Məhkəmə qərarları › İş №2(006)-3237/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3237/2022

01.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3237/2022 01.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Tağıyeva Ofelya Telman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “İMPULS-N.A" MMC və Cavabdeh2 qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti üçüncü şəxs qsimində cəlb edilməklə) «əmək müqaviləsinə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi Cavabdeh2 onun qohumudur. O, Bakı Dövlət Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsinin 4-cü kursunda oxuyarkən, Cavabdeh2 ona öz şirkətində yarımştat olmaqla iş təklif etdi və o da qəbul etmiş. Beləliklə də, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən “Elmi işçi/kompüter” vəzifəsinə işə götürülmüşdür. 2020-ci ilin yanvar ayında isə Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Cavabdeh2 şirkətin fəaliyyətini dayandıraraq İran İslam Respublikasına getmişdir. Lakin əmək müqaviləsinin xitam verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının X1 sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə heç bir məlumat daxil edilməmişdir. Bu səbəbdən də o, hazırda heç bir yerdə işə qəbul edilmir. Bununla da onun konstitusiya ilə nəzərdə tutulmuş əmək hüququ kobud şəkildə pozulur. Bu səbəbdən də məcbur olub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət edərək, əmək müqaviləsinə elektron informasiya sistemində xitam verilməsini şifahi şəkildə xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin əməkdaşı mənə ilk öncə mediasiya təşkilatına, daha sonra məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Onun adına Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 “İmpuls-N.A" MMC-nin qanuni təmsilçisidir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı sistemə daxil edilmiş xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı müddətsiz əmək müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən “İmpuls-N.A" MMC-də “Mühasib köməkçisi” vəzifəsi üzrə 250 manat əmək haqqı ilə işə qəbul olunmuşdur. İşəgötürən – Cavabdeh2dur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, vergi ödəyicilərinin uçot-qeydiyyat məlumat bazasına əsasən “İmpuls-N.A" MMC-nin (VÖEN **********) xx.xx.2010-cu il tarixdən vergi orqanında qeydiyyatda olduğu və hal-hazırda fəaliyyətinin akiv olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasındakı məlumatlara əsasən xx.xx.2020-ci il tarixində Qazaxıstan istiqamətində çıxışı qeydiyyata alınmışdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı müddətsiz əmək müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən “İmpuls-N.A" MMCyə 250 manat əmək haqqı ilə işə qəbul olunmuşdur. İddiaçının tərəf olduğu əmək müqaviləsinə faktiki xitam verilmişdir. Hazırda iddiaçı əmək müqaviləsinə rəsmi qaydada xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5 və 5-1-ci bəndlərinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X1 sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 9-cu maddəsinin “o” bəndinə görə elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək işçinin hüququdur. Bu Məcəllənin 12 maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Məhkəmə qeyd edir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi ilə bağlı Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş “Əmək müqaviləsi bildirişi”nin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulan qaydada xitam verilməsi və bu barədə bildirişin (əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi) elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin vəzifələrinə aid edilmişdir. Məhkəmə araşdırması zamanı xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh2 xx.xx.2020-ci il tarixində Qazaxıstan istiqamətində çıxışının qeydiyyata alındığı müəyyən edilmişdir. Hazırda Cavabdeh2 tərəfindən Əmək Məcəlləsində işəgötürənin vəzifələri kimi təsbit edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişinin elektron informasiya sisteminə göndərilməsinə dair müvafiq hərəkətlərin həyata keçirilməsi onun Azərbaycan Respublikasının ərazisində olmadığı üçün mümkün deyildir. Beləliklə mülki işin materialları ilə tam təsdiq olunur ki, yuxarıda qeyd edilənlər iddiaçının müvafiq qanunvericiliyə əsasən malik olduğu əmək hüquqlarının pozulmasına zəmin yaradır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı ilə “İmpuls-N.A" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müddətsiz əmək müqaviləsinə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən - əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi) xitam verilmiş hesab edilməli, bu barədə bildirişinin elektron informasiya sisteminə daxil edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, işəgötürən “İmpuls-N.A" MMC-nin qanuni nümayəndəsi olan Cavabdeh2 hal-hazırda Azərbaycan Respublikasının ərazisindən kənarda olduğundan və beləliklə də həmin vəzifələrinin onun tərəfindən icra edilməsi mümkün olmadığından mübahisə predmeti olan əmək müqaviləsinə xitam verilməsi məlumatının X1 sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və “İMPULS-N.A" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müddətsiz əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. İddiaçı və “İMPULS-N.A" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “X1” sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar