Məhkəmə qərarları › İş №2(006)-3283/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3283/2021

26.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3283/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 9, mənzil 8-də yerləşən yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 9, mənzil 8 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının qardaşı olmaqla, müvəqqəti onun mənzilinə qeydiyyata salınmışdır. Sonradan cavabdeh bir müddət mənzildə yaşadıqdan sonra çıxıb getmişdir. Qeyd olunan mənzil iddiaçı tərəfindən əldə olunmuş və ona dair iddiaçıya çıxarış verilmişdir. Cavabdeh 2006-cı il tarixdən mənzildən çıxıb getmiş və hazırda onun harada olması barədə məlumat yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 24.07.2019-cu il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 9, mənzil 8 İddiaçı xüsusi mülkiyyətindədir. Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sisteminin çıxarışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 9, mənzil 8 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 9, mənzil 8 ünvanında olan şəxslərin qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitem verilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılmaya dair qətnaməsi əsasında həyata keçirilməsi barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 5 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən 25.05.2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh 2006-cı il tarixdən ünvan 2 ünvanda 1992-ci il tarixdən hazırkı dövrədək İddiaçı yalnız ailə üzvləri ilə birlikdə yaşayır. Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisəli mənzil İddiaçı mülkiyyətindədir. İddiaçının iddia ərizəsində bildirdiyinə görə cavabdeh ona məxsus olan mənzilə 1999-cu il tarixdən sonra qeydiyyata düşmüş, 2006-cı ildən həmin mənzildə faktiki yaşamır, orada formal olaraq qeydiyyatdadırlar. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri 1999-cu il tarixdən 2006-cı il tarixədək olan dövr, yəni, iddiaçının iddia ərizəsində göstərdiyi kimi cavabdehin mübahisəli mənzilə qeydiyyata alındığı tarixdə yarandığından, hazırkı mübahisəyə Mülki Məcəllənin 228.1-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan, notariat qaydada təsdiqlənən razılaşmanı nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı arasında sonuncunun mülkiyyətində olan mübahisəli mənzilə dair istifadə hüququ haqqında müqavilə bağlanmadığından və belə bir müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehin mübahisəli mənzilə ümumiyyətlə istifadə hüquqları yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin istifadə hüquqları olmadığı mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar