Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3210/2022 10.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 və X2 eyni şəxs olmaqla X1 adına qeyd olunmuş sənədlərin X2 adına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən ərizə və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, ərizəyə 06.04.2022-ci il tarixli qəbz əlavə edilmiş, lakin həmin qəbz Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.04.2022-ci il tarixli 2(006)-2609/2022 saylı qərardadı ilə ərizəçiyə geri qaytarılmış dövlət rüsumunun qəbzidir. Belə ki, qeyd olunan qərardad 18.05.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və 19.05.2022-ci il tarixdə icraya yönəldilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X5 tərəfindən 20.05.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, hazırki iş üzrə ərizənin verilməsinə görə ərizəçi tərəfindən dövlət rüsumu ödənilməmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəçi ərizəsində göstərdiyi tələblərin təmin olunmasının ona 08.04.2010-cu il tarixli vəsiyyətnamə əsasında qeydiyyatda olduğu Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi avtomobil qarajının adına keçirilməsi və çıxarış alınması məqsədi üçün lazım olduğunu və X1 və X2 eyni şəxs olmaqla X1 adına qeyd olunmuş sənədlərin X2 adına məxsus olması barədə lazımi sənədi başqa yolla əldə edə bilmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, ərizəçi hüquqi faktın müəyyən edilməsinin ona hansı məqsəd üçün lazım olduğunu və həmin sənədləri başqa yolla əldə edə bilmədiyini ərizəsində qeyd etməsinə baxmayaraq, aidiyyəti orqanlardan bu sənədlərin təqdim oluna bilməməsi barədə imtina aldığına dair məktubları sübut qismində ərizəsinə əlavə etməmişdir. Halbuki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 3 saylı Qərarının (bundan sonra – Qərar) 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. Həmin Qərarın 1.6-cı bəndində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Qərarın 6 və 6.1-ci bəndlərinə görə, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın – yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi – şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi – həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü – məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Hətta “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 12 saylı Qərarında qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Ərizəyə əlavə edilmiş Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 31.07.1995-ci il tarixli 374/5 saylı Sərəncamından görünür ki, Tbilisi prospekti, 84 saylı evin həyətində yerləşən fərdi avtomobil qarajı Tbilisi prospekti, ev 84-də yerləşən 25 saylı mənzilin sakini X2 adına keçirilmişdir. Bununla yanaşı, ərizəyə əlavə edilmiş 08.04.2010-cu il tarixli vəsiyyətnamədən görünür ki, Bakı şəhəri, Tbilisi prospekti, 84 saylı evin 25 saylı mənzili Ərizəçi X4 tərəfindən vəsiyyət edilmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı notariat ofisinin 16.10.2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi X1 vərəsəsidir. Beləliklə, ərizədən və ona əlavə edilən sənədlərdən görünür ki, yuxarıda istinad olunan normalar ilə müəyyənləşdirilmiş üç şərt ərizəçi tərəfindən verilmiş ərizədə tam ödənilmir. Belə ki, ərizəçi məhz hansı hüquqmüəyyənedici sənədlərin X2 adına məxsus olmasını, eyni zamanda, həmin hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə məlumatları ərizəsinə əlavə etməmişdir. Həmçinin, ərizəçi Maraqlı şəxs qismində cəlb etsə də, həmin orqana müraciət etməmiş və ya etmişsə də, orqanın məsələ barədə mövqeyini əks etdirən cavab məktubunu ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 150.3-cü maddəsinə görə, iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Bundan əlavə ərizəçinin tələbləri ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 307.2 və 307.2.5-ci maddələrinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, Mülki Prosessual Məcəllənin hüquqi əhəmiyyətli faktların müəyyən olunmasına dair 307-ci maddəsində məhkəmə tərəfindən müəyyən edilməli hüquqi əhəmiyyətli faktların növlərinin içərisində “şəxsin eyni şəxs olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” nəzərdə tutulmamışdır. Məhkəmə göstərilənləri ümumiləşdirərək qeyd edir ki, müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərdə adın, ata adının, soyadın düzgün yazılmaması halında həmin hal belə sənədləri vermiş orqanların özləri tərəfindən aradan qaldırıla bilər. Həmçinin, şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktı müəyyən edilə bilər. Müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi isə yolverilməzdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki vəziyyətdə ərizəçi pozulmuş hüququnun müdafiəsi ilə bağlı ilk növbədə anasının adının səhv yazıldığı sənəddə müvafiq düzəliş aparılması üçün həmin sənədi verən orqana, ya da adının səhv yazıldığı hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3210/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3210/2022
10.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver