Məhkəmə qərarları › İş №2(006)-3271/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3271/2020

04.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3271/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı cavabdeh Mahmudova (Cabbarova) Həqiqət Həsən qızına qarşı «mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə evli olmuşdur. Evli olduqları müddət ərzində ünvan 1 saylı ünvanda yerləşən mənzili əldə etmişlər. Nəsimi rayon Məhkəməsinin 2(006)-1495/2014 saylı iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunmuş, ünvan 1 ünvanında yerləşən mənzil açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri kimi cavabdehlə aralarında bölünməsi qət edilmişdir. İddia təmin edilsə də, indiyə kimi Cavabdeh onun payına düşən pulu ödəməmiş, ev satılmamış, cavabdeh onu evə buraxmamışlar. Bu isə onun mülkiyyət hüququnun kobud şəkildə pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən ünvan 2 saylı ünvanda yerləşən evinə köçürülməsinə və evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh soyadını dəyişərək Mahmudova soyadını qəbul etmişdir. Bu səbəbdən Cavabdeh X1 oxumasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddiaçı tərəfindən teleqram daxil olaraq mülki işə onun iştirakı olmadan baxılaraq mahiyyəti üzrə baxılmasını və müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümküç hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddianı müdafiə edərək, habelə iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Mahmudova (Cabbarova) Həqiqət Həsən qızı qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin olunmalıdır. İş materiallarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ******* saylı xx.xx.2012-ci il tarixli Çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan ( Gəncə xanı) küçəsi, ev 36, mənzil 29 paylı mülkiyyətdir. Onun 2/1 payı Cavabdeh, 2/1 pay isə İddiaçı məxsusdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində 36 saylı binada yerləşən 29 saylı mənzilin açıq hərracdan ixtisaslaşdırılmış müəsissə vasitəsilə satılması və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında olan payların ( 2/1 pay) münasib olaraq bərabər bölüşdürülməsi, Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci 100 manat məbləğində pulun tutulması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş mayeriallarında olan Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxx 2015-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyildirilmədən saxlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, sözü gedən qətnamə qanuni qüvvəsini almış və hal-hazırda icra mərhələsindədir. Beləliklə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 36 saylı evin 29 saylı mənzilin paylı mülkiyyətçiləridirlər. Nəsimi rayon Məhkəməsinin 2(009)-1495/2014 saylı qətnaməsi ilə mübahisəli mənzil açıq hərracdan satılması, satış pulunun mülkiyyətçilərin arasında bölünməsi qət edilmişdir. Mübahisəli mənzil satılmamışdır və iddiaçıya pul ödənilməmişdir. İddiaçı mübahisəli mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olmasına baxmayaraq, cavabdehin hərəkətləri nəticəsində həmin mənzilə köçüb, qeyd olunan mənzildən istifadə edə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən qanunun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır. Göründüyü kimi mülkiyyət hüququ (o cümlədən mülkiyyət hüququnun xüsusi növü olan paylı mülkiyyət hüququ) üç səlahiyyəti (sahiblik, istifadə, sərəncam) özündə birləşdirir və həmin səlahiyyətlərdən birinin məhdudlaşdırılması mülkiyyət hüququnun pozulmasına dəlalət edir. İşdən göründüyü kimi iddiaçı mübahisəli mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olsa da, həmin mənzilin digər paylı mülkiyyətçisi olan cavabdehin hərəkəti nəticəsində öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Bu da onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməklə haqlı olmuş və onun iddiası bu hissədə təmin olunmaqla, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 36 saylı evin 29 saylı mənzilə köçürülməlidir. İddia tələbinin “istifadə qaydalarının müəyyən edilməsi” hissəsinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, bu hissədə iddia ərizəsi əsassız olduğuna görə təmin oluna bilməz. Belə ki, iddiaçı mübahisəli mənzilin paylı mülkiyyətçisidir və artıq onun həmin mənzilə istifadə və sahiblik hüququ vardır. Mövcud olan hüququn tanınması məhkəmə mübahisəsi deyildir və heç bir hüquqi nəticə yaratmayacağından iddia həmin hissədə rədd edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 36 saylı evin 29 saylı mənzilə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 36 saylı evin 29 saylı mənzilə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar