Məhkəmə qərarları › İş №2(006)-3267/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3267/2024

01.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3267/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı X5, Cavabdeh iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı “mənzilin boşaldılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı X14 Cavabdeh qarşı “mənzilin boşaldılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus, şəxsi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 37a saylı evin 127 nömrəli mənzilindən Cavabdeh və qeyrilərinin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı X14 iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Cavabdeh və qeyrilərinin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və 100 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə iddia ərizəsinə dair 2(006)-3267/2024 saylı mülki iş üzrə icraatında olan iddia tələbinin həcminin artılıraraq ona dəymiş 3000 (üç min) manat maddi, 2000 (iki min) manat mənəvi zərərin də cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır və Moskva şəhərində yaşayır. X25 xx.xx.2019-cu ildə vəfat edib. Ailəsi ilə hər il Azərbaycana gəlib, tətil və istirahətini Bakıda keçirir. X3 2015-ci ildə Azərbaycan vətəndaşı, qohumu X15 ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. 2015-ci ildə qızının rahatlığı üçün onun şəxsi mülkiyyəti olan ünvan 1 ünvanda yerləşən 33.12 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı məzili onların istifadəsinə vermişdir. Lakin qızı və ailəsi həmin mənzildən istifadə edib orda yaşamamışlar. Sonradan ona məlum olmuşdur ki, 2021-ci ildə kürəkəni X15 Cavabdeh ilə guya 8 illik mənzil kirayə müqaviləsi bağlayaraq kirayə verib. Bunu eşidəndə etirazını bildirmiş, belə özbaşınalığa son qoyulmasını tələb etmişdir. Şəxsi problemlərində bağlı başı qarışdığından və cavabdehin israrlı xahişlərindən sonra onun başqa bir ev tapanadək mülkiyyətində olan mənzildə müvəqqəti yaşamasına razılıq vermişdir. Bir ay əvvəl cavabdehi xəbərdar etmişdir ki, xx.xx.2024-cü ildə nəvəsilə Bakıya istirahətə gələcək və həmin vaxtadək ona məxsus mənzilin boşaltsın. Lakin o, bu tələbindən imtina etmişdir. Bakıya gəldikdən sonra da Cavabdeh bir daha tələb etmişdir ki, mənzildən çıxsın, özü gəlmişdir, özü yaşamaq istəyir. Lakin cavabdeh keçmiş kürəkəni ilə guya 8 illik mənzil kirayə müqaviləsi bağladığını və ona görə də mənzili boşaltmayacağını bildirmiş, lakin iddia etdiyi həmin müqaviləni də göstərməmişdir. Məcbur qalıb DİN 102 xidmətinə və aidiyyatı üzrə Nəsimi RPİ 19-cu PŞyə müraciət etmiş və cavab olaraq bildirildi ki, cavabdehin çıxarılması mülki mübahisə olduğundan məhkəməyə müraciət etməlidir. Qonşular da cavabdehdən şikayət etdilər ki, mənzildə müntəzəm səs-küy salır, qonşularla kobud davranır, özü haqqında mənfi rəy yaradıb. Cavabdeh hətta onu şəxsi mülkiyyətində olan mənzildən çıxarılacağı təqdirdə problemlər yaşadacağı ilə şantaj edir. ünvan 2 ünvanda yerləşən 33.12 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı mənzili xx.xx.2009-cu il tarixdən onun şəxsi mülkiyyətindədir və bununla bağlı AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il tarixli. MH ******* saylı çıxarış verilib. Cavabdeh özbaşınalığından və qanunsuz hərəkətlərindən o, şəxsi mükiyyətində olan mənzilində yaşaya və istədiyi kimi müstəqil sərəncam verə bilmir. Odur ki, cavabdeh X4 qanusuz və özbaşına hərəkətlərinə son qoyulmalı ona məxsus mənzili boşaltmalıdır. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin qanunsuzluğu və özbaşınalığı ucbatından o, öz şəxsi mülkiyyətindən məhrum olmuşdur. Cavabdeh açıq şəkildə şəxsi mülkiyyətində olan mənzili boşaltmayacağını, süni surətdə məhkəməni uzadacağını, mülkiyyətinə zərər vuracağını xx.xx.2024-cü ildə ona whatsapp üzərindən göndərdiyi səs yazısı ilə bildirib. Onun onu kompromisə və mübahisənin barışıq yolu ilə həllinə dəvət etmək cəhdləri isə uğursuz nəticələnmişdir. Cavabdeh onun mülkiyyət hüququnu pozmaqla ona maddi və mənəvi zərər vurub. Şəxsi mülkiyyətində olan mənzilini cavabdeh boşlatmadığından məcbur olub X6 məxsus 62.2 kv.m. sahəsi olan Bakı şəhəri, Binəqədi rayonu. Rəsulzadə qəsəbəsi, 10-cu sıra küçəsi, 76 saylı evini aylıq 500 (beş yüz) manat olmaqla 6 ay müddətinə, xx.xx.2025-ci il tarixədək “mənzilin istifadəyə verilməsi müqaviləsi (kirayə müqaviləsi)” bağlayaraq azyaşlı nəvəsilə birlikdə 3 iyul 2024-cü il tarixdən həmin evdə kirayədə yaşayır. Cavabdeh onun haqlı tələbini eşitsəydi və mülkiyyətində olan mənzildən çıxaraq boşaltsaydı, əlavə xərc çəkib kirayə müqaviləsi bağlamazdı və 3000 (üç min manat) maddi zərərə düşməzdi. Yaxud da şəxsi mülkiyyətində olan mənzilə müstəqil sərəncam verməklə faydalana bilərdi. Cavabdeh tərəfindən mülkiyyət hüququnun pozması səbəbindən əmlakından və real faydadan məhrum olmuşdur. Onun qanunsuzluğu və özbaşınalığı səbəbindən dərin sarsıntı keçirərək mənəvi zərərə də uğramışdır. İki aya yaxındır ki, azyaşlı nəvəsilə gündəlik kirayə ödəməklə, yaxud da ayrı-ayrı qohumlarının evində yaşayır. Belə vəziyyət dözülməzdir və bundan ağır iztirab keçirir. Odur ki, məhkəmədən Cavabdeh və qeyrilərinin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və 100 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə iddia ərizəsinə dair 2(006)- 3267/2024 saylı mülki iş üzrə icraatında olan iddia tələbinin həcminin artılıraraq ona dəymiş 3000 (üç min) manat maddi, 2000 (iki min) manat mənəvi zərərin də cavabdehdən tutularaq ödənilməst barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı X14 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Rusiyadan daimi yaşamaq üçün Bakıya köçüb gəlmək istəyir. Qızına və keçmiş kürəkəninə evi rəsmi sənədləşmə olmadan vermişdir. Kürəkəni icazəsi olmadan evi kirayəyə vermişdir. 2022-ci ildə bu barədə məlumatlanmışdır. X13 hal-hazırda münasibəti yoxdur. Daha sonra cavabdehlə əlaqə saxlayaraq demişdir ki, 1 il qalın və o müddət ərzində özünüzə ev tapın. 1 ildən sonra bəzi səbəblərə görə Azərbaycana gələ bilməmiş və 1 ildən artıq müddətdə də cavabdeh həmin evdə qalmağa davam etmişdir. 2022-ci ilin noyabr ayından kirayə haqqını cavabdeh iddiaçıya ödəyir. Artıq 2 ilə yaxın müddətdir ki, cavabdehə evdən çıxması bildirilsə də, evdən çıxmır. Həmçinin ayı 250 manatdan 3 aydır ki, kirayə haqqını da ödəmir. Özü bir müddət qohumugildə, bir müddət isə kirayədə qalır. Kirayəyə çıxana kimi bacısıoğlugildə qalmışdır. Buna görə də özünün çəkdiyi xərc kimi maddi zərərə düşdüyü kirayə pulunu da istəyir. Cavabdeh onun icazəsi olmadan evin qapısını dəyişmişdir. Cavabdehin həmin qapıya verdiyi pulu vermək istəmiş, cavabdehin ödəmədiyi kirayə pullarını istəmədiyini və evdən çıxdıqda əşyalarının daşınmasına köməklik göstərəcəyini bildirsə də, cavabdeh evdən çıxmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında bildirmişdir ki, ünvan 3 ünvanda yaşamışdır. 2020-ci ildə Bakı şəhərinə gəlib yaşamaq qərarna gəlmiş, ailə üzvləri ilə birlikdə Bakı şəhərində kirayə qalmaq üçün ev axtarmağa başlamış, əşyaları olduğu üçün boş ev axtarmışlar. İnternet vasitəsilə mübahisəli evi tapmış, telefonla zəng vuraraq X15 ilə görüşmüşlər və gəlib evə baxmışlar. Evi bəyəndiyini demiş və bu səbəbdən uzun müddət bu evdə qalacağını bildirmişdir. Fuad İsgəndərov onlara bildirmişdir ki, bu ev onun atasınındır və istədikləri müddətə qədər də həmin evdə qala bilərlər. O, Fuad İsgəndərova yenidən uzun müddət qalacağını və bunu rəsmləşdirərək kirayə müqaviləsi bağlamaq istədiyini bildirmişdir. Fuad İsgəndərov vergi ödəmək istəmədiyindən onunla kirayə müqaviləsini notarial qaydada deyil, öz aralarında bağlaya biləcəyini bildirmişdir. Onunla razılaşmış və kirayə müqaviləsini bağladıqdan sonra 01 fevral 2021-ci il tarixdə həmin mənzilə köçərək yaşamışdır. İlk 3 ay 280 manat, sonrakı aylar isə 250 manat kirayə haqqı ödəmişdir. İki il X21 ona zəng vuraraq həmin mənzili boşaltmağını tələb etmişdir. O, Kainat Əskərovanı tanımadığını və müqaviləni Fuad İsgəndərovla bağladığından mənzili tərk etməyəcəyini bildirmişdir. X21 həmin mübahisəli evə gəlmiş, onunla söhbət edərək qızı ilə Fuad İsgəndərovun boşandığını və qızının əşyalarını Samux rayonuna göndərəcəyini, ona kart nömrəsi verərək bu gündən sonra aylıq ödənişləri həmin karta atmasını bildirərək getmişdir. Sonuncu dəfə kirayə haqqını 14 aprel 2024-cü il tarixdə 250 manat ödəmişdir. Apreldən indiyədək kirayə ödənişlərini etməyib. Mənzilin çöl qapısını öz vəsaiti hesabına alıb qoymuşdur. İddiaçının qapının dəyəri olan 480 manatı ödəməsi, kirayə ev tapılmasına ona yardım etməsi, habelə əşyalarının daşınması xərclərininin iddiaçı tərəfindən qarşılanacağı təqdirdə evdən çıxmağa razılıq verə bilər. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Əcnəbilərin və Vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə 81885666 nömrəli xx.xx.2024-cü il tarixli bildirişin surətinə əsasən, X14 xx.xx.2024-cü il tarixədək ünvan 5 ünvanında müvəqqəti qeydiyatdadır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışının surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsindəki 37a saylı evin 127 nömrəli mənzilinin mülkiyətçisi X8r. X16 ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsindəki 37a saylı evin 127 nömrəli mənzilini 8 il müddətinə Cavabdeh hər ay 250 manat ödənilməsi şərti ilə kirayə vermişdir. İddiaçı X14 tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli təklifə əsasən, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsindəki 37a saylı evin 127 nömrəli mənzilinin boşaldılması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh iddiaçı X9 ünvanladığı whatsapp yazışmalarına əsasən, ona xəbərdarlıq edilməsinə baxmayaraq o, mənzili tərk etməyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsindəki 37a saylı evin 127 saylı mənzili X5 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. xx.xx.2008-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, X14 Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsindəki 37aa saylı evin 127 nömrəli mənzilini 38000 manata X7 almışdır. xx.xx.2024-cü il tarixli notarial qaydada bağlanmış kirayə müqaviləsinin surətinə əsasən, X12 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 10, 76 saylı fərdi yaşayış evini iddiaçı X2 vermiş, X14 aylıq 500 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 675.Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Maddə 690.2. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. 692.2. Kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır: 692.2.1. kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda; 692.2.2. kirayəyə verənin otaqlara özü və ya ailə üzvləri üçün mənzil kimi ehtiyacı olduqda ... Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.” «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X10 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X10 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadın 27-ci bəndində göstərilmişdir ki, məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olubolmamasını da müəyyən etmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsindəki 37a saylı evin 127 nömrəli mənzili X5 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla xüsusi mülkiyyətindədir. İddiaçının keçmiş kürəkəni X16 Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə mənzilin icarəyə (kirayəyə) verilməsinə dair yazılı müqavilə bağlayaraq sözügedən mənzili mülkiyyətçi olan iddiaçının razılığı (xəbəri) olmadan sonuncuya kirayəyə vermiş, iddiaçı bu barədə məlumatlandırıldıqdan sonra kirayə münasibətlərinin davam etdirilməsinə etiraz etməmiş, Cavabdeh müqavilədən irəli gələn aylıq ödənişləri 2022-ci ilin noyabr ayından iddiaçıya ödəməyə başlamış, iddiaçı Rusiya Federasiyasından Azərbaycana gələrək öz mənzilində yaşamaq istədiyini, başqa yaşayış yerinin olmadığını, cavabdehin kirayə haqlarını ödəməməsini, bununla əlaqədar kirayə münasibətlərinə son qoymağı və cavabdehin mənzili tərk etməsini bildirsə də, cavabdeh mənzildən çıxmaqdan imtina etmişdir. Hazırda iddiaçı cavabdehin mənzildən çıxarılmaqla mənzilin boşaldılmasını, habelə ona dəymiş 3000 (üç min) manat maddi, 2000 (iki min) manat mənəvi zərərin cavabdehdən tutularaq ödənilməsini xahiş edir. Cavabdeh isə 8 illik kirayə müqaviləsinin bağlanmasına, müqavilənin müddətinin bitməsinə hələ 6 il qalmasına istinad edərək, habelə qardaşının ağır xəstə olması, qardaşı oğlunun isə gənc yaşında həyatını itirməsi ilə əlaqədar başı qardaşının ailəsinə dəstək olmağa qarışdığından hazırkı məqamda mənzili tərk etmə imkanının olmamasını, habelə sonuncu ödənişi 2024-cü ilin aprel ayında etməklə kirayə haqqını ödəməsini əsas gətirərək mənzili tərk etmək niyyətində olmadığını bildirmiş, mənzili tərk etməsinin mümkünlüyünü yalnız iddiaçı tərəfindən ona mənzilin çöl qapısının dəyəri olan 480 manatın ödənilməsi, kirayə ev tapılmasına ona yardım edilməsi, habelə əşyalarının daşınması xərclərininin iddiaçı tərəfindən qarşılanması ilə şərtləndirir. Məhkəmə ilk növbədə tərəflər arasında olan kirayə müqaviləsinin etibarlılığı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarına əsasən, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337a, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Məhkəmə qeyd edir ki, bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq). Göründüyü kimi iddiaçı X1 onun mənzilini razılığı olmadan Cavabdeh kirayəyə verərək etibarsız, yəni hüquqi nəticələr doğurmayan müqavilə bağlamış, lakin iddiaçı sonradan bu əqdi bəyənməklə həmin etibarsız əqdi etibarlı hala gətirmiş və cavabdehlə onun arasında kirayə münasibətləri davam etmişdir. Bu baxımdan kirayə müqaviləsi onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirak etməsi nöqteyi nəzərindən etibarlıdır. Məhkəmə kirayə müqaviləsinin forması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, qanunverici kirayə müqaviləsinin forması haqqında Mülki Məcəllənin kirayə münasibətlərini tənzimləyən 33-cü fəslinin normalarında xüsusi qayda müəyyən etməmişdir ki, bu da kirayə müqaviləsinin həm şifahi, həm də yazılı formada bağlanıla bilməsinin mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 144.1-ci maddəsinin tələbi baxımından (daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir) məhkəmə qeyd edir ki, daşınmaz əmlaka dair kirayə müqaviləsinin şifahi qaydada bağlanmasına yol verilməsi dolayı yolla sadə yazılı formada müvafiq müqavilənin bağlanmasının yolverilən olmasını istisna etmir. Bu baxımdan məhkəmə tərəflər arasında mövcud olan kirayə müqaviləsinin forma etibarlılığına qiymət verərək, onu müqavilənin tərəfləri üçün hüquqi nəticələr doğurma qabiliyyətinə malik əqd kimi qəbul edir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli mənzilin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. İşdən görünür ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir və onun həmin evdən tam istifadə etmək hüququ vardır. Lakin cavabdehin həmin evdə yaşaması onun hüquqlarını məhdudlaşdırır, istifadəsinə maneçilik törədir. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 37a saylı evin 127 nömrəli mənzilinin iddiaçı X5 mülkiyyətində olması və tərəflər arasında kirayə münasibətlərinin mövcudluğu işin mübahisələndirilməyən hallarıdır. Yaşayış otağının kirayəsi müqaviləsinə xitam verilməsi şərtlərini tənzimləyən Mülki Məcəllənin 692-ci maddəsində kirayəyə verənin yalnız bu hüquq münasibətlərinə xitam verilməsində onun əsaslı marağının olduğu halda yaşayış otağının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin ləğv etməsinin mümkünlüyü nəzərdə tutulmuş, kirayəyə verənin otaqlara özü və ya ailə üzvləri üçün mənzil kimi ehtiyacının olması kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam verilməsi əsaslarından biri kimi təsbit olunmuşdur. Məhkəmə iddiaçının Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələrək öz evində məskunlaşa bilməməsini, iddiaçının bildirdiyinə görə bir müddət qohumlarıgildə, bir müddət isə başqa evdə kirayədə yaşamaq məcburiyyətində qalmasını (müvafiq kirayə müqaviləsi işə əlavə edilmişdir) onun öz mənzilinə ehtiyacının olması kimi qiymətləndirərək, kirayəyə verənin - iddiaçının kirayə hüquq münasibətlərinə xitam verilməsi hüququndan istifadə etməsi üçün əsaslı arzusunun olması qənaətinə gəlir. Bununla əlaqədar iddiaçı X14 tərəfindən pretenziya qaydasına riayət edilərək Cavabdeh mübahisəli mənzilinin boşaldılması barədə təklif göndərilmiş, Cavabdeh iddiaçı X9 ünvanladığı whatsapp yazışmalarına əsasən, ona xəbərdarlıq edilməsinə baxmayaraq mənzili tərk etməyəcəyi, məsələnin yalnız məhkəmə müstəvisində həll olunacağının mümkünlüyü bildirilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 696-cı maddəsinin tələbi baxımından, əgər yaşayış otağının kirayəsi haqqında müqaviləyə uyğun olaraq hüquq münasibətlərinə xitam verilməsi kirayəçi və onun ailəsi üçün ağır nəticələrə gətirib çıxara bilərsə və buna hətta kirayəyə verənin əsaslı mənafelərini nəzərə almaqla haqq qazandırmaq mümkün olmazsa, kirayəçinin müqavilənin ləğv edilməsi barədə şikayət vermək və kirayəyə verəndən həmin müqavilə üzrə hüquq münasibətlərini davam etdirməyi tələb etmək hüququnun, hətta bu hüququn həyata keçirilməsinin məhkəmə qaydasında mümkünlüyünün təsbit olunmasına baxmayaraq cavabdehin iddiaçıya qarşı belə tələblə çıxış etməsi müəyyən edilməmiş, habelə məhkəmə icraatı zamanı cavabdeh tərəfindən belə tələbi nəzərdə tutan qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim edilməmişdir. Bundan başqa cavabdehin mənzili tərk etməsinin mümkünlüyünü yalnız iddiaçı tərəfindən ona özünün aldığı mənzilin çöl qapısının dəyəri olan 480 manatın ödənilməsi, habelə əşyalarının daşınması xərclərininin iddiaçı tərəfindən qarşılanması ilə şərtləndirməsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə bu tələbləri də özündə ehtiva edən qarşılıqlı iddia ərizəsi verilməmişdir. Müvafiq tələblərlə bağlı cavabdehə ayrıca məhkəmə icraatı çərçivəsində iddia qaldırmaq hüququna malik olması izah olunur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus olan evdə hazırkı müddətə qədər yaşaması nəticəsində mülkiyyətçinin qanunun qeyd olunan tələbinə uyğun qaydada tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilməməsi onun bu hüquqdan istifadə imkanının cavabdehin həmin mənzildən istifadə etməsi (tərk etməsinin tələb edilməsinə baxmayaraq hələ də mübahisəli mənzildə yaşamağa davam etməsi) ilə məhdudlaşdırılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddia tələbi cavabdehin mübahisəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair hissədə əsaslıdır. Lakin məhkəmə qeyrilərinin mənzildən çıxarılması barədə iddianın təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iddiaçı tələbində Cavabdeh və qeyrilərinin mənzildən çıxarılmasını tələb etsə də, digər şəxslərin kimliyi konkret olaraq göstərilmədiyindən, bu baxımdan qeyrimüəyyən tələb üzrə qətnamə çıxarılması yolverilən olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddianın 3000 manat maddi ziyan tutulması hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, X12 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 10, 76 saylı evi iddiaçı X2 verməyi, iddiaçı isə aylıq 500 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə rəsmi qaydada bağlanmış kirayə müqaviləsi əsasında iddiaçının həmin evdə 1 ay yaşamasını əsas götürməklə iddia tələbinin maddi ziyanın ödənilməsinə dair hissəsinin 500 manat həddində təmin edilməsini məqsədəmüvafq hesab edir. Qalan 2500 hissədə iddiaçı ona maddi ziyan vurulmasını təsdiq edən sübutları təqdim edə bilmədiyindən həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə iddianın 2000 manat mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə X5 mənəvi sarsıntı və iztirab keçirməsi nəticəsində 2000 manat mənəvi zərər dəyməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddiasının mənəvi zərərlə bağlı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə olduğu hadla məhkəmə hesab edir ki, iddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 37a saylı evin 127 nömrəli mənzilindən əşyaları ilə birlikdə çıxarılmalı və iddiaçıya vurulmuş maddi zərərə görə 500 (beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı X9 ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsümü tərəflər arasında münasib surətdə bölüşdürülərək 50 (əlli) manat dövlət rüsumu iddiaçıya aid edilməli və 50 (əlli) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 37a saylı evin 127 nömrəli mənzilindən əşyaları ilə birlikdə çıxarılsın. İddiaçı X9 vurulmuş maddi zərərə görə 500 (beş yüz) manat məbləğində pul və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X9 ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar