzində heç bir əmək intizamını pozmamış, bu barədə müdiriyyətdən heç bir xəbərdarlıq və töhmət almamış, həmişə işinin öhdəsindən layiqincə gəlmişdir. Hazırda həmin bağcada onun işlədiyi ixtisas üzrə işçilər vardır. Onu işdən ixtisar edərkən müdiriyyət tərəfindən ona edilmiş güzəştlər nəzərə alınmamışdır. Belə ki, onun həyat yoldaşı Qarabağ Müharibəsi iştirakçısı olmaqla müharibə veteranıdır, həyat yoldaşı 2006-cı ildə vəfat etmişdir. Onun dul qalmış arvadıdır. Bir oğlu vardır və hazırda hərbi xidmətdədir. Tək anadır, dolanışıq üçün başqa qazancı yoxdur. Onun həmin iş üzrə ixtisara düşməsi tamamilə əsassızdır. Onu işlə təmin etmədən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, 12 ildən artıqdır ki, işləyir və onunla bağlanmış əmək müqaviləsi müddətsiz hesab edilməli idi. Bu barədə mediasiya şurasına da müraciət etmiş, lakin cavabdeh tərəf mediasiya şurasına gəlməkdən imtina etmişdir. Cavabdehlə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmuş, habelə onunla əmək müqaviləsi ləğv edilərkən başqa işlə təmin edilməli idi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etmişdir. Həmçinin izahatında bildirmişdir ki, məktəbəqədər təhsil müəssisələri 2022-ci ilə qədər Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olmuşlar. Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olan zaman bağçada dalandar vəzifəsini saxlamışlar. 2022-ci ilin sonunda bağçalar Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyinə verilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bütün bağçalar, o cümlədən ştatlar yoxlanılmalı idi. İddiaçının çalışdığı bağça yoxlanılarkən müəyyən olunmuşdur ki, dalandar ştatının olmasının şərti bağçanın həyətyanı ərazisinin 2500 m2 olmasıdır. Qaradağ rayonu “Şəngülüm” körpələr evi uşaq bağçasının həyətyanı sahəsi 1800 m2 olmuşdur. Ərazi 2500 m2-ə çatmadığından müəyyən olunmuşdur ki, artıq bu ştat ixtisar olunmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin maliyyə-mühasibatlıq sektoru tərəfindən Qaradağ rayon “Şəngülüm” körpələr evi-uşaq bağçasının xx.xx.2024-cü ilə tərtib edilmiş ştat cədvəlindən müəyyən olunur ki, həmin ştat cədvəlində dalandar vəzifəsi yoxdur. İş materiallarında olan İddiaçı adına xx.xx.2013-cü il tarixdə açılmış 049675 saylı əmək kitabçasından görünür ki, həmin tarixdə “Şəngülüm” körpələr evi uşaq bağçasına aşpaz vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdə paltaryuyan vəzifəsinə, xx.xx.2016-cı il tarixdə dalandar vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 14 nömrəli əmr verilmişdir. İş materiallarında olan Qaradağ rayonu “Şəngülüm” körpələr evi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 4 saylı əmək müqaviləsinə xitam verilərkən işçiyə xəbərdarlıq barədə əmrdən çıxarışdan görünür ki, həmin əmr əmək haqqının saxlanılmaqla xx.xx.2024-cü il tarixdən dalandar ştatı ixtisar olunduğu üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə işçiyə rəsmi xəbərdarlıq edilməsi və 2 ay müavinat ödənilməsi barədə verilmişdir. İş materiallarında olan Qaradağ rayonu “Şəngülüm” körpələr evi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 14 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarışdan görünür ki, həmin əmr İddiaçı xx.xx.2024-cü il tarixdən 1.0 ştat vahidi olaraq dalandar vəzifəsi ixtisar olunduğu üçün Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən ona müavinət ödənilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə verilmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirməklə müəyyən etdi ki, işəgötürən iddiaçını onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (ştatın ixtisar edilməsi) bəndinə əsasən xitam veriləcəyi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən isə müavinat ödəniləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin ə) bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Qeyd olunmalıdır ki, işçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda isə işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunub-olunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib-etməməsinə dair məsələləri nəzərdən keçirməlidir. İş materiallarından göründüyü kimi, iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Yuxarıda göstərilənlərə uyğun olaraq iş materialları ilə müəyyən edilmişdir ki, ştatların ixtisarı barədə işəgötürən tərəfindən müvafiq əmr verilmiş, həmin əmrin verilməsinin zəruriliyi əsaslandırılmış, işçiyə işəgötürən tərəfindən ştatların ləğvi barədə xəbərdarlıq göndərilmişdir. Odur ki, xx.xx.2024-cü il tarixli əmrin ləğvi üçün hüquqi əsaslar olmadığından təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün əsaslar olmadığından, bu hissədə də iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçınun cavabdeh "xxxx" QSC-yə qarşı işə bərpa və sairə tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar