Məhkəmə qərarları › İş №2(006)-3188/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3188/2024

12.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3188/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ev iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının övladı olmaqla həmin mənzildə pasport qeydiyyatında olsa da, həmin evdə yaşamadığından onun həmin evə istifadə hüququ tamamilə itmişdir. Ona görə də cavabdehin evdən istifadə hüququna xitam verilməlidir. Belə ki, cavabdeh qeydiyyatda olduğu üçün iddiaçı kommunal xidmətlər üçün ona görə də haqq ödəyir. Cavabdeh “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməyərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən evin İddiaçı adına olmasına dair hər hansı hüquqi sənəd yoxdur. İddiaçı ilə bərabər Cavabdeh da qeyd edilən evdə qeydiyyatdadır. İddiaçının xüsusi əmlakı olmayan bir özbaşına tikiliyə görə məhkəmədən hüquqlarını tələb etməsi tamamilə əsassız və qanunsuzdur. Cavabdehin mübahisə predmeti olan mənzildə yaşamamasının səbəbi iddiaçı ilə aralarında münasibətlərin keçimsiz olmasıdır və nəticədə cavabdeh evdən çıxarılmışdır. Cavabdeh atası olan iddiaçının yaşlı olması səbəbilə nə vaxtsa bu hərəkətin yanlış olmasını düşünüb, bu günədək ona qarşı mənzilə köçürülmə tələbinə dair iddia qaldırmamışdır. Lakin cavabdeh artıq görür ki, atası olan iddiaçı onu yaşadığı evdən qeydiyyatdan çıxarır. Halbuki, iddiaçı məhkəməyə müraciət edərkən cavabdehə demişdir ki, “başqa məsələ var ortada, sənin həyat yoldaşına pay düşməsin deyə səni qeydiyyatdan çıxaracam və məhkəməyə verəcəm”. Cavabdeh isə buna etiraz edərək bildirmişdir ki, “belə şey ola bilməz. Bu, sənədsiz evdir, burada qeydiyyatda olan şəxslərin hüquqları var və başqa heç kimin yoxdur. Xüsusilə də onun həyat yoldaşının heç bir tələbi bu günədək olmamışdır”. İddiaçı isə əsassız olaraq iddia edir ki, cavabdehə görə əlavə kommunal ödənişlər etmişdir. Cavabdeh razıdır ki, iddiaçı tərəfindən ona görə edilən kommunal ödənişlər barədə birbaşa pretenziya, ətraflı qaimə və digər sənədlər təqdim etsin. Əgər belə ödənişlər mövcuddursa, cavabdeh həmin ödənişləri ödəyə bilər. İddiaçının öz iddiasının əsassız olmasını özü təsdiq edir. Belə ki, heç bir hüquq müəyyənedici sənəd olmayan evdə tərəflər bərabər hüquqlardan yararlanmalıdırlar. İddiaçının iddia ərizəsi formal xarakter daşıyır və onun heç bir hüquqi əsası yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, vəkili-nümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib bildirdi ki, ev özbaşına tikili olduğundan, iddiaçı ilə onun hüquqları eynidir. Dəfələrlə evə gedib-gəlib, yaşamağa cəhd etsə də, ona orada yaşamağa icazə verməyiblər. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının vəkili-nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 52 saylı MKİS tərəfindən verilmiş 154 nömrəli və 205 nömrəli arayışlardan görünür ki, İddiaçı 1980-ci ildən və Cavabdeh 2003-cü ildən ünvan 1 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 51/2-S-38435 nömrəli məktubdan görünür ki, Cavabdeh Nəsimi rayonu, Kərpic küçəsi, ev 49 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. Məhkəmə orqanlarına müraciət etmək hüququnun olması onun nəzərinə çatdırılmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 (bir yüz) manat rüsum ödənilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 96 nömrəli arayışdan görünür ki, İddiaçı yaşamış olduğu ünvan 2 saylı ev tikinti şirkəti tərəfindən sökülmüşdür. Hazırda “X2” MMC tərəfindən tikinti işləri aparılır. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil sökülmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyata alınmış hər hansı mənzil haqqında məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarını tərəflərin izahatları ilə birgə araşdıraraq müəyyən etdi ki, ünvan 2 ünvanında yerləşən ev özbaşına tikinti olmuşdur. İddiaçı 1980-ci ildə həmin evə qeydiyyata alınmış və yaşamışdır. İddiaçının oğlu – Cavabdeh isə anadan olduğu 1983-cü ildən anasının yaşadığı başqa bir evdə qeydiyyata alınmaqla orada yaşamış, 2003-cü ildə atasının təklifi ilə mübahisə predmeti olan evə formal olaraq qeydiyyata düşmüş, lakin orada heç vaxt yaşamamışdır. Belə ki, cavabdeh əvvəlki məhkəmə iclaslarında evdə heç vaxt yaşamadığını, 6-7 il əvvəl yaşamağa cəhd etsə də, atasının həyat yoldaşının onu orada yaşamağa qoymadığını, məsələ ilə bağlı polisə müraciət etdiklərini, hansı polis bölməsi olduğunu xatırlamadığını bildirmişdir. Məhkəmə araşdırmaları zamanı müvafiq orqanlardan əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, həmin ev sökülmüşdür və yerində hazırda tikinti işləri aparılır. Hazırda iddiaçı oğlunun – cavabdehin həmin evdə heç vaxt yaşamadığını, qeydiyyatının formal olduğunu əsas gətirərək, onun evdən istifadə hüquqlarına xitam verilməsini; cavabdeh isə evin özbaşına tikinti olmasının, orada yaşamağa cəhd etsə də, ona imkan verilməməsinin nəzərə alınaraq, evlə bağlı atası ilə eyni hüquqlara malik olduğundan iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə tələblə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan evin özbaşına tikinti olması, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması hazırkı iş üzrə tərəflərin izahatlarına və iş materiallarında olan mötəbər yazılı sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz haldır. Özbaşına tikintiyə mülkiyyət hüququ tanınmadığından, onunla bağlı istifadə hüquqlarının yaranması da mümkün deyildir. Lakin məhkəmə hesab edir ki, məsələni birdəfəlik həll etmək üçün hazırkı mübahisə üzrə analogiya tətbiq edilməlidir. Bu zaman isə məhkəmə tərəfindən cavabdehin 2003-cü ildən mübahisə predmeti olan evə formal qeydiyyata alınması və ötən müddət ərzində heç vaxt orada yaşamaması faktı nəzərə alınmalıdır. Belə ki, iddiaçı bu faktı iddia ərizəsində göstərmiş, cavabdeh də öz növbəsində əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarında 2003-cü ildə evə formal qeydiyyata alındığını və orada yaşamadığını bildirmiş, sonra isə əslində evdə yaşamaq istəsə də, atasının həyat yoldaşının ona imkan vermədiyini, axırıncı dəfə 6-7 il əvvəl evdə yaşamaq üçün cəhd etsə də, bunun alınmadığını və hər iki tərəfin polisə müraciət etdiyini, lakin hansı polis bölməsi olduğunu xatırlamadığını bildirmiş, ötən müddət ərzində evə köçürülmə barədə tələblə məhkəməyə müraciət etməməsini isə atasının yaşlı olması ilə əsaslandırmışdır. Bir sözlə, cavabdehin evə qeydiyyata alınmasının formal olması və onun heç vaxt həmin evdə yaşamaması faktı cavabdehin öz izahatları ilə də təsdiqini tapmışdır. Cavabdehin məsələ ilə əlaqədar polisə müraciətlə bağlı sübutu məhkəməyə təqdim etməməsi ilə yanaşı, hadisədən 5 il keçdiyindən sənədlərin məhv edildiyini və hansı polis bölməsi olmasını xatırlamadığını bildirməsi polisə müraciət faktının mövcud olub-olmamasının məhkəmə tərəfindən dəqiqləşdirilməsini də mümkünsüz etmişdir. Əlavə olaraq, qeydiyyata alınmasından ötən 21 il ərzində cavabdehin hərəkətsizlik nümayiş etdirərək, evlə bağlı heç bir tələblə (köçürülmə və s.) məhkəməyə müraciət etməməsi faktı da nəzərə alınmalıdır. Beləliklə, göstərilən bütün halları ümumiləşdirərək məhkəmə hesab edir ki, mübahisə predmeti olan evdə formal qeydiyyatda olmaqla, orada heç vaxt yaşamayan cavabdehin ümumiyyətlə həmin evdən istifadə hüququ yaranmamışdır. Belə olan halda isə mövcud olmayan istifadə hüququna xitam verilməsi barədə hazırkı tələbin təmin edilməsi məqsədəmüvafiq hesab oluna bilməz. Məhkəmə onu da qeyd edir ki, cavabdehin ötən 21 il ərzində hərəkətsiz qalması faktı həm də yetkinlik yaşına çatmış bir şəxs kimi onun özünü saxlamağa və lazımi şəraitdə (alternativ yaşayış yerində) yaşamağa kifayət qədər vəsaitinin olmasını təsdiq edir (hazırda evin sökülməsi, yəni mövcud olmaması faktı da nəzərə alınmalıdır). Məhkəmə mübahisə ilə bağlı aşağıdakı hüquq normalarına istinad edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 14.3-cü maddəsinə görə, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarına əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu, məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara və tərəflərin izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, məhkəmə xərci olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar