Məhkəmə qərarları › İş №2(006)-3217/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3217/2021

05.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3217/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı AAA-nın iştirakı ilə İddiaçı AAA-nın cavabdehlər BBB-na və CCC-nə qarşı "nikahın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AAA cavabdehlər BBB-na və CCC-nə qarşı "nikahın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh BBB ilə 25.02.2020-ci il tarixində CCC-də rəsmi nikaha daxil olmuşlar və bu barədə AZ-İİ 384936 saylı Nikah haqqında şəhadətnamə verilmişdir. Lakin, tərəflər faktiki ailə qurmamışlar və iddiaçının ailə qurmamaqda fikri qətidir. Belə ki, iddiaçı nikaha daxil olarkən tələskənliyə yol verərək yanılmışdır. İddaçı hesab edir ki, hazırda bağlanmış nikah saxta olduğundan etibarsız hesab edilməlidir. Bu barədə iddiaçı CCC-nə şifahi və yazılı müraciətlər etsə də, ona imtina olunmuşdur. Əlavə olunuş poçt qəbzinə əsasən iddiaçı tərəfindən CCC-nə ərizə ünvanlanmışdır. Odur ki, iddiaçı hesab edir ki, hazırkı iddia əsaslı olduğundan təmin edilməli nikah etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən iddiaçı AAA ilə BBB arasında 1 saylı CCC-ndə 25.02.2021-ci il tarixli AZ-İİ 384936 saylı Nikah haqqında şəhadətnamə əsasında bağlanmış rəsmi nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı AAA iddia ərizəsinin təmin edilməsini xahiş edərək bildirdi ki, valideynlərin məsləhəti ilə tərəflər arasında toydan əvvəl nikah bağlansa da, toya qədər münasibətlər pozulmuş və ailə faktiki olaraq qurulmamışdır. Cavabdeh BBB məhkəməyə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxıb, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdeh BBB-nun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh CCC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işə digər cavabdeh CCC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan CCC tərəfindən 25.02.2020-ci il tarixdə verilmiş AZ-İİ № 384936 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, BBB ilə AAA nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 397 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə *****, arvada ***** soyadı verilmişdir. Cavabdeh BBB tərəfindən məhkəməyə ünvanlanmış 13.03.2021-ci il tarixli ərizədən görünür ki, o, iddia tələbini qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 25.02.2020-ci il tarixində rəsmi nikaha daxil olmalarına baxmayaraq, faktiki olaraq ailə qurmamışlar, onların arasında nikah formal olaraq bağlanmışdır. Tərəflərin ailə qurmaq niyyətləri yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Ailə Məcəlləsinin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Ailə Məcəlləsinin 26.1.7-ci maddəsinə əsasən saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Həmçinin, Ailə Məcəlləsinin 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi cavabdeh nikahın etibarsız hesab olunmasına razı olması ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflər arasında nikah bağlanarkən tərəflərin ailə qurmaq niyyəti olmamış, nikah Qeydiyyat Şöbəsində qeydə alındıqdan sonra onlar faktiki olaraq ailə kimi bir yerdə yaşamamışlar. Ona görə də iddia tələbi təmin edilməli və AAA ilə cavabdeh BBB arasında 25.02.2020-ci il tarixdə CCC-ndə akt qeydləri kitabında 397 nömrə ilə qeydə alınmış nikah etibarsız sayılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. AAA ilə cavabdeh BBB arasında 25.02.2020-ci il tarixdə CCC-ndə akt qeydləri kitabında 397 nömrə ilə qeydə alınmış nikah etibarsız sayılsın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar