Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-321/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi - X1 iştirakları ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «yeni kredit müqaviləsinin bağlanması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «yeni kredit müqaviləsinin bağlanması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin, Cavabdeh1 ASC ilə iddiaçı arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli, 078 saylı və 28 yanvar 2015-ci il tarixli, 079 saylı kredit müqavilələrinin restrukturizasiya olunaraq yeni kredit müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC ilə iddiaçı arasında 28 yanvar 2015-ci il tarixli, 078 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən iddiaçıya 24 ay müddətinə illik faiz dərəcəsi 22 faiz ödənilmək şərti ilə 2200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan “Mercedes Benz C-220” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilim ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 28 yanvar 2015-ci il tarixli, 078 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bundan başqa, Cavabdeh1 ASC-nin “Uğur” filialı ilə iddiaçı arasında 28 yanvar 2015-ci il tarixli, 079 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən iddiaçıya 24 ay müddətinə illik faiz dərəcəsi 22 faiz ödənilmək şərtilə 4200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqavilələri 28 yanvar 2015-ci il tarixdə bağlanıldıqdan bir ay sonra yəni, 21 fevral 2015-ci il tarixdə birinci dəfə, 21 dekabr 2015-ci il tarixdə isə ikinci dəfə Azərbaycan manatı ABŞ dolları qarşısında ucuzlaşaraq dəyər itirmişdir. Lakin, buna baxmayaraq hər ay mütəmadi olaraq ödənişlər etmişdir. Bank ləğv prossesinə getdikdən sonra həmdə bir müddət sağlamlığında yaranmış problemlərlə bağlı işsiz olduğuna görə ödəniş edə bilməmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı qəbul edilərkən, Fərmanın iddiaçının kredit müqavilələrinə şamil olunması barədə sistemdən çıxarış əldə etmişdir. Bundan sonra cavabdehə dəfələrlə müraciət edib ödənilməyən kredit məbləğinin restrukturizasiya olunmasını və yeni kredit müqaviləsinin bağlanmasını xahiş etmişdir. Cavabdeh hər dəfə müraciətinin araşdırılıb ödənilməmiş kredit məbləğinin restrukturizasiya edəcəklərini və yeni kredit müqavilələrinin bağlanılacağını bildirsə də, hər hansısa bir nəticəsi olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna etdiyi sonuncu müraciətindən sonra cavabdeh tərəfindən göndərilmiş 28 sentyabr 2020-ci il tarixli **********526 saylı məktubunda qeyd edilmişdir ki, “sözügedən kredit müqaviləsi üzrə bank qarşısında öhdəliyinizi vaxtında yerinə yetirmədiyiniz üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmışdır. Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 ASC ilə iddiaçı arasında 28 yanvar 2015-ci il tarixli, 078 saylı kredit müqaviləsinin və 28 yanvar 2015-ci il tarixli, 079 saylı kredit müqaviləsinin restrukturizasiya olunması öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2685/2021 saylı 09 mart 2021-ci il tarixli qərarddadı ilə idda ərizə mümkün sayılmamışdır. Məhkəmə qərarddadında qeyd edilmişdir ki, hazırki tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquq sahəsində yaranan münasibətlər olmadığından, işin bu cür halında mövcud mübahisə işdə iştirak edən şəxslərin subyektiv tərkiblərinə (inzibati orqan olmamalarına) və mübahisənin mahiyyətinə görə inzibati məhkəmə icraatına aid deyildir. Ona görə də iddia mümkün sayılmamalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 28 yanvar 2015-ci il tarixli, 078 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ASC tərəfindən iddiaçıya 24 ay müddətinə illik 22 faiz ödənilmək şərti ilə 2200 ABŞ dolları məbləğində kredit verilmişdir. 28 yanvar 2015-ci il tarixli, 079 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ASC tərəfindən iddiaçıya 24 ay müddətinə illik 22 faiz ödənilmək şərtilə 4200 ABŞ dolları məbləğində kredit verilmişdir. 18.11.2021-ci il tarixli Problemli kreditlərin kompensasiyası barədə məlumatdan müəyyən olunur ki, iddiaçının 01.03.2019-cu il tarixinə Cavabdeh1 ASC-yə əsas kredit borcu 6570,69 manat və 3715,21 manat, borcun azaldılmasına yönəldilən məbləğ 3586,38 manat və 2027,82 manat, qalıq borcunun və restrukturizasiya olunması təklif olunan məbləğlər 2984,31 manat və 1687,39 manat olmuşdur. Bakı şəhər AZ1045 saylı Poçtun 12.01.2022 saylı arayışından görünür ki, cavabdeh tərəfindən iddiaçının adına göndərilmiş SS637807542AZ saylı sifarişli məktub ünvan düzgün olmadığı səbəbindən 16.12.2019-cu il tarixdə geri qaytarılmış və 21.12.2019-cu il tarixdə geri ünvana çatmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanının 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019cu il tarixli ********** saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Həmin Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Həmin Qaydanın 6.17-ci bəndinə əsasən ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası 27 mart 2019-cu il ********** nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydanın 7.10-cu bəndinə əsasən restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən aşağıdakılar təmin olunur: 7.10.1. ən azı aşağıdakı məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması):
1. fiziki şəxsin kredit borcunun restrukturizasiya olunmasına dair yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif edən kredit təşkilatının (baş ofis, filial) adı, ünvanı, əlaqə vasitələri;
2. fiziki şəxsin kredit borcunun restrukturizasiya olunmasına dair yeni müqavilə bağlanması üçün şəxsiyyətini təsdiq edən sənədi gətirməli olduğu barədə məlumat. 7.10.2. Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh1 ASC ilə iddiaçı arasında 28 yanvar 2015-ci il tarixli, 078 saylı və 079 saylı kredit müqavilələri bağlanmış, Cavabdeh1 ASC tərəfindən iddiaçıya 078 saylı müqavilə ilə 24 ay müddətinə illik 22 faiz ödənilmək şərti ilə 2200 ABŞ dolları məbləğində, 079 saylı müqavilə ilə 24 ay müddətinə illik 22 faiz ödənilmək şərtilə 4200 ABŞ dolları məbləğində kreditlər verilmişdir. İddiaçının 01.03.2019-cu il tarixinə Cavabdeh1 ASC-yə əsas kredit borcu 6570,69 manat və 3715,21 manat, borcun azaldılmasına yönəldilən məbləğ 3586,38 manat və 2027,82 manat, qalıq borcunun və restrukturizasiya olunması təklif olunan məbləğlər 2984,31 manat və 1687,39 manat olmuşdur. Məhkəmə qeyd edir ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 7.10-cu bəndinin tələblərindən göründüyü kimi kredit borcunun restrukturizasiya olunmasına dair yeni güzəştli kredit müqaviləsi bağlanması ilə bağlı restrukturizasiya prosesləri kredit təşkilatı tərəfindən həyata keçirilməli idi. Cavabdeh tərəfindən bu prosesin keçirilməsi bildirilsə də, məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən restrukturizasiya prosesi ilə əlaqədar iddiaçıya göndərilmiş bildirişin ünvanın düzgün qeyd olunmaması səbəbindən geri qaytarılması müəyyən olunmuşdur ki, bu halda həmin prosesin cavabdeh tərəfindən keçirilmiş kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının kredit borcları Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının təsir dairəsinə düşdüyündən və cavabdeh tərəfindən restrukturizasiya prosesi iddiaçıya münasibətdə düzgün həyata keçirilmədiyindən iddia təmin edilməli, Cavabdeh1 ASC ilə iddiaçı arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli, 078 saylı və 28 yanvar 2015-ci il tarixli, 079 saylı kredit müqavilələri restrukturizasiya olunaraq yeni kredit müqaviləsi bağlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli, 078 saylı və 28 yanvar 2015-ci il tarixli, 079 saylı kredit müqavilələri restrukturizasiya olunaraq yeni kredit müqaviləsi bağlansın. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Anar İbadzadə