Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3199/2022 15.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmək müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adına Cavabdeh MMC tərəfindən xx.xx.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının xəbəri olmadan onun adına Cavabdeh MMC xx.xx.2019-cu il tarixində əmək müqaviləsi tərtib etmiş, bu müqaviləyə əsasən iddiaçı “satıcı” vəzifəsinə işə qəbul edilmiş və iddiaçıya hər ay 180 manat məbləğində əmək haqqının ödənilməsi qeyd edilmişdir. Lakin bu barədə iddiaçıya heç bir məlumat verilməmişdir. 2020-ci ilin aprel ayında pandemiya ilə əlaqədar 190 manat məbləğində müəyyən edilmiş məbləğin alınması üçün onlayn qaydada müraciət edərkən iddiaçı öz adına müqavilə olduğunu öyrənmişdir. Lakin araşdırmalar nəticəsində həmin şirkətin fəaliyyət göstərmədiyi müəyyən olunmuşdur. Bu səbəbdən də iddiaçı məcburən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət edərək, əmək müqaviləsinə elektron informasiya sistemində xitam verilməsini şifahi şəkildə xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin əməkdaşı iddiaçıya əvvəlcə mediasiya təşkilatına, daha sonra məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İddiaçı hesab edir ki, iddiaçının adına Cavabdeh MMC tərəfindən xx.xx.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməlidir. Sonradan, xx.xx.2022-ci il tarixdə İddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi, Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi ilə əlaqədar məlumatın “X1” sisteminə daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, xx.xx.2022-ci il tarixində (xx.xx.2022-ci il tarixli düzəlişlə) İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 2(006)-3199/2022 saylı iş üzrə X4 Xidmətinin cavabdehlər siyahısından çıxarılaraq, üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Habelə, iddia tələbinin Cavabdeh MMC ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin sistemə daxil edilməsinin Əmək Müfəttişliyi Xidmətinə həvalə edilməsi tələbi ilə əvəz edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3 iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xxxxxxx000600 saylı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əsas iş yeri üzrə Cavabdeh MMC-də satıcı vəzifəsinə qəbul olunmuş və onunla xx.xx.2019-cu il tarixdən etibarən müddətsiz əmək müqaviləsi bağlanılmışdır. Bununla yanaşı, həmin bildirişdən görünür ki, İddiaçı əməyinin vaxtamuzd əsaslarla ödənilməsi müəyyən edilmiş və aylıq əmək haqqının məbləği 180 manat təşkil etmişdir. Mülki işin materiallarında olan Bakı 5 saylı Mediasiya Təşkilatının MŞB/5-01527 saylı xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İnternet Vergi İdarəsi”nin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” bölməsindən görünür ki, X9 Haq Cavabdeh MMC-nin qanuni təmsilçisidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********800500 saylı cavab məktubundan görünür ki, Cavabdeh MMC-nin (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2019-cu il tarixdə uçota alınması, fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılması və hazırda fəaliyyətinin dayandırılmış vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Cavabdeh MMC-nin (VÖEN: **********) rəhbərinin X5ması barədə məlumat mövcuddur. Cavabdeh MMC-nin (VÖEN: **********) rəhbərinin şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və fərdi identifikasiya nömrəsi barədə məlumatlar məktuba əlavə olunmuşdur. Mülki işin materiallarında olan olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli 33/2655 saylı cavab məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Pakistan vətəndaşı X9 Haqın xx.xx.2019-cu il tarixində dövlət sərhədindən çıxışı qeydə alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh MMC-də əsas iş yeri üzrə satıcı vəzifəsinə qəbul olunmuş və onunla xx.xx.2019-cu il tarixdən etibarən müddətsiz əmək müqaviləsi bağlanılmışdır. İddiaçının əməyinin vaxtamuzd əsaslarla ödənilməsi müəyyən edilmiş və aylıq əmək haqqının məbləği 180 manat təşkil etmişdir. Bu barədə xxxxxxx000600 saylı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi qeydə alınmışdır. İddiaçı cavabdeh müəssisədə işləməmiş, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar işəgötürənə müraciət etmək istəsə də, müəssisənin hazırda fəaliyyət göstərmədiyini öyrənmiş, bu səbəbdən X4 Xidmətinə şifahi müraciət etmiş, Xidmətin əməkdaşının tövsiyəsi ilə əvvəlcə mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə araşdırmaları nəticəsində cavabdeh müəssisənin fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək müvəqqəti dayandırılması və müəssisənin rəhbərinin xx.xx.2019-cu il tarixində dövlət sərhədindən çıxışının qeydə alınması müvafiq orqanlar tərəfindən təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi tam haqlı və əsaslıdır. Buna görə də iddiaçının iddiası təmin edilməli, Cavabdeh MMC ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməli, cavabdeh müəssisənin rəhbəri ölkə xaricində olduğundan, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi X4 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 9-cu maddəsinin “b” bəndinə görə, əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Sözügedən Məcəllənin 42-ci maddəsinin tələbinə görə, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. Sözügedən Məcəllənin 69-cu maddəsinin 1-2-ci hissələri ilə müəyyən edilmişdir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi X4 Xidmətinə həvalə edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi X4 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3199/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3199/2022
15.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver