Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3208/2022 11.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı MMC-nin direktoru X1, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası ərazisində müxtəlif növ qapıların, mebellərin satışını və dizayn xidmətlərinin göstərilməsini həyata keçirir. İddiaçı öz fəaliyyət növləri ilə əlaqədar hər gün müxtəlif fiziki və ya hüquqi şəxslərlə müqavilələr bağlayır və bu müqavilələr əsasında Cəmiyyətlə müqavilə bağladığı fiziki və ya hüquqi şəxslər arasında hüquq münasibətləri və onların bir-biriləri qarşısında hüquq və vəzifələri yaranır. İddiaçınə müraciət edənlərdən biri də Cavabdeh adlı fiziki şəxs olmuş və həmin fiziki şəxslə Cəmiyyət arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC alıcı Cavabdeh sifariş etdiyi əşyaları bu müqavilədə nəzərdə tutulmuş müddətdə onun mülkiyyətinə verməyi, alıcı Cavabdeh isə sözügedən müqavilədə təsbit edilmiş qaydada onun mülkiyyətinə verilmiş əşyaların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Yuxarıda adıçəkilən alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmış və həmin alqı-satqı müqaviləsi üzrə satıcı tərəf olan “Arzena Design" MMC öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etməklə alıcıya onun sifariş etdiyi əşyaları lazımı keyfiyyətdə və vaxtında təhvil vermişdir. Lakin göstərilən alqı-satqı müqaviləsi üzrə alıcı tərəf olan Cavabdeh adlı fiziki şəxs tərəfindən onun üzərinə düşən öhdəliklər tam şəkildə icra edilməmiş, yəni həmin alqı-satqı müqaviləsi üzrə onun mülkiyyətinə verilmiş əşyaların dəyəri, yəni 1250 (bir min iki yüz əlli) manat satıcı tərəfə ödənilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh 1250 manat borc məbləği və 55 manat ödənilmiş dövlət rüsumu olaraq, cəmi 1305 manat məbləğində vəsaitin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin direktoru X2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki, onun oktyabr ayının 10-u toyu olmalı idi. O, həmin qapıları toydan sonra köçməyi planlaşdırdığı yeni ev üçün sifariş vermişdir. İddiaçıya 1250 manat borcu qalmışdır. Ayın 5-i ondan 5100 manat pul tələb edərək bildirdilər ki, qapıları təhvil verəcəklər, hazırda onlar depodadır. Həmin gün onlar qapıları quraşdırmalı idilər. Lakin qapılar 5-i yox, 17-si quraşdırıldı. O, ev hazır olmadığı üçün evə köçə bilmədi və oteldə qalmaq üçün əlavə 4200 manat xərci çıxdı. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli sifariş (podrat) müqaviləsindən görünür ki, İddiaçı MMC 12700 manat dəyərində olan qapıları Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğinin 50%-ni sifarişdə, 40%-ni depoda, 10%-ni təhvildən sonra edəcəkdir. Həmin müqavilədən görünür ki, təslim tarixi 05 oktyabr 2021-ci il tarixdir. Əsaslandırıcı hissə: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli sifariş (podrat) müqaviləsinə əsasən İddiaçı MMC 12700 manat dəyərində olan qapıları Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğinin 50%-ni sifarişdə, 40%-ni depoda, 10%-ni təhvildən sonra etməlidir, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilmiş, lakin cavabdeh öhdəliklərini tam icra etməmiş, nəticədə ödənilməmiş borcu yaranmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Eyni Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Göründüyü kimi cavabdeh sifariş (podrat) müqaviləsinin ödəmə ilə bağlı bəndinə (10%-in təhvil verildikdən sonra ödənilməsi) əməl etməyərək, pul məbləğini tam şəkildə iddiaçıya ödəməmişdir. Məhkəmə Cavabdeh “qalan borcun qapıların 5-i yox, 17-si quraşdırıldığı üçün ödəməməsi” ilə bağlı izahatı ilə əlaqədar qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə sifariş verilmiş əşyanın ayın 5-dən gec təqdim edilməsi ilə bağlı məsuliyyət nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1250 (bir min iki yüz əlli) manat əsas və 55 (əlli beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1305 (bir min üç yüz beş) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1250 (bir min iki yüz əlli) manat əsas və 55 (əlli beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1305 (bir min üç yüz beş) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3208/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3208/2022
11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver