Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3278/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili BBB və cavabdeh AAA qızının iştirakları ilə İddiaçı "*****" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh AAA qızına qarşı "lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "*****" Açıq Səhmdar Cəmiyyəti cavabdeh AAA qızına qarşı "lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh AAA qızı ilə “*****” ASC-nin arasında bağlanmış **** tarixli lizinq müqaviləsinə əsasən AAA “*****” ASC-dən “Lada Qranta” markalı **-PR-*** dövlət nömrə nişanlı avtomobili lizinqlə 45 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə 2019-cu ilin avqust ayından başlayaraq lizinq alan hər ay lizinq verənə 435 manat icarə haqqı ödəməlidir. Lizinq alan AAA- 2020-ci ilin sentyabr ayı daxil olmaqla ödəniş etdikdən sonra icarə haqqını ödəməkdən boyun qaçırır. 2021-ci il mayın 01-i vəziyyətinə AAA-nın 3480 manat əsas borcu vardır. Bundan əlavə, lizinq müqaviləsinin 3.4-cü bəndinə əsasən: “Lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 (iki) ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 (bir) faizi həcmində cərimə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, borcun məbləğinin illik 5 (beş) faizi həcmində faiz borcunu ödəməlidir.” 2021-ci il mayın 01-i vəziyyətinə əsas borcun - 3480 manatın illik 5 faizi həcmində hesablanmış 174 manat faiz borcu vardır. Eyni zamanda bir aylıq ödənişin 1 faizi həcmində, yəni bir günü 4,35x210gün=913,50 manat cərimə ödəməlidir. 2021-ci il mayın 01-dək AAA-nın “*****” ASC-yə 3480 manat əsas, 174 manat faiz, 913,50 manat cərimə, cəmi 4567,50 manat borcu vardır. Göstərilənlərə əsasən cavabdeh AAA qızından “*****” ASC-nin xeyrinə 3480 manat əsas, 174 manat faiz, 913,50 manat cərimə, cəmi 4567,50 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması və “*****” ASC ilə AAA arasında bağlanmış **** tarixli lizinq müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia ərizəsinə əlavə təqdim edilərək, iddia tələbinin birinci bəndinin dəyişdirilərək, cavabdeh AAA qızından “*****” ASCnin xeyrinə 1152 manat əsas, 138,24 manat faiz, 282,75 manat cərimə, cəmi 1572,99 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "*****" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili BBB azaldılmış iddia tələbini müdafiə edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh AAA qızı iddia ərizəsinə etiraz təqdim edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, lizinq müqaviləsinə görə, iddiaçı 45 ay ödəniş etməli və sonda avtomobil ona qalmalı idi. 2019-cu ilin noyabr ayının 07-dən, 2020-ci ilin dekabr ayının 20-nə kimi iddiaçı 5500 manat ilkin və hər ay müvafiq məbləğdə yəni 13 ay ərzində 3640 manat pulu iddiaçının hesbına ödəniş edərək, lizinq müqaviləsi üzrə öhdəliyi yerinə yetirirdi. Cavabdeh lizinq müqaviləsi üzrə avtomaşına ilkin ödəniş edərək avtomaşını götürərək ödəniş cədvəlinə uyğun olaraq 4 ayı necə lazım idi, ödənişləri tam vaxtında edirdi. Lakin, dünyada, o cümlədən, ölkədə baş verən pandemiya ilə əlaqədar qəbul edilmiş karantin rejimləri iş yerlərində işçilərin sayının azalmasına, müxtəlif iş yerlərinin tamamilə demək olar ki bağlanmasına, bəzi sahibkarlıq fəaliyyətinin müvəqqəti olaraq dayanmasına səbəb oldu. Pandemiya ilə bağlı olan karantin cavabdehin ailə büdcəsinə yəni, aylıq gəlir və qazanclarına əməli-başlı təsir etdi. Yəni, gəlir və qazancları olmadı. Bütün bu baş verənlərə, ondan asılı olmayan hadisələrə baxmayaraq, cavabdeh lizinq müqaviləsi üzrə götürdüyü öhdəliyə biganəlik göstərməmiş, laqeyd olmamış, çətinliklə də olsa, hər ay müvafiq məbləğdə ödənişləri iddiaçıya etmişdir. Avtomaşın cavabdehdən götürülənə kimi, o, iddiaçıya ilkin ödəniş kimi 5500 manat, 13 ay ərzində 3640 manat, üst-üstə cəmi olaraq 9140 manat pul ödəmişdir, nəticədə avtomaşın ondan götürülüb və əlavə olaraq iddiaçının dediyinə görə o, hələ də pul ödəməlidir. Bu necə olur ki, avtomaşın cavabdehdən alınıb, o, eyni zamanda 9140 manat ödədiyi pul iddiaçıda qalır, həmçinin, hələ də pul ödəməlidir ki, iddiaçı razı qalsın. İddiaçı pandemiya dövrünün problemlərini və cavabdehin maddi çətinliyini nəzərə almadan tam ədalətsiz olaraq onu daha da ağır vəziyyətə salmaq istəyir. Avtomaşın cavabdehin istifadəsində olan zaman o, həmin avtomaşından cəmi 4 ay istifadə edə bilmiş, yəni, pandemiya dövründə təxminən 9 ay müddətində o, avtomaşından istifadə etməmişdir. Amma avtomaşına görə, hər ay əlavə olaraq müəyyən məbləğdə pulu iddiaçıya ödəmişdir və sonda isə iddiaçının tələbi ilə yenə də istifadə etmədiyi avtomaşına görə cavabdeh pullar ödəməlidir. 2020-ci ilin dekabr ayının 20-də iddiaçı “*****” Açıq Səhmdar Cəmiyyəti avtomaşını gəlib cavabdehdən götürərək aparmışdır və həmin tarixdən avtomaşın cavabdehin istifadəsində deyildir. Göstərilənlərin nəzərə alınması və iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "*****" ASC ilə AAA qızı arasında bağlanmış 07 noyavr 2019-cu il tarixli uzun müddətli icarə (daxili lizinq) müqaviləsindən görünür ki, lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. Lizinq müqaviləsinə 1 saylı əlavədən və ödəniş cədvəlindən görünür ki, alqı-satqı müqaviləsi üzrə əldə edilən lizinq obyektinin - “Lada Qranta” markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomobilinin icarə müddəti 45 ay, qiyməti isə 19575 manat təşkil edir. Lizinq müqaviləsinə 2 saylı əlavədən-qəbul aktından görünür ki, lizinq obyekti olan “Lada Qranta” markalı avtomobil lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq 07.11.2019cu il tarixdə alıcı AAA qızına təvil verilmişdir. "*****" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, AAA qızının "*****" ASC-yə lizinq müqaviləsinin qrafiki üzrə aylıq icarə borcu 3480 manat, faiz borcu üzrə 174 manat, cərimə borcu üzrə 913,50 manat olmaqla, cəmi 4567,50 manat məbləğində borcu vardır. 28.12.2020-ci il tarixli bildirişdən görünür ki, "*****" Açıq Səhmdar Cəmiyyəti tərəfindən AAA qızına borcun ödənilməsi və lizinq müqaviləsinin ləğvi barədə xəbərdarlıq edilmişdir. Kassa mədaxil orderlərin surətindən görünür ki, AAA qızı tərəfindən 25 noyabr 2019-cu il tarixdə 443 manat, 15 yanvar 2020-ci il tarixdə 490 manat, 20 yanvar 2020-ci il tarixdə 400 manat, 08 iyun 2020-ci il tarixdə 400 manat, 06 avqust 2020-ci il tarixdə 900 manat, 03 sentyabr 2020-ci il tarixdə 550 manat, 28 sentyabr 2020-ci il tarixdə 450 manat, cəmi olaraq 3633 manat icarə haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "*****" ASC AAA qızı tərəfindən seçilmiş əmlakı öz mülkiyyətinə əldə etmiş və lizinq obyekti qismində AAA qızına müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə vermişdir. AAA qızı lizinq obyekti olan “Lada Qranta” markalı avtomobili qəbul etmiş, istifadəsi müqabilində lizinq verənə icarə haqqı ödəmişdir. AAA qızı icarə haqqını tam ödəmədiyi üçün "*****" ASC lizinq obyektini geri almışdır. Hazırda iddiaçı lizinq müqaviləsi üzrə qalan borcu və lizinq müqaviləsinin ləğvini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və öhdəlikləri icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyəti yaranmışdır. İşin mübahisəsiz halıdır ki, cavabdeh AAA qızı lizinq obyekti olan “Lada Qranta” markalı avtomobili 2020-ci lin dekabr ayına qədər istifadə etmiş və ümumi istifadə müddətində 3633 manat icarə haqqı ödəmişdir. Halbuki, cavabdeh AAA qızı tərəfindən lizinq verənə lizinq obyektinin istifadə olunduğu 11 ay müddətində ümumi olaraq 4785 manat (11 ay x 435 manat) icarə haqqı ödənilməli idi. Hesablanmış və ödənilmiş məbləğlərdən görünür ki, cavabdehin iddiaçıya lizinq obyektindən istifadəyə görə 1152 manat icarə haqqı borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslıdır. Daxili lizinq müqaviləsinin 3.4-cü bəndinə əsasən lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 (iki) ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 (bir) faizi həcmində cərimə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, lizinq predmetinin qalıq məbləğinin illik 5 (beş) faizi həcmində faiz borcunu ödəməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinə uyğun olaraq cavabdeh gecikdirilmiş borca görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. Belə ki, cavabdeh iddiaçıya gecikdirilmiş 1152 manat borca görə illik beş faiz hesablanmaqla 57,60 manat (1152 manat x 5%) ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbinin faiz borcu hissəsində qismən, yəni, 57,60 (əlli yeddi manat altmış qəpik) manat hissəsində əsaslıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək, cərimə borcu 50 (əlli) manat məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Daxili lizinq müqaviləsinin 3.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən lizinq müqaviləsinin şərtlərinə və ya təyinatına uyğun istifadə etmədikdə lizinq verənin müqaviləni ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. İşin materiallarından və tərəflərin izahatından da göründüyü kimi cavabdeh AAA qızı lizinq obyektini istifadəsinə qəbul edərək, iddiaçıya müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə öhdəlik götürmüş, lakin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ödənişləri gecikdirmiş və beləliklə də iddiaçı ilə bağladığı müqavilənin şərtlərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh AAA qızından 1152 (bir min bir yüz əlli iki) manat əsas, 57,60 (əlli yeddi manat altmış qəpik) manat faiz, 50 (əlli) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1289,60 (bir min iki yüz səksən doqquz manat altmış qəpik) manat məbləğində pul alınaraq iddiaçı "*****" Açıq Səhmdar Cəmiyyətinə verilməli, "*****" Açıq Səhmdar Cəmiyyəti ilə AAA qızı arasında bağlanmış ****-cu il tarixli lizinq müqaviləsi ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh AAA qızından 1152 (bir min bir yüz əlli iki) manat əsas, 57,60 (əlli yeddi manat altmış qəpik) manat faiz, 50 (əlli) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1289,60 (bir min iki yüz səksən doqquz manat altmış qəpik) manat məbləğində pul alınaraq iddiaçı "*****" Açıq Səhmdar Cəmiyyətinə verilsin. "*****" Açıq Səhmdar Cəmiyyəti ilə AAA qızı arasında bağlanmış ****-cu il tarixli lizinq müqaviləsi ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-3278/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3278/2021
26.05.2021 · Müqavilələrin ləğv edilməsi - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver